Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

Filmoqrafiya

Maksud İbrahimbəyov bədii kino sahəsinə 1968-ci ildə “Uşaqlığın son gecəsi” filmi ilə gəlmişdir. Onun bu debütü çox uğurlu olmuş, müəllifi şöhrətləndirmişdir. O zaman “Komsomolskaya pravda” onu Azərbaycan kinematoqrafının dirçəlişi prosesində “ilk qaranquş” adlandırmışdır.

Onun ssenarisi əsasında rejissor Həsən Seyidbəylinin çəkdiyi növbəti “Bizim Cəbiş müəllim” filmi “World of Azerbajdjan» jurnalının və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təsnifatına əsasən, XX əsrin 20 ən yaxşı Azərbaycan filmi sırasına daxil olunmuşdur.

«Qoy o bizimlə qalsın» povestində sənətkarlıqla qələmə alınmış «insanın hər şeydən yüksəkdə duran mənəvi ucalığı və başqaları yolunda fədakarlığa getməsi» motivi, bu povest əsasında M.Qorki adına Moskva kinostudiyasında rejissor İrina Tarkovskayanın çəkdiyi eyni adlı bədii filmin də əsasında durmuşdur. Tanınmış kino tənqidçisi Leonid Baxnov yazırdı: «Maksud İbrahimbəyovun kinopovesti güclü təsir buraxır. O, ilk növbədə, balaca qəhrəmanın daxili aləminin dərinliklərinə nüfuz edə bilmək məharəti ilə, eyni zamanda, sözünü çox dəqiq və zəhlə tökmədən, zorla sırımadan deməyi bacarması, duzlu, məzəli ironiyası və nəhayət, ilk baxışda o qədər də vacib olmayan detallar və müşahidələr tapmaq bacarığı ilə ürəkləri fəth edir». Mixail Svetlovun yaxşı bir deyimi var: «Zəruri olan şeylərsiz də birtəhər yaşayaram. Amma artıq, lüzumsuz olanlarsız...»

Maksud İbrahimbəyov təkcə Azərbaycan kinosunda deyil, ümumən sovet kinosunda yeniyetmələrin həyatından bəhs edən mövzuları ekrana gətirə bilən nadir sənətkarlardandır: bu qəhrəmanların obrazları onda son dərəcə cazibədar və inandırıcı alınır. Bunun sirri odur ki, dramaturqun yeniyetmələrlə kifayət qədər ciddi və mürəkkəb məsələlər barədə öyüd-nəsihət və təbliğat dili ilə danışmır, onların ağlına-zəkasına, hissiyyatına, həqiqəti dərk etmək qabiliyyətinə etibar edir. Yəqin bu gün İnternet forumunda 70-ci illərin tamaşaçıları məhz bu cəhəti nəzərdə tutaraq yazırlar: «Mən Maksud İbrahimbəyovun «Bütün yaxşılıqların müqabilində – ölüm» kinopovestini yaxşı xatırlayıram (Ümumittifaq prokatında «Dağ mağarasının sirri» kimi gedib). Uşaqlıq illərinin çox güclü, son dərəcə təsirli təəssüratları var bu filmdə. Mütləq baxın. Ləzzət alacaqsız».

70-ci illər yazıçının kinoda məhsuldar çalışdığı dövrdür. Böyük sovetlər ölkəsinin müxtəlif studiyalarında onun ssenariləri əsasında çəkilmiş filmlər bir-birinin ardınca ekranlara çıxırdı: «Dağ mağarasının sirri» (Qorki adına studiya - Moskva), «Sən mənim mahnımsan» (Özbəkfilm - Daşkənd), «Mezazoy əhvalatı», «De ki, sevirsən məni», «Bayquş gəldi» (Azərbaycanfilm - Bakı) və başqaları. Maksud İbrahimbəyovun kinoya gətirdiyi ən qiymətli cəhət nə idi? Personajların bilərəkdən adiləşdirilməsi, yüksək pafoslu romantika; o, sovet kinosunun rəhbərlərinin çox sevdikləri qeyri-adi qəhrəmanlardan tamamilə imtina etmiş, onlara qadağa qoymuşdu. Sənətdə «yeni dalğanı» təmsil edən silahdaşları, həmfikirləri ilə birlikdə o göstərirdi ki, ölkədə raykom katiblərindən, sosialist əməyi zərbəçilərindən və onların antipodlarından başqa da insanlar, başqa maraqlar var. Və insanların həyatında lirik anlaşılmazlıqlardan, süni situasiyalardan və duzsuz məhəbbətdən savayı, vicdan, namus, kişilik, ədalət, düzlük kimi anlayışlarla bağlı daha əhəmiyyətli, daha güclü toqquşmalar da baş verir. Maksud İbrahimbəyov öz ekran dünyasına titanları yox, normal insanları gətirməyə üstünlük verir. Məsələn, «Gözəl bir gündə» («Günlərin bir günündə»), «Bağçada xudmani yer», «Bir az bahar bayramı» filmlərindəki yapışıqlı, özünəməxsus qəribə insanlar kimi. Və yaxud rejissor Eldar Quliyevin çəkdiyi «Əsas müsahibə» filminin qəhrəmanı radio müxbiri Zaur obrazı kimi; müəllif öz personajını nə ittiham edir, nə də bəraət verir ona. O, sadəcə, qurduğu süjet xətti boyu bu boylu-buxunlu, yaraşıqlı jurnalisti addım-addım həyatının ən məsul, ən əsas müsahibəsinə gətirib çıxarır – vaxtı ilə kömək əli uzatmadığı dostu ilə, qiymətləndirə bilmədiyi qadınla müsahibəyə, nəhayət, özü ilə müsahibəyə.

Dramaturqun kommersiya baxımından ən uğurlu filmlərindən biri 1977-ci ildə SSRİ Mərkəzi Televiziyasının sifarişi ilə rejissor Valeri Əhədovun lentə aldığı «Truskavetsə kim gedəcək?»dir. Görkəmli sovet aktyorları Aleksandr Kaydanovski, Marqarita Terexova, Yevgeni Simonov, Nikolay Qrinko ekranda zahirən çox sadə, adi bir məhəbbət tarixçəsini canlandırdılar. Bu, Maksud İbrahimbəyovun, məhəbbət haqqında, demək olar ki, ən baxımlı və ən məşhur filmidir.

Elə bu illərdə yazıçı özünü rejissor kimi də sınayır. Jurnalistlər ondan soruşanda ki, kinoda rejissor kimi işləməyinizdə strateji bir məqsədiniz vardımı, tam səmimiyyətlə cavab verir ki: «Qətiyyən. Heç bir strategiya yox idi burda. Yalnız həzz alırdım bu işdən. Sonra bir də təəccüb edirdim ki, buna görə adama hələ pul da verirlər». Yeri gəlmişkən, pula o zaman o, yaşamaqçün talon deyirdi. Ən yaxşı işi – «Yarımçıq qalmış serenada»dır; filmin uğurlu alınacağı qabaqcadan aydın idi. Rejissor Maksud İbrahimbəyovun əlində güclü kartları vardı: Maksud İbrahimbəyovun dramaturgiyası və baş qəhrəman – Müslüm Maqomayev; ssenari məxsusi onunçün nəzərdə tutulub yazılmışdı.

Yeri gəlmişkən, xatırlatmaq lazımdır ki, Maksud İbrahimbəyovun filmlərində sovet və Azərbaycan kinosunun ən yaxşı artistləri çəkilmişlər: Həsənağa Turabov, Fuad Poladov, Hacı Murad, Natalya Fateyeva, Ariadna Şenqelaya, Larisa Udoviçenko, İqor Kostolevski, Mixail Qluzski, Semyon Farada, Aleksey Jarkov, Leonid Yarmolnikov və başqaları. Ulduzlar etiraf edirlər ki, Maksudun ssenarilərində onların xoşuna gələn obrazların dərindən işlənməsi, süjetdəki gözlənilməz dönüşlər və yumor dolu canlı dialoqlardır.

1982-ci ildə Maksud İbrahimbəyov «Neftdən qan qoxusu gəlir» kinoromanını yazıb qurtardı. Bu əsər bizim yaddaşımız, şəxsiyyətin tarixdə rolu, İkinci Dünya müharibəsinin nəticələrində Bakının rolu haqqında düşüncələrdir. Əslində, Sovet Ordusu qələbənin sahilinə Bakı neftinin ləpələri üzərində üzüb çıxmışdır. Marşal Jukov deyirdi: «Bakı cəbhəyə düşmən üzərində qələbə çalmaqçün lazım olan qədər neft verirdi». Bu bütün yanacağın 90%-ni təşkil edirdi; hələ 130 adda silahdan, döyüş sürsatından, «molotov qatışığı» deyilən məşhur partlayıcı butulkalardan savayı. Bakıda əfsanəvi «Katyuşa»lar da yığılırdı.

Kinorejissor Rasim İsmayılov gündəliklərində yazırdı: «Maksudla mən uzun illərdir dostluq edirik və bütün bu illər ərzində birgə işləmək arzusunda olmuşuq. Bir dəfə biz bu arzumuza lap yaxınlaşmışdıq. Mən Maksudun «Neftdən qan qoxusu gəlir» kinoromanı əsasında «Qan qoxulu neft» rejissor ssenarisini artıq tamamlamaq üzrə idim. Çox gözəl düşünülmüş bir əsərdi. Maksud sovet hərbi filmlərinin oturuşmuş modelini dağıtmışdı. O, tarixi perspektivdə müharibəyə iki baxışı: cəbhə səngərlərindən baxışla arxa cəbhədən, konkret olaraq – Bakıdan baxışı birləşdirmək istəyirdi. Amma arzumuz baş tutmadı. Bizi «bağlayıb» əsəri «rəfə qoydular». Çəkilişlərin lap ərəfəsində kino sahəsində işləyən yüksək vəzifəli bir məmur KQB-yə donos yazdı ki, Maksud İbrahimbəyov xalq düşməni, cəllad və tiran Mir Cəfər Bağırovu əsərində qəhrəman eləyib. Hay-küy qopdu. 37 olsaydı, yazıçını güllələyərdilər. 83-də – əsəri «rəfə» göndərdilər.

Maksud İbrahimbəyov kinoya 90-cı illərdə qayıtdı. Dramaturqun üç layihəsinin üçünü də oğlu Ümumittifaq Dövlət kinematoqrafiya institutunu bitirmiş rejissor Murad İbrahimbəyov həyata keçirdi. Onların birgə işlərindən ən çox şöhrət qazananı güclü istehza və gülüşlə «yoğrulmuş» «Kərgədan buynuzu» povesti əsasında çəkilmiş «Gənc qadına yaraşan kişi» filmi oldu; o bir çələnglik beynəlxalq mükafatlara layiq görüldü. Kəskin süjet xətti olan «Qızıl buzovların rəqsi» filmi isə, ən şən cinayət tərkibli kinokomediyadır. Filmdə üç qızılaxtaranın başına gəlmiş əhvalatdan bəhs olunur.

Maksud İbrahimbəyov o sənətkarlardandır ki, əsərlərini gərək mütləq oxuyasan və görəsən. Onları oxuyurlar da, baxırlar da. Onlara retrospektiv bir nəzər salanda bu ustad sənətkarın yaradıcılığında sanki yeni bir aləm görürsən. Onlar hamısı birlikdə göz önündə yaxın bir keçmişin geniş, dolğun və çox məhrəm bir mənzərəsini canlandırır. Sən də özünü o dövrün bir zərrəsi hesab edir və təkrarsız bir nəslin üzvü olduğunu dərk edirsən. Nəhayət, ağrılı, çətin suallara yüngül istehza ilə cavab axtaran dramaturqun həyat fəlsəfəsinə heyran qalırsan.

 

FİLMOQRAFİYA
Kinodramaturq Maqsud İbrahimbəyovun ssenariləri əsasında çəkilmiş filmlər

 

2009
"Ondan yaxşı qardaş yox idi" – "Azərbaycanfilm" kinostudiyasında çəkiliş prosesindəndir. (rejissor Murad İbrahimbəyov)

1996
"Gənc qadına yaraşan kişi" – Rusiyanın istehsalı (rejissor Murad İbrahimbəyov). Aldığı mükafatlar: İkinci plan rolunun ifasına görə (Mixail Qluzski) Rusiyanın NİKA mükafatı; Moskva kinofestivalının rejissor işinə görə "Qızıl alma" mükafatı; Beynəlxalq "Boqota" festivalının bürünc mükafatı; Qatçinada " Ədəbiyyat və kino" RKF-də münsiflər heyətinin mükafatı

1992
"Qızıl buzovların rəqsi" – TİSKİNO-nun istehsalı. Rusiya (rejissor Murad İbrahimbəyov)

1989
"Təkbaşına hamı uğrunda" (rejissor Murad İbrahimbəyov)

1985
"Bakı müharibə illərində" – SSRİ Mərkəzi Televiziyasının sifarişi ilə sənədli film

1982
"Yarımçıq qalmış serenada (nəğmə)" – (rejissor Maksud İbrahimbəyov)

1979
"Bir az bahar bayramı" – "Azərtelefilm" (rejissor Nazim Abbasov)

1979
"Çünki mən Ayvar Lidakam" – Riqa kinostudiyası (rejissor Biruta Veldre)

1978
"Bayquş gəldi" – (rejissor Şamil Mahmudbəyov)

1978
"Bağçada xudmani yer" – (rejissor – Ziyafət Abbasov)

1977
"Truskavetsə kim gedəcək?" – SSRİ Mərkəzi Televiziyasının sifarişi ilə "Tacikfilm" kinostudiyası (rejissor Valeri Xadov)

1977
"De ki, sevirsən məni" – (rejissor Maksud İbrahimbəyov)

1976
"Gözəl bir gündə", "Günlərin bir günündə" – (rejissor Yuli Qusman)

1976
"Mezazoy əhvalatı" – (rejissor Rəşad Atamalıbəyov)

1975
"Dağ mağarasının sirri" – M.Qorki adına kinostudiya. Moskva (rejissor Lev Mirski)

1975
"Sən mənim nəğməmsən" – "Özbəkfilm" kinostudiyası. SSRİ (rejissor Anatoli Kabulov)

1974
«Qoy o bizimlə qalsın» - M.Qorki adına kinostudiya. Moskva (rejissor İrina Tarkovskaya)

1971
«Əsas müsahibə» – «Azərbaycanfilm» kinostudiyası. Bakı (rejissor Eldar Quliyev)

1969
«Bizim Cəbiş müəllim» – «Azərbaycanfilm» kinostudiyası. Bakı (rejissor Həsən Seyidbəyli). “World of Azerbajdjan» versiyası üzrə XX əsrdə 20 ən gözəl Azərbaycan filmi siyahısına düşmüşdür

1968
«Uşaqlığın son gecəsi» - «Azərbaycanfilm» kinostudiyası. Bakı (rejissor Arif Babayev)

 

FİLMOQRAFİYA

 

Filmlərdən kadrlar ...>>>