Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

ƏKSİNQİLABİ ETÜD

Yaz gələndən bəri şayiələr dolaşmaq-dadır ki, Azərbaycanda inqilab olacaq. Özü də xəyalpərəst bədxahlar bu şayiələri internet və kütləvi informasiya vasitələri  ilə heç də bizim rifahımız naminə yaymırlar. Bütün bunlar psixoloji hazırlığı xatırladır – yəni, cənablar, yavaş-yavaş belə bir fikrə alışın ki, xalq inqilabı labüddür və buna görə də müqavimət göstərmək əbəsdir. Normal insanlar inqilabdan, daha doğrusu, qiyamdan və dövlət çevrilişindən həqiqətən qorxur və belə hesab edirlər ki, bizdə də elə hadisələr baş verə bilər ki, nəticədə, bundan öncə təcrübə meydanına çevrilmiş üç respublikada olduğu kimi Azərbaycanda da idarə olunan hərcmərclik yaranar.   

Marağı olan şəxslərin «inqilab» yaratması üçün bir-biri ilə qarşılıqlı əlaqədə olan ən azı bir neçə amil zəruridir: tənəzzülə uğramış iqtisadiyyat, başdan-başa narazı əhali, güclü lider ətrafında qeyd-şərtsiz birləşmiş müxalifət və zəif dövlət hakimiyyəti. Bu dörd şərtdən heç biri bizdə yoxdur. İqtisadiyyatın yüksəlişi davam etməkdədir və indi elə bir səviyyəyə çatmışdır ki, onun sayəsində həyat səviyyəsinin nəzərə çarpacaq dərəcədə yaxşılaşmasından danışmaq olar. Özü də hələ böyük neft yalnız cari ilin payızından ixrac edilməyə başlanacaqdır. Axı adamların əksəriyyəti qətiyyən səfeh deyil, onlar özlərinin həyat səviyyəsinin daimi yaxşılaşma meylini artıq çoxdan sezmişlər və buna görə də Gürcüstanda, Ukraynada və Qırğızıstandakına bənzər «demokratik» kataklizmlərin heç də həsrətində deyillər. Heç kim istəmir ki, çörək növbəsində dayansın, qaranlıq, soyuq evdə otursun və hava qaralandan sonra qorxudan küçəyə çıxa bilməsin. «Demokratların» hakimiyyəti hələ adamların yadından çıxmayıb, buna görə də, sağlam düşüncə nöqteyi-nəzərindən Azərbaycanda çəhrayı, narıncı, yaxud da boz inqilab etməyin nə mənası var, nə də - ən başlıcası - bunun üçün imkan. Düzdür, bizdə müxalifət var. Lakin aydın, inandırıcı proqramı olmayan müxalifətdən nə fayda. Təkcə hakimiyyəti ələ keçirmək arzusu azdır axı. Bizdə fəaliyyət qabiliyyətli müxalifət yoxdur. Ancaq çox istərdik ki, Azərbaycanda ağıllı, konstruktiv müxalifət mövcud olsun, onun da başında duranlar  qaranlıq keçmişi olmayan abırlı, maraqlı  adamlar olsunlar. İqtidar nümayəndələri ilə dolğun siyasi dialoq aparmağa qadir olan erudisiyalı liderlər olsunlar. Elə adamlar ki, onlar təkcə öz karyerası və şəxsi mənafeləri üçün deyil, dövlət problemləri üçün də can yandırsınlar. Bu, ölkə üçün çox faydalı olardı, çünki düzgün qərar çox vaxt  adətən ağıllı, məzmunlu polemika nəticəsində yaranır. Bəlkə belələri var? Bəlkə müxalifət cərgəsindəki bəzi kol-koslar ictimaiyyətdən Çörçill, yaxud de Qoll kimi gələcək liderləri, ya da bədəbəddə lap Çe Gevaranı və Suxe Batoru gizlədir? Xeyr, gizlətmir. Əsas kolların arxasında heç kəs yoxdur, elə ehtiyat kolların da arxası boşdur. Müşahidə üçün kifayət qədər vaxtım olsa da, mən müxalifət liderləri arasında strateji kateqoriyalarla düşünən, öz məqsəd və prinsipləri etibarilə böyük bir siyasi xadimi gendən də olsa xatırladan bir nəfər də görmədim. Əlbəttə, müxalifət liderləri arasında yaşamağı bacaran ağıllı adamlar var və obyektiv olaraq, işlər pis getməsə, onlardan bəzilərinə stadionu olan yaxşı bir şəhərin, hamamı, bərbərxanası və kimyəvi təmizləmə məntəqəsi olan böyük bir mehmanxananın idarə olunmasını həvalə etmək olar. Bəli, olar  –  risk çox nəcib bir işdir. Lakin bu kəmsavad, ambisiyalı adamlardan hər biri rayon miqyaslı kiçik bir şəhərə deyil, ölkəyə, yəni bizim hamımıza rəhbərlik etmək – hakimiyyət arzusundadırlar! Özü də nəyin bahasına olursa-olsun; onlar hakimiyyəti ələ keçirməkdən ötrü iğtişaşlara, zorakılığa, qan tökməyə (sözsüz ki, özlərininkini yox) hazırdırlar. 1992-ci ildə, o iğtişaşlı dövrdə təxminən elə bu cür personajlar hakimiyyəti ələ keçirmişdilər. Bir yadınıza salın, onlar o zaman nə hoqqa çıxarmışdılar. Buna etiraz etmək olar - əgər o vaxt hakimiyyəti ələ keçirmişdilərsə, deməli, bunu bir də edə bilərlər. Bəli, onda buna müvəffəq olmuşdular. 

Yeltsin, Kravçuk və Şuşkeviç Sovet İttifaqını buraxdıqdan sonra bütün müttəfiq respublikalar avtomatik olaraq müstəqillik aldılar. 1992-ci ildəki hakimiyyəti heç zəif də adlandırmaq düz deyildi. Hakimiyyət, demək olar ki, küçələrdə ayaqlar altına atılmışdı. «Xalq cəbhəsi”nin» liderləri hamıdan qabaq əyilib onu yerdən qaldırmışdılar. Bu gün isə vəziyyət başqa cürdür - hakimiyyət möhkəm əllərdədir. 2003-cü ilin oktyabr hadisələrini xatırlayın.  O zaman marağı olan adamlar «inqilab” xərclərini» ödəmiş və xuliqanlıq edən marginallar küçələrə çıxaraq yol boyu dükan vitrinlərini dağıtmağa, yoldan ötənləri şil-küt etməyə başlamışdılar.Xalq onları dəstəkləmədi, hüquq mühafizə orqanlarının təmsilçiləri isə dəyənəklərin köməyi ilə asayişi bərpa etdilər. O günlərdə bizim polis özünü son dərəcə yaxşı apardı. Fransa və ya Yaponiya kimi yüksək dərəcədə inkişaf etmiş ölkələrdə kütləvi iğtişaşlar baş verdikdə sufışqırdan maşınlardan, rezin güllələrdən, gözyaşardıcı qazdan istifadə edirlər. Bakıda bütün bu faydalı vasitələrə hələlik ehtiyac olmayıb, halbuki rəhbərlərinin dediklərinə görə, polisin cəbhəxanasında belə vasitələr yetərincədir.

Bununla belə, çox ehtimal ki, marağı olan həmin o adamlar Azərbaycanda qiyam qaldırmaq fikrindən daşınıblar. Pozuculuq fəaliyyətinə rəvac verən motivlərin hamısı bizə bəllidir. Lakin rəngbərəng inqilabların nəticələrinə əsasən fikir yürütsək, Azərbaycandakı sabitliyi pozmağın onlar üçün heç bir faydası yoxdur. Belə bir vəziyyət heç kim üçün sərfəli deyil. Gürcüstanda, Ukraynada və Qırğızıstanda hakimiyyətin zəifliyindən, kütləvi yoxsulluqdan istifadə edərək «demokratik»” xaos təşkil etmək ayrı məsələdir. Sonra da uzun zaman səbrlə çalışıb orada demokratik dövlət quruluşuna karikaturanı xatırladan nəsə bir şey qurmaq, o cümlədən də oradakı hökumətlərin üzvlərinə məvacib ödəmək və eyni zamanda da, «inqilabın”» soyub-taladığı binəva xalqın gözü qarşısında əvvəlki plutokratların əmlakını inqilabi coşqunluqla milliləşdirən təzə meydana atılmış acgöz korrupsiyaçıları insafa səsləmək... Bu, başqa məsələdir. Azərbaycanda «ümumxalq» qəzəbi” təşkil etmək isə bundan qat-qat çətindir. On-on iki min avaranı və cinayətkarı pulla satın almaq ilk baxışdan tamamilə real görünür. Ancaq heç kəs bunda marağı olan adamlara təminat vermir ki, satın alınmış «alovlu inqilabçıların”» heç olmazsa beşdə biri iks saatında küçələrə çıxacaq. Əvvəla, burada həyat tərzi Gürcüstanda, Ukraynada və Qırğızıstandakından xeyli yüksəkdir. Odur ki, qarnı tox azərbaycanlı satqında «inqilabi ruhu” oyatmaqdan ötrü» ona sözügedən ölkələrdəki «həmkar”larından» on dəfə artıq pul ödəmək lazım gələcək. İkincisi, bütün səylərə və hər cür nəzarətə baxmayaraq, 2003-cü ildə olduğu kimi yenə də həmin pulların böyük bir hissəsi sıravi qiyamçılara gedib çatmayacaq. Pullar dəstəbaşıların - vasitəçilərin ciblərində qərar tutacaq; onlar da küçə iğtişaşları sakitləşdikdən sonra bu pulları isti, yağlı kökələrə, imarətlərə, bahalı maşınlara və göz oxşayan digər məişət əşyalarına xərcləyəcəklər. Bütün bunlar artıq olub. Buna görə də başqa məlumatlar həqiqətə daha yaxın görünür, həmin məlumatlara görə maraqlı adamlar bu mərhələdə fəal pozuculuq işini hələlik dayandırıblar. Çünki onların xaricdəki ağıllı ağaları, çox güman, belə nəticəyə gəliblər ki, Azərbaycanda inqilab törətmək qızıl yumurta yumurtlayan toyuqdan şorba bişirmək kimi bir şeydir. Sonrası da,  bəlkə elə xaricdəki rəislər” də Azərbaycanda sabitliyin olmasını istəyirlər. Çünki burada söhbət son dərəcə ciddi maraqlardan və külli miqdarda puldan gedir. Yəqin düşünürlər ki, məgər Azərbaycandan savayı yer yoxdur, hələlik başqa obyektlərlə məşğul olaq; MDB ərazisində dövlət çevrilişləri törədiləsi yerlər ürəyin istəyən qədərdir. Ola bilsin ki, maraqlı şəxslərin xaricdəki ağaları məhz belə qərara gəliblər. Ola bilsin ki, belədir... bəlkə də, belə deyil... Hər halda, hələlik yerlərdəki maraqlı şəxslər rəislərin qəti qərarından xəbərdar edilməyiblər. İstənilən şəraitdə arxayınlaşmaq olmaz, biz ən pis hadisələrə hazır olmalıyıq. Gürcüstanda, Ukraynada və Qırğızıstanda da eyni ilə belə olmuşdu: orada da heç kəs, hətta ağıllı siyasətçilər də, ölkənin idarəetmə orqanlarını kütlə ələ keçirənədək belə bir hadisənin baş verəcəyinə inana bilmirdilər. Odur ki, heç kəs bədbəxtliyin qarşısını almaq üçün bircə addım da atmamışdı. İndi isə gecdir, böhran genişlənib; dilənçilik, baş alıb gedən hüquqsuzluq girdabından çıxmaq üçün həddən artıq çox vaxt lazım gələcək. Eybi yox, təki  «demokratiya»” olsun...

Yeri gəlmişkən, cənab Akayevin o hadisələrdən sonrakı çıxışı məndə qəribə təəssürat oyatdı. Cənab Akayev riyakarcasına fağır səslə bəyan etdi ki, qiyamçılarla güc yolu ilə mübarizədən o, humanist mülahizələrə görə imtina etmişdir. «Çünki hakimiyyət qan tökülməsinə dəyməz”». Elə beləcə də dedi! Əcəb sentimental qaçqındır! Görəsən o, həqiqətənmi güman edir ki, hakimiyyət qan tökülməsinə dəyməz və qan tökülmədən hakimiyyət mövcud ola bilər? Bütövlükdə bəşər tarixi sübut edir ki, qan tökülmədən hakimiyyət mövcud olmur. Qırğızıstandakı hadisələrin özü də bunu sübuta yetirdi: Akayevin  heç bir müqavimət göstər-mədən hakimiyyəti qarətçi və soyğunçulara təslim etməsi nəticəsində qan töküldü. Özü də günahsız insanların qanı. İndi, – oyun tam uduzulduqdan sonra o, ölkə əhlinə yarınmaq üçün bu cəfəngiyyatı danışır. Hərçənd ədalət naminə söyləmək lazımdır ki, öz prezidentliyinin axırıncı günlərində Akayev  əmr etmiş, daha sonra isə xahiş etmiş və hətta yalvarmışdı ki, qiyamçıları dağıtmaq üçün dəyənəkləri işə salsınlar, atəş açsınlar, onun hakimiyyətini və canını xilas etsinlər, lakin müvafiq güc idarələrinin nazirləri kütləni döyməkdən və atəşə tutmaqdan imtina etdilər. Ona məsləhət gördülər ki, dərhal qaçıb getsin. O da qaçdı, nazirlər isə qaldılar. Çünki maraqlı şəxslər hadisələr öncəsi güc strukturları təmsilçilərinin bəziləri ilə görüşmüş və onların bank hesablarının nömrələrini yadlarına salmış, İsveçrə və ABŞ banklarında onların hesablarında olan məbləğləri açıqlamışdılar. Onlara söz vermişdilər ki, əgər dəyənəkləri işə salsalar, ya da kütləyə bircə atəş belə açsalar, həmin hesablar qiyamət gününədək dondurulacaq. Təbii ki, sanballı adamların bu kimi dəlilləri güc strukturları təmsilçilərini dərhal humanist ovqata kökləmişdi. Elə Gürcüstanda və Ukraynada da bu üzrlü səbəblərə görə polis və xüsusi qoşunlar qiyamçıların yolunda yaşıl işıq yandırdılar. Onlar da hakimiyyəti ələ keçirdilər.

Bu gün çox adam yalançı demokrat-təbliğatçıların məhvedici təsirinə uymuşdur. Psevdodemokratik boşboğazlıqla hər yerdə özbaşınalıq təşviq edilir və ona bəraət qazandırılır. Başlıca prinsip budur:  dövlətin əsaslarını sarsıtmağa kömək edən hər bir vasitə yolveriləndir. İndi Azərbaycanda insanların şüuruna belə bir fikir təlqin edilir ki, istənilən şəraitdə dövlətin güc tətbiq etməsi yaxşı deyil, humanistlikdən uzaqdır və hətta cinayətdir. Əhali də bu yanlış fikrə tədricən alışmağa başlayır. Lakin dövləti insan özü yaratmışdır, o cümlədən də ondan ötrü yaratmışdır ki, qayda-qanun və asayişin təcavüzkarcasına pozulduğu bütün hallarda, qanuna riayət edən vətəndaşların həyatı və rifahı üçün təhlükə yarandığı bütün hallarda güc tətbiq edilsin. Dövlət bunu etməyə borcludur, bu da onun ən mühüm funksiyaların-dan biridir. Bununla belə, müəyyən təəssüflən-dirici məqamlar olur ki, güc tətbiqi mübahisəli və hətta səhv addım sayıla bilər. Bu mövzuda kiçicik bir misal. İndi təqdim edəcəyimiz xəbəri bütünlüklə diqqətinizə çatdırmağına dəyər. Buyurun, oxuyun:

«FRANSADA POLİS İSLAHATLARA ETİRAZ EDƏN MƏKTƏBLİLƏRİ DÖYMÜŞDÜR

Cümə axşamı Fransa polisi məktəb islahatlarına qarşı etiraz edən məktəbliləri aman-sızlıqla döymüşdür. Hadisə Fransanın şimalında yerləşən iri Lill şəhərində baş vermişdir. Polis prefektliyi qarşısında oturaq nümayiş keçirən məktəblilər polisin əmrlərinə tabe olmayaraq, dağılışmaqdan boyun qaçırmışlar. Bu zaman poli-sin iğtişaşlarla mübarizə üzrə xüsusi bölməsi yuxarı sinif şagirdlərinə hücum etmişdir. Fransa televiziyasının nümayiş etdirdiyi kadrlardan göründüyü kimi, asfalt üzərinə yıxılmış yeniyet-mələrin başlarına polislər təpiklə zərbələr endir-mişlər. Gözyaşardıcı qazdan da istifadə edilmiş-dir. Buna cavab olaraq yeniyetmələr polisləri daşa basmışlar. Bütün şagirdlər, o cümlədən də yaralılar həbs edilmişlər”». (İTAR-TASS, 20:53  7.04.2005).

Yəqin elə bilirsiniz ki, bu hadisədən sonra Fransada dəhşətli hay-küy qalxmış, Amerika, İngiltərə, Almaniya, İsveçrə və Hollandiya səfirləri bu olayla bağlı Fransa hökumətinə dərhal sərt bəyanatlar vermişlər. Bəlkə elə bilirsiniz ki, ATƏT, AŞPA və Fransanın bütün hüquq müdafiə təşkilatları işə qarışmışlar? Bəlkə fikirləşirsiniz ki, onların müxalifəti və mətbuatı da bizdəki kimi səs-səsə verib haray qaldırmışdır? Xeyr, qətiyyən. Belə bir şey olmamışdır. Təkcə Fransa məktəbliləri verilişə baxandan sonra başa düşmüş və özləri üçün nəticə çıxarmışlar ki, hakimiyyət nümayəndələri ilə ultimatum dili ilə danışmaq olmaz və polisləri daşa basmaq, ən azı, təhlükəlidir. Bunu onlar, necə deyərlər, qulaqlarında sırğa etmişlər. Özü də əminəm ki, həmişəlik. Sözsüz ki, xoşagəlməz əhvalatdır; uşaqları, heç yeniyetmələri də döymək olmaz, bu, yaxşı hərəkət deyil, amma bu hadisədən sonra ümid etmək olar ki, Fransa məktəbliləri həmin sərt sinifdənxaric dərsi yaddan çıxarmayacaqlar və zamanında qanunlara riayət edən vətəndaşlar olacaqlar. İndi isə, lütfən təsəvvürünüzə gətirin ki, Azərbaycanda belə bir hadisə baş versə idi, maraqlı şəxslər və onların idarə etdiyi personajlar özlərini necə aparardılar. Yəni əgər polislər yerə uzanmış yeniyetmələrin başlarını təpikləsəydilər, üstəlik də məktəblilərə qarşı gözyaşardıcı qaz tətbiq etsəydilər və hələ yaralılar da daxil olmaqla, onları həbsə alsaydılar,.. təsəvvür edirsinizmi, burada nə həngamə qopardı? Ən azı, üç əcnəbi səfir hiddətli bəyanat verərdi. Səfirlikdə məccani nahara tələsən hüquq müdafiəçiləri iki daşın arasındaca ölkənin bütün pedaqoqlarını müd-dətsiz aclıq elan etməyə çağırardılar. Konsti-tusiya Məhkəməsinin binası önündə polkovnik Yunus və Andreas Qross cuşa gələrək, ekstaz vəziyyətində bir həngamədən çıxardılar ki, küçədən keçənlər qalardılar mat-məəttəl. Və beləcə, qorxuya düşmüş hakimlərin çağırdığı yanğınsöndürənlər komandası gələnədək etirazı davam etdirərdilər. Uzaqgörən müxalifət isə saat yarımlıq-iki saatlıq birləşərək, şəksiz ki, öz böyük arzusunun həyata keçməsini - daxili işlər nazirinin istefasını tələb edərdi. Mən etiraz tədbirlərinin yalnız kiçik bir qismini sadaladım. Əlbəttə, ATƏT və AŞPA da bizə öz qəti etirazlarını mütləq bildirərdilər.  Bəlkə mən şişirdirəm? Ola bilər, ancaq mübaliğə varsa da, çox cüzidir. Yadınıza salın: maraqlı şəxslər və onların idarə etdikləri personajlar 2003-cü ilin oktyabr hadisələrinə (əslində, o zaman Bakıda rəngli inqilabın bir variantı məşq edilirdi) necə reaksiya vermişdilər? Ancaq o vaxt polis məktəb-liləri yox, bığlı-saqqallı xuliqanlar dəstəsini tutmuşdu. Qatı xuliqanlar dükanların şüşələrini sındırır, maşınları əzir, yoldan keçənləri döyürdülər. Xoşbəxtlikdən, bizim polis onların qarşısını qətiyyətlə ala bildi. Yadınıza gəlirmi, o vaxt necə bir riyakarlıqla az qala qiyamət qopardılar; bəzi əcnəbi səfirlər nə Allahdan, nə də insanlardan qorxmayıb quldurlara canıyananlıq edir, iqtidarı amansızlıqda təqsirləndirirdilər?! Təpədən dırnağadək satın alınmış bəzi jurnalistlərimiz və qondarma hüquq müdafiəçiləri hüquq mühafizə orqanlarının ünvanına necə çirkab yağdırırdılar?! Və bunlardan heç biri milyonlarla televiziya tamaşaçısının izlədiyi səhnəni – nəşəxor bir qiyamçının yük maşınının təkərləri altına saldığı polis nəfərini, hətta nəzakət xatirinə belə yada salmadı. Bəs axı, o polisin də balaları qaldı. Bəli, onda maraqlı şəxslər çox arzulayırdılar ki, xuliqanlar hakimiyyəti ələ keçirsinlər və Azərbaycanda idarə olunan «demokratik”» xaos yaransın. İstəyirdilər, ancaq baş tutmadı. Əslində, satqınlığı ilə ad çıxarmış bu riyakar «demok-ratlar”» dəstəsini hakimiyyətə gətirmək mümkün olsaydı, iki-üç həftə ərzində Qarabağ problemini də birdəfəlik həll etmək olardı – onu Ermənis-tana birləşdirmək yolu ilə. Axı Qarabağ probleminin həlli Azərbaycanda dövlət çevrili-şinin başlıca məqsədlərindən biridir. Ancaq bu, baş tutmadı. Pullar da it-bat oldu getdi.

Açığını desək, mən heç də əmin deyiləm ki, bu cəhdi təkrar etməyəcəklər. Buna qətiyyən əmin olmaq olmaz. Normal adamlar dostluq əlaqəsi quranda təkcə məntiq və məqsədəuyğunluğu nəzərə almırlar. Adamlar və ölkələr arasındakı dostluq münasibətlərində insana xas olan düzlük və təmizlik kimi amil də mütləq nəzərə alınır. Təəssüf ki, məlum olduğu kimi, biz bu amilə əsaslana bilmərik. Biz sidq-ürəkdən birgə planlar qururuq, həmin vaxt tərəf-müqabillərimiz isə yalnız talamağı, qətllər törətməyi və oğurluq malı xırıd etməyi bacaran marginalları işə cəlb edirlər və onlara bizim ölkəmizdə dövlət çevrilişi həyata keçirməyin ən səmərəli üsullarını öyrədirlər. Belə davranış təkcə təhlükəli deyil, üstəlik də təhqiramizdir. Zənnimcə, bizə bu cür sayğısız münasibət bəslənilməsi üçün heç kəsə bəhanə verməmişik.

Son vaxtlar ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirliyinin ünvanına tez-tez giley-güzar eşidilir. «İnqilab”» hazırla-maqda ondan açıq-aşkar şübhələnirlər. Mən cənab Reno Harnişlə tanışlıq şərəfinə nail olmuşam və buna görə də deyə bilərəm ki, o, qətiyyən sui-qəsdçiyə bənzəmir. Şübhə etmirəm ki, o öz ölkəsini sevir və şübhəsiz ki, bizim ölkəmizi sevdiyindən qat-qat çox sevir. Ancaq bu, onu qınamaq üçün yetərli bəhanə deyil. O hər hansı bir rəngli inqilabın zəruriliyi barədə bəyanat-filan verməyib. Amerika səfirinin davranışı hələ indiyədək onun səlahiyyətləri çərçivəsindən və Azərbaycanın hüquq normaları hüdudlarından kənara çıxmamışdır və bu səbəbdən də ona qarşı iddialar irəli sürmək, ən azı, mənasız bir işdir. Həqiqətən mürəkkəb vəziyyətdə sayıqlıq göstərməyə tələsərək onu tənqid edənləri də qınamağa heç adamın dili dönmür. Mənə elə gəlir ki, biz bir-birini başa düşməməyin tipik nümunəsi ilə qarşılaşmışıq. Cənab Harniş ABŞ-ı təmsil edir və mən şəxsən belə düşünürəm: onun bütün hərəkətləri və sözləri belə bir arzudan qaynaqlanmışdır ki, bizim vətəndaşlar mümkün qədər daha dolğun dərk etsinlər ki, onun vətəni necə gözəl bir ölkədir və o ölkənin nisbətən qısa, lakin son dərəcə parlaq tarixindən nə qədər faydalı örnək əxz etmək olar. Bu baxımdan bizim maraqlarımız üst-üstə düşür.

Azərbaycan gənc müstəqil dövlətdir və onun öz təcrübəsi azdır. Buna görə də bizim yeganə çıxış yolumuz digər dövlətlərin təcrübəsindən bəhrələnməkdir. O dövlətlərin ki, ölkəsinin müstəqilliyini və öz vətəndaşlarının təhlükəsizliyini qorumaq əzmini bütün dövrlərdə dünyaya nümayiş etdirmişlər. Bu mənada, bizim gənc müstəqil dövlətimiz ABŞ-dan da nümunə götürməyəndə kimdən götürəcək? Demək artıqdır ki, ABŞ-la Azərbaycan bir-biri ilə müqayisəyə gəlməyən məfhumlardır. Bizim təyyarədaşıyan gəmilərimiz, atom sualtı qayıqlarımız heç vaxt olmayıb və olmayacaq da. Biz heç vaxt Marsa və başqa planetlərə kosmik gəmilər göndərməyəcəyik. Ümumiyyətlə, heç yerə göndərməyəcəyik, çünki bizim heç bir vaxt kosmik gəmimiz olmayacaq. Heç vaxt bizdə Noks, Las-Veqas və Hollivud olmayacaq. ABŞ-ın malik olduqlarının çoxu bizdə heç vaxt olmayacaq. Bu, belədir. Amerika Birləşmiş Ştatları fövqəldövlətdir; həqiqətən, bu gün planetimizdə onun gücünə güc çatdıra bilən rəqibi yoxdur. Bizim Azərbaycan isə kiçik bir ölkədir, demokratik birliyin sayılan üzvü olmaqdan ötrü o hələ çox şey etməlidir. Biz buna yalnız o halda nail ola bilərik ki, şərəf, iftixar və  ləyaqət kimi kateqoriyalara söykənək. Əks təqdirdə  tədricən alışarıq ki, bizlərə əski kimi ayaq silirlər və birliyin bərabərhüquqlu üzvü olmaq problemimiz artıq hətta özümüzü də maraqlandırmaz. Biz heç vaxt unutmamalıyıq ki, ölkənin ləyaqəti əhalisinin sayı, yaxud ərazisinin və illik büdcənin həcmi ilə ölçülmür. Əgər hansısa bir ölkə istənilən səbəblər üzündən işgüzar, yaxud da siyasi tərəfdaşlarının onun ləyaqətini alçaltmasına yol verirsə, bunda yalnız o özü günahkardır. Ölkənin alçalmasında da, uğursuzluğunda da yalnız onun öz vətəndaşları təqsirkardırlar. Bizim günlərdə maraqlı şəxslər «inqilab»” etmək istəyirlərsə, onlar raketlərsiz və desantsız keçinirlər - inqilabı yalnız və yalnız ölkə daxilindəki səbatsız pozucu kontingentə söykənməklə gerçəkləşdirirlər. Bütün bunları rəngli inqilabların baş verdiyi ölkələrdə - təcrübə obyekti olmuş ölkələrdə müşahidə etmək olardı. Maraqlı şəxslər kölgədə qalırdı, formal olaraq onlar daxili qanunları pozmurdular, onlar yalnız həmin ölkələrin vətəndaşlarını təlimatlandırır və onlara muzd verirdilər. Texnologiya belə düşünülmüşdür ki, hüquqi baxımdan, onları qanunu pozmaqda təqsirləndirmək qeyri-mümkün olsun. Bütün məşəqqətli işi əvvəldən axıradək yerli kadrlar icra edirdilər. Biz bu təcrübəni nəzərdə saxlamalıyıq. Məlum məsəldə deyildiyi kimi: kim xəbərdardırsa, o, silahlanıb. Mən əminəm ki, qiyamın qarşısının alınmasında biz ABŞ-ın dəyərli təcrübəsindən istifadə etməliyik. Bu dövlət dəfələrlə öz düşmənlərinə sübut edib ki, onun ərazisində iğtişaş törətmək niyyəti qabaqcadan uğursuluğa məhkumdur.

Biz hər şeyi xatırlayırıq. Dünyada qayda yaradan fövqəldövlətə  ABŞ nisbətən yaxın vaxtlarda çevrilmişdir. Buna qədər isə ABŞ sadəcə, böyük bir ölkə idi. Gözəl və böyük bir demokratik ölkə. Bu ölkə öz xalqının istedadı və əməksevərliyi, özünün maraqlı ədəbiyyatı, incəsənəti sayəsində, ən qabaqcıl elmi, sənayesi sayəsində və əlbəttə ki, Amerika həyat tərzi sayəsində əzəmətli bir dövlətə çevrilmişdir. Sovet İttifaqında bir neçə nəsil insanlar yetişmişdir ki, onlar istər soyuq müharibə, istərsə də münasibətlərin istiləşməsi dövrlərində həmişə Amerikaya rəğbətlə yanaşmışlar. Uşaqkən biz Coel Harrisin, Vaşinqton İrvinqin və Frenk Baumun nağıllarını oxumaqla bu aləmə baş vurardıq. ABŞ bəşəriyyətə Edqar Po, Mark Tven, Folkner, Heminquey, Fitscerald və başqa saysız-hesabsız dühalar bəxş etmişdir. Bu görkəmli yazıçıların kitabları bir çox nəsillər üçün  masaüstü əsərlər olmuşdur. Amerika özünün güclü və əvəzedilməz silahından - musiqidən və kinofilmlərdən istifadə etməklə bütün dünyanı fəth etmişdir. Lui Armstronq, Dük Ellinqton, Elvis Presli, Ella Fitscerald və onlarca digər dahi amerikalı bütün planetimizi oxuyub-rəqs etməyə məcbur etmişlər. Yer kürəsinin canlı aləminin qorunub saxlanması üçün amerikalıların gördükləri işə görə bəşəriyyət Amerika Birləşmiş Ştatlarına minnətdar olmalıdır. Amerikalılar hər gün külli miqdarda vəsait xərcləyirlər ki, Afrikada, Hindistanda və digər tropik ölkələrdə fillərin, kərgədanların, müxtəlif yırtıcı heyvanların və quşların nəsli kəsilməsin. Əgər amerikalılar olmasaydı, artıq bu gün həmin heyvanları yalnız zooparklarda görmək mümkün olardı.

Amerikalılara xas olan daha bir çox dəyərli keyfiyyətlər vardır – ölkənin və onun vətəndaşlarının təhlükəsizliyinə hər hansı bir təhdid yaranan anda onlar lap çoxdan möhkəm bərqərar olmuş normalardan və hətta qüvvədə olan qanunlardan imtina etmək üçün özlərində qüvvə tapırlar. Bununla da Avropa ölkələri təmsilçilərindən açıq-aşkar seçilirlər. Avropalılar məhz ənənələrə və qanunlara kor-koranə sədaqətləri üzündən, eləcə də  böhranlı vəziyyət-lərdə amerikalılara xas olan siyasi qətiyyətin olmaması səbəbindən öz həmvətənlərini dəfə-lərlə ağır sınaqlara məruz qoymuşlar. Ölkənin və onun vətəndaşlarının təhlükəsizliyi üçün təhdid-lər yarandıqda, amerikalılar təcili olaraq bunları aradan qaldırırlar. Bir neçə misal çəkim. Pörl-Harbordan dərhal sonra ABŞ Yaponiya ilə müharibəyə başladı. Və bu zaman aşkar oldu ki, ABŞ-da çoxlu yapon, o cümlədən də yapon mənşəli amerikalı yaşayır. Bütün dünyaya bəllidir ki, yaponların böyük əksəriyyəti çox cəsur, vətənpərvər əhval-ruhiyyəli və Yaponi-yaya son dərəcə sadiq adamlardır. Amerikalılar başa düşürdülər ki, yüksək təhsil almış, ABŞ-ın təkcə bütün iri şəhərlərində deyil, kənd yerlərin-də də yaşayan ağıllı yaponlar hərbi əməliyyatlar dövründə dövlət üçün daxildə ciddi təhlükəyə çevrilə bilər. Bəs sizcə, demokratik Amerikada yaponlarla necə rəftar etdilər? Əlbəttə, vəziy-yətin tələb etdiyi kimi – ABŞ-ın təhlükəsizliyinin qorunması və ölkə vətəndaşlarının təhlükəsiz-liyinin qorunması maraqlarından çıxış edərək. Düzdür, bu, heç də yaxşı rəftar deyildi: ölkə ərazisinin hər yerində yaponları təqib edib tutur və qazamata salırdılar. Dərhal əsl Amerika miqyası ilə həbs düşərgələri tikildi, oradakı baraklarda yaponlar, qətiyyən ürəklərindən olmasa da, müharibənin sonunadək sağ-salamat qaldılar. Nəticəsi: bütün müharibə boyu ABŞ-da yaponların iştirakı ilə bircə dənə də olsun təxribat, yaxud terror aktı baş vermədi.

Qırxıncı illərin sonlarında – əllinci illərin əvvəllərində ABŞ-da kommunistlər böyük nüfuz qazanmışdılar. ABŞ elitasının öncül hissəsi belə nəticəyə gəlmişdi ki, kommunistlərin nüfuzu hədələyici  xarakter alır. Odur ki, bütün ölkə miqyasında kommunistləri «ovlamağa»” başla-dılar. Eynilə yaponların tutulduğu zamanlar olduğu kimi. Kənardan heç kəsin ixtiyarı yox idi ki, Habeas Corpusu, təqsirsizlik prezumpsiyasını və ümumiyyətlə insan haqlarını yada salan sözlər işlətsin (xüsusən də qadınların yanında). Nəticə də hamının ürəyincə oldu: kommunistlərin demokratiyaya ziyan vurmasına yol verilmədi. Nadir hallarda belə şeylər olurdu ki, hansısa sadəlövh hüquq müdafiəçiləri Amerika kommu-nistlərinin vətəndaş hüquqlarının pozulması ilə bağlı çıxışlar edir, ancaq bir-iki dəfə çək-çevirə düşəndən sonra cari hadisələrə münasibət bildir-məyə son qoyurdular.

Daha sonra çox təcavüzkar və təhlükəli «Qara bəbirlər”» hərəkatı yarandı. Silahlı «Qara bəbirlər» özlərini ziyalı yaponlardan və siyasət-baz kommunistlərdən tamamilə fərqli tərzdə apardılar. Onlar qana susamışdılar. Uzun sürəcək vətəndaş müharibəsi təhlükəsi göz qabağında idi. Təbii ki, hərbi əməliyyat keçirildi. Şəhər çevrəsi hüdudlarında, Harlemdə qiyamçılar təşkilatının yerləşdiyi binalara havadan raket və bombalar atır, hərəkət edən hər bir hədəfə iriçaplı avtomat silahdan atəş açır, təslim olanları əsir götürür-dülər. Təkcə Çikaqo və Los-Ancelesdə 470 nəfər həbs edildi. Təəssüflər olsun ki, bu zaman çovumuş güllələrdən və qəlpələrdən də xeyli uşaq, qadın və qoca həlak oldu. Lakin bir neçə sutka ərzində radikalların axırına çıxdılar. Yəqin ki, həmişəlik.

Məlum və məşum 11 sentyabr hadisələ-rindən sonra ABŞ yeni terror aktları gözləyərək gərginlik içində idi. İraqda müharibənin başlan-ması ilə bu təhdidlər son həddə çatmışdı. Prokurorun icazəsi olmadan axtarış üçün ameri-kalı ərəblərin evlərinə qəfildən soxulurdular. Ərəb mənşəli amerikalılar həbsə alınır, istin-taqsız, məhkəməsiz azadlıqdan məhrum edilir və qeyri-məhdud müddətdə dəmir barmaqlıq arxasında saxlanılırdılar. Gəlmə ərəblərin çoxu cüzi bir şübhə əsasında heç bir izahat verilmədən  ölkədən sürgün edilirdi, nisbətən çox şübhə doğuranları isə həbsxanalara atırdılar. Hansı hüquqları olduqlarını bu adamlara başa salmır, onlarla görüşə vəkil dəvət etmirdilər. Amma...  Amma 2001-ci il sentyabrın 11-dən sonra ABŞ-da terror aktları barədə bir şey eşidilmir.

Dövlət mürəkkəb canlı orqanizmdir və onun zəif yerləri çoxdur. Tarixi faktlara  istina-dən belə güman etmək üçün hər cür əsas var ki, ABŞ rəhbərləri belə bir şeyi çoxdan başa düşmüşlər: hətta onların həqiqətən sanballı konstitusiyası belə, zaman-zaman ölkənin və xalqın təhlükəsizliyi üçün hədə olan, həyat üçün təhlükəli hadisələrin baş verməsi vaxtı qanuni çözüm yolları göstərmək iqtidarında deyildir. Qərar qəbul etmək isə onlara həvalə edilmişdir. Amerika Birləşmiş Ştatlarının başlıca prinsipi dövlətin təhlükəsizliyi və rifahıdır, yerdə qalan hər şey ikinci dərəcəlidir. Amerikalılar dünyada başqa heç kəsin qadir olmadığı dərəcədə öz dövlətinin təhlükəsizliyini və firavanlığını təmin etməyi bacarırlar. Və zərurət yarandıqda ölkə daxilindəki şübhəli və sosial baxımdan təhlükəli şəxslərin hüquqlarını pozmaq lazım gəlirsə, çox da narahat olmurlar.

İndi görək bizdə nə baş verir. Dost ölkələrdən təşrif gətirən maraqlı şəxslər formal olaraq qanuni əsaslarla, bunu sirrə çevirmədən radikal ünsürlərlə görüşür və gələcək Azərbay-canın yenidən qurulması planlarını işləyib hazırlayırlar. Əgər bu siyasətdirsə, onda bəs  misli görünməmiş riyakarlıq, alçaqlıq və dələduzluq nədir?  Mən heç vaxt başa düşməyəcəyəm ki, sənin gözəl ölkəndə nəticələrinin qabaqcadan bilinməsi mümkün olmayan dağıdıcı proseslərə səbəb olacaq hadisələr üçün elə bu şəhərdəcə soyuqqanlılıqla kənar şəxslərin xərclər smetası hazırladıqlarını bilə-bilə, normal vətəndaş necə rahat yaşaya bilər?

Hər şeydən göründüyü kimi, hazırlıq işlərinin haqqı ödənilmişdir. Riyakar simalı və ləkəli keçmişləri olan adamlar yenidən televizor ekranlarında peyda olmuşlar və xalqın acınacaqlı aqibətinə görə yas qurmağa başlamışlar. Xalq isə ikrahla yalnız bir şeyi düşünür: görəsən bu muzdlu «xeyirxahlardan”» hansı yolla birdəfəlik can qurtarmaq olar? Səngimək bilməyən fikir dolaşır ki, Azərbaycanda qətiyyən söz azadlığı mövcud deyil. Azərbaycan «hüquq müdafiə-çiləri»” ölkə daxilindəki hadisələri ən iyrənc tərzdə təhrif edən arayışlar quraşdırırlar. Bu arayışları heç kəs yoxlamır və onlar reytinqləri dərc edən müvafiq beynəlxalq təşkilatlara göndərilir. Az sonra isə bütün sivil dünyaya utanmazcasına car çəkirlər ki, bizim ölkəmizdə söz azadlığı yoxdur. Guya bu cəhətə görə biz dünyada ən «fəxri»” yerlərdən birini tuturuq. Bununla belə, mən tam məsuliyyətlə söyləyirəm ki, heç yerdə, nə ABŞ-da, nə İngiltərədə, nə də Fransada, İsveçdə, yaxud Tanzaniyada Azərbay-candakı qədər söz azadlığı və söz azğınlığı yoxdur. Dünyanın heç bir ölkəsində Azərbaycan mətbuatında hər gün şahidi olduğumuz kimi, insanı və təşkilatı bu dərəcədə cəzasız olaraq tənqid etmək, cəzasız olaraq böhtan və yalan yaymaq, cəzasız olaraq təhqir etmək və çirkaba bulamaq azadlığı yoxdur. Görəsən, belələrinin ölkəmizi söz azadlığının olmamasında təqsirlən-dirməkdən əl çəkmələri üçün daha nə etmək olar? Bəlkə jurnalistlərə oxucuları qapmaq və dişləmək hüququ da verilsin? Kömək etməz. Azərbaycan hüquq müdafiəçilərini vicdanla hərəkət etməyə çağırmaq isə cinsi yetişkənliyə çatmış pişiyə ədəb-ərkan öyrətmək qədər məna-sız bir işdir. Bizim hüquq müdafiəçilərimiz və müxalifətçilərimiz üçün artıq çoxdan bəri heç bir fərqi yoxdur ki, ölkə daxilində onlar barəsində nə düşünürlər. Əslində onlar gəlirli bizneslə məşğuldurlar və bu biznesdən nə qoxusu gəlməsi onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Maraqlı şəxslərə Azərbaycan barədə iyrənc təəssürat yaratmaqda kömək etməklə onlar işin çox mühüm hissəsini yerinə yetirirlər. Azərbaycanda iğtişaş törətməkdən ötrü, «qəfil”» qanlı qiyama görə dünya ictimaiyyəti qarşısında özünə bəraət qazandırmaqdan ötrü qabaqcadan bütün dünyaya bəyan etmək lazımdır ki, «təzyiq altında olan xalq üsyan qaldırmışdır”, çünki burada söz azadlığı yoxdur, həqiqəti yazan jurnalistlər təqiblərə məruz qalırlar», «aclıqdan və xəstəlik-lərdən əzab çəkən adamların səbri tükənmişdir”». Sosial cəhətdən təhlükəli ünsürlərin bütün pozuculuq fəaliyyəti cəzasız olaraq maraqlı şəxslərin və onların xaricdəki rəislərinin qayğıları sayıq nəzərləri altında həyata keçirilir. Ölkənin həyati maraqlarını müdafiə üçün cüzi bir cəhd göstərilən kimi, dərhal ölkə xaricindəki «demokratik»” təşkilatların və ölkə daxilindəki  muzdlu agentlərin ürək parçalayan birgə fəryadları eşidilir. Tətbiq edilən fəndlər son elmi nailiyyətlər əsasında işlənib hazırlanmış texnologiyadan başqa bir şey deyildir. Təzyiqə dözə bilməkdən ötrü gərək əsəblər çox möhkəm olsun. Satqın kütləvi informasiya vasitələri ilə yayılan hər cür bəd niyyətli məlumat adi vətəndaşın psixikasına mənfi təsir göstərir. İnsanlar sabahkı günə və öz qüvvələrinə inamlarını itirirlər, öz dövlətlərinə inamı itirirlər və bütün bunlar hazırlanmaqda olan qiyam üçün qidalandırıcı mühitə çevrilir. Elə hakimiyyət strukturlarındakı bir çox normal adamlar da təzyiqə biganə qala bilmir, şərhə ehtiyacı olmayan qərarlarına və hərəkətlərinə bəraət qazandırmaq səviyyəsinə enirlər.

Mənə belə gəlir ki, qabaqlayıcı tədbirlər görməyin vaxtı çatmışdır. Vəzifəni asanlaşdıran bir də odur ki, pozucu elementlərin və agentlərin əksəriyyətini hamı tanıyır. Dövlət ABŞ-da uğurla sınaqdan çıxarlmış üsullardan istifadə etməklə onların zərərsizləşdirilməsi üçün ən qəti əməli tədbirlər görməlidir. Bu zaman qətiyyən qorxmaq lazım deyil ki, «demokratik»” beynəlxalq təşkilatlar bu barədə nə deyəcəklər. Şübhə etmə-yə bilərik ki, ölkəmizə qarşı sanksiyalar tətbiq ediləcək, ancaq bunlardan çəkinmək lazım deyil, çünki bütün ən dəhşətli sanksiyalar rəngli inqi-lablar ixtiraçılarının ölkəmizin başına gətirmək istədikləri müsibətlərlə müqayisədə, demək olar ki, boş şeydir. Əgər bizim səfehliyimiz və qətiy-yətsizliyimiz ucbatından tələ hər halda qapansa, Qarabağın qaytarılması ilə bağlı şüarlar və tələblər artıq aktual olmayacaq – sadəcə, heç bir məna kəsb etməyəcək. Bunların əvəzinə əsas etibarilə pıçıltı ilə dilə gətirilən başqa şüarlar səslənəcək, məsələn: «Müstəqilliyimizi bizə qaytarın!», «Bizi aldatdılar və soyub-taladılar, BMT-nin işə qarışmasını tələb edirik»”,  «Azərbaycanın əlindən alınmış nefti qaytarın!”», «Bizim balalarımız da yemək istəyirlər!» və ilaxır. Sonra da beləcə davam edəcək. Həmişəlik!

 

«Novoye vremya», 17 may 2005-ci il,

 «Yeni Azərbaycan», 19 may 2005-ci il,

 «Respublika», 19 may 2005-ci il,

«Xalq», 19 may 2005-ci il

«Bakinskiy raboçiy», 19 may 2005-ci il,

«Nezavisimaya qazeta», 19 may 2005-ci il

və s. başqaları.