Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

ONDAN YAXŞI QARDAŞ YOX İDİ

İkimərtəbəli ağ hamam binasının yastı damına qoyulan tünd rəng çəkilmiş qazanlar şəhərin bu uzaq rayonunda hansı səmtdən baxsan yaxşı görünürdü. Bu qazanların yeknəsəq uğultusu gecə də, gündüz də ətraf məhəllələrə yayılır, hətta xəzri qopanda da həyətlərin hamısında eşidilirdi.

Məhəllə adamları qazanların səsinə alışmışdılar, heç elə bil onların uğultusunu eşitmirdilər. Hamam keçən əsrin ortalarında tikilmişdi və o vaxtdan bəri bu rayonda beşinci, ya altıncı nəsil qazanların uğultusu altında xoş güzəran sürür, doğub-törəyir, peşmançılıq çəkir, keşməkeşli həyat mübarizəsində gah qalib gəlir, gah da məğlub olurdu. Hamam bu rayonun yeganə məziyyəti, yeganə gəlməli yeri idi, ona görə də əsl hamam sərraflarının şəhərin o başından bura çimməyə gəlmələri heç kimi təəccübləndirmirdi.

Qabaqlar hamamın qara sütun kimi göyə dirənən, sonra elə bil mina çəkilmiş mavi səmanın fonunda tez-tez dəyişərək, gah əfsanəvi ağac, gah vəhşi heyvan, gah da quş şəklinə düşən tüstüsü narahatlıq törədirdi. Küləkli havada küçələri qəhvəyi duman bürüyür, ağacların yarpaqlarına, həyətlərdə sərilmiş paltarların üstünə qapqara, əl vuran kimi yayılan lopa-lopa qurum yağırdı. Ancaq heç kim gileylənmirdi, görünür, adamlar tüstü və quruma kompensasiya qanununun labüd nəticəsi kimi baxırdılar, bu qanuna görə insan əvvəl-axır hər bir yaxşı şeyin əvəzini verməlidir. Hər bir ağlı başında olan adam da (bu rayonun sakinlərinin əksəriyyəti isə bu dərrakənin sahibləri idilər) yaxşı başa düşürdü ki, iki və üçotaqlı nömrələri olan, divarlarına döşəmədən tam tavanına kimi çəhrayı və zərif mavi rəngdə mərmər döşənmiş, ümumi salonunda hovuzu və uzanacaqları, yüksək ixtisaslı kisəçiləri, eləcə də səhərin gözü açılandan ta gecə yarısına kimi lumulu, ətirli çay verilən çayxanası olan qədim hamamın müqabilində tüstü və qurum çox cüzi şeydir. Vaxt gəldi ocaqxanada odluğu dəyişdirdilər, mazutdan qaza keçdilər. İndi hamamın bacasından ağır-ağır, dalğalana-dalğalana şəffaf qızmar hava çıxırdı, sürətli texniki tərəqqi dövründə yaşayan işgüzar 11 adamlara qismət olmuş neçə-neçə əlavə nemətlərdən birini də dərhal qiymətləndirməyə və ondan istifadə etməyə qabil təşəbbüskar məhəllə uşaqlarının əli və iradəsi ilə bacanın üstünə yönəldilən çərpələnglər bu istiyə düşəndə qıc olmuş kimi qıvrılır və yanırdı.

Cəlil müəllimin həyəti hamama, onun pəncərəsiz arxa divarına bitişik idi. Həyət məhəllədə ən abad həyətlərdən hesab olunurdu, Cəlil müəllimin səyi sayəsində tamam yaşıllaşmış, səliqəsahmana salınmışdı; onun şəhərin həyəti olduğunu bilməyən adam, elə güman eləyə bilərdi ki, bu həyət Abşeronun dəniz səmtlərində salınmış üzümlü, əncirli, hələ üstəlik çalışqan və səriştəli “torpaq sahibləri”nin nar və qara tut da əkdikləri bağlardan biridir. Cəlil müəllim yay günü səhər hələ ala-toranlıqdan həyətinin ortasında dayanıb, dilxor-dilxor qazanların səsinə qulaq verirdi, ona elə gəlirdi ki, bu gün qazanların səsi onu fikrini cəmləşdirməyə, gecə gördüyü yuxunu yadına salmağa qoymur.

Hərdən yadına düşən, heç cür hafizəsində bir yerə toplaşmaq istəməyən təsəvvürlərdən anlayırdı ki, gördüyü yuxu qarmaqarışıq, pis yuxudur, ancaq yenə də Cəlil müəllim onu yadına salmaq istəyirdi, heç cür bu əzablı arzunun öhdəsindən gələ bilmirdi.

O, həyəti dolandı, talvardan düşmüş meynəni fikirli-fikirli qaldırıb yerinə qoydu, quşların bir salxım üzümü dimdikləyib, tamam zay elədiklərini görüb dilxor-dilxor başını buladı, sonra da bir neçə ləklik, uzunluğu beş, eni dörd metr bostana yaxınlaşdı. Burada Cəlil müəllim ilin fəsillərindən asılı olaraq soğan, pomidor, turşəng, vəzəri, eləcə də cürbəcür gül-çiçək əkirdi.

Onun mülahizəsinə görə, birbaşa ləkdən yığılıb süfrəyə qoyulan göyərtinin cana ayrı faydası vardı, elə bostanda işləməyin, torpaqda ayaqyalın gəzməyin də insana çox xeyri vardı – gün ərzində bədənə toplaşan elektrik enerjisi ayağın altından torpağa axırdı. Bir tanış feldşer ona demişdi ki, şəhərdə yaşayan adamın orqanizmində xeyli elektrik yığılır və asfalt elektriki keçirmədiyi üçün bu enerji onun canından çıxmır.

Bu söhbət Cəlil müəllimə yaman təsir eləmişdi, indi o, tez-tez bu elektrikin onun kürək nahiyəsində və başında möhkəm, ağır yumruq kimi düyünlənib, bütün əsəblərini sıxdığını çox aşkar duyurdu. Bunu Cəlil müəllim bütün günü aydın hiss eləyir, ona görə də axşamlar mütləq çəkmələrini çıxarıb, bostana gəzməyə düşür, 12 ayaqlarını torpağa basdırır, hər dəfə ağır gərginliyin qumluğa necə axdığını hiss eləyib yüngülləşirdi. Ancaq Cəlil müəllimin ağıllı iş görüb heç vaxt fikirlərini açıq deməyən arvadının və qızının mülahizəsinə görə, onun orqanizmindən heç bir elektrik-filan çıxmırdı, hətta əgər həyətdəki bostanın torpağına müəyyən miqdar enerji axırdısa da, onun canında o qədər elektrik, yaxud hələ elmə məlum olmayan başqa enerji formaları qalırdı ki, bu enerji bütün Bakı bostanlarına və əkinlərinə artıqlaması ilə bəs eləyərdi.

Bostanı dolanmaq çox çəkmədi, torpaq kifayət qədər nəm idi, ləkləri o, həmişə axşamlar, gecə suvarırdı. Həyətin dib tərəfindəki tut ağacının yanına gəldi. Bu qollu-budaqlı tut ağacının altına iki arı pətəyi qoyulmuşdu. Cəlil müəllim bu pətəklərlə fəxr elədiyi kimi, bütün şəhərdə bunlardan savayı arı pətəyi yox idi; hər halda hələ indiyə kimi heç kim ona Bakıda bir başqasının da arı saxladığını deməmişdi.

O, pətəklərin ahəngdar uğultusuna qulaq verdi, arılar yuxudan ayılmışdılar, amma pətəkdən bayıra çıxmırdılar. Hələ çox tez idi, yarıaçılmış yuxulu çiçəklərin ləçəkləri şehli idi, arılar ani səhər soyuğunun ötüb-keçməsini, ilıq havanı, nəm torpaq və ağac qabığı, bal və çiçək ətri, ilıq insan nəfəsi duyulan havanı, onlara həyat gətirən havanı gözləyirdilər...

Arılara Cəlil müəllimin çox böyük məhəbbəti vardı. Hər dəfə bu zəhmətsevən, fədakar canlılara tamaşa eləyəndə o, özündə bir sevinc duyur, mütəəssir olurdu. Söhbət vaxtı dostluqdan və ağıllı davranışdan tutarlı misal çəkmək lazım gələndə Cəlil müəllim mütləq arılardan söz salırdı. O, qəti bu qənaətə gəlmişdi ki, əgər insanlar arılardan bir-birlərinin xatirinə canlarından keçmək xasiyyətini mənimsəyə bilsəydilər, çox şey qazanardılar. O, qarşılıqlı hörmətdən, paxıllığın ziyanından danışanda da arılardan söhbət salırdı. Həmişə də arıları xatırlaması çox inandırıcı olur, yerinə düşürdü. Ancaq söhbət insanların nanəcibliklərindən düşəndə, həmişə belə söhbətlərdən sonra, özü düzgün həyat yolu tutduğu üçün bir razılıq hissi duyan Cəlil müəllim, arılara isnad eləyə bilmirdi. Amma o, ümid edirdi ki, pətəklərin, yaxud tək-tək arıların həyatına göz qoymaqla bir vaxt arı ailələrində ən dəhşətli qüsura – nanəciblik mərəzinə mübtəla varlıqların olmadığını da inandırıcı surətdə sübut eləyən səciyyəvi xüsusiyyətləri tapacaqdır.

13 Bu müşahidələrdən o, gələcək söhbətlərində istifadə etmək, onları rövnəqləndirmək istəyirdi, Cəlil müəllim belə söhbətlərə ehtiyac duyurdu və fürsət düşən kimi onu başlamağa hazır idi.

Nə isə bir başqa qarışığı olan qara, qoyun iti eyvanda, pilləkənin qabağında, balaca döşəkçənin üstündə yatmışdı, Cəlil müəllim başının üstündə dayananda it gözünü açdı, yuxulu-yuxulu baxdı və təzədən yatdı.

Cəlil müəllim asta-asta eyvana qalxdı, mətbəxə keçdi, soyuducudan bir parça içalat çıxartdı, xırda-xırda boşqaba doğradı, üstünə çörək də əlavə elədi və götürüb təzədən həyətə qayıtdı. İt tənbəltənbəl qalxdı, boşqaba yaxın gəldi. Cəlil müəllim çox istəyirdi ki, it ona quyruq bulasın. İt iki ağıza boşqabı təmizlədi, sonra elə buradaca qoyulmuş tasdan bir az su yaladı və təzədən uzandı. Cəlil müəllim ona bir təpik vurdu, it həmişəki kimi zingildədi və kənara sıçramaq istədi, ancaq kəndir qoymadı. Cəlil müəllim qapısına gətirəndə bu, körpə küçük idi, ilk vaxtlar o, küçüyə süd verirdi, bir müddət keçəndən sonra isə ona bazardan ət, içalat almağa başladı.

Cəlil müəllim iti təmiz saxlayırdı, iyrənsə də canını dişinə tutub, həftədə bir dəfə çimdirirdi.

İtin tərbiyəsinə o, çox fikir verirdi, Cəlil müəllimin fikrinə görə, məqamında, haqqına sərt olurdu. Nahaq yerə döymürdü, döymək lazım gələndə isə – küçük ev-eşiyi batıranda, yaxud gecəyarısı hürəndə, Cəlil müəllim onu məhz iti döymək üçün hazırlanmış şallaqla döyürdü, özü də elə döyürdü ki, onurğa sütunu, yaxud başqa bir sümüyü zədələnməsin. Layiq olanda mütləq mükafatlandırırdı – tumarlayır, konfet verirdi. Böyütdü. Tək-tək adam itə belə qulluq eləyərdi, özü də bu cür qatışıq, cinsi naməlum itə! Cəlil müəllimə ən çox yer eləyən o idi ki, it onun qapısında böyümüşdü, onun yalını yeyib az qala canavar böyüklükdə olmuşdu, amma onu sahib yerinə qoymurdu.

Cəlil müəllimin həyətə girdiyini görəndə it qaçıb kolluğa soxulurdu, ondan uzaq dolanırdı, gözlərini Cəlil müəllimə zilləyir, qəmgin-qəmgin baxırdı. Heç kim də bunu görmürdü. Nə ev adamları, nə də qonum-qonşular. Kimin nə işinə qalmışdı ki, həyət iti kimə necə baxır, həyət-bacanı yaxşı qoruyurmu, kifayətdir!

Amma Cəlil müəllimə ağır gəlirdi: it hamıya şırmanır, ancaq onu görən kimi tamam dəyişirdi. Cəlil müəllim dünən axşam iti tutub 14 bağlamışdı, bütün günü açmamışdı. İstəyirsən bütün günü səhərdən axşama nə yal ver, nə də bir tikə çörək, təki burax getsin Cəlil müəllimin qardaşının həyətinə. Beş-altı dəfə Cəlil müəllim özünü elə tutmuşdu ki, guya itin harada olduğunu bilmir. O, fit də çalmışdı, səsi gəldikcə: “Bozdar, Bozdar!” da çağırmışdı, ancaq it ona fikir də verməmişdi. Heç elə bil onu çağırmırdılar. Axırda Cəlil müəllim oğlunu onun dalınca göndərməli olmuşdu.

Hələ məsələ bununla qurtarsa, dərd yarı idi, rüsvayçılıq orasıydı ki, uşaq onu evə tərəf çəkirdi, it də ayaqlarını yerə dirəyib dartışırdı, az qalırdı xaltası boğazından çıxsın, elə bil ki, evə yox, diridiri dərisini soymağa aparırdılar. Cəlil müəllim iti möhkəm şallaqladı ki, daha özgənin qapısına dadanmasın. Bozdar qəzəbli-qəzəbli mırıldayırdı, ancaq tutmurdu, qorxurdu. Cəlil müəllim isə istəyirdi ki, Bozdar onu tutsun, onda bəlkə də döyüb öldürərdi, özü də lap ədalətli iş tutmuş olardı.

Cəlil müəllim itə bir təpik də vurub, evə, şeylərini götürməyə getdi – hamamın lap yaxşı vaxtı idi. Bayaq arılara tamaşa eləyərkən duyduğu xoş əhvali-ruhiyyədən, sakitlikdən indi heç bir əsər-əlamət qalmamışdı. “İtin həyətin o biri tərəfinə qaçmağının səbəbi məlumdur, qəsdən, mənim acığıma aldadıb qapılarına dadandırırlar, bunların hamısı o ləçərin işidir, başqa it olsa, əlinə dəyənək alıb qapıdan qovardı, amma bunu mənim qanımı qaraltmaq üçün aldadıb aparır”. Şalvarı pilləkənin ortasında dikəlmiş mıxa ilişdi, Cəlil müəllim ayağını zərblə atanda balağının köbəsi tikiş yerindən cırıldı. Cəlil müəllim hiss elədi ki, bütün varlığını kimə və nəyə qarşı yönəldiyi məlum olmayan dumanlı, mənasız bir hiddət bürüyür. Dişlərini qıcayıb evə girdi, çəkici götürüb bayıra çıxdı, mıx görünən pillənin üstündə dayandı. Bazar gününün sübhçağına, bu tamam səssizsəmirsiz sakitliyə yaraşmayan, dəhşətli, qulaqbatırıcı çəkic zərbəsi eşidildi. Birinci zərbədən sonra ikinci zərbə guruldadı...

Zərbələrarası fasilə yatanlara yəqin ki, əslində olduğundan daha uzun gəlirdi. Ola bilsin, bəziləri bir il qədər uzun gələn bu ani müddət ərzində fikirləşmişdilər ki, zəlzələ oldu, tozanaq qopdu, atom bombası atıldı, ola da bilərdi ki, ikinci zərbə həmin adamın yaddaşından bu təsəvvürü silmişdi, amma onun yerində çapıq qalmışdı, bu çapıq sağalana və gələcəkdə tamam itib-gedənə kimi o, dönə-dönə səksənib yuxudan dik atılacaq, canını yapışqan kimi soyuq tər 15 basacaqdı... Cəlil müəllim mıxı döyəcləyir, daha dərin vurmaq istəyirdi; çəkiclə döyüşməkdən taxta çalalanmış, mıxın başı az qala tamam itmişdi, amma Cəlil müəllim hələ də var gücü ilə onun başına-başına vururdu. Hər dəfə vuranda da ona elə gəlirdi ki, tanış kəmsavad feldşerin sirli, əsrarəngiz nəzəriyyə qanununa görə hirs yavaş-yavaş onun xirtdəyini, sinəsinin taxtaya dönmüş sol tərəfini, çiynini buraxır və gərginləşmiş qoluna, keyimiş biləyinə, isti ovcuna axır, oradan da çəkicin başına tökülür.

Səs ətraf məhəllələri götürmüşdü, hər zərbədən sonra da havaya dairə-dairə səs dalğaları qalxır, havalanıb sürətlə ətrafa yayılırdı, zərbələr yeyinləşir və bir-birinin ardınca qalxan dalğalar nəhəng tor yaradırdı: bu torun lap aşağısında, lap mərkəzində bu gözəl yay səhəri yuxudan hamıdan tez qalxmış bir adam oturmuşdu. O, qanrılıb arxasına baxmasa da, qardaşının külfətinin vahimə içində həyətə töküldüyü hiss edir, görürdü; o bilirdi ki, əgər çevrilib geri baxsa, seyrək yaşıllığın, canlı hasarın arxasından təəccüb və çaşqınlıqla baxan qardaşının üzünü görəcək.

Cəlil müəllim geri qanrılmadı, başını qaldırıb öz evinin qapısına baxdı, alt köynəyində qapının ağzında dayanmış arvadı ilə gözgözə gəldi, çəkici yerə qoydu, arvadına salam verdi və təmiz alt paltarı yığılmış hamam çamadanını götürmək üçün sivişib onun böyründən içəri keçdi.

Əlində çamadan otaqdan bayıra çıxdı, arvadına dedi:

– Pilləni bərkidirdim. Pilləsiz pilləkən çox xatalı şeydir. Elə bilirdim ki, öz pilləkənimin pilləsinə mıx vurmağa ixtiyarım var.

Özü də lap vaxtında vurmuşam, səhər-səhər. Günortaya kimi yatmağa vərdiş eləyən adamların yuxudan nə vaxt qalxacaqlarını gözləyə bilmərəm. Olmaya səs-küy salıb kimi isə narahat eləmişəm?

Arvadı tələsik dedi:

– Yox, yox, mən onsuz da ayılmışdım.

Cəlil müəllim pilləkəni endi, sonra arvadına tərəf döndü:

– Mən iki saata gəlirəm, sən, arvad, bağışla məni. Tamam yadımdan çıxmışdı, səhər hələ indi açılır. Taqqıltı yəqin otaqda da eşidilirmiş. Hə?

Arvad dedi:

– Eyibi yoxdur, sən mıxa bir-iki çəkic vurmaqla heç kimə heç nə olmaz! Nəhayət, ömründə bir dəfə sənin də öz evində bir şey eləməyə haqqın var.

Cəlil müəllimin soyuq barmaqları hələ də yumulub açılırdı, bir də sağ gözü səyriyirdi, yanağının dərisi, sağ gözünün altı tez-tez dartılırdı.

Küçə çox seyrəklik idi, gediş-gəliş yox idi, bazar günləri dalandar da yuxudan həmişəki vaxtdan gec oyanırdı. Cəlil müəllim özözünə fikirləşirdi ki, əgər həmişə, bütün il boyu, günün hər vaxtı hava bax, elə bu cür, bu səhər çağı kimi gözəl, sərin, küçələr həmişə seyrəklik olsaydı, yaxşı olardı, yoxsa tünlüyün, basabasın nə xeyri! Qarışıqlıq olur, itələşmə düşür, adam əsəbiləşir.

O, müharibədən əvvəlki gözəl günləri xatırladı, o vaxt Bakıda indikindən qat-qat az camaat vardı, hamı da bir-birini tanıyırdı.

Adamlar küçədə qabaq-qabağa gələndə mütləq salamlaşırdılar, özü də əvvəl kiçik salam verirdi. Hamı bir-birinə hörmət eləyirdi, doğrudur, hərdən ağızlaşanlar da olurdu, ancaq belə şeylər az-az idi.

İndiki küçə ilə o vaxtın küçəsini heç müqayisə etmək olmazdı.

Amma hamam heç dəyişməmişdi, elə necə vardı, o cür də qalmışdı, salonun ortasındakı hovuz da həmin hovuz idi, ancaq qızıl balıqlar salmışdılar. Bəlkə elə əvvəllərdə balıq vardı? Yaddaşı yavaşyavaş xarab olurdu.

Divardakı şəkil – qış vaxtı meşə bulağının başında, qarın içində dayanıb xumar-xumar baxan, rəngbərəng Hollandiya kaşısından düzəldilmiş maral şəkli də həmin şəkil idi. Əvvəllər olduğu kimi, indi də buradan tünd həna ətri, qarışıq xəfif kif iyi gəlirdi.

Kassir Rəxşəndə gülümsüyə-gülümsüyə onun salamını aldı, dinməz-söyləməz ona dürgəklənmiş, üstündən də ensiz kağızla qurşaqlanmış iki mələfə və bir qəlib də göy sabun uzatdı.

Rəxşəndə əvvəlcə Cəlil müəllimdən arvadının, oğlunun kefini soruşub dedi:

– Hüseyni yarım saatdan sonra göndərərəm.

Cəlil müəllim bir zamanlar gördüyü həmin gözəl qadına çox az oxşayan Rəxşəndənin üzünə, əvvəlki görkəmi dəyişmiş yanaqlarına, nazik xətt kimi çəkilmiş qaşlarına, ətlənmiş sallaq buxağına, üzünün solmuş dərisinə baxırdı.

O, otuz ikinci nömrəyə gedə-gedə də bu qadın haqqında fikirləşirdi; Rəxşəndə həmişəki kimi ona yenə də bu hamamdakı ən yaxşı nömrəni vermişdi.

Rəxşəndə Cəlil müəllimdən on iki-on dörd yaş böyük idi. Bu hamamda isə qırx ilə yaxındı işləyirdi. On beş yaşında gəlmiş və elə o vaxtdan da burada qalmışdı.

Əvvəllər anasının, çox usta kisəçi Dilbazi xanımın əlinin altında işləyərdi. Dilbazi xanım qadınlar arasında hər cür çıxıqları tez və rahat salmaqda, üz almaqda ad çıxartmışdı, onun aldığı üzə də bir də nə tük gələr, nə də yeri-izi bilinərdi, sifətin dərisini vaxtından on il, hətta bəzən on beş il keçəndən sonra da zərif, təravətli saxlamağın sirlərinə vaqif idi. Elə dərman bilirdi ki, başa çəkəndə tük sıx gəlir və saçın rəngi çox xoş olurdu, bədənin bütün gecəni açılmış qönçə kimi ətir saçması, səhərlər gözlərin aydın, duru olması, göz qapaqlarının şiş görünməməsi üçün nə etmək lazım olduğunu bilirdi. Qız köçürən olanda isə gəlini toy günü mütləq Dilbazi xanım çimdirər, hazırlayardı. Hələ toya xeyli qalmış qızın anası, xalaları Dilbazinin yanına gələr, danışardılar, qısası, Dilbazi cana qulluq sənətindən çox şey bilir, çox şey bacarırdı. Qızına o, çox şey öyrətmişdi, anası Rəxşəndəni də özü kimi usta eləmək istəyirdi, ancaq əcəl möhlət vermədi.

Dilbazi xanım qəfil öldü; iki yaxın müştərisini çimdirib qurtarmışdı, onlar axırıncı dəfə ilıq suyun altına girib çıxmışdılar, indi isti sal mərmərin üstündə dirsəklənib ailə işlərindən, oradan-buradan söhbət eləyirdilər, birdən gördülər ki, Dilbazinin başı sinəsinə sallanıb.

Deyirdilər ki, Dilbazi qənirsiz gözəl olub, elə Rəxşəndə də anasına oxşayır.

Rəxşəndə kisəçilik eləyirdi, yaşa dolandan sonra isə onu qabağa çəkmişdilər, direktor olmuşdu, eyni zamanda kassiri də əvəz eləyirdi. Ancaq o, daimi müştərilərinə və onların qızlarına həmişə güzəştə gedirdi, direktor olsa da, onlara özü qulluq eləyirdi.

Cəlil müəllim Rəxşəndəni birinci dəfə sadəcə Cəlil olanda, dörd yaşında görmüşdü. Anası onu özü ilə hamama aparmışdı. O, Cəlili duşun altına qoydu və tapşırdı ki, bir neçə dəqiqə orada dayansın.

Sonra Rəxşəndə gəldi, duşun altından Cəlil onun qapını arxasınca necə çəkdiyini, birinci otaqda, paltar soyunulan yerdə xələtini çıxarıb, lüt içəri girdiyini gördü; lüt qadın görməmişdi. O, duşun altına dayanıb, bu qadına dördgözlə baxırdı.

Rəxşəndə əlini Cəlilin yaş başına çəkib dedi:

– Ay Allah, nə qəşəng uşaqdır!

Sonra anası duşun altına girdi. Rəxşəndə isə mərmər uzanacağın qırağında əyləşib, ayaqlarını araladı, Cəlili dizlərinin arasına aldı 18 və gözlərini bərk-bərk yummağı tapşırıb, başına bir neçə dəfə sabun çəkdi.

Hər dəfə başına sabun çəkəndə Rəşxəndə suyun çox isti olubolmadığını soruşur, Cəlil də hər dəfə səsi titrəyə-titrəyə “yox” deyirdi, bundan sonra Rəxşəndə isti, Cəlilə ləzzət verən suyu onun başına töküb, sabun köpüyünü yuyur, suyu tökəndən sonra əlini onun üzünə çəkir, əlini tasdakı təmiz suya salıb yaxalayır, gözünü yuyurdu.

Hər dəfə Rəxşəndə çimdirəndə onu qəribə bir həyəcan bürüyürdü, bu həyəcan hissi ömürlük onun canında qalmışdı.

Rəxşəndənin təndürüst, gəmirici kimi bədəni, qar kimi ağappaq nazik dərisi, ətli-canlı budları da onun ömürlük yadında qalmışdı.

Cəlil onun paçasının arasına rahat yerləşirdi. Cəlilin yadında onun yumru dizləri də qalmışdı, bu dizlər harasına dəymişdisə, dərisi onun istisini ömürlük saxlamışdı.

Sonralar anası daha onu özü ilə hamama aparmadı. Evdə vannada çimdirirdi.

Arvad hamama həftədə bir dəfə onsuz, qonşu qadınla gedirdi.

Cəlil anasına yalvarırdı, hətta neçə dəfə ağlamışdı da, ancaq bir şey çıxmadı, anası sözündən dönmədi.

– Sən daha yekə oğlan olmusan, – dedi, – bundan sonra hamama atanla gedəcəksən.

Bir az böyüyəndən sonra Cəlil neçə dəfə hamamın damına dırmaşmış, gözlərini ümumi qadın şöbəsinin üstündəki balaca açıq pəncərədən içəri zilləmişdi.

Çılpaq qadınlar ağappaq buxarın içində o tərəf-bu tərəfə gəzişir, bir-birlərini səsləyir, gülüşürdülər, bütün bunların hamısı birbirinə qarışır və Cəlilin qulağına nə isə həyəcanlı, qəribə bir uğultu gəlirdi, hər dəfə də sanırdı ki, bu hədsiz gözəl qadın fiqurları arasında Rəxşəndəni görür, hər dəfə ürəyi şirin qüssədən sıxılırdı, axı bu qədər hündürlükdən, buxarın, sel kimi axan suyun içində, yüz şamlıq lampanın tutqun işığında adam seçmək mümkün deyildi, buna görə də o, bir müddətdən sonra qadınlardan az-çox Rəxşəndəyə oxşayan birisini bələdləyir, bütün axşamı gözlərini o qadından çəkmirdi. Cəlil xəyalında həmin qadının dizlərinin arasına girir, ona qısılır, başına tökülüb üstündən axan suyun istisini hiss eləyir, xoşhallanırdı. Yenə onu izah edilməsi mümkün olmaya heyrət və əzginlik bürüyürdü.

19 Bir axşam o yenə günbəzdə oturub, rütubət qarışıq isti hava, ətir və xına qoxusu, Rəxşəndənin bədəninin ətri gələn pəncərəyə qısılıb, gözləri ilə onu, daha doğrusu, bu axşam xəyalında Rəxşəndə ilə eyniləşdirdiyi qadını axtarırdı.

Cəlil pəncərənin üstündən sallanıb, hamamın içinə baxırdı, indi o, yaxşı bilirdi ki, içəridən baxanlar onu görmürlər, yavaş-yavaş bədənini şirin əzginlik bürüyürdü, ancaq birdən kiminsə qəflətən, möhkəm-möhkəm çiynindən yapışdığını hiss elədi.

Cəlil heç vaxt belə qorxmamışdı, onun dili tutuldu, əl-ayağı soyudu, qurudu. Əllər onu Rəxşəndədən ayırdı, arxası pəncərəyə tərəf çevirdi. Cəlil qarşısında yekəpər, bütün məhəllədə çox güclülüyü ilə ad çıxartmış və məhəllə qeyrəti, ədəb-ərkan məsələlərinə dair mübahisələrdə bir sözü iki olmayan hamamçı Akifi gördü.

Akif dəli olmuşdu, bu qəşəng, zərif üzlü oğlan nədənsə indi pişik fəsiləsindən olan bir yırtıcı heyvana bənzəyirdi, Cəlil, yəqin ki, qəflətən yırtıcı heyvanla üz-üzə gəlmiş əliyalın adamın keçirə biləcəyi dəhşətli bir hiss keçirirdi.

– Sən bir təsəvvür elə, – Akif çətinliklə danışırdı, – sən bircə gözünün qabağına gətir ki, orada, hamamda sənin anan, bacın, yaxud arvadın çimir, ağzından süd iyi gələn düdəmənin, alçağın biri də pəncərədən içəri baxır. Bu küçədə hələ indiyə kimi belə hadisə olmayıb. Ancaq səninlə danışmağın xeyri yoxdur, sən özün nəsən ki, nə də başa düşəsən?! Bura bax, yalvarıram sənə, çıx get, yoxsa əlim gicişir, boğazını üzərəm.

Cəlil sonralar xatırlaya bilmirdi ki, bu vaxt o doğrudanmı huşunu itirmişdi, yaxud ona elə gəlirdi. Ancaq yaxşı yadındaydı ki, Akif qolundan yapışıb onu damdan düşürmüşdü, sonra darvazalarının qabağındakı skamyanın üstündə bir xeyli onunla yanaşı oturmuşdu, özü də əlini onun çiyninə qoyub, mehriban-mehriban danışırdı.

Akif ona demişdi: Cəlilin tutduğu iş kişi üçün çox böyük rüsvayçılıqdır, əgər bu əhvalatdan xəbər tutsalar, Cəlil ömürlük bədnam olar, hər kəsin də gələcəkdə küçədə onun anasına, yaxud bacısına, yaxud da neçə illərdən sonra arvadına, ya qızına sataşmağa haqqı olar, ona görə ki, bu cür biabırçı hərəkətlər heç vaxt yaddan çıxmır.

Akif dedi: o, Cəlilin təqsirindən keçir, ona görə ki, Cəlil nə iş tutduğunu başa düşməyib və elədiyinə ürəkdən peşmandır.

Akif söz verdi ki, bu əhvalatı heç kimə danışmayacaq və sözünə də əməl elədi.

Sonra Akif onun kefini soruşdu, Cəlil vəziyyətinin düzəldiyini desə də, başı hərlənirdi, ayaqlarını güclə sürüyürdü.

Həmin gün Cəlil öz Rəşxəndəsini son dəfə gördü.

Bir il keçmiş Akif Rəşxəndə ilə evləndi, onların üç uşağı oldu, sonra müharibə başlananda Akifi cəbhəyə apardılar, iki ay ötmüş Rəxşəndə onun qara kağızını aldı.

Rəxşəndə üç il keçəndən sonra ikinci dəfə, neft dükanının bir gözü kor müdirinə ərə getdi. Dükançının o nəyinə aşiq olmuşdu, bu məsələ bütün rayon camaatı üçün bir müəmma idi, ancaq onlar mehriban dolanırdılar, Rəxşəndənin Akifdən olan uşaqlarına da atalıq öz uşaqları kimi baxırdı, hamısını bir gözlə, doğma kimi görürdü.

Cəlil müəllim müharibədən sonra evləndi, bundan əvvəl mümkün olmamışdı: atası ölmüşdü, külfət onun əlinə baxırdı. Cəlil müəllimə bir uzaq qohumlarını nişanladılar, dedilər ki, evdar qızdır, savadı da var, musiqi məktəbini bitirib. Qız qəşəng, qanışirin idi, amma həddən ziyadə arıqdı, boyda elə Cəlil müəllimlə bir bərabərdə olardı, hələ bəlkə bir az da ondan uzun idi. Toy gününə kimi onlar cəmisi ikicə dəfə görüşmüşdülər. Birinci gecə, əvvəllər valideynlərinin yataq otağı olan otaqda ikilikdə qalanda, qız ağzını açıb bircə kəlmə də danışmır, Cəlil müəllimə qorxa-qorxa baxırdı.

Onların bir qızı oldu və neçə illər keçəndən sonra bir gün arvadı oturub yazı yazan qızının üzünə zəndlə baxıb, heyrətlə dedi:

– Doğrudan da oxşayır! Cəlil, qulaq as, gör nə deyirəm, ancaq sən elə fikirləşmə ki, başım tamam xarab olub, qızımız Rəxşəndəyə, hamamın müdirinə yaman oxşayır. Lap mat qalmalı işdir. Birinci Tahirə xanım hiss elədi, dedi ki, qızın Rəxşəndəyə oxşayır, lap elə bil özüdür ki, durub. Tahirə xanım, sən demə, Rəxşəndəni gəncliyində yaxşı tanıyırmış. Rəxşəndə bu gün o illərinin şəklini gətirmişdi, hamımız təəccüb qaldıq: mənim qızımdı ki, durmuşdu!

Rəxşəndə özü isə ağladı da. Düz deyirəmmi, qızım, elə bil sənin şəklindi, hə? Sən bir möcüzəyə bax!

Qız ürəyinə nə isə fikirləşib gülümsündü və başını tərpətdi.

Cəlil müəllim təəccübləndi:

– Elə şey ola bilməz, – dedi. O, tutulduğunu hiss eləyir, ona görə də əsəbiləşirdi. – Sizə elə gəlir. – O, diqqətlə qızının üzünə baxdı. Rəxşəndəyə azacıq da olsa oxşamadığını görüb, inamla 21 gülümsünə-gülümsünə dedi. – Sizə elə gəlib. Bekarçılıqdan. Axı qızımız nə səbəbə Rəxşəndəyə oxşaya bilər?

– Oxşasa da burada elə bir pis şey yoxdur, Rəxşəndə çox yaxşı adamdır. Heyif ki, sən ona, Cəlil, yaxşı bələd deyilsən, çox yaxşı qəlbi var, indinin özündə də gözəldir, özü də ömrü boyu çox abırlıhəyalı dolanıb, heç kim onun haqqında pis söz deyə bilməz.

Nömrədə mərmər divarlardan və uzanacaqdan buğ qalxırdı, görünür, onları elə Cəlil müəllimin qabağınca qaynar suynan yumuşdular.

Cəlil müəllim soyundu, şalvarını, çesuça pencəyini səliqə ilə qarmaqlardan asdı, sonra ikinci otağa keçdi və isti suyun altına girdi.

İyirmi beş-otuz dəqiqədən sonra altı taxta səndəllərini taqqıldadataqqıldada Hüseyn gəldi. Qabaq otaqda soyundu və əlində tas içəri girdi, tasda şal parçadan tikilmiş kisə, hamam lifi, sabun və şüşə şampun vardı. Cəlil müəllim bədənini suyun altında isladıb, kisə çəkilməyə hazırlaşana kimi, Hüseyn otağın küncündəki mərmər uzanacağı qaynar su və sabunla bir də təmiz-təmiz yuyub sildi, rezin balıncı üfürüb doldurdu, uzanacağın baş tərəfinə qoydu.

Hüseyn Cəlil müəllimi diqqətlə süzüb dedi:

– Deyirəm daha bəsdir. Gəl uzan, mən də Allahı çağırım, başlayım işimə.

Cəlil müəllim uzanacağa tərəf gəldi, üzüqoylu hamar, isti mərmərin üstünə uzandı. Həmişəki kimi canında bir rahatlıq duydu. Bu hamamdan savayı elə bir yer yox idi ki, o özünü orada bu cür yaxşı, sakit hiss eləsin.

Hüseyn möhkəm, qüvvətli əlləri ilə onun oynaqlarını ovmağa başladı.

– Arıqlamısan, – Hüseyn köksünü ötürdü. – Əsəbisən. Bütün bəlalar əsəbdən törəyir.

Hüseyn oynaqları bir də ovmağa girişdi, birinci dəfəkinə nisbətən daha ağır-ağır ovdu, hər fəqərə sümüyünü mükəmməl, tək-tək əlləşdirdi, oynaqları ovub qurtarandan sonra barmaqlarını, əllərini, ayaqlarını, pəncələrini qanırmağa başladı, Cəlil müəllim əllərində, ayaqlarında gizilti, xoş bir ağrı hiss eləyirdi. Hüseyn onun oynaqlarını elə qanırırdı ki, sümükləri bəndlərindən şaqqıldayır, ona ləzzət verirdi, elə bil ki, bədənini hissə-hissə sökürdülər və hər hissəsini nə isə gümrahlıq, təravət verən ecazkar, həyatverici bir məhlula salırdılar, nəhayət, bədənin hissələri təzədən yerinə qoyulurdu, yüngülləşirdi, sağlamlaşırdı, cavanlaşırdı.

Hüseyn onun boynunu ovurdu, peysərindəki çətinliklə seçilən qırışları elə qeyzlə dartışdırırdı ki, deyirdin indicə bu dəqiqə əzələlərini sümüklərindən ayıracaqdır. Barmaqlarını asta-asta qulaqlarının dalına döyür, çənəsinin altını, buxağını elə ovxalayırdı ki, elə bil bircə saniyə, bircə millimetr də ötsə, çənəsini qopardıb kənara atacaqdı, sonra o, uzun-uzadı, sığallayırmış kimi, onun çiyinlərini və boynunu ovdu.

Nazik dərinin altında əzələlər sürüşür, oynayırdı. Cəlil müəllim ürəyində fikirləşdi ki, bu illər ərzində elə Hüseyn özü də qocalıb, doğrudur, yaxşı kisə çəkir, yaxşı ovuşdurur, onu şəhərdə heç kimlə müqayisə eləmək olmaz, ancaq hər halda, əvvəlki kimi ovuşdura bilmir, şövqlə ovuşdurmur, o güc qalmayıb...

– İndi yadıma gəlir, – Hüseyn köksünü ötürdü, – qabaqlar səni dizimlə necə ovuşdurardım. Yadındadırmı? İndi elə bilirəm ki, tab gətirə bilməzsən.

Hüseyn adamı ovuşdurduğu yerdə birdən vəcdə gəlir, sıçrayıb kürəyinə qalxır, dizləri ilə ovuşdururdu. Cəlil müəllim bunları xatırlayır və təəccüb qalırdı: “Ona mən necə tab gətirirdim?

Görünür, təkcə Hüseyn yox, elə mən də qocalıram”.

Hüseyn suyun altına girdi, kisəni əlinə taxıb Cəlil müəllimin üstünə düşdü. Kisə çəkəndə Hüseyn heç vaxt söhbət eləməzdi, bu çox incə, xüsusi diqqət tələb eləyən iş idi, Hüseyn bu vaxt yalnız, Cəlil müəllim kimi çox mötəbər müştəriləri ilə bəzən iki-üç kəlmə kəsərdi. Əsl söhbətə Hüseyn, o da çox hörmət elədiyi adamlarla, sabun çəkəndə başlayardı. Hüseyn hər bir dərrakəli adamla söhbət eləyə bilərdi, nəzmdən yaxşı başı çıxırdı, şeir pərəstişkarı və xiridarı sayılırdı, dini söhbətlərdən də çəkinməzdi, hər cür əxlaq və ədəb-ərkan məsələlərinə dair özünün möhkəm fikri vardı, daxili və xarici siyasətin bütün incəliklərinə bələd idi, eləcə də bu dünyanın güclü adamlarının hansı gizli vasitələrin köməyi ilə böyük işlər gördüyünü də bilirdi.

O, ikinci beyti deyib, Cəlil müəllimə arxası üstə çevrilməyi buyurdu.

Hüseynin xoş səsi vardı, şeiri avazla, ifadəli, hiss ilə oxuyurdu.

Cəlil müəllim dedi:

– Sağ ol, yaşa, ay Hüseyn, ikinci beyt məni yaman tutdu, lap kövrəldim, birinci beyt də qiyamətdir, ancaq ikincisi qiyamətdi, misilsiz incidir, bütün aləmi güzgü kimi əks etdirən misralardır.

Füzuli şairlər şairidir!

Hüseyn mükəddər-mükəddər dedi:

– Eh! İndinin şairlərindən kimi mən onunla yanaşı qoya bilərəm?!

Heç kimi. Sözüm yoxdur, hərdən yaxşı şairlər olur. Ancaq dahiləri yoxdur...

Hamam dəsgahı qurtarmaq üzrə idi. Hüseyn onun başına sabun çəkdi.

– Qulaq as, gör nə deyirəm, dünən bura bir cavan oğlan gəlmişdi.

Moskvadan gəlib, Cümşüd məndən xahiş elədi, dedi ki, bu moskvalı mənim dostumdur, ona hörmət elə, mənim xatirimə. Bakı hamamının ləzzətini ona göstər. Nədən danışırdım? Hə, o cavan oğlan dedi ki, bu yaxınlarda Finlandiyada, bir də İsveçrədə olub, deyir ki, o yerlərdə hamamı ağacdan tikirlər; çiməndə özünü buğa vermək üçün yer də olur. Adamlar çimirlər, sonra özlərini buğa verirlər, bir sözlə, eynən bizim malakan hamamı kimi, ancaq oralarda hamamı ağacdan tikirlər, bizdə isə daşdan tikirlər, qalan şeylər isə tamam başqa cürdür: adamlar özlərini buğa verəndən sonra qaçıb qara, buz kimi suya girirlər. Eşidirsən? Abırlı-başlı adamdı, yalançıya oxşamırdı. Yenə Cümşüd sözünə qüvvət verdi, dedi ki, özüm çimmişəm, özüm qara girmişəm. Bu barədə sənin fikrin nədir?

– Mən bu barədə nə deyə bilərəm ki? Məgər dünyada azmı dəlilər var? Bəlkə də yalan danışır, axı Cümşüd özü kimdir ki!

Bakıya gəldiyi cəmisi on il ola, ya olmaya, üstəlik də mən hələ indiyə kimi Asamandan bircə nəfər də abırlı adam çıxdığını görməmişəm. Odur ki, onun dostları da, təsəvvür eləyirəm, necə adamlar olar. Ancaq orası da var ki, doğru da ola bilər.

– Doğrudur, doğrudur, – Hüseyn dedi, – mən həmişə adamın doğru, ya yalan danışdığını duyuram. O oğlan bir söz də deyirdi! – Hüseyn astadan pıqqıldadı. – Dünəndən bunu heç kimə danışa bilmirəm. Xəcalət çəkirəm. Mən o oğlana dedim: düzünü de, zarafat eləyirsən? Neçə dəfə soruşdum, paltarını tamam geyib qurtarandan sonra axırıncı dəfə bir də soruşdum, o da hər dəfə “vicdan haqqı doğru sözümdür” deyirdi, hələ and da içirdi. Elə o cür də çıxıb getdi. Qəribə işdir.

– Nə deyirdi ki?

– Üz vurma, Cəlil, demərəm. Sən axı bilirsən, mən Allah adamıyam.

– Mənə deyə bilərsən, yaxşı bilirsən ki, dedinmi, elə buradaca qalasıdır, ağzımdan çıxmaz.

Hüseyn dinməzcə Cəlil müəllimin başına sabun çəkirdi.

Cəlil müəllim dedi:

– Hə, dillənsənə!

– Bilirsən nə deyir? – Hüseyn, nəhayət, ürəkləndi. Deyir ki, orada kişi də, arvad da hamı bir yerdə çimir. Bir hamamda, bir otaqda, hamısı da lüt, bir-birlərinin kürəyini sürtürlər. Ucdantutma!

Hüseyn dolçadan su töküb başının sabununu yuyanda Cəlil müəllim az qalmışdı boğulsun.

Cəlil müəllim nəfəsini dərib:

– Həyasızlar! – dedi. O, ürəkdən hiddətlənmişdi. – Daha insanlarda abır-həya deyilən şey qalmayıb. Elələrini öldürmək lazımdır ki, başqaları – cavanlar da onlardan ibrət götürməsin. Həyasızlıqdan söhbət salanda Cəlil müəllimin yadına qardaşı düşdü və kefi tamam pozuldu. – Tfu! İnsanların həyasızlıqlarının həddi-hüdudu yoxdur!

Hüseyn hirsli-hirsli dedi:

– Məni başqa şey düşündürür, fikirləşirəm ki, bəs bunların hökuməti hara baxır? Onların uşaqlarından nə çıxar? Hamısını həbsxanaya basmaq lazımdır. Ancaq göz olmaq lazımdır ki, kişiləri bir yerə salsınlar, qadınları da başqa yerə. Sən nə fikirdəsən, Cəlil?

– Qozbeli qəbir düzəldər. Sən elə bilirsən ki, onları həbsxanaya basmağın köməyi olacaq? Mən əlimin içi kimi bilirəm ki, elələrinə heç nə kömək eləməz. İnsanın ki, abırı-həyası olmadı, onu dünyada heç kim və heç nə düzəldə bilməz. Sən mənim sözümə inan!

O, qardaşını xatırladığına peşman olmuşdu, hamamın ləzzəti tamam qaçdı, hətta hirsindən gicgahları da atırdı. Heç kimə də açıb heç nə danışa bilməzdi, axı hər qabağına çıxana doğma qardaşından giley-güzar eləməyəcəkdi ki! Rüsvayçılıq olardı! Danışmasa da bir gün ürəyi tab gətirməyəcək, partlayıb tikə-tikə olacaq. Əgər həmişə sussa, dərdini heç kimə deməsə, bir gün ağzından qapqara qan açılacaqdı.

Çayxana da elə burda, hamamın həyətində idi. Səhər tezdən olsa da, stolların hamısının dövrəsində adam vardı, bir stolda da nərd oynayırdılar. Cəlil müəllim çayxananın o başına, lap divarın dibinə qoyulmuş stola tərəf getdi, gedə-gedə başı ilə çayçıya işarə elədi.

Bu çayxananın binasını qoyan mərhum Məmmədəlinin oğlu Əziz Cəlil müəllimə yaxınlaşıb kamal-ehtiramla salam verdi, tələsik, onsuz da təmiz, köhnəlikdən və çay tökülməkdən qaralmış palıd stolun 25 üstünü bir də yaş əsgi ilə sildi. Cəlil müəllimin qabağına bir çaynik və iki də stəkan-nəlbəki qoydu, biri Cəlil müəllim üçün, biri də bərayi-ehtiyat, birdən Cəlil müəllim həmişəki kimi birisini stoluna dəvət eləyə bilərdi.

Cəlil müəllim bir stəkan tünd, məxməri çay süzdü, fikirləşdi ki, gedəndə gərək müştərilərin yanında bu cür çaya görə Əzizə təşəkkür eləsin. Keçən bazar günü aşkar hiss olunurdu ki, çayı dəmə qoyanda, odun üstündə çox saxlamışdılar, ona görə də Cəlil müəllim narazı getmişdi:

Amma bugünkü çay qiyamət idi. Həmişəki kimi, birinci stəkanı Cəlil müəllim nəlbəkiyə töküb, bir az soyuyandan sonra tələsik içdi, dərhal da təsirini hiss elədi, çay elə bil ki, başında, əmgək sümüyü ilə beyin arasında olan nazik, duman kimi pərdəni əridib yox elədi.

İndi qazanların ahəngdar uğultusu və başının üstündəki meynə yarpaqlarının xışıltısı altında onu fikir-xəyala sövq eləyən və Cəlil müəllimə xoş gələn xatirələr şüuruna asanlıqla yol tapırdı. Cəlil müəllim ikinci stəkanı arxayın içdi. Təri soyuduqca alnı buz kimi olurdu. Təzə müştərilər, gələnlərin əksəriyyəti qonşular və tanışlardı, mütləq ona salam verirdilər, o da yarım saat əvvəl hamamda olduğu kimi, həyatdan həzz alır, onun dolğunluğunu və xoş sabitliyini, bir də bu həyatda özünün lazımlı adam olduğunu hiss eləyirdi.

Sonra aralıda, nərd oynanılan stolun arxasında mübahisə düşdü və oyunçular yaxında əyləşənlərin məsləhətlərinə əhəmiyyət vermədən, Cəlil müəllimə yaxınlaşdılar, narahat elədikləri üçün dönədönə üzr istəyib, xahiş elədilər ki, bir nərd taxtasına nəzər salsın, Cəlil müəllim ağır-ağır nərdə yaxınlaşdı, bir anda mübahisəni həll elədi və elə həmin bu çayxanada, rəhmətlik Məmmədəlinin sağlığında, onun özünün başına gəlmiş eyni ilə bu cür bir əhvalat danışdı.

Hamı ona diqqətlə qulaq asırdı, oyunçular dinməz-söyləməz onun kəsməti ilə razılaşdılar. Çayxanada əyləşənlərin, əksəriyyəti təcrübəli nərdçi sayılan adamların arasından, mübahisəni həll etmək üçün onu seçmələri Cəlil müəllimə çox xoş gəldi. Oyun qurtardı, qalib gələn oyunçu Cəlil müəllimə əyləşib oynamağı təklif etdi, ancaq oynamaq istəmədi. Çayxanada nərd oynamağı o, adamların burada pulla da oynadıqlarını eşitdiyi gündən tərgitmişdi, əvvəllər burada belə şeylər olmazdı. O, nərdi ancaq bir yerə qonaq gedəndə, yaxud da, öz evində oynayardı, özü də abırlı, ləyaqətli adamlarla oynayardı.

Belə adamlarla hərdənbir o, “bir şeydən” də – naringidən, yaxud, deyək ki, qovundan, lap uzaq başı lotereya biletindən oynayardı, hər tası üç biletdən. Puldan isə o, ömründə oynamamışdı.

Cəlil müəllim öz stoluna yanaşdı, yığışıb getmək istədi, ancaq birdən fikrini dəyişdi, oturub təzə çaynikdən bir stəkan da çay süzdü.

Cəlil müəllim çayxanadan həmişə çətinliklə çıxırdı.

İkinci çaynikdən elə birinci stəkanı içirdi ki, şofer Kamal gəldi, bu Kamalı elektrik montyoru işləyən ləqəbsiz Kamaldan ayırmaq üçün hamı Uzunqulaq Kamal deyirdi. Ləqəbi ona hələ uşaq vaxtlarında, həmişə ağzı pərtovluq elədiyinə görə vermişdilər. Əslində gəncliyində ona elə Eşşək Kamal deyirdilər, amma sonralar, o vaxtdan bəri xeyli yaşa dolduğuna görə, hörmət eləyib bir az ədəblə – Uzunqulaq deyirdilər; özü də söhbət düşəndə arvad-uşağının da yanında belə deyirdilər.

Yaxın dostları onu üzünə də belə çağırırdılar, bunun müqabilində o da hər dəfə gülə-gülə onlara dişinin dibindən çıxanı deyir, söyürdü.

Cəlil müəllimin hüzurunda Uzunqulaq Kamal artıq-əskik danışmağı özünə rəva görməzdi, ancaq hər halda, Kamal əvvəl icazə alıb, sonra da onunla üzbəüz əyləşəndə, Cəlil müəllim dilxor oldu.

Ona da çay süzdü. Kamal dirsəkləri ilə stolun yarısını tutub, fısıldayafısıldaya, hortuldada-hortuldada çay içir və ucadan deyirdi ki, yay çox gözəl fəsildir, amma bircə böyük qüsuru var, yayda heç yerdə xaş tapmaq olmur. Cəlil müəllim fikirləşirdi ki, əgər bayaq, Kamal gəlməmişdən bir az əvvəl çıxıb getsəydi, çox qiyamət olardı, indi çayxanada əyləşənlərin bir qismi elə güman eləyə bilər ki, Cəlil müəllim Kamalla söhbət eləyir, yaxud da, Allah eləməmiş, çayxanaya elə Kamalla bir yerdə gəlmişdir, tez durub getmək isə yaxşı düşməzdi.

– Amma əvəzində keçən bazar günü bəsdi deyincə tıxmışıq.

Rzanın zirzəmisində. Rza elə bu cür də dedi: “Ay uşaqlar, bu axırıncı xaşdır, növbəti xaş altı aydan sonra olacaq” – biz də möhkəm girişdik! Hərəmiz iki boşqab. Həm də and olsun, əgər yalan deyirəmsə, iki gözümdən olum, adama bir litr araq vurduq. Özü də necə araq! Xalis tut arağı, mənə Zaqataladan göndərmişdilər – od vurursan, gömgöy alov qalxır! Belə arağı...

Qonşu stollarda əyləşənlərin Kamalın axmaq və nalayiq danışığına diqqətlə qulaq verdiklərini duyub, Cəlil müəllim onun sözünü yarımçıq kəsdi:

– Axı ziyandır.

Kamal təəccüb qaldı:

– Kimə?

– Canınıza ziyandır, – Cəlil müəllim Kamalın ağzından az-çox münasib bir söz çıxmasını gözləyirdi ki, bu sözdən yapışıb ədəbərkanla xoşagəlməz söhbətə son qoymaq mümkün olsun. O, Kamalın xatirinə dəymədən hər şeyi, adicə bir fürsəti bəhanə eləyib xudahafizləşməyə və çıxıb getməyə hazır idi, Kamal, əlbəttə, hörmətə layiq adam deyildi, ancaq indi o, Cəlil müəllimin stolunun kənarında oturmuşdu, bu səbəbdən də onun müəyyən dərəcə hörmətə qanuni haqqı vardı.

– Ziyanı yoxdur, ziyanı yoxdur, – Kamal onu sakitləşdirdi, – bizim Bakı arağını içmək ziyandır, Allah bilir onu nədən çəkirlər, kimisi deyir ki, çürümüş kartofdan, kimisi də deyir ki, neftdən çəkirlər.

Amma o araq yox, qiyamət şey idi – şeh kimi şəffaf, gül-çiçək ətri gəlirdi, heyf ki, qurtardı. Hərəmiz bir litr vurduq, amma olsa yenə də içərdik. Üç adam oturmuşduq – mən, montinli Firuz, bir də sənin qardaşın Simurq. İkinci şüşədən sonra Firuz, namusuma and olsun, elə getdi ki, Rzanın zirzəmisinə yatırtmalı olduq, mən də, sözün düzü, keflənmişdim, amma Simurq, mən bunu Simurq sənin qardaşın olduğuna görə demirəm, özün yaxşı bilirsən: mən pisi də, yaxşını da deməkdən çəkinən adam deyiləm, əgər Simurqun haqqında pis fikirdə olsaydım, açıqca sənin üzünə deyərdim. Ancaq bir şey demək istəyirəm: Simurq qiyamət adamdır, adam yox, şirdir! Əjdaha kimi içir! İçir, amma nə keflənir, nə də ağlını itirir. Mən Simurqun yolunda canımdan da keçərəm. Simurq qiyamət oğlandır, çox qiyamət oğlandır. Bilirsənmi, mən indi and içəndə, onun canına and içirəm, onun, bir də öz uşaqlarımın canına, Simurq mənim ən yaxın, ən yaxşı dostumdur.

Cəlil müəllim Uzunqulaq Kamalla üzbəüz oturmuşdu, hərdən könülsüz-könülsüz bir qurtum çay içirdi, o daha ətrafındakı adamlara fikir vermirdi, hamamın da, çayın da ləzzəti tamam qaçmışdı.

Cəlil müəllim fikirləşirdi ki, Kamalın, əlbəttə, heç bir təqsiri yoxdur, adını nahaq yerə Uzunqulaq qoymayıblar ki! Amma onun doğma qardaşı nə səbəbə Kamala qoşulmalıdır, nə səbəbə Cəlil müəllim kənar adamların yanında belə söhbətlərə qulaq asmalıdır, 28 axı bu adamların arasında xeyirxahları ilə yanaşı, heç şübhəsiz, onun rüsvayçılığına ürəkdən sevinən adamlar da vardı. Sonra o xatırladı ki, qardaşı neçə dəfə qonşuları özlərinə güldürmüşdü; gərgin vəziyyət, ağır fikirlər yenidən qayıtdı. Cəlil müəllim bilirdi ki, bütün günü bu vəziyyətdən yaxa qurtara bilməyəcəkdir.

Cəlil müəllim qeyri-iradi özünə də, Kamala da çay süzürdü.

Kamal, başlarını itirənə kimi içəndən sonra Simurqla şəhər bağına yelləncəyə minməyə getmələrindən danışmağa başlayanda, Cəlil müəllim istehzalı-istehzalı gülümsündü. Məxsusi onunla görüşmək üçün stoluna yaxınlaşan tanış adamların əlini sıxdı, mürəbbənin içinə düşmüş arını çıxardıb atdı, fikirləşdi ki, bu arı, heç şübhəsiz, onun pətəklərinin arılarındandır. Cəlil müəllim arının tələf olmasına heyifsiləndi. Onun eşitdikləri və gördükləri indi yenidən solmuş, anlaşılmaz olmuşdu, yaddaşında ləngimirdi, iz salmırdı.

Cəlil müəllim bu lüzumsuz söhbətə mənasına fikir vermədən qulaq asır, eyni zamanda da özü tamam başqa şeylər xatırlayırdı, bu xatirələrdə nə Uzunqulaq Kamala, nə də bu yaxın vaxtlardan bəri baş verən əhvalatlara yer vardı. Atası öləndən sonra bütün ailənin dərdi-sərini çəkdiyi günlər, anasının və iki kiçik qardaşının – Simurqun və Tahirin, Cəlilin üstünə düşdükləri ağır müharibə günləri birdən gəlib gözünün qabağında durdu. Anasının qətiyyən savadı yox idi, arvad mikrobiologiya institutunda laborantlığa düzəldi, onlar qonşulara belə deyirdilər, amma əslində o, süpürgəçilik eləyirdi, dovşan və it qəfəslərini yuyub təmizləyirdi. Maaşı çox az idi, ancaq əvəzində, hərdən institut işçilərinə, elmi məqsədlər üçün istifadə edilmiş, sonra da öldürülmüş, yemək üçün yararlı, ziyansız olan bir şaqqa dovşan əti verirdilər... Elə bu vaxtlar Cəlil müəllim məktəbi atmağa məcbur oldu, səhərlər o, vağzalın qabağındakı meydanda qəzet satırdı, sonra evlərə məktub, qəzet aparırdı, günün ikinci yarısında isə şəhərin o başına, Budaqov bazarına gedir, burada dənə-dənə papiros, qənd, iris və başqa şeylər satırdı, bu şeyləri ona başsız qalmış ailəyə rəhmdillik eləyən, yazığı gələn uzaq qohumları, mağaza müdiri verirdi. Arıqlamış, həmişə aclıq çəkən, amansız Bakı günəşinin altında qapqara yanmış Cəlilin bircə arzusu vardı: böyüyüb babat qazanmağa başlayan kimi anasını o ağır işdən çıxartmaq, kiçik qardaşlarına savad vermək və uzaq qohumlarının, mağaza müdirinin yaxşılığından çıxmaq. Elə bütün arzularına da 29 çatacaqdı. Amma müharibənin lap axırlarına yaxın kiçik qardaşı – Tahir öldü. Çox yatmadı, ancaq bir qarına ac, bir qarına tox keçinməkdən üzülmüş bədən üz vermiş yeni bəlaya – boğma xəstəliyinə dözmədi. Tahirin ölümü ananı yaman dərdə saldı, arvad yorğan-döşəyə düşdü, öskürməyə başladı, bu qayda oğlunun ölümündən sonra, ta ömrünün axırına kimi daha düzəlmədi. Cəlil ilk dəfəydi ki, yaxın adamının ölümünü görürdü, ona görə də bu fəlakətin, bu itkinin dəhşətini uzun müddət unuda bilmədi. Atası uzaqda, cəbhədə ölmüşdü, odur ki, qardaşının ölümünə qədər, o cür sağlam, gülərüz, deyib-gülən adamın bu dünyadan köçməsinə inana bilmirdi. Amma qardaşının ölümündən sonra inandı.

Müharibə qurtarandan sonra işlər yavaş-yavaş yoluna düşməyə başladı – Cəlil bir müddət də poçtalyon işlədi, sonra onu “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif etdilər, rabitə idarəsində qüsursuz işlədiyini qeyd elədilər, iki il də keçəndən sonra isə, köhnə müdir təqaüdə çıxanda, Cəlil rabitə şöbəsinin müdiri oldu. Gəncliyinin haradan gəlib, haraya getdiyindən heç xəbər də tutmamışdı, ancaq buna heyifsilənmirdi də, qazandığını ötən illərin hamısına dəyişməzdi.

Qardaşı Simurq məktəbdə oxuyurdu, ancaq hər halda abırlıbaşlı ailə uşağı kimi oxuyurdu. Cəlil müəllim qardaşının və anasının əyin-başına yaxşı baxırdı, abırlı geyinirdilər, özü də son dərəcə təmiz dolanırdı, işdən və evdən savayı ayrı yer tanımırdı. İşinə, vəzifəsinə münasibəti çox ciddi idi, buna görə də rəislərinin yanında yaxşı gözdə idi, ona tapşırılmış rabitə şöbəsinin işi dəfələrlə fəxri fərmanla qeyd edilmiş, şöbənin işçiləri, o cümlədən Cəlil müəllimin özü də pul mükafatı və qiymətli hədiyyələr almışdılar. O öz balaca təsərrüfatına da möhkəm uymuşdu.

Bomboz asfalt döşənmiş həyəti yavaş-yavaş güllü-çiçəkli, bostanlı bağa çevirmişdi, Cəlil müəllim həyətdə bir balaca toyuq-cücə yeri də düzəltmiş, bura bir neçə hind toyuğu, firəng toyuğu salmışdı.

Qardaşını da özünün çox xoşladığı işə alışdırmağa başladı, ona ağac calamağı, meynə kəsməyi öyrədirdi. Simurq bu işlərin hamısını asanlıqla, oynaya-oynaya eləyirdi, onu ciddi, ağlı başında olan böyük qardaşından fərqləndirən də elə bu idi. Məktəbdən qayıdandan sonra qardaşı sinif yoldaşları ilə birlikdə, əlində səbət küçələrə düşüb peyin yığırdı. Bu peyinlə Simurq və Cəlil müəllim bağlarını gübrələyirdilər. İlk vaxtlar qardaşı küçələri dolanıb peyin yığmağa 30 utanırdı, Cəlil müəllim bir gün bunu duyub, sakit-sakit onu başa saldı ki, burada elə bir utanmalı, biabırçı şey yoxdur, sonra da öz sözünü təsdiq eləmək üçün bir bazar günü Simurq və onun dostları ilə birlikdə Quba yoluna getdi. O vaxtlar avtomobil nəqliyyatı seyrək idi, buradan tez-tez hərbi arabalar, faytonlar, kəndli arabaları keçirdi, asfaltın üstünə bol əyani və göz qabağında olan eksponatlar tökülürdü, bu eksponatları təzə-təzə səbətə yığıb bağının torpağını gübrələyən işgüzar və müdrik adam materiyanın bir şəkildən başqa şəklə düşməsi, başqa cürə desək, əsrarəngiz və əbədi təbiətdə dövretmə prosesinin sürətləndirilməsində bilavasitə iştirak edə bilərdi.

Cəlil müəllim məhəllədə çox oxumuş adam sayılırdı, ancaq dünya ədəbiyyatı deyilən möhtəşəm binanı təşkil eləyən bütün kitablardan – bir zamanlar yer üzündə yaşamış insanların heç biri hələ ömrü boyu bu binanın bütün mərtəbələrini və otaqlarını gəzib dolaşa bilməmişdir – onun payına çox az şey düşmüşdü – bircə kitab, Azərbaycan nağıllarını oxumuşdu, amma məmnuniyyətlə oxumuşdu.

Ömründə oxuduğu bu bircə kitabı Cəlil müəllim hər ilyarım-iki ildən bir yenə də oxuyurdu, nağılların bəzilərində onu çox maraqlı süjet cəzb eləyirdi, bəzilərində vüsal yollarında şər qüvvələrin və cadugərlərin iyrənc fitnə-fəsadlarını dəf eləməyə çalışan sevgililərin düşdüyü vəziyyət onu kövrəldirdi. Zəngin və rəngarəng yumorun təsirindən ucadan qəhqəhə çəkib gülürdü. Arzu-kamlarına çatmış, bir-birinə qovuşmuş, adətən bir sarayda, yaxud cənnət bağında, qızıl balıqlar üzüşən hovuzun qırağında məhəbbətin səfasını görən sevgililər təsvir olunan yerləri – çox yekrəng, bəsit təsvirləri oxuyanda, qıpqırmızı olur və hiss ediləcək dərəcədə həyəcanlanırdı.

Ən çox da onu heyran qoyan bu kitabdakı müdriklik və aydın, gözəl nəticə, ibrət dərsi idi, nağılların hamısının axırında bütün şər qüvvələr öz cəzalarını alırdılar, namuslu, zəhmətsevən, səmimi, valideynlərinə, yaxın adamlarına və dostlarına xeyirxahlıq eləyən adamlar isə çəkdikləri zəhmətin və sevgilərinin mükafatını artıqlaması ilə alırdılar, xalq, yaxud ədalətli hökmdarlar onları layiqincə qiymətləndirir, uca tuturdular; onlar ictimai və dövlət pilləsində yüksəkliklərə qalxırdılar, ancaq burada da yollarını azmır, təmiz vicdanla dolanırdılar.

Cəlil müəllim sadə, asan başa düşülən ifadələrlə, özü dərk elədiyi kimi, Simurqa izah elədi ki, peyin ağacların və başqa bitki- 31 lərin boy atması üçün son dərəcə zəruri şeydir. Simurq və onun yoldaşları peyin yığmaqla faydalı və lazımlı iş görürlər, hər cür zəhmətin şərəfli olduğunu başa düşməyib, onları ələ salan adamlara isə fikir verməyinə dəyməz, çünki onlar – Simurqu və onun yoldaşlarını ələ salmağı özlərinə rəva görən adamlar ləyaqətsiz insanlardır, hətta demək olar ki, axırı itmiş adamlardır, onları yalnız səmimi tövbə, peşmançılıq xilas edə bilər.

Həyatının bu dövründə Cəlil müəllim, heç şübhəsiz, xoşbəxt adam idi. Bir azca onu anasının səhhəti narahat eləyirdi, müharibə illərinin ağır itkilərindən sonra arvad özünə gələ bilməmişdi, son dərəcə dindar olmuşdu, hər gün oğlanlarının canına dua oxuyurdu.

Cəlildən ötrü dəli-divanə idi, fərəhindən yerə-göyə sığışmırdı, oğlu işdən qayıdana kimi rahatlıq tapmırdı, dözə bilmirdi. Cəlil evdə olmayanda adı dilindən düşmürdü, tərifləyib göylərə qaldırırdı.

Deyirdi ki, dünyada hər şeyi var, heç bir şeyə ehtiyacı yoxdur, ancaq Cəlilin evləndiyi günü, bir də Simurqun məktəbi qurtardığını görsəydi, yüz yaşayardı.

Ana bu xoş günü də gördü, bir abırlı ailəyə elçiliyə getdi. Cəlil adaxlandı, qız qəşəng idi, cehizi də vardı. Bir sözlə, qaydasında, hamı necə, o da elə idi. Leyla yaxşı evdar qadın, yaxşı arvad idi, qayınanasına gəldikdə isə, ona yaxşı gəlin yox, mehriban, qayğıkeş qız olmuşdu, Məryəm xanıma əlindən gələn hörməti eləyirdi, əldənayaqdan gedirdi, qarıya – iki istəkli, ehtiramlı oğulun anasına qulluq göstərməyə, xoşuna gəlməyə çalışırdı. Gizlətməyin nə mənası, ilk vaxtlar məqsəd doğrudan da bu idi, elə Məryəm xanımın da əvvəllər işi-gücü yalnız gəlinə göz qoymaq idi: “Görək nə yuvanın quşudur”. Sonra isinişdilər, bir-birlərini ürəkdən sevdilər; gəlinqayınana arasında belə şey az-az olar. Bir-birlərindən aralı olmasalar da, bir evdə yaşasalar da, hər səhər görüşəndə ürəkdən şad olurdular; gəlinlərini evlərinə gətirdikləri vaxtdan ta o qara günə kimi. Məryəm xanım bu dünyadan köçənə kimi, tək bircə gün də bir-birlərindən ayrılmamışdılar.

Qonşular da Cəlil müəllimin ailəsini hamıya nümunə göstərirdilər.

Cəlil müəllim məhəllədə ən hörmətli adamlardan biri olmuşdu, hətta qonşu məhəllədə yaşayan prokuror Həsənov da bir az özünü yığışdırmalı, hər il keçirilən qeyri-rəsmi rayon birinciliyində fəxri yeri Cəlil müəllimə verməli olmuşdu.

Qardaşı Simurq da onu məyus eləmədi, indi yaxşı oxuyurdu, hətta məktəbdən qayıdandan sonra kitabxanaya da getməyə başlamışdı, Cəlil müəllim onun bu hərəkətini təqdir eləyir, haqlı olaraq belə mülahizə yürüdürdü ki, kitabxanaya getməyin adama heç bir ziyanı ola bilməz.

Cəlil müəllim hiss eləyirdi ki, qardaşı onu sevir, onunla fəxr eləyir. O da Simurqun hündürboy, qəşəng oğlan olacağını fikirləşəndə ürəyi sevincdən dağa dönürdü, qonşu evlərin qızları onun qardaşına çoxdan, az qala hələ yeddinci sinifdə oxuduğu vaxtlardan oğrun-oğrun baxırdılar.

Bu vaxtlar Cəlil müəllim çox yaxşı qazanırdı; onun mülahizəsinə görə, onlar çox firavan dolanırdılar, pulları hər şeyə çatırdı, hətta dar gün üçün də bir az arxaya ata bilirdilər. Hər həftənin axırında Cəlil müəllim Simurqa cib xərcliyi verirdi. Simurq özü istəməyəndə də verirdi. Cəlil müəllim özünün Simurq yaşda olanda nə müsibətlər çəkdiyini xatırlayırdı, ona görə çalışırdı ki, qardaşının günü xoş keçsin, kino pulu da, dondurma pulu da verirdi, elə verirdi ki, Simurq ürəyi istəyəndə bir yoldaşını da kinoya dəvət eləyə bilsin, açığını desək, Cəlil müəllim qardaşına bir də ona görə pul verirdi ki, canından çox istədiyi kiçik qardaşının nazı ilə oynamaq xoşuna gəlirdi. Cəlil müəllim bilirdi ki, qardaşı parka rəqsə gedir, ancaq onu qınamırdı, məzəmmət eləmirdi. Fikirləşirdi ki, cavanlıqdır, böyüyər, özü başa düşər ki, mənasız, axmaq işdir, bəlkə də pozğunluqdur. Bu münasibətlə Cəlil müəllim qardaşına bircə kəlmə də deməmişdi, inanırdı ki, Simurqun damarlarında axan qan yaxşı qandır, atasının qanıdır, qoymaz yolunu azsın. Cəlil özü, ta evləndiyi günə kimi, tək bircə qadının da qoluna girməmişdi, qoluna girmək nədir, qadınla təkbətək, üz-üzə dayanmamışdı.

Yayda, onuncu sinfi bitirdikdən sonra, Simurq axşamlar tez-tez evə gec gəlməyə başlayanda, Cəlil müəllim başa düşdü ki, işə müdaxilə eləməyin vaxtıdır. Demək olar, gecəni səhərə kimi yatmadı, sübh çağına yaxın qardaşının addım səslərini eşitdi, tələsik yataqdan qalxdı və elə bu cür, alt paltarında, darvazaya tərəf, qardaşının qabağına getdi. O səhər Simurqun sifəti qəribə olmuşdu, baxışı elə həmin baxışdı, gözlərində yorğunluq vardı, ancaq necə məsud idi, elə bil çıraq yanırdı, üzündə, nədənsə şişmiş al-qırmızı dodaqlarında isə indiyə kimi Cəlil müəllimin öz qardaşının üzündə görmədiyi qəribə bir təbəssüm dolaşırdı. Simurqun köynəyinin yaxası düymələnməmişdi, möhkəm, qüvvətli sinəsi tamam açıq qalmışdı.

Əvvəl Cəlil müəllim qət elədi ki, Simurq evə sərxoş gəlib, bu fikirdən ürəyi düşdü, sonra diqqətlə baxanda boynunda iki yerdə tünd-qırmızı ləkə gördü, burnuna yüngülcə, çətin duyulan ətir dəydi, başa düşdü ki, Simurq sərxoş deyil. Cəlil müəllim bilmədi ki, buna sevinsin, ya sevinməsin. Gözünü zilləyib bir xeyli qardaşının üzünə baxdı, tək bircə dəfə baxdı, amma bu baxışda çox şey vardı.

Simurq utanıb başını aşağı saldı, ağzını açıb bircə kəlmə də demədi, talvara, anasının axşamdan saldığı yerə tərəf getdi. Həmin səhərdən sonra Simurq daha bayırda çox ləngimədi, bircə dəfə də evlərinə saat on ikidən gec gəlmədi. Cəlil müəllim də həmin səhəri ona heç vaxt xatırlatmadı, bir kəlmə də demədi, onlar yenə axşamlar bağda işləyirdilər, işlərini qurtarandan sonra isə oturub nərd oynayırdılar, çay içirdilər. Bütün rayonda, bəlkə də bütün şəhərdə heç kimin Cəlil müəllimin qardaşından üzüyola yaxşı qardaşı yox idi.

Cəlil müəllim Simurqun həm ən yaxın dostu, həm mehriban böyük qardaşı, həm də səxavətli, nazikqəlbli atası idi, ona görə ki, Simurqun ondan yaxın dostu yox idi, başqa qardaşı yox idi, atası isə Simurqun yadına gəlmirdi, atası cəbhəyə gedəndə Simurqun iki yaşı təzəcə tamam olmuşdu. Simurq Cəlil müəllimi nadir hallarda adı ilə çağırardı, adam arasında isə, özündən on iki yaş böyük qardaşına lazım olduğu kimi, hörmətlə “ağa dadaş” deyərdi.

Ailədə hamının kefi kök idi, işləri yoluna düşmüşdü. Özünün və ailəsinin yaxşı adını adamların gözündə ucaltmaq, qorumaq üçün əlindən gələni eləyən Cəlil müəllim də xoşbəxt idi.

Həmin yay Simurq tibb institutuna girirdi. İmtahanların hamısını verdi, heç birindən kəsilmədi, elə qiymətləri də pis deyildi, yaxşı qiymətlər almışdı. Qəbul etmədilər. Müsabiqədən keçmədi. Cəlil müəllim rektorun qəbuluna getdi, nazirliyə müraciət etdi, ancaq heç bir şey çıxmadı, köməyi olmadı. Cəlil müəllim nazirliyin binasından çıxdı, bir də imtahan vərəqinə baxdı, qiymətlərin hamısı dörd idi, tək bircə üçü vardı, sonra onu cırıq-cırıq elədi. İşə bir bax, ikicə baldan ötəri adamı instituta qəbul eləmirlər! Bu iş heç cürə Cəlil müəllimin ağlına batmırdı – adamların başına hava gəlib, nədir? Uşaq on il oxuyub, arzusu həkim olmaqdır, iki alan da deyil, imtahanların hamısını verib, amma qəbul eləmirlər. Nədir, nədir, ikicə balı çatmır!

Cəlil müəllim Simurqun qiymətini kəsəndə əli titrəməyən müəllimləri tanımadığına çox heyifsilənirdi. Cəlil müəllim bu 34 adamlardan soruşardı ki, insanların taleləri ilə bu cür başdansovdu məşğul olmağa onlara kim ixtiyar verib? Axı elə üzünə baxan kimi görünür ki, Simurq dərrakəli, bilikli oğlandır, yox əgər dərhal görə bilmirsənsə, onda qarşında dayanıb, bir də soruş. Cəlil müəllim dilxor-dilxor fikirləşdi: bilet nədir, üç sual yazılmış bir parça kağız?

Adamdan bir soruş ki, kimsən, hansı ailədə böyüyüb tərbiyə almısan, məgər atasız böyümək asan işdirmi, hər şeyi soruş, bil, sonra fikirləş gör nə qiymət vermək olar. Yox, əgər kefin yoxdursa, dilxorsansa, söhbət eləməyə həvəsin yoxdursa, onda heç imtahan götürməyə getmə, bir az bulvarda gəziş, fikrin dağılsın, axı sən insan taleyi həll eləyirsən!

İnstituta girə bilməməsi Simurqa qardaşı qədər ağır təsir etməmişdi, o, Cəlil müəllimə bacardığı kimi təskinlik verir, onu başa salırdı ki, bu il tibb institutunda hələ indiyə kimi görünməmiş müsabiqə olub, əsasən yalnız imtahanların hamısından beş qiymət alanları, bir də bir, yaxud iki beş alanların bir qismini qəbul eləyiblər, özü də bunları az qala hamının, elə Simurqun özünün də ərizə verdiyi müalicə fakültəsinə yox, sanitar, yaxud pediatriya fakültəsinə götürüblər. Çox başa saldı, söz verdi ki, bütün ili möhkəm hazırlaşacaq, imtahanların hamısından beş alıb, gələn il hər necə olur-olsun instituta daxil olacaqdır. Köməyi olmadı, Cəlil müəllim təskinlik tapmırdı. On gündən sonra isə hərbi komissarlıqdan kağız gəldi. Simurqu əsgərliyə çağırdılar. Cəlil müəllim qardaşını yola salmaq üçün Biləcəriyə getdi, ömründə birinci dəfə, onun mülahizəsinə görə, böyük qardaşa, ailə başçısına yaraşan təmkinini pozdu.

Simurqu bərk-bərk bağrına basıb, bir neçə dəfə öpdü, amma kiçik qardaşının yanında gözlərinin yaşarması lap biabırçılıq oldu, heç ona yaraşan iş olmadı, özü də qardaşına qoşulub ağlayan Simurqla yanaşı, vaqonun qabağında dayandıqları müddət ərzində heç cür özünü ələ ala bilmədi, hətta ona hərbi qulluqda karına gələ biləcək bir məsləhət-filan da verə bilmədi.

Simurq getdi, ev elə bil boşaldı. Simurqun yeri yaman görünürdü.

Məktubu tez-tez, günaşırı gəlirdi. Cəlil müəllim vaxtlıvaxtında cavab yazırdı, həyatda hər şey kimi bu işə də ciddi yanaşırdı, başı nə qədər qarışıq olur-olsun, hər məktubuna cavab yazırdı, az qala hər məktubun da axırında mütləq soruşurdu ki, bəlkə Simurqa pul, yaxud başqa bir şey lazımdır.

Simurq maraqlı məktublar yazırdı, Cəlil müəllimin yalnız adlarını eşitdiyi müxtəlif yerləri təsvir eləyirdi.

Əvvəlcə məktublar Ukraynadan gəlirdi. Simurq zərfin içinə Lvovun, Çernovitsanın və başqa şəhərlərin mənzərəli şəkillərini qoyurdu. Simurq yazırdı ki, burada, orduda şoferlik kursunu qurtarıb, indi hissədə qulluq eləyir, bu hissə haqda yazmağa, bir hərbiçi kimi, onun ixtiyarı yoxdur. Simurq “Döyüş və siyasi hazırlıq əlaçısı” nişanı ilə təltif olunanda Cəlil müəllim bütün dostlarını və qohumlarını, eləcə də həmişəki kimi, uzaq qohumlarını – mağaza müdirini dəvət eləyib, qonaqlıq verdi, yaxşılığı itirməyən Cəlil müəllim müharibə dövründən bəri bu mağaza müdirinə daim qayğı göstərir, xüsusi hörmət eləyirdi. Sonra məktublar xaricdən gəldi, özü də əvvəlki vaxtlara nisbətən xeyli seyrəldi, Cəlil müəllim qardaşından incimirdi, başa düşürdü ki, orduda qulluq eləmək zarafat iş deyil, adamın məktub yazmağa da vaxtı qalmır. Özü müntəzəm məktub yazırdı, evdə olub-keçənlərin, işindəki və məhəllədəki yeniliklərin hamısını yazırdı. Müntəzəm, hər ay o, tinlərindəki əmanət kassasına gedir, Simurqun adına on, bəzən də on beş manat pul qoyurdu. Cəlil müəllim yadından çıxartmırdı ki, ondan savayı bu dünyada Simurqun arxası yoxdur. Ordudan qayıdandan sonra ilk vaxtlar, ələlxüsus əgər instituta oxumağa getsə, yaxud cavanlıqdır, birdən evlənmək fikrinə düşsə, ona pul lazım olacaqdır. Bir o qədər də hər ay Cəlil müəllim öz adına əmanət kassasına pul qoyurdu – ailəli adam gərək gələcəyini də fikirləşsin, uşaqları haqda düşünsün. Bu vaxt Cəlil müəllimin iki uşağı vardı, oğlu Simurq əsgər gedəndən sonra, orduda qulluğunun ikinci ili doğulmuşdu. Uşaqlarını Cəlil müəllim ərköyün böyütmürdü; onların özlərinin xeyri üçün sərt rəftar eləyirdi, çünki başa düşürdü ki, ərköyün böyüyən uşaqların axırı bir şey olmur. Söz ola bilməz. Cəlil müəllim uşaqlarını istəyirdi.

Qızı, yaxud balacası xəstələnəndə ürəyi qana dönürdü, ancaq bu istək Cəlil müəllimin Simurqa olan istəyinin müqabilində heç bir şey idi, heç müqayisəyə gəlməzdi. Nə anası, nə də arvadı buna görə onu qınamırdılar, çünki bilirdilər ki, hələ özünün ata kölgəsinə ehtiyacı olduğu vaxtlarda Simurqu o böyüdüb boya-başa çatdırıb, qayğısını o çəkib, buna görə də Simurqu bir növ özünün ilki, böyük oğlu hesab eləyir, böyük övladını isə ata uşaqlarının hamısından çox istəyir.

Bu qaydada da, Simurqu gözləyə-gözləyə yaşayırdılar. Pis dolanmırdılar.

Cah-cəlalları yox idi. Cəlil müəllim zəhmətlə qazandığı pulu havaya sovuran adamlardan deyildi, ancaq hər şeydən də özünə korluq verməzdi, nə abırlı-başlı geyinmək, nə də yeməkiçmək sarıdan. Tez-tez qonaqları olurdu, özləri də qonaq gedirdilər.

Əgər Cəlil müəllimi arvadı ilə bir yerdə ad gününə, yaxud toya çağırsaydılar, heç vaxt xəsislik eləməzdilər, ad-sanlarına, mövqelərinə layiq hədiyyə aparırdılar. Simurq əsgərlikdən qayıdan ilin yayında isə, Cəlil müəllim özü də gözləmədən çoxdan arzuladığı bir şeyi həyata keçirmək qərarına gəldi – ailəsini də götürüb Kislovodska getmək fikrinə düşdü.

Bəlkə də bu çoxdan mürgüləyən fikrin oyanıb fəallaşmasına və təlatümə gəlməsinə səbəb Simurqun göndərdiyi məktublar və Cəlil müəllimin görmədiyi şəhərlərin təsvirləri, mənzərə şəkilləri olmuşdu, ancaq ola da bilərdi ki, səbəb heç bu deyildi! Kim bilir?

Yəni indiyə kimi elə bir mütəfəkkir, yaxud alim olubmu ki, insanın ağlına gələn, misal üçün, indi qəflətən Cəlil müəllimin beyninə düşən fikir kimi qəribə, o qədər də xas olmayan fikirlərin nədən törəndiyini dəqiq deyə bilsin? O, qoca yaşında anasının da xatirini xoş eləmək istəyirdi. Evlərində atasının – əməkdar neftçi-briqadir Bayram bəyin bir neçə şəkli vardı, bu şəkilləri möhkəm qoruyub saxlayırdılar. Şəkillərdən biri atasının və anasının lap cavanlıq vaxtlarında çəkilmişdi, əyinlərində indi adama qəribə gələn, müharibədən əvvəl geyilən kostyum qayanın üstündə dayanmışdılar, qayanın altından enli, dayaz şırnaq axırdı, duruluğundan belə görünürdü ki, bulaq suyudur. Şəklin lap aşağı tərəfində, qara qayanın üstündə yazılmışdı: “Büllur şırnaq. Kislovodsk”. Anası çox söhbət eləmişdi, Cəlil müəllim əzbər bilirdi ki, toydan sonra atası və anası Kislovodska getmişdilər, bilirdi ki, dünyada Kislovodskdan gözəl yer yoxdur. O zaman düşdükləri evi anası ömürlük yadında saxlamışdı, qabağında meyvə bağı olan bu evi o dönə-dönə, bütün təfsilatı ilə təsvir eləmişdi, hətta küçənin adını da unutmamışdı, əcaib adı vardı – Rebrovaya balka. Hər dəfə də bütün bunları danışanda dirçəlir, elə bil ki, cavanlaşırdı. Hər danışanda da heyifsilənirdi ki, Cəlil müəllimə Kislovodsk kimi gözəl yeri görmək qismət olmadı, görünür, sadəlövhlüyündən, yaxud fikri dağınıqlığından ana nəzərdən qaçırırdı ki, Cəlil müəllimin bütün dünyada, hətta Sovet İttifaqında gəzmədiyi, görmədiyi yeganə şəhər yalnız Kislovodsk deyil. İndiyə kimi o, heç yerdə olmamışdı, doğulduğu gündən bu vaxta kimi Bakıdan kənara çıxmamışdı.

Onu çoxdan həsrətində olduğu Kislovodski görmək arzusuna çatdıran, arvadının və uşaqlarının dünyagörüşünün artmasına səbəb olan bu səfər, həm də mehriban və qayğıkeş övlad olan Cəlil müəllimə anasının könlünü açmaq, onu sevindirmək imkanı verirdi.

Götür-qoy eləyib, Cəlil müəllim bu qənaətə gəldi ki, kurorta getmək – bu məhəllədə əlamətdar və nadir hadisə idi – qonşuların yanında onun nüfuzunu qaldırardı. Cəlil müəllim ailəsini kurorta aparmaq qərarını qardaşına yazdı, Simurqsuz getməli olduqlarına heyifsiləndi. Məktubun axırında Cəlil müəllim yola, gedib-qayıtmağı sərf olunacaq vaxtı da hesablayıb, Simurqun məktubların Kislovodsk poçtamtına göndərməli olacağı tarixi dəqiq göstərdi.

Cəlil müəllim əmindi ki, Kislovodska getmək xəbərinin Simurqa və uşaqlarına yaxşı, tərbiyəvi təsiri olacaqdır, əvvələn, vicdanla çalışan, özünü faydalı əməyə həsr eləyən adamın həyatda nə cür imkanlara malik olduğunu əyani surətdə görəcəklər, ikincisi də bu hadisə xatirələrində Cəlil müəllim kimi xudbinlikdən çox-çox uzaq bir ailə başçısının onlara göstərdiyi əlavə bir qayğıkeşlik və xeyirxahlıq nümunəsi kimi qalacaqdı.

Həmişəki kimi, özü və yaxın adamları barədə fikirləşəndə, Cəlil müəllim kövrəldi və onların hamısına – qardaşına, arvadına və uşaqlarına daha artıq mehribançılıq etməyi, alicənab olmağı qət elədi, yəni fikirləşdi ki, düşüncəsizlik üzündən törəyən səhvlərin üstünü vurmasın, onlarla münasibətində inandırma və nümunələr üsulundan istifadə etsin, əmrsiz və göstərişsiz ötüşsün, halbuki, heç şübhəsiz, bir ailə başçısı kimi, böyük kimi, Cəlil müəllimin əmrlər, qəti tapşırıqlar verməyə haqqı vardı, nəhayət, onlar öz varlıqları, indi olan və hələ gələcəkdə də olacaq bütün yaxşı şeylər üçün bu adama borclu idilər.

Dünyagörmüş, təqaüdə çıxana qədər uzun müddət ekspeditor və əmtəəşünas kimi bütün ölkəni gəzib dolaşmış Ağasəmədlə çayxanada əməlli-başlı məsləhətləşəndən sonra, Cəlil müəllim on gün qabaqdan qatara, kupeli vaqona bilet aldı. Ağasəməd dedi ki, yayda yumşaq vaqonda getməkdən də axmaq iş yoxdur, çox isti olur, hələ isti olsa yenə dərdyarıdı, müharibədən bir az əvvəl, yayda, axırıncı 38 dəfə Tbilisidən Bakıya qayıdanda yumşaq vaqonda taxtabitilərin əlindən gecə səhərə kimi gözünü yuma bilməmişdi.

Belə qərara gəldilər ki, ümumi plaskartlı vaqonda getmək Cəlil müəllimə yaraşmaz. Ona görə də kupeli vaqonun üstündə dayandılar, doğrudur, Ağasəməd özü bu vaqonda getməmişdi, müharibədən əvvəl bu cür vaqonlar yox idi, ancaq Ağasəməd dedi ki, o, bəzi adamlar tanıyır, onların sözünə arxayın olmaq, inanmaq olar, ailəsi ilə birlikdə kurorta rahat, basabassız-filansız getmək istəyən adam üçün kupeli vaqondan yaxşısı yoxdur.

Evin açarını yola düşəndə Cəlil müəllim ən yaxın qonşuları neftçi Kərimə verdi. Onu çox əziyyətə salmamaq üçün Cəlil müəllim həyətdəki su kranının rezin borularını çəkib bağa və bostan ləklərinə qoydu, indi bağı və bostanı əməlli-başlı suvarmaqdan ötrü hər axşam kranı yalnız axıra kimi açmaq və düz qırx beş dəqiqədən sonra bağlamaq kifayət idi. Cəlil müəllim xronometraj aparmış, bağ-bostanın suvarılma müddətini dəqiq müəyyən etmişdi.

Cəlil müəllimin ailəsi yerbəyer olan kupe doğrudan da çox rahat idi. O, pardaqlanmış taxta yatacaqları, parıldayan plastik çəkilmiş divarları razılıqla süzdü, kefin istəyən kimi yandırmaq, gurlaşdırmaq, yaxud yatanda zəiflətmək mümkün olan işığı yoxladı, gözü balaca nərdivana sataşan kimi onun nədən ötrü olduğunu başa düşdü, saz olub-olmadığını yoxladı. Kupeni gözdən keçirəndən sonra o, birinci növbədə yerləri bölüşdürdü, aşağı yerləri anasına və dörd yaşlı oğlu ilə arvadına verdi, yuxarı yerləri isə özünə və qızına götürdü. Sonra saatına baxdı, qatarın yola düşməsinə hələ xeyli, yarım saata qədər vaxt qaldığını görüb, perrona, vaqonla üzbəüz bufetə qaçdı və on şüşə mədən suyu aldı ki yolda çiy su içməsinlər; yay vaxtı idi, hər cür yoluxucu xəstəlik ola bilərdi. Qatar tərpənənə kimi, Cəlil müəllim tualetə girdi, paltarını dəyişdirdi, təzə mil-mil pijamasını geydi, yola çıxmamışdan qabaq məxsusi kurortda geymək üçün aldığı yumşaq idman ayaqqabılarını ayağına keçirtdi. Bir müddət, hava tamam qaralana kimi, dəhlizdə dayandı, sonra kupelərinə girdi. Bu vaxt Məryəm xanım Kislovodskdan danışırdı, Cəlil müəllim sevindiyindən cuşa gəlmiş anasının üzünə baxıb, bir də məmnuniyyətlə fikirləşdi ki, səfərə çıxmaqları anasına çox yaxşı təsir eləyib və Allah qoysa, səhhətinə də xeyri dəyəcək. Məryəm xanım nə isə bir “Xram vozdux”dan, onun dörd dövrəsindəki yamyaşıl, kölgəli talalardan, 39 həmin bu “Xram vozdux”da, baş vermiş, Cəlil müəllimin bütün təfsilatı ilə bildiyi bir əhvalatdan söz salmışdı, ancaq Cəlil müəllim heç cür baş aça bilmirdi ki, bu “Xram vozdux” özü restorandır, yaxud “Xram vozdux”da restoran var. Musiqili, rəqsli axşamlardan birində onun mərhum atası burda çox uzaq qohumu polkovnik Mehmandarova, çar ordusunda qulluq eləyən, ancaq inqilab dövründə Qızıl Ordu tərəfə keçən, sonralar isə ilk sovet generallarından biri olan həmin polkovnik Mehmandarova rast gəlir.

Məryəm xanım əhvalatı demək olar ki, tamam (ömründə bircə dəfə həmin axşam gördüyü generalın onu iki dəfə tanqo oynamağa dəvət etməsini, Bayram bəyin də generalın indi rəhmətə getmiş arvadı ilə oynamasını) danışıb qurtarana kimi Cəlil müəllim qulaq asdı, sonra ədəblə anasının sözünü kəsib, xatırlatdı ki, şam yeməyinin vaxtıdır. Cəlil müəllim ona görə belə elədi ki, bu əhvalatın gerisini, sonra onların şampan şərabı və musiqiçiləri də götürüb, hamılıqla iki faytona doluşduqlarını, səhərə kimi gəzməyə getdiklərini, mərhum atasının həmin gün möhkəm sərxoş olmasını və özünü çox qəribə aparmasını, evdə də Məryəm xanımın onu çox çətinliklə dilə tutub yatağa salmasını yaxşı bilirdi. Cəlil müəllim əhvalatın bu hissəsinin uşaqların yanında, xüsusilə on yaşlı qızının yanında danışılmasını lazım bilmirdi.

Gecə o, sakit və möhkəm yatdı, səhərə yaxın tək bircə dəfə kupedə hər şeyin qaydasında olub-olmadığını yoxlamaq üçün ayıldı və demək olar ki, dərhal da təzədən yuxuya getdi, yuxuya gedənə kimi bircə onu fikirləşə bildi ki, bütün olub-keçənlərin hamısı həqiqətdir və bir gündən sonra o, Kislovodskda olacaqdır. Cəlil müəllim özünü çox yaxşı hiss eləyirdi, ürəyi sakit idi.

Kislovodskda vağzalda uzun müddət taksi gözləməli oldular.

Anası dedi ki, o vaxtlar onlar gələndə qatardan ayaqlarını yerə qoyan kimi, faytonçular onları araya aldılar, az qaldılar ki, şey-şüyün üstündə dava-dalaş salsınlar, hərə onları öz faytonuna çəkməyə çalışırdı. Nəhayət, taksi gəldi, Cəlil müəllim kurorta gələnlərə otaq verilən kontora sürməyi buyurdu, məlum oldu ki, kontor lap yaxında, vağzalın böyründə imiş. Burada Cəlil müəllim dedi ki, ona Rebrovaya balka küçəsindəki evlərdən birində otaq lazımdır. Cəlil müəllim anasının xətrini xoş eləmək istəyirdi. Söz ağzından çıxan kimi, bir qadın ona yaxınlaşdı, dedi ki, o elə Rebrovaya balka küçəsində 40 olur, bir təmiz və işıqlı, hər cür rahatlığı olan, iki pəncərəsi bağa baxan otaq kirayə verir.

Cəlil müəllim evin sahibini maşına dəvət etdi, onlar yola düşdülər. Məryəm xanım şoferin yanında əyləşmişdi, qatardakı kimi həyəcanlı, şən idi. O, aramsız deyirdi ki, mütləq aparıb bütün görməli, gəzməli yerləri uşaqlara göstərəcəkdir, iqtidarı olmasa da, birtəhər aparıb göstərəcək. Sonra yavaş-yavaş həyəcanı keçdi, süstləşdi, birdən tamam susdu, diqqətlə qələbəlik, maşınların sel kimi axışdığı tərtəmiz, yaraşıqlı küçələrə, mərtəbələri başdan-başa şüşəli, balkonlu, işıqlı evlərə tamaşa eləməyə başladı. Sonra o, oğluna tərəf qanrıldı, Cəlil müəllim onun üzündə çaşqınlıq və hətta qorxu gördü.

– Cəlil! – Məryəm xanım soruşdu. – Biz hara gəlmişik?

Cəlil müəllim:

– Kislovodska! – dedi.

– Yox, – Məryəm xanım etiraz elədi. – Bura Kislovodsk deyil.

Cəlil müəllim fikirləşib dedi:

– Çox dəyişib, ona görə sənə elə gəlir. Sən Bakıda da heç yerə çıxmırsan, əgər çıxsan, onda görərsən ki, elə ora da çox dəyişib.

Başdan-başa yeni küçələr salınır. Hər yerdə bu cür sürətlə tikirlər.

İndi Rebrovaya balkaya çatırıq, hər şey dərhal yadına düşər. – O, anasının kefini açmaq üçün zarafat eləmək istədi. – Onda inanarsan ki, biz Kislovodskdayıq. Soçidə deyilik.

Tamam çaşbaş qalan anasının tanış küçəni görüb sakitləşməsi üçün Cəlil müəllim maşını iki dəfə Rebrovaya balkanın başından ayağına, ayağından başına sürdürdü.

O, hətta şoferə buyurdu ki, maşını bir dəqiqəliyə anasının o səfər gələndə düşdüyü evin qabağında saxlasın, Məryəm xanım bu evi elə müfəssəl təsvir eləmişdi ki, nömrəsi də Cəlil müəllimin yadında qalmışdı.

– Bu da sənin Rebrovaya balkan, – Cəlil müəllim dedi. – Sən, bax, bu evə düşmüsən.

Məryəm xanım:

– Bura Kislovodsk deyil, – dedi. Anasının birdən-birə dəyişmiş, qocalıq, üzgünlük duyulan səsi Cəlil müəllimi sarsıtdı. – Şəhər bu cür dəyişə bilməz, heç bir şey bu dərəcədə dəyişə bilməz, həmişə bir şey qalır. Buranın havası da indi başqadır, axı mən o havanı 41 xatırlayıram. Mən sənə deyirəm ki, bu başqa şəhərdir, adını nə qoyurlar qoysunlar. Burada hər şey başqa cürdür. Mənim hər şey yaxşı yadımdadır, sənki, mənim yaddaşıma bələdsən. Bu küçənin Rebrovaya balkaya, rəhmətlik atanla düşdüyümüz küçəyə heç oxşarı da yoxdur. Hər nə deyirlər desinlər, sən mənim sözümə inan.

Dilxor olmuş Cəlil müəllim şoferlə köməkləşib şeyləri evə yığdı. Otaq doğrudan da, böyük və işıqlı idi, bura bir paltar şkafı, bir stol və üç çarpayı qoyulmuşdu. Çarpayılardan biri ikiadamlıq idi. Qıza ev sahibəsi açılıb-yığılan çarpayı verdi. Cəlil müəllim ensiz çarpayıların birini kənara sürüdü və yenə də ev sahibəsinin gətirdiyi şirmanı qabağına qoyub, öz çarpayısını qalan otaqdan ayırdı.

Ev Cəlil müəllimin xoşuna gəldi. Bəlkə də ona görə xoşuna gəlmişdi ki, onun Bakıdakı evinə çox oxşayırdı: demək olar ki, quruluşları da eyni cürə idi; kürsülü dörd otaq, dörd dövrəsi enli eyvan; hamam otağına da onun evindəki kimi, Leninqrad su qızdırıcısı qoyulmuşdu. Bircə fərqi vardı, bu evin üstünə qırmızı kirəmit döşənmişdi, taxta çardağı da vardı. Cəlil müəllim fikirləşdi ki, o da evinin damını bu cür düzəltdirsəydi, pis olmazdı, bu cür dam, qara qır basılmış yastı damdan daha yaxşıdır, yayda evin içini istidən saxlayar. Belə qərara gəldi ki, Simurq qayıdandan sonra eləyərlər.

Çardaq da kara gələr – pətəkləri ora qoyar, arıların xoşuna gələr, həm hündür, həm də külək tutmayan yer.

Cəlil müəllim anasının kefini açmaq üçün çox səy göstərirdi. İlk günlər işi-gücü anasını da götürüb, haqqında çox eşitdiyi yerləri gəzmək oldu. Gəldikləri günün ertəsi, səhər-səhər “Xram vozdux” a getdilər. Cəlil müəllim anasının söhbətlərindən belə başa düşmüşdü ki, bu, şəhərdən kənar, meşəlik bir yerdir. Özü də düşünürdü ki, nə isə qeyri-adi, qəribə bir şey görəcəkdir, nə görəcəyini heç vaxt aydın təsəvvür eləməmişdi, ancaq hər halda bunun səliqə ilə adicə akasiya, ya yasəmən ağacları əkilmiş, xiyabanlarına asfalt döşənmiş adi şəhər bağında açıq eyvanlı təzə restoran olduğunu heç ağlına da gətirməzdi.

“Xram vozdux”a çatıb taksidən düşəndə Məryəm xanım dedi:

– Yaxşı yerdir. – O, hamının xətrini xoş eləməyə çalışan, elə bu səfərə də əslində, anasına görə çıxmış oğlunun ümidlərini doğrultmadığından özünü müqəssir kimi hiss eləyirdi. – Uşaqlara oynamağa yer də var.

Cəlil müəllim köksünü ötürdü və arvadının üzünə baxdı, arvadı da ona baxdı. O, maşından düşəndə az qalmışdı anasına təntənəli surətdə desin ki, neçə il keçəndən sonra, nəhayət, yenə də həmin “Xram vozdux”un yaxınlığındadır, indi bu sözü deməməsinə sevindi, yüngüllük duydu.

Onların oturduqları yerdən, eyvanda qoyulmuş stolun arxasından, günəşin şüalarında əriyən seyrək duman içində, bütün şəhər görünürdü. Pis mənzərə deyildi, ancaq Dağüstü parkdakı “Dostluq” restoranından baxanda adamı heyran qoyan Bakı panoraması hara, bura hara! Heç müqayisəyə gəlməzdi. Elə xörəklər də burada, “Xram vozdux”da “Dostluq”dakından qat-qat pis idi, ofisiant gələndən sonra isə məlum oldu ki, heç siyahıda sadalanan xörəklərin də əslində, yarısından çoxu yoxdur.

Nəzakətli ofisiant onları inandırırdı ki, səhər verilməyən xörəklərin hamısı axşam mütləq olur. Ancaq narşərablı, üstünə narın doğranmış reyhan səpilmiş osetrin kababını Bakıda kefin istəyən vaxt, axşam da, istəsən lap səhər-səhər də yemək mümkün olduğunu yaxşı bilən Cəlil müəllim yavaş-yavaş öz-özünə fikirləşdi ki, başqa şəhərlərdən gələnlər özləri bilərlər, amma bakılı üçün Kislovodsk bir elə yer deyil.

Başqa görkəmli yerləri də gəzdilər, heç biri də onları o qədər açmadı. Bu səyahətlərdə Məryəm xanım arabir elə bil ki, bəzi şeyləri xatırlayırdı, ancaq daha vəcdə gəlmirdi, sevinmirdi. Cəlil müəllim ona inanmırdı, möhkəm şübhələnmişdi ki, anası rəhmdilliyinə görə onu tamam dilxor, pərt eləmək istəmir. Sonra bu səyahətlərdən yorulmuş, üzülmüş anası və dərhal onun sözünə qüvvət verən arvadı, Cəlil müəllimdən xahiş elədilər ki, onlara dinclik versin, qoysun otursunlar evdə, ona görə ki, şəhəri kifayət qədər gəzmişdilər, elə bir qəribə şey yox idi, adicə şəhərdi.

İndi Cəlil müəllim naharını eləyəndən sonra, külfətini evdə qoyub, demək olar ki, bütün günü şəhəri dolanırdı. Uşaqları bağda ev sahibinin uşaqları, öz yaşıdları ilə oynayırdılar, ev sahibi ilə dostlaşmış arvadlar isə səhərlər bazara gedir, sonra da ev işləri ilə məşğul olurdular.

Cəlil müəllim əvvəlcə poçta girib, Simurqdan məktub olubolmadığını soruşur, sonra parka gedirdi, ya da elə-belə küçələri gəzirdi. Soraqlaşıb, ayrıca nömrələri olan hamamın yerini öyrəndi, 43 oradan çox hiddətlənmiş qayıtdı, bir də Kislovodskda hamama getməyə tövbə elədi. Duş qoyulmuş nömrələr çox kiçik idi, soyunmaq yeri darısqaldı, özü də buradan çox pis, karbol turşusu iyi gəlirdi.

Günlər ötürdü, evi, bağı üçün qəribsəmiş Cəlil müəllim gündəlik gəzintilərini davam etdirirdi. Gözünün qabağına gətirirdi ki, o, əzilmiş kərpic tökülmüş qırmızı cığırlı, üstüörtülü, ağ sütunlu tağlı köşkdə simfonik orkestrin axşamdan ta gecə yarısına qədər qatmaqarışıq, başa düşmək mümkün olmayan musiqi çaldığı zəhləsi gedən bu parkda yox, öz küçələrindədir, özünü gah qonşuları ilə söhbət eləyən, gah bağda işləyən, yaxud da hamamdan sonra çayxanada oturmuş təsəvvür eləyirdi. Cəlil müəllim dəstə-dəstə bütün günü boş-bekar veyllənən adamlara göz qoyur, onların Kislovodska nəyə gəldiklərini başa düşməyə çalışırdı. Cəlil müəllim mədən suyunun bir dərdə dərman ola biləcəyinə, şəfa verəcəyinə inanmasa da buraya müalicəyə gəlmiş adamı yenə birtəhər başa düşərdi.

Amma qalanları... Sağlam adamlar yad şəhərin küçə və parklarında veyl-veyl gəzişirdilər, guya bunu orada, gəldikləri yerdə eləmək mümkün deyildi. Bir soruşan lazımdı ki, heç bir şeyə ehtiyacı olmayan adamların (aşkar görünürdü ki, bunların əksəriyyəti elə bu cür adamlardır) vurub dünyanın o başına getmək, dörd otaq sahibi Cəlil müəllimin elədiyi kimi, üç-üç, dörd-dörd bir otağa təpilmək nəyinə lazımdır? Daim bu barədə düşünən Cəlil müəllim yavaşyavaş belə qənaətə gəldi ki, buraya Allah bilir, nə görmək arzusu ilə gələn, amma istədiklərini tapa bilməyən bu adamların hamısı, sadəcə müxtəlif mülahizələrə görə vaxtından qabaq qayıdıb getməyi namünasib bilirlər, kimisi qabaqcadan verdiyi ev kirayəsinə heyifsilənir, kimisi qonşularından utandığı üçün qayıdıb gedə bilmir, kimisi də, ola bilsin ki, qatara bilet tapmır... Qısası, Cəlil müəllim əmindi ki, Kislovodska gələnlərin əksəriyyəti cəmisi bir neçə gün qalandan sonra çıxıb gedirlər, saysız-hesabsız dəstələr isə ona görə azalmır ki, hər gün yeni-yeni sadəlövh adamlar gəlirlər.

Əgər küçə qonşuları olmasaydı (vaxtından əvvəl qayıtmaq səfəri dərhal və ömürlük onların gözündə inflyasiyaya uğradar, qiymətdən salardı) o, fikirləşmədən yola düşərdi. Simurqa teleqram vurardı ki, daha nahaq yerə bura məktub yazmasın, poçtamtda da xahiş eləyərdi ki, işdir əgər o, yola düşəndən sonra məktub gəlsə, Bakıya göndərsinlər.

Çirkin əkizlər kimi bir-birinə oxşayan günlər ona bir ilə qədər uzun gəlirdi. Elə axşamlar da onun kimi. Cəlil müəllim adəti üzrə axşamlar parka gəzməyə çıxırdı, bu gəzintilər Bakıdakından fərqli olaraq ona ləzzət vermirdi, orada Cəlil müəllim addımbaşı tanışa rast gəlirdi, özünü lazımlı və mötəbər adam kimi hiss eləyirdi.

O nəyə görə isə, heç bir əsassız-filansız “Qızıl güllər xiyabanı” deyilən xiyabanla getdi və ortasında tər çiçəklərdən düzəldilmiş təqvim olan talaya çıxdı. Təqvimin ağ çiçəklərdən düzəldilən hissəsinin, ayın günləri göstərilən hissəsinin hər gün dəyişməsi bu talanı babat göstərirdi, demək olar ki, cansıxıcı və mənasız gəzinti vaxtı bir az adamın ürəyi açılırdı. Cəlil müəllim bu əyani və çox etibarlı dəlili, yola düşmək vaxtının bir gün də yaxınlaşdığını görəndə xoşhal oldu və parkın yuxarı hissəsinə gedən cığırla addımladı. Məqsədsiz-filansız addımladı. Hara gəldi getmək xatirinə addımladı. Evə qayıtmaq istəmirdi, arvad-uşaq çoxdan yatmışdı. Toranlıqda basırıq kol-kosluqdan yaxşı seçilməyən səslər, boğuq gülüşmə gəlirdi. Cəlil müəllim bilirdi ki, əgər cığırdan çıxsa, bir neçə dəqiqədən sonra mütləq skamyaya, cüt-cüt oturub öpüşən adamlara rast gələcəkdir, skamyanın ensiz hamar səthi biribirindən cəmisi bir neçə santimetr aralı beş, yaxud altı sahəyə bölünmüşdü, bu bir neçə santimetrlik bitərəf zona hər qonşu sahənin sahibinə çox güclü müstəqillik və sərbəstlik hissi aşılayırdı.

Cəlil müəllim rişxəndlə gülümsündü, fikirləşdi ki, bu adamların skamyanın üstündə bir-birinə qısılıb, öpüşmək xatirinə vaxt itirib, pul xərcləyib, yır-yığış eləyib, qatar, yaxud təyyarə ilə bu qədər yolu gəlməyinə dəyərmi, bunu elə öz şəhərlərində də eləyə bilərdilər, təki adamın həvəsi olsun!

Havadan zərif ətir iyi gəlirdi, aydınlıq yay gecəsində ilıq meh nə isə tanış olmayan çiçəklərin ətrini gətirəndə, adamlar qəflətən qəribə həyəcan keçirməyə başlayırdılar.

Cəlil müəllim çiçəklərin ətrini duyur, amma heç cür onların adını xatırlaya bilmirdi. O, fikirləşdi ki, yəqin tütün çiçəyinin ətridir, ancaq tez qərarından daşındı, tütün hələ yarım aydan sonra çiçəkləyəcəkdi.

Cəlil müəllim yorulub yay kinoteatrının qabağındakı talada, skamyanın üstündə oturdu. Onun yanında bir adam əyləşdi, işıq zəif olsa da, Cəlil müəllim Bakıdakı qonşusunu, prokuror Həsəno- 45 vu tanıdı. Onlar səmimi görüşdülər. Doğrudan da yad şəhərdə adam həmyerlisinə, üstəlik də ziyalı, hörmətli adama rast gələndə çox şad olur. Prokurorun kefi çox yaxşı idi, ondan şərab və kabab iyi gəlirdi. Həsənov dedi ki, kinoteatrda olan arvadının və oğlunun qabağına gəlib.

– Arvad üçüncü dəfədir ki, bu filmə baxır – “Yaqut bilərzik” filminə. Hər dəfə də baxanda ağlayır. Mən də vaxtımı boş keçirməmişəm, bir yoldaşımla bura, kababxanaya getmişdim. İndi də uşaqları evə ötürmək istəyirəm. Görəsən kino tez qurtaracaq? Kimdən öyrənmək olar?

– Cəlil müəllim dedi ki, yəqin tez qurtarar, sonra da Həsənovdan soruşdu ki, çoxdanmı Kislovodskdadır? Buralar necədir, xoşuna gəlirmi?

Prokuror dedi:

– Cənnətdir, əsl cənnət. Bir həftədən sonra Bakıya, cəhənnəm kimi istiyə qayıtmalı olacağım yadıma düşəndə məni tər basır. Axı mən hər il bura gəlirəm, istirahət üçün ən münasib yerdir, həm havası gözəldir, həm vaxt keçirməyə yer var, mən hələ ərzağını demirəm, hamısı təzə...

Cəlil müəllimə elə gəldi ki, Həsənovun nə dediyini yaxşı başa düşmədi.

– Bura sizin xoşunuza gəlir?

– Bəs necə! – prokurorun gözü kəlləsinə çıxdı. – Yoxsa məzuniyyətimi götürüb bura gələrdimmi? Mən bütün ili işim də elə işdir ki, başım, beynim tamam şişir, bütün ili gözləyirəm ki, məzuniyyət vaxtım tez gəlsin, qaçım Kislovodska. Necə bəyəm, bura sizin xoşunuza gəlmir? – prokuror soruşdu, Cəlil müəllimin sualı onu əndişəyə salmışdı.

– Niyə ki, – Cəlil müəllim ikibaşlı cavab verdi, o, ürəyini tamam açmamağı qət elədi. – Kislovodskın öz üstünlükləri var, Bakının da öz üstünlükləri.

– Bağışlayın məni, əşi, nə üstünlükbazlıqdır, – prokuror hövsələsiz- hövsələsiz onun sözünü yarımçıq kəsdi. – Bakı, bu barədə heç danışıq ola bilməz, gözəl şəhərdir. Orada yaşamaq da, işləmək də yaxşıdır, ancaq ildə bir dəfə kənara çıxmaq mütləq lazımdır, getmək üçün də Kislovodsk ən münasib yerdir. Hə, odur, deyəsən, bizimkilər gəlirlər, – prokuror kinoteatrdan çıxan adamların arasın- 46 da arvadını və oğlunu gördü. – Salamat qalın! Kislovodsk barədə isə bir ayrı vaxt söhbət eləyərik, ümidvaram ki, fikrinizi dəyişdirə biləcəyəm.

– Onlar xudahafizləşdilər, prokuror arvadının qoluna girib, yan xiyabanlardan birində gözdən itdi, Cəlil müəllim onun arxasınca baxıb, acı-acı gülümsündü.

Bu axşam Cəlil müəllim parkda həmişəkindən çox ləngidi. O, prokurorla aralarında olan söhbəti ən xırda təfərrüatına qədər yadına salır, amma heç cür özünü ələ ala bilmirdi. “Gör necə riyakarlıq eləyir, – Cəlil müəllim dilxor-dilxor fikirləşdi, – nədən ötrü, kimin qabağında riyakarlıq eləyir? Kislovodsk onun xoşuna gəlir! Sözə bir bax, kurortsuz keçinə bilmir. Bakını bəyənmir. Eh!” Cəlil müəllim dilxor-dilxor tüpürdü və evə yollandı. Yolda qəti qənaətə gəldi ki, prokuror riyakarlıq eləyir, çünki hamı onu ağıllı adam kimi tanıyırdı, ağlı başında, işini bilən...

Cəlil müəllim söhbətdə yalançılıq, riyakarlıq dərəcəsinə alçalmadığına, fikrini heç bir şeylə büruzə vermədiyinə görə bir də sevindi, ürəyində özü-özünü təriflədi. Üstəlik də o, belə qərara gəldi ki, Kislovodskda olacağı günlərdə və gələcəkdə də Bakıda, prokurordan gen gəzməlidir, çünki ikiüzlü adamdı, tanış-bilişin gözündə qalxmaq üçün abırlı adamlara yaraşmayan əməllərdən istifadə eləyir.

Cəlil müəllimin öz evinə qayıdanda keçirdiyi həyəcanı və ürək çırpıntılarını heç bir sözlə təsvir etmək mümkün deyil. Qocalandan sonra adət-ənənələrə ciddi riayət eləyən Məryəm xanım, onlar kənardan içəri keçən kimi: “Həmişə evimizdə-eşiyimizdə, ailəmizlə bir yerdə”, – deyəndə Cəlil müəllim ata-babalarımızın bu qədim kəlamının müdrikliyini, ondakı sevinci ömründə birinci dəfə hiss elədi.

O, bağda hər ağacı yoxladı, heç nə onun nəzərindən yayınmadı.

Cəlil müəllim evinin kənarından içəri keçəndə, ona hansı hisslərin hakim kəsildiyini deyə bilməzdi. Bəlkə də bu hisslər, uzun qışdan sonra uzaq qürbət ölkədən doğma yuvasına qayıtmış köçəri quşun keçirdiyi hisslərə bənzəyirdi, orada günəş istisi də bol idi, aydınlıq gecələr də şaxtasız keçirdi, dən məsələsi də pis deyildi – hər daşın altında soxulcan, qurd, hər yarpağın dalında böcək vardı, amma heç bir şey ürəyinə yatmırdı, doğma deyildi, nə yuva tikmək istəyirdi, nə də ailə qurmaq. Ona görə də qan qaynayanda, doğma torpaq köçə haylayanda qürbəti qətiyyən heyifsilənmədən tərk eləyirdi. Yalnız vətəndə onun qırışığı açılır və həmişə məlahətli olmasa da, həmişə hədsiz bəxtiyarlıqdan şövqlə, ürəkdən oxuyurdu.

Cəlil müəllim götür-qoy eləməyi xoşlamırdı, lakin əgər bu an yanında bir söz qanan adam olsaydı, çox ola bilsin, ona deyərdi ki, yenidən evinə qayıtdığı üçün o xoşbəxtdir; o, başa düşmüş və bu gün qəti hiss eləmişdi ki, bu evdən, bu küçədən başqa heç bir yerdə xoşbəxt ola bilməz və başqa sayaq yaşaya bilməz. Ancaq söz qanan, belə bir ilhamlı, ülvi dəqiqədə açıq söhbətə layiq, özünə tay o adamı haradan tapasan?!

O, tək-tənha həyatda addımlayırdı, elə-belə, heç bir məqsədsizfilansız, yuxuda durub gəzən adam kimi gəzir və heç cür başa düşə bilmirdi ki, bütün bu gördüklərindən və hətta əlini vurduqlarından əlavə daha hansı şey onun bütün varlığına sakitlik və inam aşılayırdı.

Uzun müddət başa düşə bilmədi, yalnız onu evə, qonaqların yanına səsləyəndə birdən başının üstündəki hamam qazanlarının uğultusunu, ahəngdar, sakit uğultunu eşitdi. Cəlil müəllim öz-özünə güldü və gülümsünə-gülümsünə evə gələn qonaqlarla görüşməyə getdi.

Qonaqlar səfərdən qayıtması münasibətilə ona “xoş gəlmisən” deməyə gəlmişdilər. Söhbət gecədən xeyli keçənə qədər uzandı.

Kislovodsk haqqında Cəlil müəllim ehtiyatla danışırdı, nə tərifləyir, nə də pisləyirdi, öz fikrini söyləməkdən çəkinirdi, bu qərəzsiz söhbətdə o, bol-bol faktlardan istifadə eləyirdi. Bircə yerdə özünü saxlaya bilmədən, qərəzli səslə dedi ki, “Narzan” orada yerində, adamın ürəyini bulandıran isti bir sudur, o, Kislovodskda qəsdən bir neçə dəfə, günün müxtəlif vaxtlarında, pavilyonlarda bu suyun dadına baxmağa getmişdi, bir qurtum içən kimi adamın ağzında pis tam verir, əhvalı pozulur.

Kislovodskdan sonra, söhbət Cəlil müəllim burada olmayan müddətdə olub-keçmiş əhvalatlardan düşdü. Çox əhvalatlar olmuşdu, odur ki, söhbət uzun çəkdi, ancaq Cəlil müəllim danışanlara həvəslə qulaq asırdı, darıxmırdı. Əsas yeniliyi də danışdılar – üzbəüz evdə yaşayan qonşuları Rəşid Nəcəfzadə mənzilini dəyişib, Sumqayıta köçmüşdü, orada bir müəssisəyə işə girmişdi. Dedilər ki, Cəlil müəllimin burada olmamasına Rəşid yaman heyifsilənirdi, məsləhətləşmək istəyirdi, ancaq sonra özü qərara gəldi, ona görə ki, oturub onu gözləyə bilməzdilər, özü də orada Bakıdakından qatqat yaxşı qulluq təklif eləyiblər, texnik ola-ola görünür, stajını nə- 48 zərə alıblar, mühəndis vəzifəsinə götürüblər, yaxşı maaşı var. Dəyişməyə də yaxşı mənzil düşüb, təzə evdə. Ancaq bu xeyir xəbərlərə qulaq asandan sonra qonşular susub pərt halda bir-birlərinin üzünə baxanda Cəlil müəllim hiss elədi ki, nə isə bəzi şeyləri ondan gizlədirlər, ya özlərinə ağır gəlir, ya da onun qanını qaraltmaq istəmirlər. Cəlil müəllim xahiş elədi ki, sözlərinə davam eləsinlər, qonşular da ona dedilər ki, Rəşidin mənzilinə köçən taksi şoferi Manaf, qonşulardan heç kimin xoşuna gəlmir, açığı, o bura köçən gündən, məhəllədə gün-güzəran yoxdur. Bu adamın nə abırı var, nə də həyası. Az qala hər gün içib keflənir, sonra da ya tində dayanıb gəlib-gedənə sataşır, adamın zəhləsini tökən şeylər danışır, ya da evə gedir, arvadı ilə dava-dalaş salır, özü də elə iyrənc, abırsız söyüşlər söyür ki, onu heç yaramaz xuliqan da bilməz. Özü də axşamlar, hətta gecələr, yayda, qapı-pəncərənin açıq vaxtı, həm arvadlar eşidir, həm də uşaqlar. Hələ bu harasıdır, ən dəhşətlisi budur ki, arvadı ləçər də söyüş söyməkdə, həyasızlıqda ərindən geri qalmır – zəhlətökən cır səsi dörd məhəllə o tərəfə gedir. Görünür, o da əri tərbiyə alan tövlədə tərbiyə alıb. Nə öz böyük qızlarından abır-həya eləyirlər, nə də qonum-qonşudan.

Bir gün dava-dalaşın şirin vaxtı çəkməçi Davud onun qapısını döydü, bayıra çağırıb xahiş elədi ki, bu biabırçılığa son qoysun. Amma o, ağacı götürüb Davudun üstünə hücum çəkdi. Davud dartıb ağacı onun əlindən aldı, elə dəyənəyi başında sındırmaq istəyirdi ki, özlərini yetirən qonşular tutdular, axı bu cür də yaxşı düşməzdi, Davud hələ cavan idi, amma o biri əclaf uşaq deyildi, ailəsi, uşaqları vardı, deyirlər ki, böyük uşaqları Sumqayıtda işləyir. Hamı Cəlil müəllimin gəlməsini gözləyirdi, o, nə desə elə də olacaqdı.

Cəlil müəllim bu cür ciddi işə ciddi də yanaşdı, söz verdi ki, fikirləşib bir çıxış yolu tapar, sonra o, qonşuları ilə xudahafizləşdi.

Təzə qonşular Cəlil müəllimin də xoşuna gəlmədi. Birinci dəfə küçə söyüşlərini eşidəndən sonra Cəlil müəllim qəti qərara gəldi: ya təzə qonşu ən geci günü sabahdan bu görünməmiş rüsvayçılığa, xuliqanlığa son qoymalıdır, ya da bu küçədən köçməlidir, üçüncü yol ola bilməz! Bəli, təzə qonşuları onun heç xoşuna gəlmədi. Axı necə xoşa gələ bilərdilər ki, həm arvadı, həm də qızı bütün günü avaraavara küçədə, evin qabağında veyllənirdilər, skamyanın üstündə oturub, günəbaxan tumu çırtlayırdılar, ya da ucadan söhbət eləyirdilər.

Bir soruşan lazımdı, bunlar necə arvaddırlar ki, abır-həya eləmir, yuyulmuş alt paltarlarını, həm qadın, həm də kişi paltarlarını, elə yerə sərirdilər ki, gəlib-keçənlərin hamısı görürdü? Bunlar haradan gəlib çıxdılar bu küçəyə?

Ertəsi gün Cəlil müəllim, yanında da məhlənin iki mötəbər adamı, təzə qonşularıgilə getdi. Xahiş elədi ki, qadınlar, həm arvadı, həm də qızı otaqdan çıxsınlar, sonra Manafla möhkəmcə danışdı.

Xoşbəxtlikdən Manaf Cəlil müəllimin necə adam olduğunu dərhal başa düşdü, o saat özünü yığışdırdı, sonra da hətta üzr istəməyə başladı. Cəlil müəllimin yanınca gedən adamlar sonralar deyirdilər ki, onlar hələ indiyə qədər heç vaxt Cəlil müəllimin bir kimsə ilə o cür sərt danışdığını görməmişdilər.

Manaf dəyişdi. Doğrudur, içməyi, dava-dalaşı tərgitmədi, ancaq içəndə elə içirdi ki, ağlı tamam başından çıxmırdı, küçədə səndələyə-səndələyə getmirdi, qabağına çıxana, hamıya, hətta tanımadığı, küçədən keçən kənar adamlara da salam verirdi. Arvadı ilə dalaşanda isə mütləq pəncərələri möhkəm-möhkəm çəkir, cəftələri, pəncərə qapılarını bağlayırdı. İndi küçədə yalnız qarmaqarışıq səs-küy eşidilirdi. Bu cür bürküdə, istidə savaşırdı.

Çox vaxt isə ertəsi gün hörmətli qonşulardan üzr istəyirdi. Cəlil müəllimə rast gələndə isə mütləq üzrxahlıq eləyirdi. Bir müddətdən sonra qonşular daha qadınlara da fikir vermədilər, alışdılar, belə qərara gəldilər ki, əgər evdə özlərinə iş tapmırlarsa, qoy veyllənsinlər.

Kimin nə işinə qalıb, özgə arvadının, qızının qayğısını çəksin, məgər öz dərd-sərləri azdır!

Yavaş-yavaş dindirib-danışdırmağa da başlamışdılar. Yaxınlıq, dostluq eləməyə qalanda, qonşulardan heç biri onlarla yaxınlıq, dostluq eləmirdi, amma anası, yaxud qızı bir diləyə gələndə, qapıdan da qovmurdular.

Cəlil müəllimə də salam verməyə başladılar. Əvvəl-əvvəl Cəlil müəllim salamlarını soyuq alırdı, başını tərpədirdi, amma sonralar, davranışlarında yaxşılığa doğru bəzi dəyişikliklər hiss eləyib çox ehtiyatla, təmkinlə, qaydasında, ucadan, özü də birinci özü salam verməyə başladı.

Dilbər, Manafın qızı, Cəlil müəllim işə gedib-gələndə onu görən kimi gülümsünürdü. Cəlil müəllim hər dəfə onun əynindəki paltarı görəndə təəccüb qalırdı: ərə getməli qız idi, amma əynində- 50 ki paltar (müqəvvaya da bundan yaxşı paltar geyindirərlər) yamaqyamaq, gündən yanıb solmuş, özü də o qədər gödək idi ki, əyiləndə, yaxud ətəyini yığıb darvazanın qabağındakı alçaq skamyanın üstündə oturanda, əsəb sistemi qaydasında olan kişi o tərəfə baxmasa yaxşı idi. Cəlil müəllimi görəndə o, həmişə gülümsünürdü. Təbəssümü xoş, dodaqları təravətli, dişləri ağappaq, xırda-xırda, mirvari kimi bir biçimdə, özü də gülümsünəndə düz adamın gözünün içinə baxırdı, baxışında da nə isə bir çağırış, həyasızlıq vardı; ancaq heç təəccüblənməyinə dəyməzdi, elə valideynlərin belə də qızı olardı.

Dilbər bu paltarda üzü küləyə gedəndə – Cəlil müəllim onu möhkəm xəzri əsəndə də görmüşdü – paltarı əndamına elə yapışırdı ki, bütün cizgiləri, cavan qız bədənində gizlədilməli hər nə vardısa hamısı qabarıq, aşkar bilinirdi. Bir dəfə də qəflətən o, külək saçlarını dağıtmış halda, başını dala atıb, əlini gözünün üstünə tutub kölgədən günə çıxanda Cəlil müəllimə bir anlığa elə gəldi ki, qız, paltarının nazik parçasını yarıb keçən göz qamaşdırıcı günəş işığında lüt, həmişəki kimi gülümsünə-gülümsünə onun qabağına gəlir.

Cəlil müəllim utanıb üzünü kənara çevirdi, qıza salam verməyi də unutdu. Qərara gəldi atasına desin ki, qızına göz qoysun, əyinbaşına yaxşı fikir versin, amma sonra fikrini dəyişdi: onun atası Manaf çox pis adamdı, elə anası da onun kimi. Yaxşı deyiblər ki, ot kökü üstə bitər.

Manaf bir neçə dəfə küçədə ona rast gələndə, söhbətə girişməyə çalışmışdı, qiyamət nərd oynadığına işarə vurmuş, onlara qonaq gəlmək istəmişdi, ancaq Cəlil müəllim dərhal bu təşəbbüslərin qabağını almışdı.

Bir dəfə də, Cəlil müəllim işdən qayıdıb xörək hazır olana kimi həyətdə gəzəndə, Dilbəri tut ağacında gördü. Qız isə onu daha qabaq görmüşdü, tez ağacdan yerə düşdü, paltarı aşağıdan ta göbəyinə qədər cırıldı. O, Cəlil müəllimin qabağında dayanıb, qırmızı tut şirəsinə batmış dodaqları ilə onun üzünə gülümsünə-gülümsünə cırıq paltarını dartışdırır, əndamını örtməyə çalışırdı. Cəlil müəllim onun əndişəli, utancaq təbəssümündə həm yalvarış, həm də mütilik gördü.

Bunların hamısını Cəlil müəllim bir anlığa dönüb evə gedənə kimi görmüşdü, bir göz qırpımında qız əlləri əsə-əsə paltarını dizlərinin və qarnının üstünə çəkməyə macal tapana kimi görmüşdü.

Cəlil müəllim onun zərif çəhrayı rəngli bədənini, demək olar ki, 51 tamam görmüşdü. Cəlil müəllimin onun bədənini gördüyünü qız özü də başa düşmüşdü, onun əynində bu cırıq-cırıq paltardan başqa heç bir şey yox idi.

Nahar vaxtı Cəlil müəllim ağzını açıb bircə kəlmə də kəsmədi.

O, arvadına təzə qonşuları bir də bu evə buraxmamağı necə deyəcəyini götür-qoy eləyirdi. Cəlil müəllim yol verə bilməzdi ki, Manaf kimi adamın arvadı və qızı onun evinə ayaq açsın, ona görə ki, bu evdə qız uşağı vardı. Ancaq həmin gün Cəlil müəllim arvadına heç bir şey demədi.

Cəlil müəllim üç gün qətiyyətsizliyinə təəccüblənə-təəccüblənə, özünə acığı tuta-tuta dolandı, məsələ tamam aydın idi, özü də Cəlil müəllim düz iş görürdü, o ki qaldı təzə qonşuların inciməsinə, qoy incisinlər, təqsir özlərindədir. O, arvadına hər şeyi elə bu cür dedi. Cəlil müəllim bilirdi ki, arvadı onun sözündən çıxa bilməz – təzə qonşular bir də onun qapısını açmayacaqlar.

Ancaq onlar hər halda, bir dəfə Cəlil müəllimin qapısını açdılar.

Məryəm xanım vəfat eləyən gün.

Məryəm xanım axşam tərəfi, Cəlil müəllim işdən gələndən sonra keçindi. O, iki ay xəstə yatmışdı. Kurortdan qayıdandan bir müddət sonra sinəsində ağrılar başlamışdı, ancaq hələ ayaq üstə hərlənir, gəlininə əl tutur, nəvələrinə göz qoyurdu, dilə tutub uzandırmaq, dinclik vermək istəyəndə, hirslənirdi. Axırıncı iki həftə çox halsız oldu, yatağından qalxmağa taqəti olmadı, qolunu qaldırmağa da heyi yox idi. Bu günlər ərzində yaman arıqlamışdı, ərimişdi.

Sinəsindəki dözülməz ağrıdan qıvrılırdı, zarıyırdı. Cəlil müəllim anasının üstünə ən yaxşı həkimləri çağırdı, ən məşhur professoru dəvət elədi, ancaq hamısı dedi: elə bir dava-dərman yoxdur ki, onun köməyi ilə Məryəm xanımı bu dünyada saxlamaq mümkün olsun.

Cəlil müəllim təəccüb qalır, ümidini itirirdi. Heç cür başa düşə bilmirdi ki, bu necə olan işdir: onun anası qəzaya düşüb, ağır yaralanmamışdı, yanmamışdı, başına dam uçmamışdı, yaşının da elə çağı idi ki, hələ neçə illər yaşaya bilərdi, oğlu onu gözünün üstündə saxlayardı, nə cür dərman desələr tapardı; özü də o, müharibə vaxtı yox, sülh dövründə xəstələnmişdi, amma heç kim dadına çata bilmirdi.

Gözünün qabağında insan tələf olur, sənin də əlindən heç bir şey gəlmir. Elə bil dəhşətli yuxu görürsən.

Həkimlər müxtəlif keyidici dərmanlar yazır və çıxıb gedirdilər.

Məryəm xanımın dünyadan xəbəri yox idi, ancaq axırıncı gün ayıldı, hətta ağrılar da kəsdi. Oğlu və evin külfəti ilə vidalaşdı, huşu başında keçindi. Anasına qulaq asan Cəlil müəllim dərddən başını itirmişdi. Mehriban-mehriban gülümsünən Məryəm xanım deyirdi ki, bu dünyadan arxayın, razı gedir, deyirdi ki, xoşbəxtdir, oğlu Cəlil müəllimlə fəxr eləyir və qorxusuz-ürküsüz getdiyi o dünyada da oğlunun canına dua eləyəcəkdir.

Məryəm xanım mərhum ərini xatırladı, bir yerdə az yaşamışdılar, amma çox mehriban ər-arvad olmuşdular, sonra o, yenə də həmin dəhşətli müharibə günlərində vaxtsız vəfat etmiş oğlunu, Tahiri xatırladı. Cəlil müəllimə vəsiyyət elədi ki, bundan sonra da bircə qardaşı Simurqu sevsin, onun qayğısına qalsın, hər işdə əlindən tutsun, bir də ki, həmişə bir yerdə olsunlar, heç vaxt ayrılmasınlar, bir ailə kimi; müdrik, dünyagörmüş ata-babalarımız nahaq deməyiblər ki, içəridən sökülən evdən ev olmaz.

Cəlil müəllim anasını, özünün vəsiyyət elədiyi kimi, ağır qara sal mərmərin altında yatan valideynlərinin yanında dəfn elədi. O dəhşətli yerdə, indicə bu dəqiqə anasının endirildiyi yerdə ucalmış təpəciyin üstünə son dəfə bir ovuc torpaq atdı və özünə söz verdi ki, bir ildən sonra, torpaq çökən kimi, anasının qəbrini götürdəcək və yanında da ağac əkəcək ki, Məryəm xanım onların sərin kölgəsində əbədi rahat yatsın.

Cəlil müəllim dayanıb küt-küt qəbirə baxırdı, arvadı və uşaqları ona qısılıb ağlaşırdılar, bu vaxt qohumları, qonşuları və iş yoldaşları sayı-hesabı olmayan əklilləri qəbrin üstünə düzdülər, qəbir tər çiçək təpəsinin altında itdi. Əklillərin üstündəki ipək matəm lentlərini isə açıb, səliqə ilə kələf kimi sarıdılar ki, sonra mərhumun ailəsi bunlara baxıb, Məryəm xanımın xatirəsini əziz tutanların kimlər olduğunu bilsin.

Bu niyyətlə şəhər qəzetlərində də elanlar, bu vaxtsız itki münasibətilə başsağlıqları verilmişdi.

Cəlil müəllim yas günlərində hiss elədi ki, o, tək deyil, hər axşam adamlar onun dərdinə şərik olmağa gəlirdilər, onu ağır fikirlər içində tək qoymurdular.

Cəlil müəllim anasını dəfn eləyəndən sonra ehsan verdi.

Otaqlarda və həyətdə düzülmüş stolların arxasına yüzdən artıq adam toplaşmışdı. Ehsan süfrəsinə iri dövrələrdə əla düyüdən bişirilmiş, zəfəranlı, yağlı plov, üç cür xuruş şabalıd qovurma, abqoralı toyuq çığırtması, kişmişli, xurmalı, zəncəfilli, müxtəlif ədviyyat vurulmuş qiymə qoyulmuşdu.

Süfrədə dolma da vardı, dolmanın yarpağını sağlığında Məryəm xanım özü bir-bir seçib yığmış və duza qoymuşdu, dolmanın yanına qatıq da qoyulmuşdu, həm sarımsaqlı, həm də sarımsaqsız. Stolun üstündə hər cür təzə göy-göyərti də vardı: xırda, körpə qırmızı turp, tərxun, cod özəyi çıxarılmış vəzəri, göy soğan, reyhan, kefin istəyən hər cür seçmə göyərti. Dolçalarda və qrafinlərdə sərin, adamın susuzluğunu söndürən gül şərbəti qoyulmuşdu.

Süfrə yığışılandan sonra isə tünd, əməlli-başlı dəmlənmiş çay, dilim-dilim doğranmış limon və dayaz nimçələrdə üstünə darçın səpilmiş kəhrəba kimi halva gətirdilər.

Cəlil müəllim üçüncü, yeddinci və ən nəhayət, axırıncı dəfə qırxıncı gün də ehsan verdi. Cəlil müəllim bunların hamısını danışıqsız, açıq ürəklə, necə lazımdı eləyirdi ki, unudulmaz anasının, Məryəm xanımın xatirəsini layiqincə yad eləsin, halal xoşu olsun.

Saysız-hesabsız nəsillərin, əcdadların qoyduğu və qoruyub saxladığı adətlərin dərin mənasını Cəlil müəllim gündəlik zəhmət və qayğıda dərk etmişdi. Bu adətləri bütün qayda-qanunları ilə yerinə yetirəndə, insan arabir qanı qanından olan varlığı həmişəlik itirdiyini – bəşər övladının mövcud olduğu müddət ərzində ən dəhşətli və ağır dərdi unudur.

Qonşu arvadların hamısı Cəlil müəllimin arvadına kömək eləməyə gəlirdilər. Manafın da arvadı, qızı gəlirdi. Cəlil müəllim Dilbəri bir neçə dəfə görmüşdü, gah mətbəxdə, gah da həyətdə üzüzə gəlirdilər; onun baxışlarında kədər, həm də elə bir təəccüb vardı, ancaq Cəlil müəllim bu təzədən başlamış gediş-gəliş barədə, aydın məsələdir ki, arvadına heç bir söz demədi, çünki yas evinin qapısı gəlmək istəyən hər kəsin üzünə açıq olmalıdır. Birinci həftəni hər gün, sonra da anasının qırxı çıxana kimi hər cümə axşamı onlara gələn Manafla da Cəlil müəllim üzdən xoş danışırdı.

Yığdığının hamısını Cəlil müəllim bu qırx günün ərzində qəpiyinəcən xərclədi. Qətiyyən heyifsilənmədən xərclədi, o qəti əmindi ki, bu cür müqəddəs vacib işdə qənaət eləmək onun kimi adama yaraşmaz. Cəlil müəllim belə güman eləyirdi ki, bu adətin nə səviyyədə və səliqə ilə yerinə yetirilməsi, abırlı, camaatın hörmət 54 və təqdirinə layiq adamları başqalarından – əsil-nəcabətsiz, əksəriyyəti də pozulmuş adamlardan çox fərqləndirir.

Qardaşının adına qoyduğu pula Cəlil müəllim əl vurmamışdı, fikirləşirdi ki, ayağı möhkəm yer tutana kimi Simurqa mütləq pul lazım olacaqdır. Özünün isə pula qətiyyən ehtiyacı yox idi, gələcəkdə elə o qədər, hələ bəlkə ondan da artıq yığacaqdı, Allaha şükür, canı sağ-salamat, qulluq işləri də qaydasında.

Cəlil müəllim anasının ölümünü Simurqa xəbər vermədi, əsgərlik vaxtının qurtarmasına hələ üç ay qalmış qardaşının qürbət eldə qanını qaraltmaq, kədərləndirmək istəmirdi.

Qardaşının gəlməsini səbirsizliklə gözləyirdi. Özü onun otağının divarlarına yapışqanlı rəng çəkdi, hətta üstünə naxışlar da vurdu.

Pətəklərlə əlləşməyi də Cəlil müəllim çox xoşlayırdı, bəlkə də heç bağda işləməkdən az xoşlamırdı. Əvvəl-əvvəl arılara yaxınlaşanda, Cəlil müəllim başına özünü qorumaq üçün xüsusi tor salırdı, amma sonra arılar ona isinişdilər, indi torsuz da gedəndə dəymirdilər.

Ancaq yenə də hərdənbir sancırdılar. Cəlil müəllim arıçılığa aid məsləhət istəyəndə, pətəkləri satan qoca arıçı ona demişdi ki, arılar onlara hirsli, əsəbi adam yaxınlaşanda hiss eləyirlər. Necə hiss eləyirlər, baş açmaq olmur, amma hiss eləyirlər və belə şeyi xoşlamırlar, bax, bu vaxt hətta sahiblərini də sancırlar.

Cəlil müəllim heç cür yadına sala bilmirdi ki, arılar onu sancanda o hansı əhval-ruhiyyədə onlara yaxınlaşmışdı, bir də qocanın sözünə o qədər inanmırdı, xüsusilə ona görə ki, arıların sancması onu çox da dilxor eləmirdi. Cəlil müəllim adamlardan eşitmişdi ki, arı zəhərinin insan orqanizminə yalnız xeyiri var.

Hər şey qaydasında gedirdi, işdə də, məhəllədə də Cəlil müəllim qaydasında xoş güzəran sürürdü, bu güzərana o alışmışdı. Bu dövrdə onun kefi həmişə bir qaydada kök olurdu, işdən də, evdən də, onu əhatə eləyən aləmin verdiyi hər şeydən də həzz alırdı.

Bir dəfə axşam tərəfi Manaf onlara gəldi, Cəlil müəllimi onun gəlişi o qədər də hirsləndirmədi. Manaf içəri girən kimi ona işi düşdüyünü dedi və xahiş elədi ki, qızını Cəlil müəllimə tapşırılmış rabitə idarəsinə bir işə götürsün.

Ədəb-ərkanla xahiş elədi ki, köməyini əsirgəməsin. Cəlil müəllim bir qədər fikirləşib dedi ki, onun öz yanında boş yer yoxdur, ancaq bir yaxın dostu ilə, qonşuluqdakı Çadrovı küçəsindəki aptekin müdiri ilə danışar.

Dilbər birinci gün aptekə işə gedəndən sonra Manaf bütün ailəsilə birlikdə Cəlil müəllimin yanına gəldi. Özü də, arvadı da çox razılıq elədilər.

Dilbər təzə paltar geymişdi, başını daramış, üstündən də çəhrayı lent bağlamışdı, Cəlil müəllim onu heç vaxt bu səliqədə görməmişdi, pörtmüş qız heyran-heyran Cəlil müəllimə gülümsünürdü, minnətdarlıq eləyirdi, tutula-tutula, hər sözü kəkələyə-kəkələyə.

Onlar hədiyyə də gətirmişdilər – gümüş qənddan, gümüş qənd maşası, bir dəstə də qızılgül.

Cəlil müəllim dedi ki, Dilbəri çox abırlı bir adamın müdirlik elədiyi aptekə işə nə Manafın, nə də onun ailəsinin xətrinə düzəldib, o öz borcunu yerinə yetirib, doğru yola qayıdan hər bir adama kömək eləmək onun borcudur.

Cəlil müəllim təmkinlə, ancaq xeyirxah-xeyirxah danışırdı.

Onlar durub getmək istəyəndə Cəlil müəllim gümüş qənddanı və maşanı Manafın qoltuğuna verdi. Manaf dirənmək istədi, ancaq Cəlil müəllim ona elə baxdı ki, Manaf dərhal susdu, Cəlil müəllim həmişə birisinə həddini aşdığını qandırmaq, onu yerində oturtmaq lazım gələndə belə baxardı. Qızılgül üçün isə Cəlil müəllim təşəkkür elədi.

Nəhayət, Cəlil müəllim nə vaxtdan bəri həsrətində olduğu o xoşbəxt günü də gördü. Qatarın gəlməsinə bir saat qalmış özünü vağzala yetirdi. Simurqu bağrına basdı, uzun müddət buraxmadı, hiss elədi ki, çoxdan həsrətində olduğu sevinc bütün varlığını bürüyür, üç il bundan qabaq ürəyinin başında yaranmış boşluq anbaan dolur; qardaşını, yer üzündə ən əziz və yaxın adamını qucaqlamış Cəlil müəllim elə bil ki, insana həyat bəxş eləyən, gücünü onqat artıran dirilik çeşməsindən su içirdi.

Vağzaldan qəbiristana getdilər, Simurq özünü anasının qəbrinin üstünə atdı, ucadan hönkür-hönkür, uşaq kimi, göz yaşı içində boğula-boğula ağladı.

Cəlil müəllim heç cür qardaşını sakitləşdirə bilmədi, axırda özü də ona qoşuldu, dəfn günündən sonra birinci dəfə ağladı, ağlayıb ürəyini boşaltdı, yüngülləşdi.

Simurq bütün gecəni, sevinc dolu gözlərini ondan çəkməyən qardaşına, gəlinlərinə və qardaşı uşaqlarına, qardaşlara gözaydınlığı verməyə gəlmiş qonaqlara ordu həyatından, əsgərlik elədiyi gözəl 56 yerdən danışdı. Maraqlı danışırdı, tez-tez oturanların indiyə kimi eşitmədikləri, bu səbəbdən də mənasını ya tamam, ya da qismən başa düşmədikləri sözlər işlədirdi.

Qonaqlar getdilər. Cəlil müəllim arvad-uşaq yatana kimi gözlədi, sonra qardaşı ilə söhbətə başladı. Əvvəl-əvvəl öz hədiyyəsini, Simurqun adına yazılmış dörd yüz əlli manatlıq əmanət kitabçasını qardaşına verdi.

Simurq çox mütəəssir oldu, mehriban-mehriban böyük qardaşının üzünə baxdı, ancaq dedi ki, pulu götürəsi deyil, çünki pul, ailə sahibi kimi, Cəlil müəllimə daha çox lazımdır, o, birtəhər keçinər, üstəlik də ordudan pulsuz qayıtmayıb. Hələ bəzi sovqatlar, hədiyyələr alandan və yolda xərcləyəndən sonra yetmiş manatı da qalıb, bu pul hələlik gen-bol bəsidir.

Cəlil müəllim özünü yalandan hirslənmiş kimi göstərib, ona acıqlandı və qardaşının etirazına baxmayaraq, əmanət kitabçasını onun gimnastyorkasının döş cibinə basdı.

Bu məsələni qurtarıb, Simurqdan gələcək planlarını soruşdu.

Bir xeyli məsləhət vermək, eləcə də harada özünün Simurqa köməyi dəyə biləcəyini, harada tanışlarının, dostlarının vasitəsilə ona əl tuta biləcəyini qabaqcadan öyrənmək arzusu ilə soruşdu.

Cəlil müəllim qardaşının xatirinə nədən ötəri desən, kimə desən, hətta özü üçün ömründə heç bir şey xahiş eləməyəcəyi adama da ağız açmağa hazır idi.

Cəlil müəllim soruşdu ki, Simurqun, əsgərliyə getməmişdən istədiyi kimi, gələn il instituta girmək fikri varmı, soruşdu ki, qardaşı imtahanlar başlanana kimi işləmək istəyirmi və əgər istəyirsə, onda niyyəti harada işləməkdir. Soruşdu və susub Simurqun cavabını gözlədi. Şəxsi həyat planları, deyək ki, evlənmək, yaxud buna bənzər pərdəli məsələlər barədə heç bir şey soruşmadı, istəsə, qardaşı özü deyərdi.

Simurq dedi ki, institut barəsində hələ fikirləşməmişdir, ancaq orası yəqindir ki, gələn il heç bir yerə girmək fikri yoxdur, ola bilsin sonralar, özünü əməlli-başlı düzəldəndə bəlkə də oxudu, ancaq mütləq qiyabi oxuyacaq, əyani şöbəyə getməyəcək. Simurq bu sözdən sonra tələsik əlavə etdi ki, gündüz oxumaq istəməməsi təkcə ona görə deyil ki, qardaşına yük olmaq istəmir, xeyr, ona görə əyani oxumaq istəmir ki, asılı tələbə həyatı onu açmır, yaşının o vaxtı ötüb, ona görə də indi müstəqil adam kimi yaşamaq istəyir.

Simurqun, ali təhsil almaqla əlaqədar niyyəti, daha doğrusu, bu niyyətin olmaması, Cəlil müəllimi dilxor elədi, ancaq daha cəhlə girişmədi. Cəlil müəllim qəti ümid idi ki, həyatda layiqli yer tutmaq istəyən adam üçün ali təhsilin əhəmiyyətini, cavan olduğuna görə başa düşməyən qardaşını yavaş-yavaş dilə tutub, fikrindən döndərə biləcəkdir.

İşləmək barəsində Simurq dedi ki, öz sənətində işləyəcəkdir – orduda olanda şoferlik öyrənmişdir, bu sənəti yaxşı bilir, birinci dərəcəli sürücülük vəsiqəsi alıb, buna görə də hər cür, hər gücdə avtomobil nəqliyyatında, eləcə də xüsusi maşınlarda, “təcili yardım” da, milis maşınında, yanğınsöndürən maşında işləyə bilər.

Cəlil müəllim üz-gözünü turşutdu, qardaşını o bu cür təsəvvür eləmirdi, ağlına gəlməzdi ki, mütləq həkim görmək arzusunda olduğu, ən nəhayət, orta təhsili olan Simurq, qonşusu əyyaş Manaf kimi şoferlik eləyəcəkdir. Ancaq hər cür namuslu əmək şərəflidir, buna Cəlil müəllim qəti əmin idi, ona görə də dinmədi, yenə fikirləşdi ki, sonra Simurqu dilə tutub, onu boya-başa çatdırmış, tərbiyə eləmiş, eləcə də camaat arasında haqlı olaraq gözəl hörmət qazanmış, familiya və ad vermiş ailənin ad-sanına yaraşan fəaliyyət sahəsi seçməyə razı sala biləcəkdi. Gələcəkdə adının, indi Cəlil müəllimin adı kimi hörmətlə çəkilib-çəkilməməsi yalnız ad sahibinin özündən asılı idi. Öz şəxsi işləri barədə də Simurq elə təxminən oxumaq barədə dediklərini dedi; dedi ki, qazancı arvadını və uşaqlarını əməlli-başlı dolandırmağa çatmayınca evlənmək haqqında heç fikirləşmək istəmir.

Cəlil müəllim uzun ayrılıqdan sonra birinci dəfə ata evində gecələyən qardaşına “gecən xeyrə qalsın” dedi və yatmağa getdi, yatmazdan əvvəl vaxtın necə sürətlə keçdiyini, qardaşının nə cür dəyişdiyini fikirləşib, bir neçə dəfə köksünü ötürdü, əsgərliyə getməmişdən qabaq, həlim, yumrusifət, yeniyetmə Simurqun indi ülgüc dəymiş üzündə ağzının hər iki tərəfinə uzanan sərt qırışlar əmələ gəlmiş, baxışları ağır və zəhmli, iradəli, güclü cavan kişi olmuşdu.

Simurq, birinci dərəcəli şofer kimi, “təcili yardım”, yanğınsöndürən, yaxud milis maşınında işləyə bilərdi, ancaq bunların heç birinə getmədi, hətta taksiyə də düzəlmədi. Şəhərlərarası yük daşıyan avtobazanın ağır yük maşınının sükanı arxasında oturdu. Çox 58 işləyirdi, həvəslə işləyirdi. Bir həftəliyə, on günlüyə gedir, evə tamam əldən düşmüş, arıqlamış, gecələr yolda yuxusuz qaldığından çox vaxt rəngi avazımış qayıdırdı, ancaq üzü həmişə gülürdü, həmişə uşaqlara və gəlinlərinə hədiyyə gətirirdi. Simurq hər dəfə qardaşına da mütləq hədiyyə gətirirdi. Özü də elə-belə, təsadüfən alınmış, ağına-bozuna fikir verilmədən, yalnız hədiyyə almaq xatirinə alınmış şeylər gətirmirdi, Simurq qardaşına aldığı hədiyyələri diqqətlə seçirdi, onun zövqünü, istəyini nəzərə alırdı.

Hər dəfə Simurq qardaşının qəlbini kövrəldirdi, Cəlil müəllim iş seçmək məsələsində tərslik elədiyinə görə Simurqdan çox incimişdi, ancaq bunu o, qətiyyən büruzə vermirdi, dərdini ürəyində çəkirdi, yalnız hərdən soruşurdu ki, Simurq hələ çoxmu qaraçı kimi yaşayacaqdır. Ancaq bu inciklik, Simurq evdə olan günlərdə, Cəlil müəllimin onun istirahətinə, yemək-içməyinə göz qoymasına mane olmurdu. Simurqun yorğunluğu canından çox tez çıxırdı, elə gəldiyi günün səhərisi ya Cəlil müəllimlə bir yerdə bağda əlləşir, ya da oturub, səfərdə olarkən başına gələn gülməli macəralardan danışır, onları əyləndirirdi.

Simurq deyirdi ki, işi çox xoşuna gəlir: həm təzə yerlər görür, həm də təzə adamlarla tanış olur, üstəlik işinin bir yaxşı cəhəti də vardı – əgər tənbəllik eləməsən, fərasətin olsa və sənətinin ustası olsan yaxşı pul qazanmaq mümkündü.

Simurq yaxşı qazanırdı, pulu xəzəl kimi səpələyirdi, yaxın, ürəyi istəyən dostlarını səxavətlə qonaq eləyirdi, Cəlil müəllimin qulağına çatırdı ki, qardaşını tez-tez restoranlarda görürlər. Cəlil müəllim bu söhbətlərə qulaq asanda dilxorçuluğunu bacarıqla gizlədir, özünü kiçik qardaşının başqa əməllərindən də xəbərdar adam kimi aparırdı. Simurq yaxşı geyinirdi, baxan deyərdi ki, əyninə yaxşı oturan modalı kostyum geymiş bu ucaboy, gözəl oğlan yəqin ya müxbirdir, ya televiziya bəstəkarı, ya da hətta ustalardan ibarət “A” qrupu futbol komandasının oyunçusudur.

Yük avtobazasına işə girəndən altı-yeddi ay sonra isə fürsət tapıb, otaqda ikisi tək qalanda, Simurq cibindən bir çəngə pul – dörd yüz əlli manat çıxartdı və qardaşına qayğıkeşliyinə görə çox möhkəm dil-ağız eləyib, pulu ona uzatdı.

Cəlil müəllim:

– Mən bu pulu sənə borc verməmişəm, bağışlamışam, – dedi.

Bu zaman Simurq əmanət kitabçasını cibindən çıxartdı və bu sərvət sahibinin nəinki mayaya dəymədiyini, hətta əksinə, onu xeyli artırdığını, altı yüz əlli manata çatdırdığını sübut eləyən səhifəni açdı.

Simurq Cəlil müəllimə dedi:

– Gördünmü? – Simurqun kefi həmişəki kimi kök idi, həmişəki qaydada mehriban-mehriban, ehtiramla gülümsünür, qardaşının üzünə baxırdı, onun bu cür gülümsəməsi Cəlil müəllimin xoşuna gəlirdi.

– Mən özümə korluq vermirəm. Pulunu arxayınca götür. Əl tutduğuna görə sağ ol. Əgər işdir, sənə pul lazım olsa, mənə deyərsən.

Çox xahiş eləyirəm!

Cəlil müəllim Simurqu təriflədi, dedi ki, əhsən Simurq, həyatda nə isə bir məqsədə çatmaq istəyən kişi kimi, doğru yol tutmuşdur.

Dedi ki, Simurqun qaytardığı pulu onun nə indi, nə də gələcəkdə almaq fikri yox idi, çünki onun qardaşına açıq ürəknən vermişdi, indi də yalnız ona görə götürür ki, görür Simurqun pulu çoxdur.

Bu sözləri Cəlil müəllim qardaşının müvəffəqiyyətinə ürəkdən sevinə-sevinə deyirdi, hətta bu dəfə o, alicənablıq eləyib, Simurqa, onu başqa, daha sakit və abırlı işdə görmək arzusunu xatırlatmadı.

Ancaq Cəlil müəllim üç il ərzində qardaşının adına yığdığı pulu götürəndə nədənsə fikirləşdi ki, bu pula onun bərk ayaqda daha çox ehtiyacı olacaq.

Xatırladı ki, əsgərlikdən qayıdan gün bu pulu Simurqa verib ona öz qayğı və diqqətini sübut etmək imkanı qazanmaq xatirinə o, az qala qırx dəfə əmanət kassasına ayaq döymüşdür.

Sonra Simurqun pulu ona necə qaytardığını xatırladı: çox asanlıqla qaytarmışdı, görünür, elə o cür asanlıqla da qazanmışdı. Köksünü ötürdü və qəlbinə hakim kəsilən dumanlı şübhəni qovmağa çalışdı. Cəlil müəllimin ürəyinə dammışdı ki, onun həyatında nə isə yeni, qeyri-adi və qəribə bir dövr başlayır. Ancaq o vaxt, Cəlil müəllim nə qədər uzaqgörən və ayıq adam olsa da, bu yenilik, həmin gün Cəlil müəllimin çox aşkar hiss elədiyi başlanğıcın ona və onun yaxın adamlarına nə verəcəyini başa düşə bilmədi.

Bəd xəbəri o öz kabinetində əyləşib gələcəkdə rabitə şöbəsinin işini daha da yaxşılaşdırmaq üçün konkret tədbirlər fikirləşdiyi vaxt eşitdi.

Rabitə şöbəsi yaxşı işləyirdi. Abunəçilər də, müştərilər də şöbədən razılıq eləyirdilər, nazirlikdə də şöbənin yaxşı işini layiqincə 60 qiymətləndirirdilər: müşavirələrdə şöbəni nümunə göstərirdilər, eyni zamanda, haqlı olaraq mütləq kollektivin əhaliyə xidmət işində qazandığı müvəffəqiyyətlərdə, onun daimi rəhbərinin – Cəlil müəllimin böyük xidmətini də qeyd edirdilər. Lakin müvəffəqiyyət Cəlil müəllimin başını gicəlləndirmirdi. Həmişə özünə xatırladırdı ki, indiki böyük sürət dövründə qazandığınla kifayətlənib dayanmaq, geri qalmaq deməkdir, ona görə də işdə qüvvə və bacarığını əsirgəmirdi.

Onu fikir-xəyaldan, bu rabitə idarəsində iyirmi ilə yaxın bağlamalar göndərilən şöbədə işləyən Məmməd Babanlının gəlişi ayırdı. Üzünün ifadəsindən və qapını arxasınca möhkəm örtməsindən Cəlil müəllim o saat başa düşdü ki, nə isə bir pis xəbər var, ancaq aydın məsələdir ki, nə qədər ayıq olsa da, bunun nə olacağını təsəvvür eləyə bilmədi.

Məmməd dinməzcə stola yaxınlaşdı və axşam qəzetini Cəlil müəllimin qabağına qoydu, qəzet elə qatlanmışdı ki, məqalənin iri hərflərlə yığılmış “Avtomobil fırıldaqçıları və yüngül qazanc” başlığı və onun felyeton janrına mənsub olduğunu göstərən yarımsərlövhəsi dərhal nəzərə çarpırdı.

Cəlil müəllim məqaləni oxuyur və bir kimsənin köməyi olmadan, yalnız öz bacarığı hesabına uzun illərdən bəri çətinliklə qazandığı hər şeyin necə uçub dağıldığını və məhv olduğunu hiss eləyirdi.

Məqalə Simurqun haqqında idi. Daha doğrusu, Simurqdan başqa da bir xeyli adamın adı çəkilirdi. Ancaq Cəlil müəllim öz familiyasını bir neçə yerdə gördü.

Felyetonu Cəlil müəllimin xoşuna gələn müəllif yazmışdı. Cəlil müəllim həmişə onun yazılarını bəyənir, fikrinə şərik olurdu. Bu dəfə də müəllif öz üslubuna sadiq qalmışdı. Yük avtobazası rəhbərlərinin maymaqlığından və səhlənkarlığından sui-istifadə edərək şübhəli işlərlə, fırıldaqçılıqla məşğul olan, ölkənin şimalı rayonlarına xəlvəti tərəvəz və meyvə daşıyan, müqabilində həmin iş üçün müəyyən edilmiş ən yüksək haqdan da qat-qat çox pul alan bir dəstə əliəyri adamın fəaliyyətini və onların necə ifşa olunduqlarını dəlil-sübutla qələmə alırdı.

Axırda həmişə olduğu kimi, müəllif felyetonun qəhrəmanlarının öz cəzalarını alacaqlarına əmin olduğunu bildirir və geniş ictimaiyyətdən yuxarıda, haqqında danışılan adamların və onlar kimi artıqtamah cinayətkarların əməllərinə göz yummamağı xahiş edirdi.

Felyeton Cəlil müəllimə çox ağır təsir elədi. Çox ağır. O bilirdi ki, bu cür bədbəxtliyə, müsibətə layiq deyil, elə bir günah iş tutmamışdır ki, başına da bu müsibət gəlsin, ona görə özünün özünə yazığı gəldi. Axı adamı da bu cür möhkəm, həm də gözlənilmədən vurmaq olarmı, özü də necə adamı, onu, Cəlil müəllimi. Nədən ötrü?!

Cəlil müəllim yalnız indi, son ayda olmuş bəzi xırda-para əhvalatları xatırladı, o, başı qarışıq olduğuna görə, eləcə də qardaşına hədsiz inandığı üçün bunlara fikir verməmişdi.

Yalnız indi başa düşdü ki, Simurq son ayda niyə bircə dəfə də səfərə çıxmamışdı. Axı felyetonda açıq deyilirdi ki, sayıq avtomobil müfəttişi onun sürücülük vəsiqəsini bir ay bundan qabaq almışdır, bəlkə də aydan bir az artıq olardı.

Bir də Cəlil müəllimə o ağır gəlirdi ki, qardaşı ona heç bir şey deməmişdi, əhvalatı, ailəsində, evində olub-keçənləri o, şəhər qəzetindən öyrənirdi. Bu an Cəlil müəllim aydın başa düşdü ki, axşam qəzetinin bugünkü nömrəsi onu məhlə adamları arasındakı nüfuzunun və hörmətinin üstündən birdəfəlik qələm çəkir, indiyə kimi təmiz, ləkəsiz familiyalarına təmizlənməsi, yuyulması mümkün olmayan qara yaxır.

Cəlil müəllim başını qaldırdı, qabağında dayanmış Məmməd Babanlını gördü. O, Məmmədin otaqda olduğunu tamam unutmuşdu.

Cəlil müəllim təzədən başını aşağı saldı.

Məmməd müdirinin aşağı əyilmiş başına bir xeyli də baxdı və dilxor-dilxor köksünü ötürdü. Onlar çoxdan tanışdılar – o vaxtlar Cəlil müəllimin hələ əsasən cəbhədəki və arxadakı vəziyyətdən yazan qəzet bağlamaları daşıyırdı. Məmməd isə hərbi xəstəxanadan gəlmişdi, yaraları sağalandan sonra təzəcə işləməyə başlamışdı.

Məmməd hər il, özünün dediyi kimi: “həyata qayıtdığım möcüzəli günü” təntənə ilə qeyd edir, böyük qonaqlıq verirdi. Məmməd o günü – tələsik geri çəkilən tibb hissəsi sanitarlarının onu təsadüfən, qaranlıqda çayın sahilində, ölü kimi özündən getmiş halda tapıb katerlə səhra hərbi xəstəxanasına aparmalarını heç kimə danışmamışdı.

O, huşunu itirənə kimi, uzun saatlar ərzində nə müsibət çəkdiyini də bir kimsəyə deməmişdi...

Məmməd sağ ayağını çəkə-çəkə balaca pəncərə ilə üstünə tərəzi qoyulmuş stolun arasında vurnuxur, yorulmaq bilmədən bağlamaları qablaşdırır və sağ əli ilə, abırlı-başlı adicə insan əlindən 62 daha çox xərçəng qısqancına oxşayan salamat qalmış baş və şəhadət barmağı ilə qəbz yazırdı.

Adamlar isti paltarlar yığılmış qutuların ağzını mıxlamazdan qabaq, oddan-alovdan çıxmış cəbhəçi Məmməd kişi ilə məsləhətləşirdilər, o da son qəpiyini verib cəbhədəki əziz adamı üçün isti paltar almış adama xoş söz deyir, tərifləyirdi. İlk yeddi-səkkiz ay ərzində bağlamalar sel kimi bir istiqamətə, Bakıdan qərbə gedirdi, bu bağlamalardan sarımsaq, soğan, kolbasa, duzlu balıq və başqa yeməli şeylərin iyi gəlirdi.

Məmməd həmişə Cəlil müəllimin hörmətini saxlayırdı, xətrini istəyirdi. Doğrudur, bəzən araları sərin də olurdu, bir yerdə işləyəndə bunsuz ötüşmək mümkün deyil, ancaq bu xırda söz-söhbətləri hər ikisi çox tez unudurdu. Cəlil müəllimin xətrini müstəqilliyinə və işgüzarlığına görə Məmməd çox istəyirdi, onun hələ yeniyetmə vaxtlarından nə cür olur-olsun adam olub ortaya çıxmaq arzusu, yorulmaq bilmədən çalışması Məmmədin çox xoşuna gəlirdi, eyni zamanda da təzəcə müdir qoyulduğu günlərdə tez-tez, elə sonralar da hərdənbir Cəlil müəllimin özünü çəkməsini, kübar davranışını, ədasını görəndə o öz-özünə gülürdü.

Amma indi Məmməd dinməzcə Cəlil müəllimin qarşısında dayanmışdı, ona yazığı gəlirdi, müdir başını yuxarı qaldıranda isə onun gözlərində çaşqınlıq və kədər gördü, Məmmədin aləmində bu lal yalvarış məsləhət və kömək diləyirdi.

– Axşam qəzetinə abunə yazılışı hələ gələn ildən elan ediləcəkdir, – Məmməd aram-aram dedi, o yavaş-yavaş, ehtiyatla Cəlil müəllimi hazırlamaq istəyirdi. – Nazirlikdə deyiblər ki, gələn ildən ona abunə yazılmaq olar...

Cəlil müəllim səsi titrəyə-titrəyə soruşdu:

– Abunənin bura nə dəxli var? Doğrudanmı sən elə bilirsən ki, bu saat mənim yadıma abunə yazılmaq düşür?

– Heç harada yazılmayıb ki, bir adam neçə qəzet ala bilər, – Məmməd ağır-ağır sözünə davam elədi. – Hər kəs istədiyi qədər ala bilər, məsələn, birisi bu şənbə günü rayona verilmiş tirajın hamısını ala bilər, bir başqası da həmin gün, görünməmiş işdir məgər, qəzetsiz qalar. Lap elə başqa rayonlara da getmək olar, Allaha şükür, qəzet köşklərindəki satıcıların hamısı tanışdır. Maşınımız da var.

Məmməd ötəri Cəlil müəllimin üzünə baxdı, üzündə intizar, ümid sezdi, sifətinin durulduğunu gördü.

– Bizim rayonun tirajını mən bütünlükdə saxlamışam, Səmədovdan xahiş elədim, qoydu mənim şöbəmdə, cəmi beş mindir.

Başqa rayonların köşklərində isə axşam qəzetini bir saatdan, qırx dəqiqədən sonra satmağa başlayacaqlar... Bir də bütün rayonlar bizim nəyimizə lazımdır, – təkcə Yeddinci paralel küçəsindəkini, bir də beşmərtəbənin yanındakını çatdırıb almaq lazımdır.

Sonrakı işlər elə bil duman içində baş verirdi. Cəlil müəllim dinməz-söyləməz Məmmədin ardınca getdi, maşına əyləşdi.

Əvvəlcə əmanət kassasına dəydilər, Cəlil müəllim iki yüz manat pul götürdü, sonra bir neçə köşkə baş çəkdilər. Cəlil müəllim maşının küncünə qısılmışdı, onlar köşkə çatmamış, yarım tin qalmış dayanırdılar. Məmməd tanış satıcı ilə nə isə danışır, sonra da qoltuğunda qəzet bağlaması qayıdıb gəlirdi. Cəlil müəllim neçə dəfə onun ardınca qışqırıb demək istədi ki, tez ol qəzetlərin hamısını qaytar ver, təcili satsınlar, o, vəzifəsindən şəxsi mənafeyi üçün istifadə etmək istəmir...

Məmmədi saxlamaq istəməsi Cəlil müəllimin yadında dəqiq qalmışdı. Amma saxlamamışdı. Əksinə, dinməzcə, sözünü kəsmədən Məmmədin mühakimələrini dinləmişdi, bütün bu üzücü səfərin əvvəlindən ta axırına kimi Məmməd elə hey deyirdi ki, o dəqiqə çıxardıb pulunu nağd verirsə, onda hər bir vətəndaşın ömründə bir dəfə on min nüsxə qəzet almağa haqqı var.

O, şövqlə, səmimi danışırdı, tutduqları işə heç bir məna vermirdi, ona görə də Cəlil müəllimə bir neçə anlığa elə gəldi ki, Məmməd haqlıdır, o heç bir pis iş görmür, bərk ayaqda cibinin pulunu verib qəzet alır. Ancaq həmin gündən sonra bir fikir, cinayət eləməsə də hər halda, çox ləyaqətsiz bir işə qoşulması fikri ona çox əzab verirdi, Cəlil müəllim fikirləşirdi ki, indi bu əhvalatdan sonra gələcəkdə o hələ nə qədər səy göstərməli, çalışmalıdır ki, həmin günü unuda bilsin.

Cəlil müəllim hava qaralanda evə qayıtdı. Məmmədlə köməkləşib qəzet bağlamalarını həyətə daşıdılar, çinçin eyvanın o başına yığdılar, Cəlil müəllim arvadına və uşaqlarına bərk-bərk tapşırdı ki, qəzetlərə heç kim əl vurmasın.

Məmməd nahar elədi, axşamdan xeyli keçənə kimi oturdu və qonşulardan heç birinin felyetonu oxumadığına tamam arxayın olandan sonra çıxıb getdi. Aydınlıq şənbə axşamında Cəlil müəllimə baş çəkməyi özünə borc bilən adamların sorğu-suala başlamamaları da onu xatircəm etdi.

Məmməd çoxdan getmişdi, evdəkilərin hamısı yatmışdı, amma Cəlil müəllim qaranlıqda eyvanda oturmuşdu, məhəccərə dirsəklənib haradasa ləngimiş Simurqla ciddi və xoşagəlməz söhbətə hazırlaşırdı.

Çox gözlədi, sonra bugünkü yorğunluq və həyəcan üstün gəldi, qazanların sakitlik gətirən uğultusu və həyətdə cırıldaşan cırcıramaların səsi altında yuxuya getdi.

Cəlil müəllim kiminsə yavaşca çiyninə toxunduğunu hiss eləyib, yuxudan ayıldı. Gözünü açdı, ala-toranlıqda qardaşının sifətini gördü.

Simurq astadan dedi:

– Axşamın xeyir.

Cəlil müəllim qardaşının üzünə yuxulu-yuxulu baxırdı, uzun mürgüdən hələ tamam ayılmamışdı. Təbiətin xəsisliyi üzündən insanlara çox fövqəladə halda, cəmisi bir neçə anlığa qismət olan bir vəziyyətdə idi, bu zaman insanın beynini heç nə məşğul eləmir və o, vaxtın heç kim tərəfindən hesablanmamış anları ərzində onu əhatə eləyən aləmi, heç bir şey fikirləşmədən, heç bir şey xatırlamadan dərk eləyir. Cəlil müəllim qardaşını görəndə xoş, sakitləşdirici bir sevinc duydu. Bu sevinc ona Simurqdan keçirdi. O, sevinc duydu və bu sevinc onu güldürdü, bu qısa gülüş elə bil Cəlil müəllimin sinəsinin dərinliklərindən gəlirdi.

Simurq əlini onun çiynindən götürmədən dedi:

– Elə yaxşı yatmışdın ki, ağadadaş, qıymırdım oyadam.

Cəlil müəllim soruşdu:

– Çoxdan gəlmisən?

– İndicə, bu dəqiqə gəlmişəm. Qarpız gətirmişəm, sən otur, mən bu saat kəsib gətirərəm.

Onlar şirin, sərin qarpız yeyirdilər, Cəlil müəllim Simurqla ciddi söhbətə nədən başlayacağını götür-qoy eləyirdi. O, əllərini yudu, Simurq qarpız qabıqlarını stolun üstündən yığışdırıb atana və işığı yandırana kimi gözlədi. Cəlil müəllim dinməz-söyləməz Simurqu dəhlizin küncünə yığılmış qəzet qalaqlarının yanına apardı.

Simurqun gözləri kəlləsinə çıxdı, qəzet qalağına baxa-baxa soruşdu:

– Bu nədir?

Cəlil müəllim dedi:

– Xəcalətdən tər tökə-tökə qəzet köşklərini gəzib bugünkü qəzetin bütün nömrələrini almışam.

– Niyə? – Simurq soruşdu. – Bu qədər qəzet nəyinə lazımdır? – Cəlil müəllim onun səsində təəccüb nişanəsi duydu. – Olmaya sən bu qəzeti, felyeton çap olunmuş qəzeti almısan? Məndə var. Birini almışam.

Simurq cibindən bir əzilmiş qəzet çıxartdı, döşəmənin üstünə qalaqlanmış, ən az uduşlu lotereyadan da fərqli olaraq içərisində tək bircə dənə uğurlu nüsxə olmayan neçə min qəzetin birini.

Cəlil müəllim dilxor-dilxor dedi:

– Doğrudanmı mən bunu sənə hələ izah da etməliyəm? – Ailəsinin mənafeyi naminə, Simurqun və özünün təmiz adı naminə nə cür işə girişdiyini qardaşının başa düşməməsi Cəlil müəllimə yaman yer elədi. – Biz danışmalıyıq.

Danışdılar. Simurq dedi ki, işində möhkəm qanqaralıq olmuşdu, ona görə də işdən çıxmağa məcbur oldu. Sürücülük vəsiqəsini qaytardılar, işdən azad elədilər. O, əlbəttə qeyri-qanunu işlərdə əli olduğunu bilirdi, ancaq bu fırıldaqlarda fəal iştirak eləmirdi, eləbelə, işdən sonra səfərlərə çıxır və dilini saxlayırdı, bunun müqabilində də ona yaxşı pul verirdilər. Onu məhkəməyə verməyəcəklər, saxta sənədlərdə əli olmadığını, eləcə də təmiz keçmişini, ordudan verilmiş gözəl xasiyyətnaməsini nəzərə alıblar.

Simurq dedi ki, bədbəxtlik üz verəndən sonra, əlbəttə, qardaşını yad adam hesab elədiyinə görə yox, sadəcə qanını qaraltmaq istəmədiyi üçün heç bir şey deməmişdir.

– İndi başa düşdünmü ki, onda sənə “şoferliyə getmə” deyəndə haqlı idim? Yadındadır, sənə necə yalvarırdım? Sözümə qulaq assaydın, heç bu rüsvayçılıq da olmazdı!

– Nə rüsvayçılıq? Mən nə oğurluq eləmişəm, nə də adam öldürmüşəm, elə-belə, bir xatadır eləmişəm. İşdir olub. Kimin başına gəlmir?

Cəlil müəllim dedi:

– Sən heç olmasa məni fikirləşəydin. Ailəmizi tanıyan adamları nəzərə alaydın...

– Olmaya qonşularımızı deyirsən? – Simurqun səsində əsəbilik duyuldu. – Cəlil, niyə sən indi mənə qonşulardan söz salırsan?

Mənim qonşularımızla nə işim var?

Onlar çox söhbət elədilər, Cəlil müəllim hiss eləyirdi ki, Simurq ona ehtiram və hörmətlə qulaq asır, ancaq sifətində nə isə qəribə bir ifadə var, elə bil ki, Cəlil müəllimin dediklərinin hamısını o, çoxdan bilirdi, ona görə söhbət çox da maraqlı deyildi. Doğrudur, axırda o, qardaşının dediklərinin hamısı ilə razılaşdı və söz verdi ki, başqa işə gedəcək, şoferlik eləməyəcək. Ancaq könülsüz-könülsüz, demək olar ki, etinasız razılaşdı, nə isə öz aləmində idi.

Cəlil müəllim:

– Bəlkə sənə bir köməyim dəydi? – deyə soruşdu və Simurqa bu sualı verməsinə elə həmin dəqiqə, özü də çox möhkəm peşman oldu.

– Sən? – Simurq təsvirəgəlməz bir təəccüblə soruşdu. O, başını qaldırıb diqqətlə, dodaqlarında çətinliklə sezilən təbəssüm, Cəlil müəllimin üzünə baxdı. – Mənə sənin nə köməyin dəyə bilər?

– Fikirləşərik, – Cəlil müəllim bir az duruxandan sonra dedi. – Fikirləşmək lazımdır. – O, deməyə söz tapmırdı, ona görə də alnını ovuşdururdu. – Fikirləşmək lazımdır. Məsləhətləşmək...

– Heç kimlə məsləhətləşmək lazım deyil, Cəlil, – Simurq mülayim-mülayim dedi. – Mən balaca uşaq deyiləm, özüm iş taparam.

Sən narahat olma, hər şey kefin istəyən kimi olacaq. Yaxşı? – O, qardaşının nə cavab verəcəyini gözlədi, amma Cəlil müəllim dinməzcə başını tərpətdi. – Mən bəzi şeylər fikirləşmişəm. Əməllibaşlı yerinə yetərəm, sonra bu günlərdə hər şeyi sənə danışaram.

Gecən xeyrə qalsın.

O öz otağına getdi. Cəlil müəllim isə hələ yatağına girməmişdən qabaq xeyli vaxt qaranlıq eyvanda oturdu, qəzet köşklərini gəzməsini, Simurqla söhbətini bütün təfsilatı ilə yadına saldı, ürəyinə qüssə doldu, güzgüyə baxıb, öz sifəti əvəzinə qəflətən başqa bir üz – yazıq baxışlı yad, miskin bir sifət görən, eyni zamanda da bundan belə həmin sifətin onun olacağını, ondan heç cür yaxa qurtara bilməyəcəyini başa düşən adam kimi özünü itirdi.

Simurq çox işsiz qalmadı. İş tapması bir həftə, bəlkə də bir az artıq çəkdi. Səhər tezdən evdən çıxır, axşam qayıdırdı, şam vaxtı həvəslə danışırdı ki, ürəyinə yatan iş axtarır, elə yer istəyir ki, çox 67 pul versinlər, iş maraqlı olsun, ən başlıcası isə vaxtını çox almasın, çünki gələn il ya axşam, ya da qiyabi institutda oxumaq istəyirdi, imtahanlara hazırlaşmalı idi. Deyirdi ki, lap az qalmışdı o cür bir yer tapsın, maaşı da yaxşı, bütün ayı sərasər xərclə, yenə də qurtara bilməzsən, ilin axırında da mükafatını zərfin içində gətirib qoyurlar stolun üstünə, səhərlər də işə gedəndə hər işçinin dalınca qapısına maşın gəlir, özü də bu gözəl idarənin rəhbəri xeyli dilə tutandan sonra o, az qalmışdı ki, işləməyə razılıq versin, ancaq bir şərti eşidəndə başını götürüb qaçdı. Bu yerdə Simurq susdu, özünü başı yeməyə qarışmış kimi apardı, sözünə ara verib, söhbətə çox gərgin, diqqətlə qulaq asan, sadədil Leyla xanımın, – görəsən, bu necə dəhşətli şərtdir ki, ona görə Simurq işləməyə razı olmamışdır, – sualından sonra dedi ki, o hər necə olur-olsun ağ əlcəkdə, qara qalstukda işləməyə razı olan deyil, tapdığı yerdə isə bu məcburidir, bu şərti heç cür pozmaq olmaz. Leyla xanım onu dilə tuturdu ki, bir əməlli-başlı fikirləşsin, belə boş şeydən ötrü o cür gözəl işi əlindən çıxartmasın, amma Simurq sözünün üstündə möhkəm dururdu; Leyla xanımı başa salırdı ki, adam gərək uzaqgörən olsun, bu gün işə ağ əlcəkdə getməyə razılıq verərsən, sabah səni könlün qətiyyən istəməsə də, quru kütüm balığı ilə pivə içməyə məcbur eləyərlər.

Leyla xanım hirslənib əlini-əlinə vurur və deyirdi ki, Simurqun bu cür vasvası və tərs adam olduğunu ömründə ağlına gətirməzdi.

Cəlil müəllim arabir gülümsünə-gülümsünə bu söhbətlərə qulaq asır, ancaq qardaşına iş barəsində heç bir sual vermirdi.

Bir axşam isə Simurq evə kefi kök qayıtdı və dedi ki, nəhayət, ürəyinə yatan, xoşuna gələn iş tapıb, həm də bu işdə qalstuk, ağ əlcək barədə heç söhbət açan da olmadı.

Ümumiyyətlə, demək olar ki, bütün qadınlar kimi, zahiri firavanlığa, təmtərağa çox əhəmiyyət verən Leyla xanım soruşdu:

– Səhərlər dalınca maşın da gələcəkmi?

– Maşını soruşmaq yadımdan çıxdı. – Simurq təəssüflə cavab verdi, – amma dəqiq bilirəm ki, katerim olacaq, hərdən vertolyot da olacaq. Sən, Leyla xanım, heç vertolyotda uçmusan?

Cəlil müəllim bunun zarafat olmadığını başa düşdü:

– Harada işə düzəlmisən?

– Təsadüfən oldu, ancaq mənə elə gəlir ki, bəxtim gətirib, – Simurq çəkinə-çəkinə danışırdı, hiss olunurdu ki, qardaşının kön- 68 lünü almaq, onu razı salmaq istəyir. – Zaur Nağıyevə rast gəldim, çoxdan görmürdüm, orta məktəbi bitirəndən bəri birinci dəfədir ki, görüşürdük. Yadına gəlirmi, ağadadaş, o hərdən bizə gəlirdi?

– O, baş milis idarəsində işləyən, arvadından ayrılan kişinin oğlu?

– Hə, hə... O indi neft institutunda qiyabi oxuyur, bu yaxınlarda bitirməlidir. İşgüzar oğlandır, boş-boş danışan adam deyil. Məktəbi qurtaran kimi işə girib. İndi buruq ustasıdır, institutu bitirən kimi də sahə rəisi təyin eləyəcəklər, qəti söz veriblər. O, dəniz neft qazma idarəsindədir. On gün dənizdə olur, əvəzində on gün də evdə.

– Aydındır. Neft daşlarında işləyir?

Simurq dedi:

– Ona oxşar bir şeydir, amma bir az ayrı cürdür, onlar yeni özülləri istifadəyə verirlər. Zaur hər şeyi mənə ətraflı başa salıb, dənizdə polad ada salınan kimi, onlar bu adada işləməyə başlayırlar...

Cəlil müəllim dedi:

– Hər şey aydındır. Elə bir yaxşı iş deyil. Təhlükəli işdir. Gecəgündüz açıq dənizdə. Ancaq bir şeyi başa düşə bilmirəm, orada sən nə iş görəcəksən, sən ki, neftçi deyilsən?

– Bu dəqiqə hamısını sənə başa salım, – Simurq tələsik qardaşının sözünü yarımçıq kəsdi. – Əvvəla, heç bir təhlükəsi yoxdur.

Zaur mənə hər şeyi danışıb, deyir ki, bircə dilxorçuluğu var, qəfil xəzri başlayanda, işdən artıq bir neçə gün də dənizdə qalmalı olursan, ancaq bunun əvəzinə, neçə gün artıq qalmısansa, o qədər də istirahət verirlər, ikincisi, onlara dizelçi lazımdır, mən də dizeli beş barmağım kimi bilirəm, orada maaş da şəhərə nisbətən ikiqat çoxdur, üstəlik planı dolduranda, mükafat da düşür, planı da onlar hər ay artıqlaması ilə yerinə yetirirlər. Hələ hər il, staja görə, maaşın artmasını demirəm. Çox vacib bir məsələ də var, – Simurq dedi, – institut məsələsi: dəniz neftçilərini birinci növbədə götürürlər, qiymətlərinin necə olmasının əhəmiyyəti yoxdur, təki imtahanların hamısını verə bil, lap hamısı üç olsun. Hansı kurorta desən putyovka da verirlər. Kefin haranı istəyirsə, ora da get.

Cəlil müəllim dedi:

– Özün bilərsən. Bir halda ki, girmisən, daha danışmağa dəyməz.

Ancaq mən istəməzdim ki, doğma qardaşım gecə də, gündüz də dənizdə suyun içində olsun, guya bu böyüklükdə şəhərdə ona iş tapılmır... Adamlar kənddən-kəsəkdən Bakıya qaçırlar, işə girirlər, 69 hara gedirsən işçilərin hamısı keçmiş kəndçilərdir, akademik olurlar, amma sən... – Cəlil müəllim dilxor-dilxor əlini yellətdi.

Simurq dedi:

– Hər şey lap yaxşı olacaq, Cəlil. Mən bu gün ora getmişdim, əsl mənim yerimdir. Müstəqil işdir, yaxşı qazanmaq da mümkündür, gələcəyi də var.

Cəlil müəllim nisgilli-nisgilli soruşdu:

– Bəs tibb institutuna girmək fikrin yoxdur?

– Nə danışırsan! Ömrümdə bircə dəfə hərbi xəstəxanada olmuşam, qolum zədələnəndə, dərmanların iyindən az qalırdı öyüyüm.

Həkimlik mənim işim deyil.

Leyla xanım dedi:

– Sən heç hərbi xəstəxanada yatdığını bizə yazmamısan.

– Elə bir ciddi iş deyildi. Qolum çıxmışdı, yerinə saldılar, beş gün saxlayıb buraxdılar. Orada mən necə qorxular keçirmişəm, yox, həkimlik mənim işim deyil.

– Demək, qəti fikrindir?

Simurq dedi:

– Bəli.

– Eyibi yoxdur. Nə deyə bilərəm ki? Allah amanında. Mənim istədiyim bircə odur ki, sənin bütün işlərin yaxşı olsun.

– Bilirəm, ağadadaş.

Simurq təzə işdə elə qızışmışdı ki, heç onu tanımaq olmurdu.

Hər dəfə növbədən qayıdanda bir neçə gün üst-başından neft və dəniz iyi gəlirdi, işi haqqında Simurq çox həvəslə, şövqlə danışırdı, ev adamları və qonşular bu söhbətlərdə çoxlu yeni və maraqlı şeylər eşidirdilər, bu da təəccüblü idi ki, lap böyürlərində olan, bütün qəzetlərin haqqında yazdığı, televizorda göstərdiyi həmin bu Neft daşlarında heç kimin təsəvvür eləmədiyi işlər, əhvalatlar vardı.

Həmin bu süni adalarda, ümumiyyətlə, bütün Neft daşları ərazisində içkinin qəti qadağan olduğunu və bu qaydanı ən böyük rəisdən tutmuş ta Neft daşlarına bircə günlüyə gəlmiş jurnalistə kimi, heç kimin pozmağa cəsarət etmədiyini eşidəndə hamı hədsiz dərəcədə təəccübləndi.

Neft daşlarına gətirilmiş adicə televizorların təkcə Bakı və Moskva proqramlarını deyil, hərdən başqa kanallarda qəflətən Həştərxanı, Krasnovodsk, Pyatiqorsk və başqa naməlum xarici stansiyaları da demək olar ki, tərtəmiz tutmasına təəccüb elədilər.

Hər şeydən görünürdü ki, Simurq öz işindən razıdır və bu işdən əl çəkmək fikri yoxdur. Hər dəfə söhbət eləyəndə Simurq təhlükəsizlik qayda-qanunlarını müfəssəl təsvir eləyir, xüsusi təhlükəsizlik xidmətinin sərəncamına verilmiş ən müasir vertolyotları və katerləri sadalayırdı, Cəlil müəllim başa düşürdü ki, qardaşı bunu onun xatirinə eləyir.

Simurq dedi:

– Sən, xahiş eləyirəm, heç bir şeydən nigaran qalma. Mənə orada heç nə olmaz. İşim yaxşı işdir... Mənə elə gəlir ki, sən deyəsən nədənsə narazısan. Allah xatirinə de, sən necə buyursan, o cür də eləyəcəyəm.

Cəlil müəllim dedi:

– Mən səndən razıyam. Bir də mən çox şey istəmirəm, təki sağsalamatlıq olsun. – Son vaxtlar Cəlil müəllim özündə getdikcə artan, nə isə ona tamam yad olan bir laqeydlik duyurdu. İşə o qədər həvəslə getmirdi. Əlbəttə, bu qətiyyən o demək deyildi ki, Cəlil müəllim qulluq işində daha əvvəlki kimi səy göstərmirdi, səhlənkarlığa başlamışdı, xeyr; ancaq qulluq onun gözündə hər işdə cazibə qüvvəsini itirmişdi.

İndi o, nə isə bir səhv iş tutmuş, teleqramı, yaxud başqa məktubu vaxtında çatdırmamış, ya da ünvanına düz yetirməmiş işçini yanına çağırıb qısaca danlayır və buraxırdı, daha saxlayıb tərbiyə məqsədilə uzun-uzadı söhbət eləmirdi, ilk nəzərdə o qədər əhəmiyyətli görünməyən səhvin insanın həyatında nə cür faciəyə səbəb ola biləcəyini aydın göstərən misallar çəkmirdi, öz həyatından və yaxşı tanıdığı, hörmət elədiyi adamların həyatlarından ibrətamiz əhvalatlar danışmırdı.

İndi kollektivin ümumi yığıncaqları ərəfəsində evdə çıxışa hazırlaşmırdı, çıxış eləyəndə hamıya çox qəribə gəlsə də, qısa danışırdı, yalnız bilavasitə iclasa dəxli olan məsələlərə toxunurdu.

Cəlil müəllim başqa xırda məsələlərdə də dəyişmişdi, məsələn, həyasız-həyasız rabitə şöbəsinin binasında papiros çəkən yeniyetmə oğlanın yanından iyrənirmiş kimi üz-gözünü turşudub keçirdi.

Qabaq vaxtlar olsaydı, Cəlil müəllim onu çəkib “Burada papiros çəkmirlər” lövhəsinin qabağına gətirər və camaat arasında bu yeniyetməyə bir neçə təsirli söz deyib, abrını elə alardı ki, ondan sonra həssas, az-çox abırı-həyası qalmış adam, nəinki rabitə şöbəsində, 71 yaxud deyək ki, maqazində, hətta üzdəniraq, heç kişi ayaqyolunda da ömründə papiros çəkməzdi, çünki buraya da bəzən sinəgir və başqa ürək-damar xəstəliyi olan adamlar girirlər. Məmmədnən də onun münasibəti dəyişmişdi. Əgər qabaqlar Cəlil müəllim onunla uzun-uzadı söhbət eləyirdisə, indi yalnız iş barəsində danışır və qalan vaxtlar, Məmməd həmişə – yaman gündə də, yaxşı gündə də – etibarlı yoldaş, hətta demək olar ki, etibarlı dost olsa da, ondan uzaq dolanmağa çalışırdı.

Bir də, əvvəllər Cəlil müəllimdə heç görünməmiş işdi, indi qulluqda olanda, demək olar ki, bütün vaxtı səbirsizliklə iş gününün qurtarmasını gözləyir və nəşə ilə axşamı, evini, yaxud bağını düşünürdü.

Yol uzunu tanış-bilişləri ilə görüşür, yeniliklərdən söhbət açır, mülahizələrini söyləyirdi, həmişə olduğu kimi, evə yaxınlaşanda mütləq Manafın ailəsindən bir adama – ya Manafın özünə, ya da onun meymun kimi aramsız tum çırtlayan arvadına, yaxud da qızına rast gəlirdi, ancaq axır vaxtlar Dilbər Cəlil müəllimin qabağına azaz çıxırdı, daha əvvəllər olduğu kimi sevinə-sevinə, həyasız-həyasız üzünə gülümsəmirdi, ciddi salam verirdi, özü də indi əyin-başı da abırlı idi, sadə, qaydasında qısa paltar geyirdi, yalnız qəşəng baldırları görünürdü. Bütün dəyişikliklərin hamısını Cəlil müəllim Dilbərə kollektivdə işləməyin yaxşı, faydalı təsiri kimi izah eləyirdi, ona görə də həmin gün qızı aptekə işə düzəldəndə əkdiyi toxumun, deyəsən, yaxşı bar verdiyinə sevinirdi.

Cəlil müəllim hər gün bağda işləyir, arılarla əlləşir, onların həyat tərzinə məmnuniyyətlə tamaşa eləyir, bağı suvarır, təpir, meynələrin başını vurur, meyvə ağaclarının və adamın gözünükönlünü oxşayan, mənzərə yaratmaq üçün əkilmiş bəzək ağaclarının artıq zoğlarını kəsirdi.

Qardaşını o, sahildə olan günlər, hər gün nahar və günorta yeməyi vaxtı görürdü. Simurqun işləri yaxşı gedirdi. Bu, aydın hiss olunurdu.

Simurq bir neçə dəfə qardaşından ona pul lazım olub-olmadığını soruşdu, zorla pul vermək istədi, ancaq Cəlil müəllim hər dəfə cavab verdi ki, ona pul lazım deyil, öz maaşı artıqlaması ilə bəs eləyir.

Tez-tez axşamlar Simurqun yanına əksəriyyəti elə özü yaşda yoldaşları gəlirdilər. Simurq hər dəfə qardaşını da dəvət eləyirdi, 72 Cəlil müəllim nəzakət xatirinə yarım saat oturur, sonra durub gedirdi, onlara sıxıntı vermək istəmirdi. Bu cavanların hər şeyə, onun mülahizəsinə görə, qətiyyən gülməli olmayan şeyə də gülmələri Cəlil müəllimi mat qoyurdu. Cəlil müəllim əvvəl bunu onların cavanlıqları ilə bağlamaq istədi, ancaq özünün Simurq və onun yoldaşları yaşda olanda bu cür olmadığını, düşüncəli və təmkinli olduğunu, özünü məclislərdə heç vaxt belə yüngül aparmadığını xatırlayıb, labüd nəticəyə gəldi ki, bu cavanların tərbiyəsində çatışmazlıqlar var, bu çatışmazlıqları dəf etmək isə təəssüf ki, mümkün deyil. Simurqun yanına tanış və tanış olmayan adamların çox bivaxt, səhər, axşam, çox vaxt isə gecəyarısı gəlmələri də Cəlil müəllimi əsəbiləşdirirdi. Görünür, bu cür vaxt-bivaxt gedibgəlməyi orada, öz aralarında vərdiş eləmişdilər. Qısası, ev dönmüşdü karvansaraya.

Cəlil müəllim çox dözdü, özünü saxladı, ancaq sonra yenə də bir gün söhbət vaxtı bu barədə Simurqa ötəri işarə vurdu.

Simurq dedi ki, çox gediş-gəlişin qardaşının və onun ailəsinin istirahətini poza biləcəyi fikir onun özünü də çoxdan narahat eləyir, ona görə də Cəlil müəllimdən xahiş elədi ki, yanına gəlib-gedənlər üçün həyətin dal darvazasını açsınlar; bu darvazanı lazım olmadığına görə lap çoxdan, hələ mərhum ataları mıxlamışdı, Simurqun otağının qapısı həyətin bu səmtinə baxırdı.

Cəlil müəllim razılıq verdi və bu cür sadə şeyin niyə ağlına gəlmədiyinə təəccüb elədi, sonra da dedi ki, həyətin o hissəsini – bomboş, bərbad hala düşmüş, bütün bu illər ərzində gərəksiz şeylər zibilliyinə çevrilmiş hissəsini bir az abıra salmaq lazımdır. Simurq onun fikri ilə razılaşdı və dedi ki, o sahənin hamısını özü təmizləyib, yaşıllaşdıracaqdır.

Cəlil müəllim onun niyyətini bəyəndi, ancaq qardaşının həvəsinə gülümsünüb, xahiş elədi ki, bu işə çox da baş qoşmasın, çünki ağac əkmək hədsiz vaxt, zəhmət və qayğı istəyir. Bu bağı əməlli-başlı bağ halına salmasının neçə il çəkdiyini xatırlatdı.

Simurq güldü və dedi ki, çalışıb həyəti özü abadlaşdırar, Cəlil müəllimə əziyyət verməz, qardaşının onsuz da qayğısı çoxdur.

Ertəsi gün Simurq iki fəhlə gətirdi, həyətin dal darvazasını açdılar, köhnə, sınıq-salxaq şeyləri yığışdırdılar, üç günün ərzində Simurqun göstərdiyi yerlərdə çoxlu çalalar qazdılar. Sonra həyətə bir-birinin dalınca qalaqlama peyinlə dolu iki yük maşını girdi.

Simurq Cəlil müəllimə dedi ki, peyini ət kombinatından almışdır, maşını beş manata lap yalvarıb verirlər.

Heyrətdən özünü itirmiş Cəlil müəllim gözünü yumub-açmağa macal tapmamış, cəmisi bir neçə günün ərzində həyətin ikinci yarısı müxtəlif ağaclarla doldu, özü də elə belə sısqa tinglər yox, iri, gövdəli, başları səliqə ilə vurulmuş ağaclar. Ağacları Simurqun yaşıllıq təsərrüfatı trestində işləyən aqronom tanışı dövlət qiymətinə seçib almışdı.

Simurqun əkdiyi ağaclar meyvə ağacları idi, əksəriyyəti də Cəlil müəllimin sahəsindəki kimi, qara və ağ tut, gilas, ərik, nar ağacları idi, üstəlik indi həyətdə təzə bir kənd təsərrüfatı bitkisi də peyda olmuşdu – qoz ağacı. Ağacların, demək olar ki, hamısı tutdu və elə həmin bahar yamyaşıl zoğ atdı.

Simurqun bağına tamaşa eləməyə hətta qonşu küçələrdəki tanışlar da gəlirdilər. Onlar bağa heyran qalır, Simurqdan soruşurdular ki, bu möcüzəni necə yaratmışdır, az vaxt içində, əngəlsiz-əziyyətsiz həyəti bu cür necə yaşıllaşdırmışdır. Qonşular ət kombinatının, yaşıllıq təsərrüfatı trestinin telefon nömrələrini yazıb götürürdülər. Bir şey Cəlil müəllimi xüsusilə heyrətə salırdı: onlar Simurqdan məsləhət istəyirdilər, soruşurdular ki, onların həyətlərinin mikroiqlimi şəraitində hansı ağacları əksələr daha yaxşı olar.

Bağın içindən keçəndə mərifətlə qonşular mütləq Cəlil müəllimi də təbrik eləyirdilər, ancaq bağbanlıqdan qətiyyən söz salmırdılar, məsləhət almırdılar.

Bir sözlə, Simurq qonşuların gözündə çətin aqronomluq və əkinçilik işində çox nüfuzlu mütəxəssis olmuşdu.

İndi dostları, elə çox vaxt qonşuları da Simurqun yanına təzə darvazadan gəlirdilər.

Həmin gün Cəlil müəllim evə həmişəki vaxt qayıtmışdı. Arvadı eyvanda süfrə açırdı, uşaqlar da evdə idi.

Cəlil müəllim ev paltarını geydi, əl-üzünü yudu və xörək hazır olana kimi həyətə düşdü. Sonra Simurqa məktub gətirdiyini xatırladı və qərara gəldi ki, həm aparıb otağında məktubu versin, həm də yadına salsın ki, nahar vaxtıdır. Ordudan qayıdandan sonra Simurqa müxtəlif şəhərlərdən çoxlu məktub gəlirdi. Ömründə rəsmi məktublardan və təbrik məktublarından savayı heç bir şey almayan Cəlil müəllim, bu məktubları ucadan oxuyanda, Simurqa çox maraqla qulaq asırdı. Əsgərlik yoldaşları əsasən öz güngüzəranlarından, işlərindən yazırdılar. Cəlil müəllim məktubu götürüb Simurqun otağına tərəf getdi. Onun otağına çathaçatda, hələ dəhlizdə, gülüş səsi eşitdi, qan beyninə vurdu, gülüşmə Simurqun otağından gəlirdi. Cəlil müəllim Simurqun otağına qapını döyməmiş girdi, çünki otağın qapısı aralı idi, içəridən gülə-gülə nə isə danışan qardaşının səsi gəlirdi. Cəlil müəllim otağa girdi və kandarda dayandı, ona görə kandarda dayandı ki, bilmirdi necə eləsin, salam verib otağa keçsin, ya dinməzcə dönsün və çıxıb getsin.

Dilbər çarpayının üstündə oturub üzüm yeyir, eyni zamanda gülümsünə-gülümsünə lap böyründə, alçaq kətilin üstündə oturmuş Simurqa baxırdı.

Cəlil müəllimi görəndə təbəssüm Dilbərin üzündən qeyb oldu, gözlərinə qorxu çökdü, Simurq isə ayağa qalxıb qardaşının qabağına yeridi, salam verib yer göstərdi. Cəlil müəllim Simurqun salamını aldı, məktubu verdi, xörəyinin soyuduğunu dedi və çıxıb getdi.

İncik getdi, hirslənmiş getdi, gicgahları sancdı, başı uğuldadı.

Nahar vaxtı Cəlil müəllim Simurqu dindirmədi, qardaşı söz soruşanda bir kəlmə ilə cavab verdi.

Amma Simurq özünü elə aparırdı ki, guya heç bir şey olmamışdı, zarafat eləyirdi, hiss olunurdu ki, özündə heç bir günah bilmir.

Nahar beləcə qurtardı.

Səhər işə gedəndə Cəlil müəllim arvadına tapşırdı ki, Simurqun yanına getsin və onun adından desin ki, Dilbərin ayağı bir də bu evə dəyməməlidir, bir də çatdırsın ki, o, Cəlil müəllim, onun özündən savayı, böyük qardaşının da ailəsi yaşayan evə Dilbər tövrdə qızı gətirməyi rəva görən, mümkün hesab eləyən Simurqun hərəkətindən çox narazıdır. Cəlil müəllim Leyla xanıma tapşırdı ki, Dilbərin və onun anasının bu qapıdan necə qovulduqlarını da Simurqa danışsın.

Axşam Leyla xanım Cəlil müəllimə məlumat verdi ki, Simurq əvvəlcə heç bir söz demədi, yalnız köksünü ötürdü, ancaq sonra əl çəkməyib təkidlə soruşdum ki, bəs Cəlil müəllimə nə xəbər aparım, nə deyim? Simurq cavab verdi ki, Cəlil müəllim icazə verməyənə kimi Dilbər yanıma gəlməyəcək. Bir də Simurq dedi ki, özü qardaşı ilə söhbət eləyəcəkdir, arxayındır ki, onun razılığını alacaqdır, ona görə ki, Dilbər yaxşı qızdır, ağıllı qızdır, bir də o başa düşə bilmir ki, bu qızın pisliyinə Cəlil müəllim nə deyə bilər. Axı heç 75 kim ata-anasına cavabdeh deyil, ələlxüsus Dilbər yaşda, demək olar ki, həddi-büluğa çatmamış.

Cəlil müəllim çox dilxor oldu və Dilbərin durub-oturmalı, tanışlıq eləməli adam olmadığına Simurqu hansı dəlil-sübutlarla inandıra biləcəyini götür-qoy eləməyə başladı. Dəlil-sübut çox idi, amma Cəlil müəllim bunların bir neçəsini, ən sanballılarını seçdi.

Simurq qardaşının yanına bu barədə söhbətə gəlmədi. Ancaq Dilbər də daha onların evində görünmədi.

Gecə-gündüz bu məsələ barədə fikirləşən Cəlil müəllim rahat nəfəs aldı, özlüyündə belə qərara gəldi ki, Simurq yəqin işin nə yerdə olduğunu öyrənib, ona görə də xətərli, adamı hörmətdən sala biləcək tanışlığa son qoyub, Dilbərlə əlaqəni kəsib. Bir dəfə işdən qayıdanda onları tində görənə kimi Cəlil müəllim belə fikirləşirdi.

Onlar tində dayanmışdılar, özü də danışmırdılar, dinməzcə dayanıb, bir-birlərinin üzünə baxırdılar. Hiss olunurdu ki, bu cür dayanıb, bir-birlərinə baxmaq onlara çox xoş gəlir.

Cəlil müəllim o biri səkiyə keçdi, bu vaxt küçədə olanların çoxu fikir verdilər ki, Cəlil müəllim Simurqla Dilbər tərəfə hətta heç gözünün ucu ilə də baxmadı.

Bir neçə gün keçəndən sonra isə Simurq Cəlil müəllimə dedi ki, onunla çox ciddi bir iş barəsində söhbət eləmək istəyir. Cəlil müəllim, onlara heç kim mane olmasın deyə qardaşı ilə öz otağına çəkildi və oturub qulaq asmağa başladı. Simurq ona dedi ki, Dilbəri ürəkdən sevir, öldü var, döndü yoxdur, qız da onu sevir, bu səbəbdən də lap yaxın günlərdə onunla evlənmək istəyir.

Simurq Cəlil müəllimdən xahiş elədi ki, ailədə böyük qardaş kimi, bu işə cani-dildən girişsin, əlindən gələni əsirgəməsin və qızın atasının, Manafın yanına getsin, elçilik eləsin. Dilbəri Simurqa alsın. Cəlil müəllim qardaşına qulaq asır və onun zarafat eləmədiyini başa düşürdü, eyni zamanda da eşitdiklərinə inanmaq istəmirdi.

Cəlil müəllim stolun arxasından qalxdı, özünü qəlbə toxunan acı söz deməkdən saxlamağa çalışaraq otaqda var-gəl elədi. Ancaq eşitdikləri ürəyini ağrıtmışdı, dəhşətə gəlmişdi, hiss elədi ki, qardaşını bu rüsvayçı, demək olar ki, fəlakətli, facianə addımdan çəkindirə bilməyəcək. Hətta boğazı da tutuldu, sonra isə çətinliklə pıçıldaya-pıçıldaya dedi:

– Axı sən mənim qardaşımsan, Dilbər kimi qızla evlənmək barədə necə fikirləşə bilərsən? Sən bizim qanımızı kimin qanına qatmaq istəyirsən? Axı sənin uşaqların olacaq. Mənim yanıma söhbətə gəlməmişdən əvvəl bu barədə heç fikirləşmisən? Fikirləşmisən, ya yox?

Simurq dedi:

– Yalvarıram sənə, Cəlil, yalvarıram sənə, əsəbiləşmə. Başa düş, mən onu sevirəm. İnan mənə, Dilbər pis qız deyil.

– Məni hər şeyi açıb deməyə məcbur eləmə, elə söz var ki, mən onu sənə deməməliyəm. O cür qızla evlənmək olmaz, sən hələ uşaqsan, həyatı başa düşmürsən. Əgər kişiliyin çatırsa, unut onu.

Namusun haqda fikirləş.

Simurq dedi:

– Mən onu sevirəm.

– Sən onun anasının, elə böyük bacısının da, barmaqla göstərilən əxlaqsız olduqlarını bilirsən, ya bilmirsən? Bəlkə fikirləşirsən ki, bu onlardan yaxşı çıxacaq? Xeyr, mümkün olan iş deyil. Elə sirsifətindən məlumdur, baxan kimi aydın olur hansı yuvanın quşudur!

Bu sözləri eşidəndə Simurq ağappaq oldu, dişini-dişinə sıxdı.

– Elə danışma, Cəlil, – dedi. – Yalvarıram sənə, o cür danışma.

Axı mən onu sevirəm, mən onunla evlənirəm...

Cəlil müəllim dedi:

– Onda qardaşın olduğunu yaddan çıxart. Həmişəlik yadından çıxart. Sənin hər təqsirindən keçmişəm, amma bunu keçə bilmərəm!

Toy eləmədilər. Əgər ailənin başçısı, böyük qardaş, gəlinin üzünə baxmaq, onun ata-anası ilə üz-üzə gəlmək istəmirsə, nə toy ola bilərdi!

Yaxın dostları, qohumları Cəlil müəllimi dilə tutmaq, yola gətirmək istədilər, amma o, sözündən dönmədi ki, dönmədi. Yalnız arvadından Simurqa sifariş göndərdi ki, atalarından qalan avadanlıqdan nə istəyir götürsün və otaqlardan birini də öz otağına qatsın.

Simurq nə avadanlıq, nə də otaq istədi, dedi ki, hələlik ona heç bir şey lazım deyil, lazım olanda isə özü fikirləşib bir çarə tapar. Qardaşı ilə aralarının dəyməsinə dözə bilmirdi, iki dəfə Cəlil müəllimin yanına gəlmişdi – birinci dəfə arvadı Dilbərlə, ikinci dəfə isə təkcə. İkisində də Cəlil müəllim onu dindirmədi və üzünü elə buradaca əyləşmiş arvadına, Leyla xanıma tutub, qardaşına dedi ki, 77 bir də həyətin bu hissəsinə addamasın, ümumiyyətlə, bir vaxtlar Cəlil adında qardaşı olduğunu yadından tamam çıxartsın.

Simurq kandarda dayandı, qardaşının xasiyyətinə bələd idi, qərarının qəti olduğunu başa düşdü və çıxıb getdi. Sifəti çox kədərli idi.

Ancaq Cəlil müəllim onun sifətini görmədi, ona görə ki, qardaşı tərəfə baxmırdı, elə bil o heç otaqda yox idi, özü də qardaşı ilə, yuxarıda deyilən kimi, Leyla xanımın vasitəsilə danışırdı, bütün bu əhvalatlar Leyla xanıma çox ağır təsir eləmişdi, bir neçə dəfə ağlamışdı, həm qardaşlar danışan vaxt, həm də sonra, tək qalanda.

Zahirən sakit görünən Cəlil müəllimə göz qoyub, yeganə qardaşı ilə küsüşmələrinin onu qəlbinin dərinliklərinə kimi sarsıtmadığını fikirləşən adam çox böyük səhv etmiş olardı. Deməli, bu sadəlövh adam, dərdini büruzə verməyən, özünə hörmət eləyən kişi kimi içəridə çəkən insanlardan tamam bixəbərdi. Xətirlərini həmişə əziz tutduğu qohumları və dostları Cəlil müəllimin yanına gəlir, ona təskinlik verir və özünə, adına-sanına yaraşmayan ömür yoldaşı seçmiş, özgə bağından çirkin gül dərmiş Simurqun əməlini pisləyirdilər; hətta onda da Cəlil müəllim qardaşına münasibətini dilinə gətirmirdi, onlara axıra kimi qulaq asır, sonra söhbəti dəyişdirirdi – siyasətdən, yaxud mövcud ölkə və küçə yeniliklərindən söz salırdı.

Bəzən Cəlil müəllim, yuxudan ayılmış kimi, öz-özündən soruşurdu ki, qardaşı Simurqsuz, onu öz süfrəsinin başında görmədən, səsini, gülüşünü eşitmədən o, necə yaşayır. Ancaq dərhal da bu fikirləri özündən uzağa qovurdu, çünki qardaşı qəlbini yaman sındırmışdı.

Cəlil müəllim, özü də hiss eləmədən, yavaş-yavaşı qaraqabaq olurdu, adamlardan qaçırdı. Ancaq sifətinin qırış-qırış olduğunu, gözlərinin odunun söndüyünü hiss edirdi.

Amma həyətin o biri hissəsində həyat öz qaydasında gedirdi.

Qardaşının evinə tez-tez qonaqlar gəlirdi, onda Cəlil müəllim kababın tüstüsünü görür, iyini duyurdu. İlk vaxtlar qardaşı, adət üzrə, bir bitərəf adamnan – Dilbərin əmisi oğluynan Cəlil müəllimə bir neçə şiş kabab göndərirdi, ancaq Cəlil müəllim hər dəfə şişləri geri qaytarırdı.

Şam yeməyindən sonra Simurqgildə müsamirə başlanırdı.

Simurq özü hələ uşaqlıq vaxtlarından gözəl tar çalırdı, dəfi Dilbərin böyük bacısının oğlu vururdu, evləndikləri gündən bu oğlan gecə də, gündüz də Simurqun evindən çıxmırdı.

Dilbər pianoda özü çalır və oxuyurdu. Tünd-qırmızı rəngdə alman pianosunu Simurq bu yaxınlarda almışdı, onda, şənbə günü pianonu mağazadan evə gətirəndə qonşuların arasına yaman pıçhapıç düşmüşdü. Dilbərin məlahətli səsi vardı, yaxşı oxuyurdu, qonaqlar “ay maşallah” qışqırır, lazım olan yerlərdə hamısı bir ağızdan “muleyli”, ya da “bəri bax” deyir, onun səsinə səs verirdilər. Ancaq bu müsamirələr tək bircə dəfə də gecə yarısından o tərəfə ötmürdü, görünür, Simurq çalışırdı ki, qardaşının rahatlığı pozulmasın. Belə günlərdə Cəlil müəllimin evində hamı astadan, pıçıltı ilə danışırdı, Cəlil müəllim özü isə çəkilib qaşqabaqlı halda küçəyə açılan pəncərənin qabağında otururdu, onun ata yurdunda Dilbərin qohumları və ləçər rəfiqələri kimi nalayiq adamların toplaşması Cəlil müəllimə çox toxunurdu, ağır gəlirdi. Yayda, az qala hər gün, qonaqları olmayanda da, görünür, öz kefləri üçün müsamirə düzəldirdilər.

Yavaş-yavaş Cəlil müəllim buna da alışdı, indi o, musiqiyə də qazanların uğultusundan artıq fikir vermirdi.

Bir şey də Cəlil müəllimi son dərəcə təəccübləndirir və qanını qaraldırdı: əvvəllər Simurqu qınayan adamların hamısı yavaşyavaş elə bil ki, olub-keçənləri tamam unutmuşdular, indi Simurqla ailəliklə dostluq eləyirdilər, tez-tez onlara qonaq gəlirdilər. Bax, bu, Cəlil müəllimi tamam çaşbaş salmışdı.

Cəlil müəllim əmindi ki, prokuror Həsənovu, arvadı da yanında, qardaşının həyətində görəndə onu qətiyyən qara basmamışdı.

Cəlil müəllim bilirdi ki, o, evdə olmayanda, arvadı da, uşaqları da qardaşıgilə gedirlər və çox güman təkcə Simurqla yox, Dilbərlə də görüşüb danışırlar. Bu da onu çox dilxor eləyir və ürəyini ağrıdırdı.

Hərdən həyətin o biri yarısından səs-küy gəlirdi, hələ Cəlil müəllimin babasının vaxtından, 1891-ci ildən indiyə qədər bu evdə belə şey olmamışdı. Simurq arvadı ilə dalaşırdı.

Bir dəfə yayda, gecədən xeyli keçmiş, Cəlil müəllim yenə də onların səs-küyünə yuxudan ayıldı, tüpürüb talvardan düşdü. Arvadını ayıltmamaq üçün, asta-asta onun yanında, öz çarpayısında uzandı, tez yuxuya getməyə, hər şeyi unutmağa çalışdı.

Dilbəri o, uzaqdan, tində gördü. Qız, paltarının nazik parçasını yarıb keçən gözqamaşdırıcı isti günəş işığında lüt, həmişəki kimi cazibəli, mehriban-mehriban, gülümsünə-gülümsünə onun qabağına 79 gəlirdi. O da həmişə olduğu kimi, Dilbəri gördüyünə sevindi. Qız ona yaxınlaşdı və əllərini Cəlil müəllimin sinəsinin üstünə qoydu, qızın ovuclarının istisi onun ürəyinə axdı. “Səni lap çoxdan gözləyirəm, – qız üzünü onun üzünə söykədi. – Bu gün məni hara aparacaqsan?” Dilbərin gözlərindən sevinc yağırdı, üzünün dərisi, dodaqları və dişlərin sərin idi. Onlar qəribə, əcaib ağaclar əkilmiş hansı bir parkınsa xiyabanlarında gəzirdilər, Cəlil müəllim bir vaxt bu parkda olduğunu yəqin bilirdi, ancaq bunun hansı park olduğunu heç cür xatırlaya bilmirdi. Cəlil müəllim özündə hədsiz güc, qüvvə hiss eləyirdi, çiçəklərin xoş ətri başını gicəlləndirir, dumanlandırırdı.

O, birdən xatırladı ki, bu, oleandr çiçəklərinin ətridir. Cəlil müəllim Dilbərlə lap kolların dibinə qoyulmuş skamyada oturmuşdu.

Qız başını onun sinəsinə qoyub, anlaşılmaz həyəcanlı sözlər deyirdi, o da hələ indiyə kimi duymadığı sevinc, səadət duyurdu.

Qız onun qolları arasına rahatca yerləşirdi, ona görə də qucaqlayanda qızın həyəcanı ona da keçirdi. Cəlil müəllim onun hərarətli, titrək pıçıltılarını dinlədikcə məst olurdu. Dilbərin sözlərində ona hədsiz məhəbbət vardı. Qız Cəlil müəllimə deyirdi ki, onu ilk baxışdan, onda, tində rast gəldiyi gündən sevmişdir. Deyirdi ki, ölənə kimi ondan ayrılmayacaqdır, ona yeganə, ən istəkli sevgilim deyirdi...

Cəlil müəllim onun gözlərindən, dodaqlarından öpürdü, yer üzündə bu dəqiqə ondan bəxtiyar insan yox idi. O, ilk dəfə birbirlərinə rast gəldikləri gündən bəri hər anı xatırlayırdı və hər an ona bütün ötən ömründən əziz idi. Uzaqdan dumanlı və həzin musiqi səsi gəlirdi, Cəlil müəllim nə qədər çalışırdısa bu musiqini harada eşitdiyini yadına sala bilmirdi. Bu musiqidən onun qəlbinə ötəri kölgə kimi kədər yayılırdı... Sonra Cəlil müəllim gördü ki, xiyabanla düz onların üstünə bir adam gəlir. Yaxınlaşanda qonşusu Kərimi tanıdı, ona salam verdi, ancaq Kərim düz ötüb keçdi, nə Dilbəri gördü, nə də Cəlil müəllimi. Özü də yanlarından ötüb keçənlərin heç biri, nə Məmməd, nə prokuror Həsənov, nə Manafla arvadı, nə də başqaları, onların oturduqları skamyanı görmürdülər.

Heç kim, Məryəm xanımdan savayı; Məryəm xanım yaxınlaşıb, yanlarında bir az ayaq saxladı, ikisinin də üzünə baxdı və birdən çox məsud-məsud gülümsündü, bu cür məsud-məsud o, axırıncı dəfə yalnız mərhum əri Bayram bəyin sağlığında gülümsəmişdi.

Sonra Məryəm xanım yoluna davam etdi, sifətindən də mehribanlıq, sakitlik yağırdı. Cəlil müəllim hiss elədi ki, anası onları bir yerdə görməyinə şad oldu. Sonra Cəlil müəllim Dilbərlə oturduqları bu parkın hansı park olduğunu fikirləşməyə başladı və birdən yadına düşdü... O vaxt onun on yaşı vardı, bura məktəbdən sonra yoldaşları ilə gəlmişdi. Onlar kolluqda gizlənmişdilər, həmin bu skamyanın üstündə oturub bir qızla öpüşən əsgərə tamaşa eləyirdilər.

Cəlil müəllim bu zaman əsgərin üzünün necə güldüyünü, onun necə məsud olduğunu və uşaqlar kolluqda bağırışıb, haylamağa başlayanda qorxub ikisinin də – əsgərin də, qızın da yerlərindən necə sıçradıqlarını və qaçdıqlarını xatırladı.

O, Dilbəri qucaqladı və qız həsrət-həsrət ona qısıldı. Qızın paltarının düymələrini açdı, onun dərisi nazik, ağappaq, çəhrayı giləli bərk döşlərini gördü. Dilbər boğuq səslə dedi: “Tez ol məni öp!

Mən bilirəm, bu dəqiqə hər şey qeyb olacaq. Niyə məni öpmürsən?” O, qızın hərarətli, gözqamaşdırıcı işıq saçan gözlərini gördü, onun qızmar nəfəsini qəlbinə çəkdi və qızın uzaq əks-səda kimi gələn sözlərini eşitdi: “Bir də mənə Rəxşəndə demə, eşidirsənmi, demə! Mənim adım Dilbərdir!” Cəlil müəllim təəccübləndi, ancaq qəlbinin dərinliklərində təşviş duyub: “Mən sənə Rəxşəndə deməmişəm, bilirəm, sən Dilbərsən” dedi və yuxudan ayıldı.

O ayılmışdı, amma əlləri hələ də əsəbi halda qızın çiyinlərini sıxışdırırdı, dodaqlarında qızın dodaqlarının dadı qalmışdı. O, alatoranlıqda otaqda uzanıb, təşviş içində bu yuxunu, neçə aylardan bəri hər gecə gördüyü yuxunu xatırlayırdı. Bir neçə saniyədən sonra, səhərə kimi hər şeyi unutmaq üçün o yenidən yuxuya getdi.

Səhərlər bəzən onu nə isə anlaşılmaz, dumanlı, qırıq-qırıq xatirələr narahat edirdi, şüurunda arabir baş qaldırır, iki sevgilinin telefon danışığını, naqil qırıqlarını calaşdırmaqla, hətta bu danışıq naqildən cəmisi bircə an əvvəl keçmiş olsa da, bərpa etmək səmərəsiz, qeyrimümkün olduğu kimi, bu xatirələri də, Cəlil müəllim nə qədər səy göstərsə də, heç cür bir yerə toplaya, cəmləşdirə bilmirdi...

Nəhayət, Cəlil müəllim fürsət tapıb Uzunqulaq Kamalla və bütün tanışları ilə xudahafizləşdi, çayçı Əzizə çox yaxşı çay verdiyinə görə razılıq eləyib, küçəyə çıxdı.

Evdə o, poliklinikanın sahə həkimini gördü, həkimi Leyla xanım çağırmışdı: son vaxtlar onun böyrü ağrıyırdı. Cəlil müəllim gələn- 81 də, müayinə qurtarmışdı. Bəstəboy, saçı-saqqalı ağarmış həkim alətlərini balaca çamadana yığdı, stola yaxınlaşıb, analiz və yoxlama üçün bir neçə kağız yazdı. Hara və nə vaxt müalicəyə getmək lazım olduğunu ətraflı izah elədi, sonra xudahafizləşdi və elə çıxıb getmək istəyirdi ki, Cəlil müəllim onu saxladı, səhər yeməyinə dəvət elədi.

Uzunqulaq Kamalla söhbətdən sonra Cəlil müəllimin əsəb sisteminin ziyalı adamla ünsiyyətə ehtiyacı vardı.

Həkim saatına baxdı, fikirləşdi və dedi ki, o, səhər yeməyini yeyib, amma çox məmnuniyyətlə bir stəkan çay içərdi. Leyla xanım tez süfrə açdı, pendir, yağ, bal gətirdi.

Süfrə başında Cəlil müəllim tibb elmindən söhbət saldı, şəhər şəraitində yaşayan müasir adamın sağlamlığını qorumaq işində ən vacib və zəruri məsələlərə dair mülahizəsini söylədi. Həkim ona diqqətlə qulaq asırdı, əlini çömçə kimi eləyib qulağına tutmuşdu:

ağır eşidirdi.

– Bax, məsəl üçün, doktor, mən bunları başa salıram ki, – Cəlil müəllim başı ilə ailəsinə işarə elədi, – səhərlər adam qaydasında, bir az yüngül yeməlidir; çörək, pendir, yağ ən faydalı qidadır, amma bunlar mənim sözümlə çətinliklə razılaşırlar. Mən deyirəm ki, əgər çox yaşamaq, sağlam olmaq istəyirsənsə, səhərlər ancaq bu cür ye...

Həkim onun fikri ilə razılaşmadı, dedi ki, səhərlər işdən qabaq, möhkəm yeməyin, necə deyərlər, lazımi kalori yığmağın ziyanı yoxdur.

Cəlil müəllim qonaqla mübahisəyə girmədi. Alicənablıqla, təkid eləmədən dedi:

– Ola bilər. Ancaq bizim ailədə, hələ babamın vaxtından, yaxşı yadımdadır, səhərlər ancaq bu cür yeyərdilər. Canları da çox saf idi, elə bir ciddi azar-bezar da bilməzdilər. Özü də ömürləri uzun olardı.

Həkim mehriban-mehriban xudahafizləşdi, çamadanını götürdü və qapıya tərəf getdi. Onu qapıya kimi ötürmək üçün hamı ayağa qalxdı. Dəhlizdə həkim bir də qayğıkeşliklə Leyla xanımdan xahiş elədi ki, analizləri gecikdirməsin, sonra çaya görə minnətdarlıq elədi, şlyapasını başından götürdü və Leyla xanımın əlini öpdü.

Cəlil müəllim onun bu hərəkətinə çox dilxor oldu və dərhal dönüb otağa girdi. Həkim geri dönəndə, ev sahibini görmədi. O, yəqin 82 ki, buna təəccüb elədi, ancaq heç bir söz demədi. Yalnız xəfifcə gülümsündü. Cəlil müəllim isə o gedəndən sonra fikirləşdi ki, görkəmindən abırlı-başlı adama oxşayan bu yaşlı, nurani kişi hələ indiyə kimi özünü necə aparmağı bilmir.

Cəlil müəllim həyətə endi. Günəş xeyli qalxmışdı, isti adamın başını əməlli-başlı yandırırdı. Cəlil müəllim bir müddət möhkəm işə başlamış, açılmış çiçəklərin şirəsini çəkib, pətəklərə daşıyan arılara tamaşa elədi, ancaq o, arılara fikri dağınıq halda tamaşa eləyirdi, həmişəki ləzzəti almırdı. O, səhər suyundan sonra hələ tamam qurumamış ləkləri belləyir, işləməklə sakitləşmək və hirsini soyutmaq istəyirdi. Ayaqqabılarını çıxartmışdı, ayaqyalın işləyirdi.

Səhərdən bəri canına yığılmış enerjinin pəncəsinin dərisindən torpağa necə axdığını təsəvvür eləməyə çalışırdı, ancaq bu gün nədənsə, bunu hiss eləyə bilmirdi.

Qardaşının həyətindən səs gəlirdi. Manafla arvadı Simurqgilə gəlmişdilər. Cəlil müəllim Manafa da, onun qızına və arvadına da, Simurqa da, hamıdan çox isə özünə də nifrət elədiyini duyurdu.

Cəlil müəllim onların nədən danışdıqlarını bilmirdi, ancaq onu bu adamların səsləri, ata yurdunun həyətində vurnuxan bu adamların görkəmləri dəli eləyirdi.

Bütün varlığı nifrət və hiddətindən titrəyirdi. Cəlil müəllim hirsli-hirsli torpağı belləyir, tər axıb gözlərini tuturdu, ona elə gəlirdi ki, hiddətdən və günəşdən beyni əriyib axır. Bu hissdən yaxasını necə qurtaracağını bilmirdi, yenə gecə qardaşının həyətindən gələn səs-küy yadına düşdü və boğazının qovuşduğunu hiss elədi.

Əgər bu vaxt birisi onu danışığa tutsaydı, bircə kəlmə də cavab ala bilməzdi, ona görə ki, Cəlil müəllimin kilidlənmiş çənəsini aralamağa iqtidarı yox idi. O, beli kənara tulladı, bağda elə-belə vargəl eləməyə başladı, bir yerdə dayana, dura bilmirdi. O, heç bir şey görmür və qazanların səsindən başqa heç bir səs eşitmirdi, birdən ona elə gəldi ki, bu uğultu onun başındadır, başını tamam doldurub, zərblə kəllə sümüyünü hər tərəfə itələyərək, demək olar ki, aşkarca bayıra axır.

O, qışqırmaq istəyirdi, fəryad qəlbinin dərinliklərindən qopur, ancaq qovuşmuş boğazında ilişib qalırdı. Cəlil müəllim pətəklərdən birinə ilişib dayandı və elə bu an ona elə gəldi ki, bir dalğa zərblə sifətinə çırpıldı.

Bunun ardınca alov onun üzünün, boynunun, çiyinlərinin və sinəsinin dərisini qarsıdı, dilində və damağında mis təmi qaldı.

O, bədəninə sıvaşmış vızıldaşan, canlı arıları ikiəlli sivirib yerə tökürdü; bütün pətəyi onun canına aram-aram yayılan sərt nifrət və hiddət dalğaları, etibarlı, kortəbii özünümüdafiə duyğusu daraşdırmışdı.

Bu vaxt o, ömründə birinci dəfə qışqırdı. Bu çox dəhşətli qışqırtı idi, həyətdən çox-çox uzaqlarda eşidildi.

O öz həyətinin ortasında dayanıb qışqırır, qardaşı haqqında hər nə fikirləşirdisə deyirdi. Qardaşı haqqında, qardaşının ailəsi haqqında.

O, Simurq əsgərlikdən qayıtdığı gündən bəri bu uzun, bitməztükənməz və əzablı günlərdə ürəyinə nə yığılmışdısa hamısını qışqıra-qışqıra dedi.

Cəlil müəllim qışqırır, öz arvadı, uşaqları, qardaşının həyətindəki adamlar dinməz-söyləməz, təəccüblə ona baxırdılar. Onların gözlərində, qəlblərində kədər və qorxu vardı...

Cəlil müəllim qışqıra-qışqıra hər şeyi, hər şeyi dedi, ürəyini tamam boşaltdı. Sonra o özünü pis hiss elədi. Evə keçdi, əl-üzünü soyuq su ilə yudu, çarpayının üstündə uzandı. Barmaqlarının ucunu üzünə vurdu, sifəti yavaş-yavaş şişirdi, sonra o hiss elədi ki, havası çatışmır. Cəlil müəllim yaxınlaşıb, pəncərəni açdı. Çarpayıya tərəf qayıdanda ötəri güzgüyə baxdı, üzünün irili-xırdalı qırmızı ləkələrlə örtülü olduğunu gördü. Yenidən uzandı, arvadından xahiş elədi ki, alnına qoymaq üçün yaş dəsmal gətirsin, sonra səsi titrəyə-titrəyə, ancaq qətiyyətlə buyurdu ki, onu narahat eləməsin, həkim-zad da çağırmasın. Sonra gözlərində hər şey bir-birinə qarışdı və o, gözlərini qıydı. Bir azacıq keçmiş o, Simurqu onun üstünə əyilmiş gördü. Cəlil müəllim güc-bəla ilə çarpayıdan qalxdı. Simurqa qapını göstərdi.

– Rədd ol, – xırıldaya-xırıldaya dedi. – Bu dəqiqə rədd ol! Mən sənə bu tərəfə keçməyi qadağan eləmişəm!

– Bəsdir! Eşidirsənmi, bəsdir! – Simurq ümidsiz-ümidsiz qışqırdı:

– axı sən ölürsən!

Cəlil müəllim zəndlə qardaşının üzünə baxdı və onun ağladığını gördü. Sonra fikrə getdi və özü də gözləmədən onun əvəzinə bir başqası danışırmış kimi dedi:

– Bəli. Ölürəm. – O, yenə nə isə demək istəyirdi, ancaq birdən Simurqun gicgahlarına dən düşdüyünü gördü, bu onu çox təəccübləndirdi və qanını qaraltdı.

Cəlil müəllim öz-özünə fikirləşdi ki, Simurqun saçı görəsən nədən ağara bilər? Başı fikir-xəyala qarışdığından qardaşının həkim dalınca qaçdığını görmədi. Cəlil müəllim, onların evindən ikicə saat əvvəl çıxmış həmin həkimin əlləri əsə-əsə, arı zəhəri olmadığına görə ona kofein vurduğunu, Simurqun ağlaya-ağlaya onun zərdabı ağzına heç olmasa bircə qurtum qəhvə tökməyə çalışdığını hiss eləmirdi. O, bunların heç birini hiss eləmirdi, ona görə ki, qardaşına onu çox istədiyini deyirdi, xahiş eləyirdi ki, yaxın gəlsin, onu qucaqlamaq istəyir.

Var gücü ilə onun ürək nahiyəsini ovxalayan həkim pıçıldadı:

– Deyəsən, o nə isə demək istəyir.

Cəlil müəllimin dodaqları bir neçə dəfə çox çətinliklə tərpəndi, qohum-əqrəbasının arasında bu cür uzanmaq ona çox xoş gəlirdi, özünü arxayın, sakit hiss eləyirdi. Cəlil müəllim hələ də danışırdı.

Deyirdi ki, boş-boş şeylərin üstündə nə vaxtdan bəri bir-birlərini görmədiklərinə təəssüf eləyir, ancaq eyibi yoxdur, bunların hamısı düzələn işdir, təki hamılıqla sağ-salamat olsunlar, bir də qohuməqrəba, yaxın adamlar kimi bir-birlərini istəsinlər. O, təəccüblə Simurqdan soruşurdu: nəyə görə onlar bu qədər vaxtı bir-birlərinə belə insafsızcasına əziyyət verirdilər?

Cəlil müəllim beynində fövqəladə aydınlıq hiss eləyirdi və bütün duyğuları son dərəcə həssaslaşmışdı, ancaq qardaşının ona nə cavab verdiyini eşidə bilmədi, ona görə ki, qazanların anbaan güclənən göy gurultusu kimi uğultusu bütün qalan səslərin hamısını batırırdı.