Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

QURD-QUŞ BİZİ QORXUTMUR

Bir neçə il bundan əvvəl planetin bütün televiziya kanalları Ermənistan parlamentində bir qrup yaraqlının törətdiyi terror aktını göstərdi. Şübhəsiz, bu, dünya təcrübəsində görünməmiş terror aktı idi. Bir neçə silahlı adam mühafizə olunan parlament binasına soxularaq ümumi iclasın onlarca iştirakçısının gözü qarşısında parlamentin rəhbərlərini avtomat silahla güllələdi. Görünür, açıq-aşkar "təsadüfən" məhz qarşıdakı prezident seçkilərində real və əsas namizədləri güllələdilər.

Əlbəttə, Avropa ictimaiyyəti hiddətləndi və Avropa Şurası Parlament Assambleyasının simasında bu hadisələrə öz münasibətini bildirdi. Doğrudur, prezidentliyə əsas namizəd-lərin qətlə yetirilməsi ilə əlaqədar dünya elə bir xüsusi bəyanatlar eşitmədi. Güman etmək olar ki, AŞPA-nın və ATƏT-in rəhbərləri daxilən qeyzlənmişdilər, lakin siyasi nəzakət xatirinə bunu ətrafdakılardan gizlədə bildilər. Zahirən seçkiqabağı nou-xauya sakit və təmkinlə yanaşdılar. Əslində, onlar bu faciəli hadisəni yerli xalq adəti kimi qiymətləndirdilər və hər halda, bununla əlaqədar ətraflı araşdırmalar aparılmasını arzu etdiklərini bildirdilər.

Həmin vaxt Ermənistan prezidenti olan Robert Koçaryan müvafiq tapşırıqlar verdi, istintaq qanunun bütün ciddiliyi ilə aparıldı, məhkəmədə terrorçuların günahı inandırıcı şəkildə sübuta yetirildi və onların hamısı həbsxanaya salındı. Lakin hadisədən sonra keçirilən seçkilər ən kəskin şəkildə tənqid edildi. Bəyan olundu ki, Ermənis-tanda prezident seçkilərində pozuntulara yol verilmiş, bəzi məntəqələrdə isə qanun kobud şəkildə pozulmuşdur, lakin bütövlükdə, seçkilər praktiki olaraq məqbul sayıldı. Oyun alındı, seçkiqabağı yürüşün lap əvvəlində qələbə şansını itirmiş Koçaryan meydanda rəqibsiz qaldı və onu arxayınca yenidən ölkənin prezidenti seçdilər. Maraqlı tərəflərin hamısı razı qaldı.

Lakin AŞPA rəhbərlərindən fərqli olaraq, Ermənistan parlamentinin bəzi deputatları nazikürəkli oldular - onlar hələ də iclas salonuna qəfildən girən kənar adamı görəndə stolun altında gizlənmək arzusundan özlərini güclə saxlayırlar. Əlbəttə, onlar yaxşı bilirlər ki, növbəti seçkilərə, yəni prezidentliyə namizədlərin növbəti dəfə güllələnməsi mövsümünə hələ çox var, odur ki, hələlik heç kimi öldürmə-yəcəklər. Onlar bunu bilsələr də, həmin vaxt qazandıqları faydalı refleksdən yaxa qurtarmaq iqtidarında deyillər. Elə ona görə də münasib məqamda stolun altında gizlənmək istəyirlər.

AŞPA və ATƏT nümayəndələrinin bu yaxınlarda Gürcüstanda baş vermiş hadisələrə münasibəti valehedici idi. Onlar Ermənistanda siyasi qətllərdən sonra keçirilmiş prezident seçkilərinə, təmkinlə olsa da, mənfi münasibət bildirsələr də, Gürcüstandakı qiyam və dövlət çevrilişi, görünür, tələfat olmadığından onlarda gizlədilə bilməyən sərməstlik doğurdu. Gürcüstanda nə baş vermişdir? Milyon-larla televiziya tamaşaçısının gözləri qarşısında kütlə ölkə parlamentinin binasına soxuldu və prezident Şevardnadzenin çıxışını yarımçıq kəsərək, deputatları salondan qovdu. Cangüdənlər ölkə prezidentini əhatəyə aldılar və onun başını əyərək tələm-tələsik salondan çıxardılar. Kütlənin başçısı Saakaşvili qaçaraq kürsüyə qalxdı, Şevardnadzenin stəkanını əlinə alıb, çayı acgözlüklə başına çəkdi. Çox qəribə mənzərə idi, lakin bu, düşünülməmiş heyvani hisslərin təzahürü idi. Bax, mən canlı-cüssəli erkək başçını öz isti yuvasından qovdum, indi də ona məxsus çayı içirəm, o isə devrilmiş, alçaldılmış, çalsaçlı başını aşağı salıb aradan çıxdı, sabah da öz ailəsi ilə bir yerdə süfrəmdən böyük səxavətlə qabağına atdığım artığımı yığışdıracaqdır. "Məxməri inqilab" kimi cazibədar ad verilmiş bütün bu hadisələr AŞPA-da vəsfə-gəlməz heyranlıq doğurmuşdur.

Təbiidir ki, belə vurhavurda bir neçə deputatın döyül-məsi kimi xırda məsələyə heç kim diqqət yetirmədi. Hər şey düzdür, hər şey qaydasındadır, hər şey AŞPA və ATƏT demokratiyasının güzəştsiz normalarına uyğundur. Bu demok-ratiya inhisarçılarının sayıq gözündən belə bir fakt da yayındı ki, konstitusiyaya zidd çevrilişin bütün rəhbərləri – Saakaşvili, Burcanadze və Jvaniya prezident Şevardnadzenin yaxın silahdaşları olmuşlar. Hakimiyyətin ən yüksək mərtə-bəsinə də onları Şevardnadze gətirmişdi. Şevardnadze uzun müddət onların qayğısını çəkmiş, bəsləmiş, dövlət xadimi peşəsinə öyrətmişdi. Bu adamlar bilavasitə  onun rəhbərliyi ilə tanınmış siyasətçilər olmuşlar. AŞPA-nın, yaxud ATƏT-in nümayəndə-lərindən heç kim bu fakta məhəl qoymadı, hətta bu münasibətlə heç kimin dilindən sözarası minnət qoymayan, məsələn, "Brut, səndəmi...", yaxud "Brutlar, sizdəmi..." kimi sentimental ibarələr də çıxmadı. AŞPA və ATƏT nümayən-dələrinin şərəf və vicdan barədə, heç olmazsa, ümumi təsəvvürə malik olduqlarını sübut edə biləcək bir kəlmə eşidil-mədi. Görünür, "siyasət çirkin işdir" – deyənlər haqlıdırlar.

Seçkilər necə də gözəl keçdi. Çox qısa bir müddətdə – qırx beş gündə yeni seçki komissiyası yaradıldı, seçicilərin yeni, yaxud digər siyahıları tərtib olundu və onlar təyin edilən gün bir-birini itələyərək seçki qutularına tərəf cumdular. Aca-rıstan, əslində, bu seçkilərdə iştirak etməsə də, cənab Saakaş-vili sivil dünyanın bütün ölkələri üçün rekord sayda səs – təxminən yüz faiz toplaya bildi. Özü də, şahidlərin dediyinə görə, bəzi seçki məntəqələrində "lehinə" səs verənlərin sayı 100,4 faizdən 100,6 faizə çatırdı. Nə iradlar oldu, nə də şübhələr: AŞPA-nın və ATƏT-in nümayəndələri bütün bu hadisələrə iltifatla və açıq-aşkar təqdirlə yanaşdılar.

Nə gözəl, nə yaxşı, – deyə dost Azərbaycanda düşün-dülər, arxayınlıqla köks ötürdülər ki, Gürcüstanda dövlət çevri-lişi vətəndaş müharibəsinə və qan tökülməsinə gətirib çıxar-madı. Hüquqi, yuridik normaların pozulmasına gəldikdə isə, dost Gürcüstanda firavan və sabit həyat olmasını çox istəyən Azərbaycanda düşündülər ki, bu, artıq bizlik deyildir. Nəhayət, Azərbaycanda bunu da düşündülər ki, bu problemlərlə, öz səlahiyyətləri daxilində, BMT, AŞPA, ATƏT və digər bey-nəlxalq təşkilatlar məşğul olmalıdır. Əgər adları çəkilən təsisatlar qonşularımızda baş verənlərdən razıdırlarsa, onu təqdir edirlərsə, deməli, təbiidir ki, biz də razıyıq.

Mənə belə gəlir ki, Gürcüstanda baş vermiş "məxməri inqilab" təcrübəsindən buna maraq göstərən bəzi digər ölkə-lərdə, məsələn, İsveçrədə və Norveçdə istifadə etmək və cinayət məcəllələrinə mütləq "məxməri zorlama" yaxud, "sın-dırıb dağıtmaqla, lakin əldə qızılgül tutmaqla qarət" kimi yeni maddələr daxil edilməlidir. Zənnimcə, bu yeniliklər həmin ölkələrdə demokratiyanın inkişafının son dərəcə təkmilləş-məsinə kömək edəcəkdir.

Yanvarın 25-də Batumidə Saakaşvilinin Tbilisidən gəlmiş tərəfdarlarının başçılığı ilə kütləvi nümayiş keçirildi. Nümayiş iştirakçılarının bəziləri ənənəyə sadiq qalaraq, əllərində qızılgül, bir də paslanmış armatur parçası tutmuş-dular. Ali Sovetin yaxınlığında polis onların qabağını kəsdi. Toqquşmada dəyənəklə başlara, ağır çəkmələrlə qasığa zərbələr endirilirdi. Nəticədə, döyüşçülərdən üçü nəsilartırma qabiliyyətini qismən itirdi, dörd nəfər isə rifahı naminə bu cür biabırçılıq törətdikləri ölkənin adını hələ də xatırlaya bilmir. İndi Gürcüstan prezidenti kimdir sualına onlardan biri Norveç səfirinin soyadını, ikincisi mərhum Georgi Saakadzenin adını çəkdi, digərləri isə içini çəkdi.  Bəs, AŞPA-nın və ATƏT-in nümayəndələri necə? Nə etiraz etdilər, nə də irad tutdular. Onlar özlərini üç Çin meymunu kimi apardılar – heç nə görmürəm, heç nə eşitmirəm, heç nə demirəm. Çünki susmaq əmri verilmişdir! Gürcüstanda dövlət çevrilişinin və seçkilərin yüz faiz qələbə ilə qurtarmasına hamı bir nəfər kimi heyran olmalıdır. Bu da çox yaxşıdır, çox gözəldir, buna heç bir sözümüz yoxdur.

Lakin hər halda, buna heyran olmayacağıq. Azərbay-canda bir çox adamlarda, o cümlədən bu sətirlərin müəllifində, Ermənistanda və Gürcüstanda baş vermiş hadisələr nə qədər qanuna zidd olsa da, antidemokratik xarakter daşısa da, mahiyyətcə, bu ölkələrə aid olmayan mülahizələr meydana çıxır. Bütün bu mülahizələr uzun müddətli və diqqətli müşahi-dələrin məhsuludur və konkret olaraq, AŞPA-nın və ATƏT-in ölkəmizdəki nümayəndələrinə aiddir. Məsələ bundadır ki, ölkəmizdə yuxarıda dediklərimizə bənzər dəhşətli biabır-çılıqlar müşahidə edilməmişdir. Bizdə, onlara azca da oxşayan bir hadisə heç vaxt baş verməmişdir.

Bəli, bizdə nöqsanlar var. Biz onları bilirik və bütün bunlar çox tez-tez ürəyimizi ağrıdır. Lakin biz özümüzə bununla təskinlik veririk ki, Azərbaycan bazar iqtisadiyyatı və demokratiya yoluna bu yaxınlarda, heç 11 il deyildir ki, düş-müşdür. SSRİ-nin dağılması, ermənilərin xəyanətkar təcavüzü və Xalq Cəbhəsinin dağıdıcı idarəetmə dövrünün nəticələri ilə bağlı keçirdiyimiz sarsıntılara baxmayaraq, bu qısa tarixi müddətdə ölkəmizin nə qədər böyük uğurlar qazandığını görüb, özümüzə təskinlik veririk. Biz başa düşürük ki, demokratiyanın dayaqları hesab edilən İngiltərə, İsveç, Fransa və çoxillik demokratiya ənənələrinə malik olan digər ölkələrlə müqayisədə biz hələlik az şeyə nail olmuşuq. Çünki vaxt lazımdır.

Bir də ki, hər şey müqayisədə bilinir. Bu gün ölkəmiz demokratiya və sosial inkişafda əldə etdiyi uğurlar baxımından MDB-də istisnasız olaraq, təkrar edirəm, istisnasız olaraq, heç bir ölkədən geri qalmır. Bu da şübhəsizdir ki, hazırda Azər-baycan qonşuları ilə müqayisədə bütün göstəricilərə görə Cənubi Qafqazda çiçəklənən vahə və inkişaf etməkdə olan olan demokratiya qalasıdır, özü də yeganə qaladır. Bu, açıq-aşkar faktdır. Bu da şübhə doğurmur ki, bu gün, qonşularından fərqli olaraq, Azərbaycanın öz firavan gələcəyinə inanmağa daha çox əsası var. Azərbaycanda istedadlı, əməksevər xalq yaşayır, onun da böyük hissəsini təhsilli adamlar təşkil edir. Böyük təbii sərvətə malik olan ölkəyə bütün xalq tərəfindən seçilmiş cavan, xarizmatik Prezident İlham Əliyev rəhbərlik edir. İlham Əliyevin ölkənin real inkişafına dair elan etdiyi proqramın yerinə yetirilməsi yaxın illərdə vətəndaşlarımızın firavanlığına, ölkədə sabitliyə və bütün dünya ölkələri ilə mehriban qonşuluq münasibətlərinə zəmanət verir. Ölkə bu proqramı yerinə yetirmək üçün bütün intellektual  və iqtisadi potensiala malikdir.

Bununla belə, hər halda, Azərbaycanda gözəgörünməz, zəhlətökən substansiyalara bənzər nə isə var. Həmin "bu nə isə", bu üfunətli substansiya AŞPA-nın və ATƏT-in nümayən-dələrinin səyləri ilə mütəmadi olaraq hərəkətə gətirilir. Bu adamların Ermənistanda və Gürcüstanda Konstitusiyaya zidd hər cür şıltaqlıqlara və insan hüquqlarının pozulmasına müna-sibətdə nəzərəçarpan unutqanlığı və diqqətsizliyi, nəzakətli və xeyirxah davranışı, onlar Azərbaycana ayaq basan kimi nəzakətsizliyə və kobudluğa çevrilir, hətta xuliqanlıq həddinə çatmağa başlayır. Bu əbədsiz davranış ədasının ən bariz daşıyıcısı isə AŞPA-nın nümayəndəsi cənab Qrossdur.

Bəs, o, özünü niyə belə aparır? Əgər Andreas Qrossun qeyri-adi və təəccüblü davranışı klinika ilə bağlı deyilsə, onda bunun bir neçə mümkün səbəbi var. Birincisi: Avropa Şurasında Azərbaycan müsəlmanlığa etiqad edən ölkə kimi qeydiyyata alınmışdır. Şükürlər olsun ki, ölkənin əhalisi iblisə- şeytana və bütpərəstliyə deyil, dünyanın üç böyük dinindən birinə etiqad edir, özü də tək bir Allaha və hər üç din üçün ümumi olan əsas qüdsiyyətlərə inamla. Nə ilk, nə də bütün sonrakı baxışlardan burada sanki qəbahətli bir şey yoxdur. Ələlxüsus da, hər şeydən öncə, Azərbaycan dünyəvi idarəçilik forması olan dövlətdir. Ölkəmiz heç zaman dini zəmində heç kimlə münaqişəyə girməyibdir. O vaxtkı Rusiyanın üzdəniraq demokrat rəhbərlərinin və güclü erməni diasporunun hərtərəfli köməyi, həyanlığı ilə Ermənistan Azərbaycana təcavüz etdikdə heç bir, təkrar edirəm, heç bir müsəlman ölkəsi Azərbaycanın köməyinə gəlmədi. Doğrudur, iki müsəlman ölkəsi kömək göstərirdi, amma onlar Azərbaycana yox, Ermənistana kömək edirdilər. Onda Azərbaycan öz dərd-səri və müsibətlərilə üz-üzə, təkbətək qaldı. Mən bundan əsla məyus deyiləm. Hər halda, biz heç kimə nəyə görəsə, minnətdar və borclu deyilik.

Bundan əlavə, Azərbaycan elə bir ölkədir ki, burada hər hansı şəkildə dini ekstremizm yoxdur. Elə bir dövlətdir ki, burada dini qaydalarla heç bir əlaqəsi olmayan qanunlar qüvvədədir. Azərbaycanda başqa konfessiyalara həmişə hörmət-ehtiramla yanaşmışlar: nə xaçpərəstlər, nə də yəhu-dilər burada özlərini heç zaman kənar adamlar hesab etmə-mişlər, onlar həmişə tamhüquqlü vətəndaşlar olmuşlar. Adam-ları nə dini, nə də milli mənsubiyyət prinsipinə görə ayırma-mışlar. Yanaşma prinsipi həmişə eyni olubdur – filankəs xeyir-xah, abırlı adamdır, ona inanmaq olar, filankəs isə köpək oğlunun birisidir və ona bel bağlamaq olmaz. Bu prinsip indi də tətbiq olunur və hamıya, o cümlədən Andreas Qrossa da şamil edilir.

Mən fəxr edirəm ki, ölkəmin vətəndaşları hətta müharibə dövründə də amansızlaşmadılar və insana layiq işlər görmək qabiliyyətini itirmədilər. Müharibənin axırlarında Bakıda olan alman hərbi əsirlərini çox yaxşı xatırlayıram. Onlar çox idilər. Sir-sifətdən düşmüşdülər, ac-yalavac idilər, əyinlərindəki hərbi geyim didik-didik, yamaqlı, amma həmişə də tər-təmiz idi, tikintilərdə işdən sonra axşamlar tez-tez həyətimizə gələrdilər. Müharibəyə və antifaşist təbliğatına baxmayaraq, hərbi əsirləri kin-küdurətsiz qarşılayırdılar, hətta gün-güzəranın ağır olduğu o dövrdə də onlar hər mənzildə azı bir cam şorbaya və bir tikə qara çörəyə ümid bəsləyə bilərdilər. Baxmayaraq ki, Azərbaycanın çağırış yaşlı hər dörd sakinindən biri Almaniya ilə müharibədə həlak olmuşdu. O müharibədə hər şey insanlara aydın idi, insanlar hər şeyi başa düşürdülər: bütün ətraf aləm düşmənlərə – nasistlərə və dostlara  müttəfiqlərə bölünürdü. Hər şeyi öz adı ilə çağırır-dılar. Demə, bu, – hər şeyi əsl adı ilə adlandırmaq çox vacib imiş. İkinci Dünya müharibəsində iştirak edən bütün ölkələr məhz bu aydınlıq sayəsində qarşılıqlı incikliyi, umu-küsünü unutmaq və möhkəm sülhə gəlmək üçün özlərində qüvvə tapdı.

İndi vəziyyət bambaşqadır. Hərbi əməliyyatlar dayan-dırılmışdır və hazırda biz Ermənistanla atəşkəs şəraitindəyik. Amma ölkəmizdə antierməni əhval-ruhiyyəsi əsla səngimə-yibdir. Bax, bu əhval-ruhiyyə cürbəcür Qrossların fəaliyyəti sayəsində daim güclənir. Qrosskimilər özlərinə yaxşı məlum olan faktları kobudcasına və riyakarcasına təhrif edir, təca-vüzkar Ermənistana və bu təcavüzə məruz qalana – ölkəmizə eyni gözlə baxırlar. Azərbaycanın ordusu yox idi və buna görə də Ermənistanın öz müttəfiqləri ilə birlikdə qəfil hücumu mürgüləyən dostun kürəyinə bıçaq saplamaq demək idi. Bu, hamıya bəllidir. Cənab Qrossa öz xidməti mövqeyi sayəsində bu da yaxşı məlumdur ki, müharibənin başlamasına az qalmış 220 min azərbaycanlı Ermənistandan zorakılıqla qovulmuşdur. O da məlumdur ki, müharibənin başlamasına az qalmış qoca-ları, qadınları, o cümlədən də hamilə qadınları, habelə uşaqları qışda qarlı-çovğunlu dağlarla Azərbaycana necə qovurdular və onların, demək olar, hamısı yolda necə qırılırdı. Cürbəcür Qrosslar Xocalıda dinc azərbaycanlı əhalinin kütləvi surətdə qırılıb-çatılmasından da xəbərdardırlar.

Onların hamısı Ermənistanın qəfil hücum etməsini də bilirlər. Azərbaycan rayonlarının işğal edildiyi də, yüz min-lərlə insanın ev-eşiyindən vəhşicəsinə didərgin salındığı da yaxşıca məlumdur. Amma onların bütün işi-gücü yalan danış-maq, saxtakarlıq etmək və aşkar faktları danmaqdan ibarətdir. Bax, buna görə də şübhə etməmək olar, nə qədər ki, biz AŞPA və ATƏT-in Andreas Qross kimi nümayəndələri ilə işləməyə məcburuq, Azərbaycanla Ermənistan arasında sülh olmayacaqdır.

İnsanlar çox şeyi bağışlaya bilərlər, amma qatı ədalətsizliyi və həyasızcasına söylənən yalanları bağışlamırlar. Və onlarla heç zaman barışmayacaqlar. Bütün bunlar əsla o demək deyil ki, hamı cənab Qrossun və onun kimilərinin hoqqalarına indən belə də dözməyə hazırdır. Cənubi Qafqaz çox ciddi coğrafisiyasi məkandır və burada özünü AŞPA-nın və ATƏT-in nümayəndələri kimi belə ağılsız və həyasız aparmaq olmaz. Ehkam həqiqətlərin özündən müştəbeh, standart beyinli təbliğçiləri, müsahibini adam balası kimi dinləməyi bacarmayan və heç dinləmək də istəməyən kəslər başa düşmürlər ki, Qafqazda ədalətli sülh bərpa edilməyincə, Avropada da davamlı sülh ola bilməz. Günlərin bir günü bütün böyük dövlətlərin iştirakı ilə dəhşətli gücə malik elə bir həngamə qopar ki, onda, məsələn, həmin o İsveçrənin bitərəf-liyindən savayı, yalnız balaca bir şokolad köşkünün bünövrəsi boyda bir qarış ərazi sağ-salamat qalar.

Cənab Qrossun təəccüblü davranışının ilk mümkün səbəbi odur ki, Azərbaycan AŞPA və ATƏT-də müsəlman ölkəsi kimi qeydiyyata alınmışdır. Cənab Qross hesab edir ki, müsəlman ölkəsinə iltifat göstərməmək də olar və dövlətlərarası ünsiyyət üçün icbari olan nəzakətli davranış qaydaları müsəlman ölkəsinə şamil edilmir. Onlara təzyiq göstərmək lazımdır. Bax, o elə burada yanılmışdır. Bizə təzyiq göstərmək əbəs işdir. Azərbaycan üçün Andreas Qrossun təzyiqi, təsəvvür edin ki, yarımcan payız milçəyinin uzaq məsafəyə qaçan idmançının zəhləsini tökməsi kimi bir şeydir. Əslində, cənab Qross Azərbaycan üçün zərərli deyil, Qross AŞPA üçün zərərlidir. Cürbəcür Qrossların davranışı ilk əvvəl hörmətli olmuş bu təşkilatın özünün nüfuzuna mənfi təsir göstərir. Azərbaycanda AŞPA-ya, elə ATƏT-ə də getdikcə daha az adam etibar edir. Bu isə pisdir.

Cürbəcür Qrossların davranışını və onların həyasız-lığını bu və ya digər dərəcədə izah edən ikinci mümkün səbəb Azərbaycanda neft və qazın olmasıdır. Bu, gizli şantaj və pulqoparma üçün inandırıcı səbəbdir. Ümidvaram ki, Beynəlxalq Məhkəmənin prokuroru bu problemlə nə vaxtsa məşğul olacaqdır.

Cənab Qrossun əcaib-qəraib davranışının daha bir mümkün səbəbi onun təqlidedilməz, özünəxas mentalitetində gizlənir. Bu maraqlıdır, amma cənab Qross Azərbaycana hər növbəti səfərində hədə-qorxu gəlməklə məşğul olur. "Mən Azərbaycan iqtidarına xəbərdarlıq edirəm, əgər onlar filan vaxtadək filan, filan işləri görməsələr, Avropa Şurası filan iclasında və ya sessiyasında Azərbaycan barəsində filan tədbirləri, hətta son tədbirləri görəcəkdir". Cənab Qrossun, demək olar, hər bir çıxışının sxemi belədir. Əgər siz bu çıxışlardan hər hansı birinə tarix qoysanız, konkret hadisələrin adlarını göstərsəniz, onda cənab Qrossun növbəti qorxuducu çıxışını görmüş olarsınız. Əlbəttə, heç kim qorxub-çəkinmir - cənab Qrossun hədə-qorxularına artıq çoxdan heç kim məhəl qoymur. Lakin onları eşitmək xoş deyil, çünki gözgörəsi həyasızlıq təzahürləri ətrafdakıları, adətən, əsəbiləşdirir. Məlumdur ki, AŞPA kollektiv orqandır və bu orqanın gələcək qərarlarının məzmununu kiminləsə söhbətdə və ya camaat arasında açıqlamağa heç kəsin ixtiyarı yoxdur. Bu, necə deyərlər, nə cür ümumavropa əhəmiyyətli orqandır ki, iclasın başlanmasına hələ bir neçə ay qalmış onun nəticələri, yəni gələcək kollektiv müzakirənin yekunları hansısa məmurcığaza qabaqcadan məlum olur?

Bundan əlavə, bu da faktdır ki, AŞPA rəhbərliyi cənab Qrossa Azərbaycan əhalisini sərt sanksiyalarla qorxutmağa heç vaxt səlahiyyət verməmişdir. Nə yaxşı olardı ki, cənab Qross özünün bütün daxili qüvvələrini, çox yox, bircə dəfə səfərbərliyə ala biləydi. Onda bunun sayəsində o, nəyin bahasına olur-olsun, hətta qan tökmək bahasına da hakimiyyəti ələ keçirmək üçün marığa yatan təxribatçı "demokratlar"ın onun üçün uydurduqları yalan-palan və təhlükəli problemlər üzərində deyil, ümdə real problemlər üzərində bir az baş sındırardı. Bəlkə də, düşünüb-daşınardı və onun üçün bu qeyri-adi və çətin məşğuliyyət nəticəsində, hər halda, çox şeyi anlayardı, həmçinin başa düşərdi ki, Azərbaycanın Avropa Şurasına üzvlüyə ehtiyacı Avropa Şurasının Azərbaycana ehtiyacından heç də az deyildir.

Bundan əlavə, cənab Qrossun bunu da anlaması pis olmazdı ki, onun ciddi cəhdlərinə baxmayaraq, gələcəkdə Azərbaycan hökmən Avropa Birliyinin üzvü olacaq və bundan sonra onun cəfəng iddialarını və hədə-qorxularını dinləməyin xoşagəlməz lüzumundan can qurtaracağıq. Mən hələ onu demirəm ki, cənab Qrossda diplomatik və heç bir digər faydalı qabiliyyətin yerli-dibli olmadığını AŞPA-da, nəhayət, görə-cəklər və axır ki, o, siyasi meydandan yox olub gedəcəkdir.

Cənab Qrossun çıxıb getməsi, məsələn, məndə uzaqdan-uzağa təəssüfü xatırladan hisslər doğuracaq, çünki cənab Qross, hər halda, maraqlı fenomendir. Hətta kommu-nistlərin totalitar hakimiyyəti dövründə kimin ağzı nə idi ki, respublika barəsində belə həyasızlıq edəydi. Sözü daşdan keçən Sov.İKP MK rəhbərliyinin ittifaq respublikasının rəhbərlərini hansısa bir məsələyə görə öz iclasına çağırdığı hallar olurdu. Amma elə bir hal məlum deyil ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndəsi qarşıdakı iclasın məsələlərini öyrənmək üçün respublikaya gələrək, onun iqtidarını Andreas Qrossun sevimli üsulu ilə hədələyərək deyəydi – "Yaxşı, Moskvaya gələrsiniz, sizin ananızı ağlar qoyarlar! Sizə elə qulaqburması  versinlər ki, onu ömrünüz boyu unutmayasınız".

Bunu necə başa düşək, cənab demokratlar?  Yaxud, qeyri-demokratlar? Cənab Qross ötən il oktyabrın 16-da xuli-qancasına kütləvi iğtişaşların iştirakçıları barədə istintaqa təzyiq etməyə cəhd göstərir. Bu, adamı hətta riqqətə gətirir, ürəyiyumşaq kənar adam Avropa ictimaiyyətini rəhmli olmağa çağırır və özgə ölkənin sıxışdırılan vətəndaşlarının gələcək taleyi ilə bağlı həyəcan təbili vurur. Əgər cənab Qrossun bu ürəyiyumşaqlığı özgə ölkəyə təkcə qarışıqlıq salmaq lazım olanda təzahür etməsəydi, onun bu hərəkəti adamı, doğrudan da, riqqətə gətirərdi. Təxminən bir il bundan əvvəl geniş əks-səda doğurmuş qalmaqal baş verdi. Məlum oldu ki, İsveçrədə iri bank əmanətlərini gizlətmişlər, daha dəqiq desək, mənim-səməyə cəhd göstərmişlər. Bütün bu çoxsaylı əmanətləri vaxtilə İsveçrə banklarına sonralar Osvensimdə, Treblinkdə və digər nasist ölüm düşərgələrində amansızcasına öldürülmüş insanlar qoymuşdular. Həlak olanların uşaqları və nəvələri onlara qalmış mirasın İsveçrə əcinnələrinin hər şeyi qamar-layan əllərindən, çox çətinliklə də olsa, ala bildilər. Dünya ictimaiyyəti bu məsələyə biganə qalmadı. Siyasi, ictimai xadimlər və digər gözəl insanlar nasist ölüm düşərgələrində əzabla öldürülənlərin övladlarının və nəvələrinin müdafiəsinə qalxdılar. Lakin ədalətpərəst Qrossun səsi bir dəfə də olsun heç bir kürsüdən eşidilmədi, heç olmazsa, ədaləti pıçıltı ilə də müdafiə eləmədi. Adama elə gəlir ki, İsveçrədə məşhur olan siyasi xadim, deputat cənab Qrossun, bu ürəyiyumşaq insanın ağzını heç kim yuma bilməzdi və o, həssas kamerton kimi, haqq-ədalətə çağıranların səsinə ucadan hay verməli idi. Nəhayət, bu, hətta onun borcu idi. Amma nə oldu? Bütün bu müddət ərzində cənab Qross bir tikə İsveçrə pendirini yemiş oğru siçan kimi ağzına su alıb susdu. Ədalət və insan hüquqları onun yadına təkcə Azərbaycanda olanda düşür. Cənab Qross ədalətliliyin xüsusi modelini işləyib hazırlamışdır və mahiyyəti də belədir ki, Azərbaycana ziyan vura biləcək hər şey ədalətlidir.

Mən bu məqalədə AŞPA nümayəndəsinin qəribə və həyasız davranışının səbəblərini araşdırmağa cəhd göstərdim. Bu səbəblər necə olursa-olsun, – mənim üçün şübhə doğurmayan bir şey var, – cənab Qrossun fəaliyyəti Avropa parlamentinin yaradılmasının əsasını təşkil edən prinsiplərlə bir araya sığmır. Onun fəaliyyəti ikrah doğurur. Azərbaycan Allahın xeyir-dua verdiyi ölkədir. Mən ümid edirəm ki, Allahın mərhəməti böyükdür və O, AŞPA-nın və ATƏT-in rəhbərlərinə müdriklik bəxş edəcək və onlar ağlasığmaz hərəkətlərə, təhrikçiliyə və fitnəkarlığa qabil olan miskin sub-yektləri Azərbaycana göndərməyəcəklər. Qadir Allah, möcüzə göstər və elə et ki, bundan sonra ölkəmizə təmiz, vicdanlı və açıq niyyətli adamlar gəlsinlər. Mən başa düşürəm ki, bizim çətin zəmanəmizdə bu xahişimizi yerinə yetirmək, bəlkə, Sənin üçün də çətindir, lakin axı, sən Allahsan. Qadir və ədalətlisən!

 

«Xalq qəzeti», 13 fevral, 2004-cü il