Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

İRAN QAMBİTİ

Qambit  (italyanca) - badalaq.

 

"...Xalq Cəbhəsinin liderləri birdən-birə Şimali və Cənubi Azərbaycanın vahid dövlət şəklində birləşdirilməsi planları ilə çıxış etməyə başladılar. Xalq Cəbhəsinin azərbaycanlıların məskunlaşdığı iki ərazinin birləşdirilməsi barədə bu arzusu mahiyyət etibarilə Ermənistanın Dağlıq Qarabağ barəsində iddialarından heç nə ilə fərqlənmirdi. İkrah hissi doğuran bu məntiq bizə artıq tanış idi: əgər həm burada, həm də orada ermənilər yaşayırsa, deməli bu əraziləri birləşdirmək lazımdır. Əgər həm orada, həm də burada azərbaycanlılar yaşayırsa, deməli bu əraziləri də birləşdirmək lazımdır. Qəribədir ki, istər Ermənistan, istərsə də Xalq Cəbhəsi birləşdirilməsi nəzərdə tutulan ərazilərin daxil olduğu suveren ölkələrin fikri ilə əsla maraqlanmırdı. Qeyd etmək lazımdır ki, bu iki subyektin eyni bir problemə yanaşmasında fərq aşkar nəzərə çarpırdı. Parçalanmaqda olan imperiyanın bütün ərazisində yaranmış hakimiyyətsizlik şəraiti Ermənistanın öz niyyətinə çatması üçün tarixi şans idi və o, necə deyərlər, qollarını çırmalayaraq bu şansdan istifadə edirdi. Qonşularının müharibəyə hazır olmadıqlarını yaxşı bilən Ermənistan diasporun maliyyə yardımına və hərbi köməyinə güvənərək heç bir xəbərdarlıq etmədən, gərəksiz sözlərə vaxt sərf etmədən həmin qonşuların üzərinə hücuma keçmişdi.

Elə həmin dövrdə Cənubi və Şimali Azərbaycanı birləşdirmək barədə Xalq Cəbhəsi liderlərinin dəfələrlə bəyan etdiyi "vətənpərvər" arzular isə havayı, mənasız sözlərdən başqa bir şey deyildi. Ona görə ki, bu iki ölkənin - Azərbaycanla İranın tarixən yaranmış qüvvələr nisbətinin ölçüyəgəlməz dərəcədə qeyri-bərabər idi və bu səbəbdən, həmin dövrdə Azərbaycan İran ərazisinin bir hissəsini ondan ayırmağın mümkünlüyünü heç xəyalına da gətirə bilməzdi. Bu sanballı mülahizəyə əlavə olaraq onu da qeyd etməliyik ki, həmin dövrdə ölkəmiz Ermənistanla müharibədə daim geri çəkilməklə müdafiə mövqeyi tuturdu. Bu az imiş kimi, Azərbaycanın daxilində başqa separatçı qüvvələr də fəallaşmışdı. Və bütün bu hadisələr "cəbhəçilər" tərəfindən praktiki olaraq bərbad hala salınmış sənaye və kənd təsərrüfatı fonunda baş verirdi. Buna görə də, normal insanlar Xalq Cəbhəsi liderlərinin Böyük Azərbaycan yaratmaq niyyəti barədə bəyanatlarını xalis kliniki ağıldankəmlik kimi qarşılayırdı. Lakin Xalq Cəbhəsinin həyat qabiliyyətli, dərrakəli liderlərinin çoxsaylı qüsurlarına baxmayaraq, onlar ağıldankəm deyildilər. Onların irəli sürdüyü, İranın Azərbaycan hissəsinin ölkəmizə birləşdirilməsi barədə çağırışlar ciddi siyasi aksiya idi. Müharibə aparan Ermənistanın son nəfəsi çatmışdı. Onun iqtisadi dəstəyə kəskin ehtiyacı vardı. Diaspor və müttəfiqlər Ermənistana yardımını aləmə car çəkmədən onu silah və canlı qüvvə ilə təchiz edirdi, lakin onlar Ermənistanı işıq, istilik və ərzaqla təmin edə bilmirdilər: çox böyük məsafələr mane olur, malların çatdırılmasını çətinləşdirirdi. Məlum səbəblərə görə Ermənistan Türkiyənin köməyinə heç bir vəchlə ümid edə bilməzdi. Regionda lider missiyasını və islami dəyərlərin əsas keşikçisi kimi şərəfli bir yükü öz üzərinə götürmüş İran da əsasən müsəlmanların yaşadığı Azərbaycanla savaş vəziyyətində olan Ermənistanı dəstəkləməyi özünə rəva görmürdü. Bu, İran ideologiyasının və siyasətinin əsas prinsiplərinə zidd olardı.

İranı onun dəfələrlə sınaqdan keçirilmiş yolundan dönməyə məcbur etmək üçün nə isə ağlasığmaz bir hadisə baş verməli idi. Və bu ağlasığmaz, qeyri-mümkün sayılan hadisə baş verdi. O dövrdə hakim partiya sayılan Xalq Cəbhəsinin liderlərinin dəfələrlə səsləndirdiyi bəyanatlar İran rəhbərliyi qonşu dövlət tərəfindən təhrikçi separatizmin təbliği və İranın ərazi bütövlüyünə həyasızcasına qəsb edilməsi kimi qiymətləndirdi. Halbuki, İran həmin dövlətə münasibətdə özünü həmişə xeyirxah və nəzakətli aparırdı. Amma söz deyilmiş, İranın heysiyyəti təhqir olunmuşdu. Nəticədə Azərbaycan öz qonşuluğunda özünə daha bir bədxah, Ermənistan isə səxavətli hami və yem mənbəyi qazanmış oldu. Heç şübhəsiz, bu hadisə Ermənistanın müharibədə qələbəsini çox cəhətdən müəyyənləşdirmiş olan böyük uğur idi.

Ola bilsin ki, məhz həmin günlərdə Starovoytovanın rəfiqələri və ümumi iş üzrə məsləkdaşları Bonner və Koks onu növbəti qələbə münasibətilə təbrik edirdilər. Bu möhtəşəm avantüranın uğurunu bayram etmək üçün Yerevanda toplaşmış rəfiqələr paytaxtın kölgəli küçələrində gəzişərək Qalina Vasilyevnanın cəbhənin o biri tərəfindəki kreaturları vasitəsilə strateji planları uğurla gerçəkləşdirərək Ermənistanın qələbəsinə verdiyi böyük töhfəyə görə ona hərarətlə təşəkkür edirdilər.

... Yuxarıdakı mətn mənim 2001-ci il sentyabrın 29-da "Bakinski raboçi" qəzetində və sonralar "Fraqmentlər" adlı publisistik məcmuədə dərc olunmuş "Çəyirtkə mövsümü" adlı məqaləmdən bir parçadır.

Bu gün biz çəyirtkənin mərhələlər üzrə aktivləşməsi prosesini lap əvvəldən müşahidə etmək imkanına malikik. Çəyirtkə sürüsünün bir hissəsi qış yuxusundan oyanaraq fəaliyyətə başlamışdı. Lakin çəyirtkə dərhal hiss etdi ki, o, başqa ölkədə yuxudan oyanıb. Qeyri-adi dərəcədə çevik olan bu canlı varlıqlar özünüqoruma instinkti sayəsində başa düşmüşdülər ki, indi onları tamam başqa şəraitdə fəaliyyət üçün proqramlaşdırıblar. İndiki şəraitlə 15 il əvvəlki - çəyirtkənin bioloji baxımdan inkişaf etdiyi, ölkəni viran qoyduğu və bununla yanaşı, özünü tam təhlükəsiz hiss etdiyi, alçaldılmış və miskin ölkədə mövcud olan şərait arasında yerlə göy qədər fərq var. Bu da məlum oldu ki, yeni şəraitdə çəyirtkənin çoxalması mümkün deyil və indi kollektiv uçuşlarda yalnız artıq qocalıb tamam taqətdən düşmüş fərdlər iştirak edə bilərlər. Amma nə etmək olar, qarşıya qoyulmuş proqram nəyin bahasına olur-olsun yerinə yetirilməlidir. Həmin proqramın sifarişçiləri onlara itaət göstərməyənlərlə zarafat etməyəcəklər.

2006-2008-ci illər üçün fəaliyyət proqramında nəzərdə tutulan tədbirlər dəqiq müəyyən edilmişdir. Proqramın müəlliflərinin fikrincə, həmin tədbirlərin düzgün həyata keçirilməsi Azərbaycanın iqtisadi inkişafını dayandırmağa, onu beynəlxalq ictimaiyyətin nəzərində hörmətdən salmağa və onun əsas tərəfdaşları olan Avropa İttifaqı, İran, Rusiya və ABŞ ilə münasibətlərinə ciddi zərbələr vurmağa imkan verər. Ölkənin daxilində və onun ərazi hüdudlarından kənarda təhrikçilik hərəkətləri kursu ən azı Azərbaycanın mövqelərinin əhəmiyyətli dərəcədə pisləşməsinə gətirib çıxarmalıdır. Sözügedən kurs uğur qazanacağı təqdirdə isə bu, Azərbaycana qarşı beynəlxalq sanksiyalar və cərimələr tətbiq edilməsi, üstəlik Azərbaycanın tam təcrid edilməsi ilə nəticələnə bilər. Bu proqramın yekununda əsas oyunçulardan biri və ya ikisi qazanacaq, Azərbaycan isə uduzan tərəf rolu ilə barışmalı olacaqdır.

Bu dağıdıcı fəaliyyətin bütün cəhətlərini bir məqalədə əhatə etmək mümkün deyil. Bu gün mən həmin cəhətlərdən yalnız biri - antiiran mövqeyi barədə söhbət açmaq fikrindəyəm.

Artıq bir neçə aydır ki, bir qrup "həqiqi vətənpərvər azərbaycanlı" "sarı mətbuatın" dəstəyi sayəsində İranın azərbaycanlı əhalisinin hüquqlarının müdafiəsinə qalxmışdır. Əslində isə fəal antiiran kampaniyası başlanmışdır. Bundan ötrü bəhanə - İranın azərbaycanlı əhalisinin hüquqlarının pozulmasıdır.

Tez-tez İranda səfərdə olan çoxsaylı soydaşlarımızın təəssüratlarına istinad etmək fikrində deyiləm. Onların bütün mülahizələrinin mahiyyəti bundan ibarətdir ki, İran azərbaycanlıları öz doğma dilində danışır, bu insanların hüquqları tapdanmır, onların həyat səviyyəsi isə hansı milliyyətə mənsub olmaları ilə deyil, şəxsi gəlir səviyyəsi ilə təyin olunur. İran Azərbaycanının çoxsaylı nümayəndələri hakimiyyətin ali eşelonlarında ölkənin daxili və xarici siyasətində fəal iştirak edirlər. Mənim etimad bəslədiyim müşahidəçilərin fikrincə, İran azərbaycanlıları heç bir inqilab etmək və  ya əsaslı dəyişikliklər aparmaq niyyətində deyildirlər. Amma fərz edək ki, lap belədir. Ağlasığmaz olsa da fərz edək ki, İran azərbaycanlıları milli mənsubiyyət əlamətinə görə dövlət tərəfindən həqiqətən sıxışdırılır. Əlbəttə, bu, ədalətsizlikdir. Lakin bu həm də qəribədir, çünki İranın 30 milyonluq Azərbaycan xalqı öz ölkəsində öz hökuməti tərəfindən zülmə və ayrı-seçkiliyə məruz qalırsa və buna sakitcə dözürsə, deməli bu vəziyyət onu qane edir, deməli belə də olmalıdır və bu xalq öz qismətinə layiqdir.

Nəhayət, üçüncü variantı nəzərdən keçirək. Tutaq ki, İranın hakimiyyət orqanları həqiqətən İran Azərbaycanı xalqına zülm edir və fərz edək ki, bu cür münasibət həmin xalqın xoşuna gəlmir və o, qəzəblənərək bu özbaşınalığa, özünün hüquqlarının yumşaq və ya sərt formada pozulmasına qarşı qəzəblə etiraz edir, İranın hakimiyyət orqanları isə etiraz edənlərin müqavimətini qırmaq üçün kobud qüvvə tətbiq edirlər. Fərz edək ki, belə bir hal mümkündür. Bunu məhz fərz edirik, çünki belə hadisələrə kənardan müdaxilə edilməsi beynəlxalq hüquq normaları ilə qadağan edilmişdir. Ona görə ki, İranda baş verən bütün hadisələr İranın və yalnız İranın xalis daxili məsələsidir! Başqa ölkənin daxili işlərinə BMT-dən başqa heç kəs qarışa bilməz! Bəs bununla əlaqədar bizdə nələr baş verir? Piketlər və yığıncaqlar təşkil edilir, İran rəhbərliyinə və İran Azərbaycanı xalqına müraciətlər tərtib edilir. "Həqiqi vətənpərvərlər"in arzuları və tələbləri ilk baxışda insanın qəlbini riqqətə gətirir. Onlar istəyirlər və tələb edirlər ki, məzlum İran Azərbaycanı xalqı indikindən qat-qat yaxşı yaşasın, doğma Azərbaycan dilində danışsın, bu dildə mahnı oxusun, bu dildə təhsil alsın. Nəhayət, Cənubi Azərbaycana azadlıq verilsin ki, bu diyarın şəhərləri və kəndləri, dağları və çayları, Xəzərin neftlə zəngin olan mənzərəli sahilləri - bir sözlə, minilliklər boyu İrana qanuni şəkildə məxsus olmuş ərazinin bir hissəsi nəhayət öz Şimal qonşusu ilə, yəni bizimlə həmişəlik birləşərək əbədi səadətə qovuşsun.

Əgər başqasının ərazisinə cəfəng iddialarla çıxış edən təkcə heç kəsin tanımadığı bir qrup marginallar olsaydı, bütün bu biabırçılıqlara təkcə polisdən başqa heç kəs əhəmiyyət verməzdi. Lakin təəssüf ki, bu konkret halda hiddətləndirici və ilk baxışda mənasız təsir bağışlayan aksiyanın təşkilatçıları və icraçıları arasında rəsmi qeydiyyatdan keçmiş siyasi partiya - Azərbaycan Milli İstiqlal Partiyası da (AMİP) vardır. Elə buna görə də İranın Azərbaycandakı Səfirliyi kəskin etirazını bildirərək baş verən hadisələri öz ölkəsinin daxili işlərinə yolverilməz şəkildə müdaxilə adlandırmışdır. Bakıda baş verən hadisələr barədə xəbərlər İranın bütün kütləvi informasiya vasitələrində özünə yer tapmış, bu ölkənin siyasi dairələrinin və geniş ictimaiyyətin hiddətinə səbəb olmuşdur. Azərbaycana qarşı etimadsızlıq güclənmişdir.

İrana kənardan baxanda o, hətta nüvə silahı ilə hədələndikdə belə öz torpağının bir hissəsini orada məskunlaşan insanlarla birlikdə və ya onlarsız başqasına verməyə hazır olan dövlət kimi təsir bağışlamır. Siyasətə az-çox dəxli olan və ya heç olmasa, onunla maraqlanan hər kəs bunu başa düşür. Bu həqiqətğ bizim "fırtına quşları"na da yaxşı məlumdur. Onlar öz şəxsi təcrübələrindən bilirlər ki, hər hansı ölkədə istənilən rəngli inqilabı xaricdən təşkil etmək üçün iki zəruri şərt ödənilməlidir. Birinci şərt - aclıqdan və məhrumiyyətlərdən qəzəblənmiş xalq, ikinci şərt - elə aktiv xarizmatik liderlərin mövcud olmasıdır ki, ac xalq onların arxasına düşüb hakimiyyəti devirməyə getsin - Gürcüstanda, Qırğızıstanda və Ukraynada olduğu kimi. Bu iki amil yoxdursa, bu işə pul xərcləməyin mənası yoxdur - inqilab mümkün deyil. Üç il bundan əvvəl məhz bir-birini qarşılıqlı şərtləndirən bu iki amilin olmaması səbəbindən bizim ölkədə inqilab baş tutmadı. İş onunla yekunlaşdı ki, ən çox xuliqanlıq edən marginalların və müxalifət nümayəndələrinin bir neçəsi polis dəyənəyi ilə döyüldü, qalanlar öz başçılarının yanına qaçıb polisdən şikayət etməyə başladılar, bu sonuncular isə bədən xəsarəti almaq riskinə məruz qalmamaq üçün ağıllı tərpənib bütün bu müddətdə öz evlərində oturmuşdular. Elə həmin vaxtda "demokratik prosesin" xaricdən maliyyələşdirilməsi də ləğv edildi və beləcə, bizim ölkədə rəngsiz inqilab etmək cəhdi hələ rüşeym halında ikən məhv oldu.

AMİP nümayəndələri çox yaxşı başa düşürlər ki, bu gün İranda da inqilab üçün zəruri şərait yoxdur. Bəs nə üçün onlar mütəmadi olaraq öz ətrafına azsaylı, lakin hay-küylü küçə cibgirlərin toplayaraq İran xalqına müraciətlə gurultulu inqilabi çağırışlarla çıxış edirlər? Onlar bunu, məlum proqrama müvafiq olaraq, ölkələrimiz arasındakı qarşılıqlı münasibətləri pisləşdirmək, Qarabağ müharibəsindən bəri Azərbaycana münasibətdə artıq soyumuş bədxahlıq və etimadsızlıq hisslərini yenidən qızışdırmaq məqsədilə edirlər.

Özlərini demokrat adlandıran bu insanlar artıq xeyli vaxtdır ki, siyasi nəzakətin hətta formal qaydalarına da riayət etmirlər. Artıq onlar bir həqiqəti başa düşməlidirlər ki, xalqın azadlığının dərəcəsini yalnız həmin xalq özü öz liderləri ilə birlikdə müəyyən edə bilər. Kənardan heç kəsin buna haqqı yoxdur. Kubalı peşəkar inqilabçı Çe Gevara vaxtilə bu həqiqəti başa düşdüyünə görə ölkə sərhədlərindən kənardan səslənən şüarlardan və inqilabi çağırışlardan imtina etmişdi. Sadəlövh Çe Gevara Boliviya xalqını ölkənin daxilində siyasi proses üçün təşkil etmək məqsədilə özünün etibarlı partiya məsləkdaşları ilə birlikdə Boliviyaya getmişdi. Qədirbilməz boliviyalıların anlamazlığı üzündən Çe Gevaranın niyyəti baş tutmadı - boliviyalılar onu və dostlarını qəddarcasına öldürdülər, üstəlik, cəsədlərini də təhqir etdilər. Bu xoş niyyətli inqilab ixracatçısının fədakar hərəkəti, necə deyərlər, mütərəqqi bəşəriyyətin hələ də xatirindədir.

Bəlkə AMİP fəalları İran azərbaycanlılarını o qədər sevirlər, onlara o qədər hörmət edirlər ki, İran Azərbaycanında demokratiya barədə özlərinin təhrif olunmuş təsəvvürlərinə müvəfiq normaları tətbiq etmək üçün onlar da oraya yollanmağa hazırdırlar? Bəlkə onlar orada yalnız xoş niyyətlər naminə İran Azərbaycanını daxildən ölkənin qalan hissəsindən ayırmağa cəhd edərlər?... İnanmağım gəlmir. Uzun illər boyu öz xalqına ziyan vuran bu insanlar çətin ki, başqa xalqı sevməyə və ona hörmət etməyə qabil olsunlar, hətta bu xalq eyniadlı olsa belə. Çe Gevara nümunəsi də onlara tətbiq edilə bilməz. Çe Gevaranın müasirləri onun parlaq şəxsiyyət, mərd bir insan, ən cəsarətli, qeyri-ordinar hərəkətlər etməyə qabil olan əsl kişi olduğunu deyirdilər. Yox, yox və yox... Bizim "inqilabçılarla" onun arasında heç bir ümumi cəhət yoxdur. Bizimkilər elə deyil, daha dəqiq desək, bizimkilər əsla onun kimi deyil! Onlar heç bir vəchlə könüllü şəkildə İrana getməzlər! Burada, Bakıda əyləşib məsuliyyətsiz bir tərzdə su bulandırmaq lazımdırsa, bu başqa məsələ. Bu, həm təhlükəsiz, həm də sərfəlidir. Amma harayasa getmək, öz həyatını və sağlamlığını riskə məruz qoymaq - əsla!

"İnqilab ixracatçılarının" fəaliyyəti İranla bizim mehriban qonşuluq münasibətlərimizə zərbə vurur, yəni bu və ya digər şəkildə ölkəmizə zərər vurur. Bununla əlaqədar, Azərbaycanın əmin-amanlığında və təhlükəsizliyində marağı olan insanlar belə hesab edirlər ki, azğınlaşmış təhrikçiləri zərərsizləşdirmək üçün müvafiq tədbirlər görülməlidir. Belə hesab edirlər ki, əgər şəhər sanitar xidmətinin köməyi ilə müntəzəm olaraq bir neçə "inqilab fəalını" tutub, sonra İran administrasiyası ilə razılaşma əsasında onları İran Azərbaycanına göndərsələr, nəticə ciddi və ən başlıcası, xeyirli olar. Əcnəbi "xeyirxahlar" azadlıqsevər İran azərbaycanllılarının əlinə düşsələr, onların başına nə gətirilə biləcəyini heç kəs düz-əməlli bilmir. Amma bunu təxminən təsəvvür etmək olar. Maraqlı layihədir! Lakin təəssüf ki, hətta İran tərəfinin buna razılığını almaq olsa belə, həmin layihəni praktiki həyata keçirmək mümkün deyil. Müxtəlif sabotajçıların tutulması və sonra zorla deportasiya edilməsi bəlkə də xoşagələn tədbir olardı, lakin bu, qanunsuzluqdur. Problemin həllini qanun çərçivəsində axtarmaq lazımdır. Özü də ləngimədən!

"Çəyirtkə mövsümü" məqaləsi belə qurtarırdı: vaxtaşırı profilaktik tədbirlər görülməlidir ki, Azərbaycanın xaricdəki məlun "xeyirxahları" öz əsas sürüsünü yenidən buraya yönəldə bilməsinlər. Elə etmək lazımdır ki, ölkədə çox təcrübəli, hədsiz dərəcə acgöz olan, səbirsizliklə ayaqlarını bir-birinə sürtə-sürtə öz mövsümünü gözləyən çəyirtkənin fəallaşması üçün şərait yaranmasın.

Bu gün tam əsasla deyə bilərki ki, indiki Azərbaycanda artıq heç kəs çəyirtkə sürüsünü bizə tərəf istiqamətləndirə bilməz. Lakin ... AMİP nədir? AMİP - Xalq Cəbhəsinin azsaylı klonlarından biridir. Bir neçə il bundan əvvəl "cəbhəçilər" bir-birini lənətləyə-lənətləyə, söyüşə-söyüşə kassadakı pulları bölüşdürdülər, sonra isə hərə bir tərəfə qaçıb gizləndi. Az sonra onların bir qismi əkiz tayları kimi bir-birinə oxşayan ayrı-ayrı partiyalar şəklində qruplaşdı. Şərti adı "Hamı hamıya qarşı" olan proqramın beynəlxalq bölməsində bu cibgir siyasi partiyaların hərəsi üçün ayrıca rol nəzərdə tutulmuşdur. Azərbaycan-İran münasibətlərinə "himayədarlıq etmək" vəzifəsi AMİP-in payına düşmüşdür. Başqa partiyalar da onlara göstərilən istiqamətlərdə səylə çalışırlar. Gördüyümüz kimi, AMİP küçədən cəlb edilən marginalların dəstəyi sayəsində hələlik öz tapşırığının öhdəsindən gələ bilir. Onların fəaliyyətinin ilk nəticələri artıq göz qabağındadır.

Mən İrana tərəfkeşlik etmirəm. İran beynəlxalq siyasi aləmdə tanınmış nüfuzlu oyunçulardan biri sayılan güclü dövlətdir. Mən bu aləmdə bütün əsas və ikinci dərəcəli oyunçularla bağlı hadisələri böyük maraqla izləyirəm. Bəzilərinin hərəkətlərini rəğbətlə müşahidə edirəm, belələri məni heyran edir, başqalarının hərəkətləri bəzən ikrahla müqayisə edilə biləcək hisslər oyadır, bəzən də onlara yazığım gəlir. Kaleydoskopda olduğu kimi, hər şey fasiləsiz hərəkət edir və dəyişir. Amma mən yalnız Azərbaycana azarkeşlik edirəm. Bir daha vurğulamaq istəyirəm ki, təhrikçilərin məqsədi - ölkəmizə zərər vurmaqdır. Bu məsələ on beş il bundan əvvəl olduğu kimi indi də tamamilə realdır və biz artıq bunu hiss etməyə başlamışıq.

Hər bir dövləti yalnız ona xas olan təkrarsız mentaliteti ilə seçilən nəhəng bir canlı orqanizm şəklində təsəvvür etmək olar. Bu baxımdan, İran da istisna deyil. Tarix göstərir ki, bu dövlət onun heysiyyətinə toxunan zərbələri - istər zəif, istərsə də güclü zərbələri bağışlamır. İran həm xırda, həm də iri inciklikləri uzun müddət yadda saxlayır, münasib fürsət gözləyir. Bunu hamı bilir, o cümlədən sözügedən proqramın müəllifləri də. Onlar Azərbaycanda təşkil etdikləri antiiran kampaniyasından elə bir düymə kimi istifadə etməyə çalışırlar ki, həmin düyməni basmaqla İranda bizim ölkəyə qarşı qisas və nifrət hissləri oyada bilsinlər. Biz bunu hiss etməyə başlayırıq.

Bütün bu rəzil təhrikçilik hərəkətləri İrana praktiki olaraq zərər vura bilməz, lakin onlar təhqiramiz təsir bağışlayır və İran  bu məqama diqqət yetirmişdir. Bunun bizdən ötrü gözlənilən nəticələri də məlumdur.

Amma gəlin Azərbaycana - uzun illər boyu insanlar arasında təbii şəkildə, heç bir məcburiyyət olmadan əsl demokratik münasibətlərin formalaşdığı kiçik dünyəvi ölkəmizə qayıdaq. Bu münasibətlərin təşəkkülü "demokratiya" sözünün indiki dövrlə müqayisədə nadir hallarda işləndiyi vaxtlara aiddir. Ölkəmizin əhalisinin əksəriyyəti müsəlmandır. Əhalinin digər iri qrupları xristian və iudaizm dinlərinə etiqad edir. Tək Allaha inanan hər bir dindar insan, özünün dini mənsubiyyətindən asılı olaraq, məsciddə, kilsədə və ya sinaqoqda dua etmək imkanına malikdir. Allahla məbəddən kənar yerdə mənəvi ünsiyyətdə olmağa üstünlük verən şəxslərin istədiyi vaxtda və istədiyi yerdə dua etməsi də qəbahət sayılmır. Bütün ateistlərin Allaha inanmamaq, ona dua etməmək və məbədlərə getməmək hüququ saxlanır. Eyni zamanda, bizim dövlətdə heç kəsə icazə verilmir ki, allahsızların hər hansı növünü pisləsinlər, qınasınlar. Əslində onları qınamağı heç kəs ağlına belə gətirmir. Belələrini insanlar mühakimə edə bilməzlər, onlar özləri bilsin, allahları bilsin!

Allah bizim ölkədən öz səxavətini əsirgəməyib. Bəlkə də bunun bir səbəbi də onunla bağlıdır ki, burada Allaha sevgi hissi Allah xofundan qat-qat güclüdür.

Ölkəmizin çox mühüm xüsusiyyəti ondan ibarətdir ki, burada həm həyat tərzinin özü, həm də həyat tərzi ilə bağlı olan bütün qaydalar və adətlər könüllülük prinsipinə əsaslanır. Bu prinsip gözlənilməyən yerdə demokratiya ola bilməz. Demokratiyanın həqiqi əsası məhz bu prinsipdir. Biz dünyaya gəldiyimiz vaxtdan bizi  əhatə edən təbiəti necə qəbul ediriksə, bu yüksək dəyərləri də təxminən eyni şəkildə, yəni sakit və təəccüblənmədən qəbul edirik.

Qeyd etmək lazımdır ki, Azərbaycanda qadınlar həmişə öz zövqlərinə və imkanlarına uyğun olaraq dəblə ayaqlaşmağa çalışmış və heç bir məhdudiyyət qoyulmadan, necə istəsələr, elə də geyinmişlər - mini-yubkadan başlamış ta kapüşonlu kombinezonlara qədər. Adətən bu məsələdə onlara heç kəs mane olmur, çünki hətta ən qısqanc ərlərin də əksəriyyəti artıq çoxdan başa düşmüşdür ki, qadının dekoltesinin yarığı, yaxud yubkasının uzunluğu onun davranışına və əxlaqına zərrə qədər də təsir etmir.

Bizim idmançı qızlar həmişə dünyada hamılıqla qəbul edimiş formada çıxış edəcəklər, balerinalarımız isə balet tamaşalarında yenə də əvvəlki kimi klassik "paçka" və "puant" geyimlərində rəqs edəcəklər. Bizim qadınlarımız teokratik ölkələrdə hələ də olduğu kimi, teatr səhnəsində qadın rollarını kişilərin ifa etməsinə imkan verəz, kişilərimiz isə bunu istəməzlər. Məhz seçim azadlığı qadınların yaxşı zövqünün inkişafına şərait yaratmışdır və bunun sayəsində onlar ziyafətlərdə və ya Avropa paytaxtlarının ən yaxşı konsert salonlarına və teatrlara gedəndə heç də əyalət qadınları kimi görünmürlər.

Son vaxtlarda ölkəmiz üçün qeyri-adi meyllər yaranmağa başlamışdır. Bakı küçələrində hicablı qadınların sayı kəskin şəkildə artmışdır. Hicab öz yerində, indi Bakı küçələrində qara çadralı qadınlara da rast gəlmək olar. Bu hadisəni müşahidə edəndə adamın ağlına gələn birinci fikir bu olur ki, bizim qadınlarımızın Allaha inamı birdən-birə güclənib. Əgər belədirsə, burada heç bir qəbahət yoxdur. Əgər qadın öz arzusu ilə hicab və ya çadra örtmək istəyirsə, buyursun, necə deyərlər, ixtiyar sahibidir. Lakin çox maraqlı bir məqam məlum olmuşdur. Məlumatlı adamların dediyinə görə, arxaik geyimlər modasının çiçəklənməsi heç də dini səbəblərlə bağlı deyilmiş. Sən demə, çadra və hicab örtənlərə hər ay 100-120 dollar pul verirlər. Yəni bu məsələdə, xüsusən həmin məbləğ bilavasitə qadınların özlərinə deyil, onların atalarına və ərlərinə ödənildiyi hallarda könüllülük barədə söhbət belə ola bilməz. Əgər bu məlumatlar yalnız uydurma və şayiədirsə, şübhə etməyə bilərsiniz ki, tezliklə həmin uydurma və şayiələrin müəlliflərini də, onları yayanları da ifşa edəcəklər. Yaxşı deyiblər ki, yalan ayaq tutar, amma yeriməz. Bütün bunlara baxmayaraq, çox maraqlıdır: Azərbaycanda qadın geyimlərinin yeni standartını kütləvi qaydada tətbiq etməyə konkret cəhd göstərənlər kimlərdir? Bununla əlaqədar, yalnız bir şeyi inamla demək olar ki, sözügedən prosesin təşkilatçıları və sifarişçiləri başqa ölkədədir və onları fəaliyyətə sövq edən din deyil, ən adi praqmatik siyasətdir. Bəlkə də naməlum əcnəbi maliyyəçilər barədə söhbətlər şayiədən başqa bir şey deyil. Onda belə də yazaq: kimsə məlum olmayan məqsədlərlə yoxlanılmamış şayiələr yayır...Bəs "yeni moda" əşyalarının satışı üzrə yaxın vaxtlarda açılmış mağazaların ölkəmizin hüdudlarından kənardan maliyyələşdirilməsi barədə söhbətlərə nə ad qoyaq? Bunlar da şayiədir?

Azərbaycanda xarici dövlələrin bayraqlarının yandırılması qanunla qadağan edilməmişdir. Əgər Azərbaycan vətəndaşı asudə vaxtında bir və ya bir neçə dövlətin bayraqlarını yandırmaq fikrinə düşsə, o, neçə bayraq istəsə yandıra bilər və buna görə onu heç bir cəza gözləmir. Lakin azərbaycanlılar bir vaxtlar atəşpərəst olduqlarına baxmayaraq, onların bayraq yandırması halları qeydə alınmamışdır. Hər halda yaxın vaxtlara qədər belə idi. Bu yaxınlarda isə Bakının həndəvərində İsrail, Niderland və ABŞ bayraqları yandırılmışdır. Bu aksiyadan sonra qarşıya çıxan əsas sual belədir: həmin bayraqlar onları yandıranların əlinə hansı yolla düşmüşdür? Axı bizim şəhər və ya kənd mağazalarının heəç birində İsrail və ABŞ bayraqları satılmır. Onları oğurlamaq da mümkün deyil, çünki oğurlayası yer yoxdur. Niderland bayrağına gəldikdə isə bu ümumiyyətlə çox müəmmalı məsələdir. "İşığa gələnlərin" çoxu o vaxta qədər ömründə Niderland bayrağı görməmişdir. Rəyi soruşulan ekzekusiya tamaşaçılarından heç biri hətta Niderland sözünün mənasını da bilmirdi. Yalnız bir nəfər yaşlı "tamaşaçı" demişdir ki, onun fikrincə, Nadirdadı - nəsli kəsilmiş dadlı balığ adıdır. Lakin həmin şəxs bir qədər fikirləşəndən sonra əlavə etmişdir ki, ola bilsin səhv edir. Bir də onu deyirlər ki, yandırılmaq üçün bayraqları gətirən avtomobilin nömrə nişanı diplomatik nömrə nişanı olmuşdur. Gəlin belə hesab edək ki, bu ola bilməz, çünki heç vaxt belə şey ola bilməz. Şayiə - şayiədir. Amma hər halda maraqlıdır: Azərbaycanda İsrailin, ABŞ-ın, eləcə də geniş əməkçi təbəqələrinə az tanış olan Niderlandın bayrağı harada və kimdən alınmışdır?

Çoxdan məlumdur ki, Azərbaycan xalqı özünün dini dözümlüyü və tolerantlığı ilə bir sıra başqa xalqlardan yaxşı mənada fərqlənir. Lakin son vaxtlar sayı xeyli artmış təkidli xatırlatmalar bu haqlı reputasiya ilə o qədər də uzlaşmır. Bizə xatırladırlar ki, Azərbaycan müsəlmanları ilk növbədə sünnilər və şiələrdir. Dolaşıq mühakimələr yürüdülür ki, həqiqi dindarlar heç vaxt bunu unutmamalıdır. Bizdə dini zəmində haçansa qan tökülə biləcəyini təsəvvür etmək mümkün deyil. Biz başqa ölkələrin kədərli təcrübəsindən bilirik ki, dinlərarası ayrı-seçkilik yayanların dağıdıcı fəaliyyətinin lap ilkin mərhələsində onlara lazımınca əhəmiyyət verilməməsi çox faciəli nəticələrə gətirib çıxara bilər. Başqa ölkələrdə belə hadisələrin vətəndaş müharibəsi ilə, bəzən isə hətta ölkənin parçalanması ilə başa çatdığı hallar məlumdur. Azərbaycanda belə hallar baş verə bilməz, çünki müstəqillik illərində biz bəzi şeyləri öyrənmişik. Amma əvəzində qanımızı möhkəmcə qaralda bilərlər.

Bəs müəzzinlər? Azərbaycanda müəzzinlər həmişə minarələrdən həzin, melodik səslə dindarlara müraciət edərək onları namaz qılmağa, dua etməyə səsləmişlər. Son bir neçə ildə onların çağırışlarını güclü mikrofonlarla min qat uca səslə yayırlar. Bu səs Məhşər gününün yetişməsini günahkar bəndələrə xəbər verən İsrafilin surunun qulaqbatırıcı sədasını xatırladır. Bu halda da dindən və hər şeyə tez inanan sadəlöv insanlardan xalis siyasi məqsədlərə çatmaq üçün bir vasitə kimi istifadə edirlər. Görəsən bu kimlərə və nə üçün lazımdır?!

Şübhə etməyə bilərsiniz ki, müstəqil Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq cəhdlərinin nəticələrini qanuni şəkildə ləğv etmək üçün onun kifayət qədər qüvvəsi də var qətiyyəti də. Biz heç istəməzdik ki, iş bu dərəcəyə çatsın... Biz istəməzdik ki, hadisələr dövlətin qətiyyətli tədbirlər görməsi tələb edilən dərəcəyə çatsın. Təhlükəli vəziyyət yaramnasının qarşısı vaxtında alınsa, bu hamı üçün qat-qat yaxşı olar. Ona görə də bu işlə bütün cəmiyyət, bütün vətəndaşlar, ölkədə sülhün və əminamanlığın qədrini-qiymətini bilən hər bir kəs məşğul olmalıdır.

Müasir dünyanın reallıqlarından biri də ondan ibarətdir ki, dünyanın heç bir yerində heç bir ölkə başqa ölkəni işğal edərək özünə birləşdirə bilməz. Hətta hipotetik işğalçı ölkə "gözaltı etdiyi" qurbanından bütün parametrlərə görə üstün olsa belə, yuxarıda qeyd etdiyimiz iri oyunçular artıq fəaliyyətdə olan "Hamı hamıya qarşı" proqramına müvafiq olaraq təcavüzkarın belə bir məmnunluq duymasına imkan verməzlər. Mənim tanışlarımdan heç biri üçüncü dünya müharibəsinin başlanacağı tarixi dəqiq deyə bilməz, lakin hamı bilir ki, bu müharibə haçansa başlayacaq. Bu gün təcavüzkar niyyətli dövlətlər tamdəyərli hərbi əməliyyatlar əvəzinə kobud diplomatiya, xüsusi xidmətlərin son dərəcə məxfi aksiyaları və KİV-in təhrikçi fəaliyyəti vasitəsilə başqa dövlətlərin daxili işlərinə qarışmaqla öz ambisiyalarını nümayiş etdirməklə kifayətlənməyə məcburdurlar. Bir qayda olaraq, son nəticədə bütün bunların heç kəsə xeyri olmur. Belə fəaliyyətin əsas real nəticəsi nifrətdir - dünyanın bir sıra regionlarında, o cümlədən bizim regionda nifrət və şübhə hissləri həmin ərazilərin başının üstündən əskik olmur.

Bir nəfər ağıllı adam iki ölkə arasında münasibətləri nəqliyyatın ikitərəfli hərəkət etdiyi yol ilə müqayisə etmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində "demokratarın" hakimiyyətdə olduğu qısa dövr müstəsna olmaqla, bizim ölkəmiz "yol hərəkəti qaydaları"na həmişə ciddi riayət etmişdir. Azərbaycan ilk növbədə qonşu ölkələrlə özünün münasibətlərinə həmişə diqqət və qayğı ilə yanaşır. Məsələn İranla bizim münasibətlərimiz qarşılıqlı hörmət və bir-birimizin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurulmuşdur. Bunlar boş sözlər deyil. Bu, hər iki ölkənin real siyasətidir və bu siyasət iqtisadiyyat, incəsənət və insani ünsiyyət sahələrində faydalı nəticələr verir. Biz bunların qədrini bilməliyik. Lakin həm Azəbaycanda, həm də İranda bizim münasibətlərimizi korlamaq məqsədi güdən müəyyən qruplar vardır. Onlar fəal iş aparırlar. Biz də qarşılıqlı dostluq və mehriban münasibətlər naminə hərəmiz öz ölkəmizdə həmin qrupların qarşısına sipər çəkməliyik. Əks halda siyasətpərəst ziyanverici cırtdanların dağıdıcı fəaliyyəti bu münasibətlərə güclü zərər vura bilər və biz bu zərəri uzun müddət hiss etməli olarıq.