Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

YALAN AYAQ TUTAR, AMMA YERİMƏZ

Maqsud İBRAHİMBƏYOV

Milli Məclisin deputatı,

Azərbaycanın xalq yazıçısı

 

Bu ilin əvvəlində AŞPA-nın nümayəndəsi Yevgeniya Jivkova Bakıya gəlmişdi. ATƏT nümayəndələrinin Bakıya səfərləri fonunda onun bu gəlişi bizim ictimaiyyətə bir qədər qeyri-adi təsir bağışladı. ATƏT-in nümayəndəsi xanım Jivkovanın zövqlə geyinməsi, xoş rəftarı, ağıllı bir qadın olması hamını təəccübləndirdi. Mənə elə gəlir ki, AŞPA-nın fəaliyyətində nasazlıq yaranmış və Jivkova Bakıya gəlməzdən əvvəl onu zombiləşdirməyə macal tapmamışdılar. Məhz buna görə də ATƏT-in bizə tanış olan nümayəndələrindən fərqli olaraq, Jivkova əvvəlcədən hazırlanmış demaqoji bloklarla danışmır, açıq çıxışlarında həqiqətən demokratik əqidələrə əsaslanan maraqlı fikirlər söyləyirdi.

Bunlar ona görə təəccüblü görünürdü ki, Jivkovanın davranış tərzi, hadisələrə təzə mövqedən yanaşması, öz mühakimələrində sağlam düşüncəyə əsaslanması ATƏT nümayəndələrinin Bakıya əvvəlki səfərlərində gördüklərimiz və eşitdiklərimizlə kəskin təzad təşkil edirdi. Vaxt ötdükcə, bakılıların şüurunda ATƏT-in buraya göndərdiyi insanların orta bir obrazı - ömrünün çiçəklənmə dövrünü yaşayan, guya “Versace” firmasında buraxılmış, əslində isə harada istehsal edilməsi məlum olmayan pirat qalstuku taxmış, siqaret çəkməyən, daxilən antiislamist və antisemit olduğunu gizlətməyə çalışan, lakin bu cəhətləri aşkar hiss edilən, yalançı liberal-demokrat leksikasından sui-istifadə edən cazibəli gey obrazı yaranmışdır. Bu insanlar hər dəfə Bakıya gələndən az sonra açıq bəyanatlar verməyə başlayan kimi, onların intellektinin və tərbiyəsinin spesifik xüsusiyyətləri üzə çıxır və bunu müşahidə edənlər mat qalır. Məsələn, onlar heç bir dəlil gətirmədən bəyan edirlər ki, Azərbaycanda söz azadlığı yoxdur. Özü də bu bəyanatlar elə ahənglə səslənir ki, sanki qarşındakı demokratiyanın növünü və keyfiyyətini müəyyən edən baş nəzarətçidir. Həyasızcasına yalan danışmaq və böhtan atmaq heç kəsə başucalığı gətirmir, lakin bu cür söhbətlər rəsmi şəxsin dilindən, özü də onun suveren ölkədə olduğu vaxt səslənirsə, bu, birmənalı olaraq yolverilməz və təhqiramiz davranış kimi qiymətləndirilməlidir. Səbəbini başa düşmək çətindir, lakin artıq neçənci dəfədir ki, bu cür xuliqanlıq edən diplomatlar cəzasız qalır. Ən dəhşətlisi isə odur ki, deyəsən, biz bu biabırçılığa adət etməyə başlayırıq.

Məlumdur ki, hər hansı bir əşya haqqında fikir söyləmək üçün əvvəlcə o əşyanı görmək, yaxud ona toxunmaq, əlacsız qaldıqda, onu iyləmək və ya yalamaq lazımdır. ATƏT nümayəndələri Azərbaycanın kütləvi informasiya vasitələri ilə hətta uzaqdan-uzağa belə tanış deyillər, ölkəmizə qısamüddətli səfərləri zamanı onlar burada söz azadlığı sarıdan həqiqi vəziyyətlə tanış olmağa cəhd də göstərməmiş, heç bir qəzet oxumamışlar. Mən “Estoniyalı ikinci Andreas iftiralar yağdırmaq yolunda isveçrəli birinci Andreası necə qabaqladı” adlı məqaləmdə yazmışdım ki, Azərbaycanda mütləq söz azadlığı vardır, özü də elə azadlıq ki, azğınlığına görə dünyanın heç bir ölkəsində mümkün deyildir. Bunu əyani şəkildə göstərən yüzlərlə məqaləni ingilis, eston dillərinə və ya hər hansı İsveçrə dialektinə öz hesabıma tərcümə etdirməyə razıyam. Lakin ATƏT nümayəndələrini mətbuat maraqlandırmır. Onlar söz azadlığı sarıdan real vəziyyəti öyrənmək xatirinə bircə dəfə də olsa nə yaradıcı və ya texniki ziyalıların nümayəndələri ilə, nə biznesmenlərlə və ya evdar qadınlarla, nə də oxucuların hər hansı başqa kateqoriyası ilə görüşüblər. Ölkəmizdə baş verən bütün hadisələr barədə informasiyanı onlara təpədən-dırnağa qədər satılmış “sarı mətbuat” jurnalistlərinin və ya satqın “politoloqların” şəxsində təsir agentləri təqdim edirlər. ATƏT nümayəndələrinin məsuliyyətsiz, xalqımız üçün, iqtidar və ölkəmiz üçün təhqiramiz çıxışlarının mətnləri heç bir düzəlişsiz, ixtisarsız dərhal bütün KİV-lər vasitəsilə yayılırdı. Ölkəmizin əslində mövcud olmayan problemlərini tənqid edənlərin məntiqinə görə, bu fakt “Azərbaycanda söz azadlığının olmamasının” daha bir təkzibedilməz sübutu ola bilər.

Jivkovanın Azərbaycan vətəndaşları qarşısında zühur etməsini Allahın buyuruğu kimi qiymətləndirmək olar: görünür, O, bizə xatırlatmaq istəyir ki, siyasət aləmində yeni hərbi bazalar və neft ilə yanaşı, abır-həya və kommersiyaya əsaslanmayan həqiqi demokratiyaya inam kimi başqa dəyərlərə də xidmət edən insanlar hələ var.

Yevgeniya Jivkovanın Azərbaycana səfəri fleytaçalan siçovul ovçusu effektinə oxşar daha bir kənar effekt vermişdir. Təsir agentləri ehtiyatlı olmağı unudaraq, öz yuvalarından bayıra çıxdılar. Onlar hirsindən əsə-əsə, sürüşkən tüksüz quyruqlarını bulayaraq, AŞPA nümayəndəsinin üstünə hücum çəkdilər, çünki o, həmin agentlərlə onların ağaları arasında əldə edilmiş bütün razılaşmaları pozmağa cəsarət etmişdi. Belələri Y.Jivkovanı qapmağa, gəmirməyə hazır idilər, hərçənd, Avraam Linkoln sağ olsaydı, o da bu xanımın sözlərinin altından qol çəkərdi. Jivkova deyəndə ki, qanun qarşısında hamı bərabərdir və buna görə də bütün başqa vətəndaşlar kimi, jurnalistlər də cinayət xarakterli əməllərinə görə qanun qarşısında məsuliyyət daşıyırlar, - agentlərin kin-küdurəti aşıb-daşırdı. Dünyanın hər hansı ölkəsində bu o deməkdir ki, əgər insan şantajçı, qatil və ya pedofildirsə, lakin üstəlik, jurnalistdirsə, o, öz əməllərinə görə məhkəmə qarşısında dayanmalıdır. Cinayətkarın jurnalistika ilə məşğul olması hakimin nəzərində onu savadlı, buna görə də daha həyasız cinayətkar kimi səciyyələndirər və bu, onun təqsirini daha da artırar. Başqa sözlə desək, cinayətkarın kimliyi - onun jurnalist və ya balet solisti olması onu cəzadan azad etmir.

Beləliklə, agentlərin bütün sürüsü Jivkovaya hücum çəkdi. Bakıda onu daha nələrdə günahlandırmadılar! Onu ən yolverilməz, kobud tərzdə təhqir etdilər. Demokratizmin olmamasını onunla izah etdilər ki, Jivkova Todor Jivkovun nəvəsidir. Bütün xalqların rəhbəri olan yoldaş Stalin vaxtilə özü etiraf edirdi ki, atanın əməllərinə görə oğul cavabdeh deyil, bütün dünyanın, o cümlədən Azərbaycanın yalançı demokratları isə özlərinə lazım olanda hətta Stalindən də irəli getməyə hazırdırlar. Onlar hakimiyyətə çatmağa nail olanda, bu, xüsusilə nəzərə çarpır.

Jivkovaya qarşı daha bir ittiham “demokratik” kommunist arsenalı tərəfindən irəli sürüldü. Xanıma xatırlatdılar ki, onun bahalı mallar mağazası var, yəni o, kapitalist və istismarçıdır. Belələri Azərbaycanda SƏDM (sosialist əmlakını dağıdanlara qarşı mübarizə) idarəsinin artıq mövcud olmadığını və ümumiyyətlə, xanım Jivkovanın əcnəbi vətəndaş olmasını xatırlayandan sonra təftiş ideyasından imtina etdilər.

Lakin Jivkovanı ən dəhşətli cəza onun Bakıya səfərinin sonuncu günü – polkovnik Yunus ilə görüşdüyü vaxt gözləyirdi. Polkovnik Yunus Jivkovanın Bakı təəssüratlarından yorğunlaşmış gözlərinin içinə uzun-uzadı baxandan sonra tələsmədən və çox aydın tələffüzlə sehrli bir ifadə işlətdi: “Bakıya qayıtsan, bir dəfə də göstərərəm”. Bundan sonra o, yubkasını qaldırıb əyri qıçlarını göstərmişdir. Yunusun öz “qalifesini” nümayiş etdirməsi qonağın başına gələn son vaqeə olmuşdur.

Jivkova Bakıdan qayıdandan sonra üç həftə Nəbatat bağının nəzdindəki oranjereyada çiçək terapiyası kursu keçmişdir və indi mənəvi qüvvəsini, demək olar ki, tam bərpa etmişdir. Amma ay bədirlənəndə heç bir səbəb olmadan qüssələnir və yanındakı adamlara deyir ki, bundan sonra onu nə qədər dilə tutsalar da, ömür-billah Azərbaycana getməyəcək.

Bu ilin payızında ölkəmizdə prezident seçkiləri keçirilməlidir. Seçkilərə hazırlıq artıq başlanmışdır, lakin bu seçkilərə təkcə Azərbaycanda hazırlaşmırlar. Ölkəmizin hüdudlarından çox-çox uzaqlarda artıq indidən hesabatlar yazılır ki, 2008-ci ilin payız seçkiləri bütün demokratik normalar pozulmaqla keçirilmiş, nəticələr saxtalaşdırılmışdır və onlara yenidən baxılmalıdır.

Azərbaycanda seçkilərin bütün hüquqi normalara riayət edilməklə keçəcəyinə şübhə etməmək olar, lakin bu, heç kəsi maraqlandırmır. Çox güman ki, əksinə, əsəbiləşdirir. Ona görə ki, payız seçkilərinə pis diaqnoz qabaqcadan, artıq bu gün qoyulmuşdur. Bu, Azərbaycanı müti vəziyyətdə saxlamaq və böyük beynəlxalq oyunun əsas iştirakçılarının şərtlərini ona diktə etmək üçün lazımdır. Məlumdur ki, bu gün həmin oyunçuların bir neçə böyük arzusu var, lakin Azərbaycan qızıl balıq deyil və kiminsə arzusu Azərbaycanın milli mənafelərinə zidd olarsa, o, belə arzuları yerinə yetirmək istəməyəcək. Amma bir məsələ var ki, Azərbaycan bunu istəməsə də, həmin oyunçuların payız seçkilərində əvəz çıxmağa ümidi qalır. Axı, biz bütün bunları 2003-cü ildə, təsir agentləri təcavüzkar qaragüruhu küçələrə çıxaranda görmüşük. Mən əminəm və əsla şübhə etmirəm ki, 2008-ci ildə hər şey normal olacaq. Necə deyərlər, başına gələn başmaqçı olar!

Mətbuatda yayılmış məlumata görə, ABŞ Azərbaycanda seçkilərin keçirilməsinə üç milyon dollar ayırmışdır. Təbii ki, bu, ilkin məbləğdir, əslində nə qədər vəsait ayrılacağını geniş ictimaiyyət bilmir. Bu məqsədlə başqa ölkələr – Avropa və Şərq ölkələri, o cümlədən müsəlman ölkələrinin radikal təşkilatları da külli miqdarda vəsait ayırırlar. Bütün bunlar son məqsədə çatmaq – sınaqdan çıxarılmış sxem üzrə ölkədə hərc-mərclik, iğtişaşlar, muzdlu satqınlarla hüquq mühafizə qüvvələri arasında toqquşmalar yaratmaq üçündür. Bu işdə sarı mətbuat jurnalistlərinə və satqın “politoloqlara” xüsusi rol ayrılmışdır, onlar baş verən hadisələri “xalqın” hiddətlənməsinin təzahürü kimi qələmə verməlidirlər. Bütün bu saxtalaşdırılmış informasiya beynəlxalq mətbuat səhifələrində yerləşdiriləcək, həmişə olduğu kimi, Azərbaycandakı informasiya mənbələrinə istinad edilməklə, bütün beynəlxalq elektron KİV-lər tərəfindən yayılacaqdır.

Ona görə də bu gün “sarı” mətbuatın jurnalistlərinə və satqın politoloqlara həmişəkindən daha çox qiymət verilir. Onları hər bir xoşagəlməz hallardan səylə qoruyurlar, onlara çəkilən xərcləri qat-qat artırıblar, ən çox canfəşanlıq edənləri, ən vicdansızları isə hər həftənin çərşənbə axşamı toplayıb təlimat keçir, sonra bəzi xarici ölkələrin səfirliklərində kalorili mərci şorbası ilə doydururlar. Yayılan şayiələrə görə, Bakıdakı səfirliklərin birində jurnalistlər hazırlayan kurslar var, orada hazırlıq keçənlər hazırda fəaliyyət göstərənlərdən keyfiyyətcə yaxşı olmalıdırlar. “Hazırda fəaliyyət göstərənlərdən keyfiyyətcə yaxşı” sözləri yalnız bir məna daşıya bilər: bu kursların məzunları azacıq muzd müqabilində özlərinin “sarı” qəzetinin səhifələrində sevimli doğma analarını fahişəlikdə günahlandırmağa hazır olan adi başkəsənlər olacaqlar.

Çox istərdim ki, kimsə izah etsin: bir ölkə hamılıqla qəbul edilmiş hansı beynəlxalq qaydalara əsasən başqa ölkənin daxili işlərinə qarışır, ictimaiyyətə məlum olmayan açıq-aşkar təcavüzkar qruplaşmaları bu barədə heç bir xahiş olmadığı halda maliyyələşdirir? Bunu heç kəs izah edə bilməyəcək, çünki beynəlxalq hüquqda belə hərəkətlər nəzərdə tutulmamışdır.

Məsələyə aydınlıq gətirmək üçün bəlkə Qədim Yunanıstanın təcrübəsinə müraciət etməliyik. Axı, hər halda, “demokratiya” sözünü bəşəriyyətə məhz bu ölkə bəxş etmişdir. Onun quldarlıq ölkəsi olmasına məhəl qoymamaq olar, əsas məsələ budur ki, o, demokratik ölkə olmuşdur. Tarixi faktdır ki, Qədim Yunanıstanda xalqın öz iradəsini demokratik şəkildə ifadə etməsi nəticəsində qəbul edilmiş gözəl qanunlar olmuşdur. Amma... Bütün bu xoşagələn ədalətli qanunlardan tam şəkildə yalnız oliqarxlar və patrisilər istifadə edirdi, qəbul edilmiş qanunların heç də hamısı plebeylərə, əslində, şamil olunmurdu, qullara isə ümumiyyətlə heç bir qanun şamil edilmirdi və onlar Qədim Yunanıstanda qanundankənar yaşayır və ömür sürürdülər. Eyni sözlər vətəndaş hüquqlarına da aid idi. Oliqarx və patrisilərin hər şeyi etməyə hər cür hüququ vardı, plebeylərin vətəndaş hüquqları bundan qat-qat az idi, qullara isə heç bir hüquq verilmirdi! Demək istəyirəm ki, demokratik Qədim Yunanıstanı tam əsasla ikili standartların banisi hesab etmək olar. Əgər hər hansı bir qədim yunan xəbər tutsaydı ki, XXI əsrdə ikili standartlar dövlətlərarası münasibətlərdə geniş tətbiq edilən demokratik vasitəyə çevriləcək, onun necə heyrətlənəcəyini yalnız təsəvvür etmək olar. Qədim yunanların buna nə deyəcəyini indi güman etmək çətindir. Məsələn, Homer yəqin ki, fikrə gedərdi, başqa bir qədim yunan – deyək ki, Makedoniyalı İsgəndər çox güman ki, sevinərdi, çünki ikili standartlar bütün fatehlərin xoşuna gəlir, onlar ikili standartlardan istifadə etməyi xoşlayırlar. Qədim Yunanıstanda heç bir diplomatik eyhamsız-filansız ikili standartlardan istifadə edirdilər. Plebeyləri elə belə də çağırır, yeri gəldikdə əzişdirirdilər. Qullarla rəftar daha sadə idi, əgər o, özünü pis aparsa, uzun-uzadı izahata ehtiyac qalmır, başını və ya bədəninin digər əzasını kəsib atırdılar. XXI əsrdə ikili standartların tətbiq edilməsi bir qədər mürəkkəbləşmişdir, amma çox yox. Hüquqlar məsələsində indiki dövlətlər, demək olar ki, qədim demokratik yunanların tayıdır. Bəzi ölkələrin həqiqətən bütün hüquqları var, digərlərinin hüquqları bundan qat-qat azdır, lakin üçüncü, yoxsul və zəif dövlətlər də var ki, onlara hüquq əvəzinə, başqa şey verirlər! Ən başlıcası, dövlət səviyyəsində ikili standartları tətbiq edəndə, ətrafdakılara bütün bunların yalnız demokratiyanın təntənəsi naminə edilməsini vaxtında bildirməyi unutmamaqdır. Ətrafdakılar isə bunu... kommersiya demokratiyası naminə həzm edəcəklər. Allaha şükür, bu sahədə təcrübə toplanmışdır.

Bu günlərdə ABŞ Prezidenti qarşıdakı seçkilərə həsr edilmiş növbəti tədbir keçirmişdir. O, öz çıxışında bəyan etmişdir ki, “Azərbaycan jurnalistlər üçün həbsxanadır”. Hər şey aydındır. Ax, Azərbaycanda seçkilər dövründə “sarı” mətbuatın satqın jurnalistlərinə necə də ehtiyac var! Hətta cinayətkarlar da lazımdır, təki işləsinlər.

Cənab Buşu bütün dünyada coğrafiyanı yaxşı bilən adam kimi tanıyırlar, lakin bəzən o da səhv edir. Bu dəfə o, ABŞ-ın lap böyründə olan Quantanamonu Oykumenin o başında yerləşən Azərbaycanla səhv salmışdır. Görünür, bu səhvə səbəb “həbsxana” sözü olmuşdur. Lakin əgər ciddi desək, böyük bir dövlətin rəhbəri satqın təsir agentlərinin – Azərbaycan barədə saxta informasiyanı Amerika bazarına çıxaran əsas qüvvələrin iftiralarını kor-koranə təkrarlayanda bu, çox qəribə təsir bağışlayır. ABŞ-a münasibətdə daim loyallıq və rəğbət hissi nümayiş etdirən kiçik ölkəmizi daxildən məhv etməyə çalışan ideoloji terrorçuları şirnikləndirmək dövlət başçısına yaraşan hərəkət deyil. Bəlkə də biz öz sadəlövhlüyümüzə görə başa düşmürük ki, bir ölkənin merkantil maraqları naminə başqa ölkədə, özü də ona dost olan ölkədə muzdlu sabotajçıların və təxribatçıların fəaliyyətini şirnikləndirən beynəlxalq siyasətin yeni naqis və şərəfsiz bir növü ilə üzləşmişik? Başa düşürük. Özü də artıq çoxdan hər şeyi başa düşmüşük, amma hələ dözürük.

Artıq vərdiş etmişik ki, bizə yalan satsınlar. Özümüzü elə göstəririk ki, guya bizə yalan satdıqlarını hiss etmirik. Lakin indi bu yalan həddini aşıb, eşitməməzliyə vurmaq olmur, çünki daha qulaqlarımız da buna dözmür. Döyənək olub!