Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

BALTİMOR SKUNSU

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİN DEPUTATI
ABŞ-ın LUİZİANA ŞTATININ FƏXRİ SENATORU

 

I hissə

 

Amerikanın Baltimor şəhərində yaşayan bakılı dostlarım bu yaxınlarda mənə zəng vurub xəbər verdilər ki, Baltimor qəzetlərindən birində Ramis Yunusov imzalı birisinin Azərbaycan haqqında məqaləsi dərc olunub: "Azərbaycansayağı leninizm".

Bakılı dostlarım qanıqara danışırdılar. Dedilər ki, məqalə başdan-başa yalan və iftiradır, qərəzçilik ruhunda yazılıb. Onu tərcümə edib mənə göndərəcəklərini bildirdilər və "mütləq oxu" söylədilər. Doğrudan da, "Azərbaycansayağı leninizm" məqaləsini heç bir vəchlə xeyirxah niyyətli, üstəlik də həqiqəti əks etdirən yazı hesab etmək olmaz. Şəxs adları və coğrafi obyektlər istisna olmaqla, məqalədə barəsində danışılan hər şey homo sapiensin yaşaması üçün ən adi şəraitin belə olmadığı hansısa vəhşi ölkədə baş verə bilən əməllərə və hadisələrə daha çox bənzəyir. Açıq-aşkar görünür ki, bu yazı heç vaxt Azərbaycanda olmamış və bu ölkə barədə bütün bilgiləri televiziya və qəzetlər vasitəsilə alan oxucular üçün nəzərdə tutulub.

Lakin postsovet dövründəki Azərbaycan barədə yetərincə müfəssəl söhbət açan Ramis Yunusov, deyəsən, ya yaddaşının zəif olması, ya da öz utancaqlığı üzündən əsas məsələni yaddan çıxarıb. Əsas məsələ isə odur ki, həmin dövrdə Azərbaycanda "Xalq Cəbhəsi" qeyri-qanuni yolla hakimiyyəti ələ keçirmişdi. Ramis Yunusov da həmin təşkilatın fəal üzvü idi və indi də onun üzvü olaraq qalır. Bəli, o zaman bütün postsovet məkanında iqtisadi böhran yaşanırdı, lakin Azərbaycanda "Xalq Cəbhəsi"nin hakimiyyətə gəlməsindən sonra vəziyyət lap pisləşdi. Əliəyri, yalançı və azğın "cəbhəçilər" insana xas olmayan zirəkliklə çox qısa bir müddət ərzində əvvəlki həyatdan qalan hər şeyin axırına çıxdılar. Dəmir yollarındakı elektrik naqillərindən tutmuş, kompyuterlərə, televizorlara və videomaqnitofonlara qədər hər şeyi qamarladılar. Onlar mis naqilləri əridib əlvan metal külçələri şəklinə salaraq, həmsərhəd ölkələrdə xırıd edir, ələ keçirdikləri xidməti kabinetlərdən çırpışdırdıqları texniki təchizat vasitələrini isə etibarlı yer kimi öz evlərinə daşıyırdılar. Yəqin, söyləmək artıqdır ki, neft hasilatı əslində dayandırılmış, qazma buruqları sökülmüş və metal qırıntısı kimi yuxarıda dediyimiz əcnəbi müştərilərə satılmışdı. "Xalq Cəbhəsi"nin rəhbərləri bankları talan etmiş, oğurladıqları pulları özlərinin xaricdəki hesablarında yerləşdirmişdilər. Dəbdəbə içində yaşamalarından ötrü bütün sənaye və kənd təsərrüfatı müəssisələrini müflis etmişdilər.

İnsanlar saatlarla çörək növbələrində dayanırdılar, dükanların boş piştaxtalarında ərzaq məhsulları və hər hansı ilkin tələbat malları gözə dəymirdi, yaşayış binalarının, digər mülki obyektlərin tikintisi dayandırılmışdı, Qarabağ cəbhəsində əsgərlər aclıq çəkirdilər. Ola bilər ki, Birləşmiş Ştatlardakı azadlıq havası "inqilabi" şəraitdə formalaşan insan beyninə bihuşdarı kimi təsir göstərir. Əks təqdirdə bunu necə izah etmək olar ki, cənab Yunusov özünün Azərbaycandakı fəaliyyəti dövründə baş vermiş parlaq hadisələrdən bəhs etməyi unutmuşdur? Məsələn, belə bir hadisəni Yunusov necə unuda bilər ki, onun "Kalaşnikov" avtomatları ilə silahlanmış partiyadaşları Konservatoriyaya soxulmuş və divarlardan Bethovenin, Baxın, Hendelin, Çaykovskinin "iblis" portretlərini qoparıb cırmışdılar. Yaxud da başqa bir hadisə: "cəbhəçi" nazir redaksiyaya gələrək əməkdaşların gözü qarşısında jurnalisti öz əlləri ilə ölümcül döymüşdü.

Lakin bütün bunlar – total oğurluq, özgə mülkiyyətinin zorla mənimsənilməsi, yaxud ipə-sapa yatmayan jurnalistlərə cismani cəza verilməsi və başqa məsələlər "Xalq Cəbhəsi"nin həyata keçirməyə başladığı köklü "inqilabi dəyişikliklər"lə müqayisədə heç nədir.

Azərbaycanda heç vaxt qul-quldar olmamışdır. Azərbaycan nisbətən kiçik, dünyəvi dövlətdir, burada ayrı-ayrı dini əqidələrə malik insanlar arasında xeyirxah, həqiqətən demokratik münasibətlər heç bir zorakılıq olmadan illər boyu təbii surətdə təşəkkül tapmışdır. Bu münasibətlərin kökü lap qədimlərə gedib çıxır, o vaxtlara ki, "demokratiya" kəlməsi bəlkə də heç işlənmirdi. Ölkəmizin əhalisinin əksəriyyəti müsəlmanlardır, əhalinin digər iri qrupları xristian və yəhudi dininə mənsub olanlardır. Tək Allaha inam gətirən hər bir şəxsin, dini mənsubiyyətindən asılı olmayaraq, məsciddə, kilsədə, yaxud da sinaqoqda dini ayinləri icra etməsi üçün məmləkətimizdə hər zaman imkan olmuşdur. Allahsızların, yəni ateistlərin də Allaha inanmamaq, dua etməmək, məbədlərə getməmək hüququ saxlanılır və dövlətdə heç kəsə imkan verilmirdi ki, allahsızları qınasın. Bu yerdə insanların mühakiməsinə ehtiyac yoxdur, qadir Allah hər kəsi özü görür!

"Xalq Cəbhəsi"nin hakimiyyəti dövründə bütün dəyərlər köklü dəyişikliyə uğradı. Silahlı cəbhəçilər evlərə soxulur, orada yaşayan Azərbaycan vətəndaşlarını çölə atır və tələb edirdilər ki, hər biri öz vətəninə rədd olub getsin: rusdursa – Rusiyaya, yəhudidirsə – İsrailə, gürcüdürsə... və i.a. Şəhər küçələrində silahlı cəbhəçilər qadınların qarşısını kəsir və iyrənc söyüşlərlə təhqir edərək onların üzündən kosmetikanı kobudluqla silirdilər. Hər hansı bir kişinin öz yanındakı xanıma qahmar çıxmaq cəhdləri isə, bir qayda olaraq, onun "İslam ənənələrinə" qarşı çıxmaq cəhdi kimi qiymətləndirilir və həmin şəxsin amansızcasına döyülməsi ilə bitirdi.

"Demokratik hakimiyyətin" başısoyuqluğu sayəsində Azərbaycana dünyanın hər yerindən yüzlərlə vəhhabi, ismaili və digər ekstremist təriqətlərin üzvləri axışıb gəlir və cəbhəçilərin qanadı altına sığınırdılar. "Xalq Cəbhəsi" böyük məmnuniyyətlə onları öz ağuşuna alırdı. Həmfikirlərdən ibarət möhkəm ittifaq yaranırdı.

Ramis Yunusov Azərbaycanı fəlakət həddinə çatdırmış silahdaşlarını "Əbülfəz Elçibəyin demokratik hökuməti" adlandırır. Mənə elə gəlir ki, Azərbaycandan qaçıb getdikdən sonra Yunusov terminlərin həqiqi mənasını anlamaqda çətinlik çəkir. Əgər bizim öz gözlərimizlə gördüyümüz o hökümət demokratik hökumət idisə, onda bəs quldur dəstəsi kimlərə deyilir? İndi mən artıq əminəm ki, əgər cənab Yunusov "Xalq Cəbhəsi" ilə deyil, Əlibaba bəyin "demokratik təşkilatı" ilə əməkdaşlıq etsə idi, utanmadan özünə xas olan "doğruculluq"la "Əlibaba və qırx quldur"u "Tereza ana və qırx rahibə-şəfqət bacısı" adlandırardı.

Beləliklə, o vaxtlar Azərbaycanda elə bir vəziyyət yaranmışdı ki, işıqucu görünmürdü. Bədbinlik, ümidsizlik cəmiyyətə hakim kəsilmişdi. Birləşmiş "demokratlar"la dini radikalların təzyiqini dəf etmək müşkül məsələ idi. Hamının gözü önündə Azərbaycan dünyəvi sivil ölkələr cərgəsini tərk edərək "mollakratiya" dövlətləri sırasına keçməkdə idi. Bu proses dönməz hal ala bilərdi. Siyasi iradədən məhrum olan elita parçalanmış, necə deyərlər, mənəvi cəhətdən aşınmışdı, Milli Məclisin içərisində isə avtomatlarla silahlanmış cəbhəçi deputatlar Azərbaycanın islam respublikasına çevrilməsi barədə ruh yüksəkliyi ilə mülahizə yürüdürdülər. Ölkə elə bir həddə çatdırılmışdır ki, geri qayıtmaq əslində qeyri-mümkün idi. Bəşəriyyətin tarixi təcrübəsi sübut edir ki, orta əsrlərdən iyirmi birinci əsrə qədər yol gəlmək üçün ən azı bir neçə yüzil lazım gəlmişdi. Azərbaycanın həmin bu müdhiş həddi keçib əsrlərcə geri düşməsi qaçılmaz ola bilərdi, əgər Heydər Əliyev Bakıya qayıtmasaydı.

Öz məqaləsində Ramis Yunusov çoxmənalı bir tərzdə xatırladır ki, Heydər Əliyev "qüdrətli" DTK generalı olmuşdur. Lakin bu, həqiqətin yalnız bir hissəsidir. Heydər Əliyev, doğrudan da, DTK generalı olmuşdur, lakin istehza ilə işlənən "qüdrətli" kəlməsi burada yerinə düşmür. O, general rütbəsinə cavan yaşında layiq görülmüşdü və yəqin ki, o vaxtlar bununla fəxr edirmiş. Uzun və mənalı ömür yollarında Heydər Əliyev əvvəlcə Azərbaycan Sovet Respublikası DTK-sının qurucularından biri, sonra sədri, partiya MK-sının birinci katibi, yəni respublikanın tamhakimiyyətli və güclü sahibi olmuşdur. Sonralar Siyasi Büronun üzvü olaraq o, SSRİ kimi superdövlətin ali rəhbərliyinin tərkibinə daxil oldu. SSRİ dağıldıqdan sonra Azərbaycana qayıtdı. Ancaq Bakıda ona yer tapılmadı. Burada "Xalq Cəbhəsi" ağalıq edirdi və Heydər Əliyevə xəbərdarlıq etdilər ki, onu qətlə yetirməyə hazırlaşırlar. Beləliklə o, əyalətə çıxıb getdi və orada – Bakının təzyiqinə baxmayaraq – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi.

Məqalə müəllifinin fikrincə, güya DTK-nın xatırladılması Yunusovun özünün sevmədiyi Heydər Əliyev obrazını oxucuların da gözündən salacaqmış. Lakin Yunusov bilmir ki, ondan fərqli olaraq, müasir oxucular vaxtilə "Xalq Cəbhəsi" Partiyasının söykəndiyi əski kateqoriyalara əsasən fikir yürütmürlər. Hamıya məlumdur ki, xüsusi xidmət rəhbəri vəzifəsi dövlətdə ən ali siyasi vəzifələrdən biridir. Bunu amerikalı oxucular da yaxşı bilirlər. Onların yadından çıxmayıb ki, misal üçün, ata Buş ölkə prezidenti olmazdan öncə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik etmişdir, MKİ-nin digər direktoru Ceyms Vuds isə istefaya çıxdıqdan sonra Freedom Hausun – ABŞ-ın maraqları və şöhrəti naminə bütün planetimizdə demokratiyanın inkişafına yardım edən nüfuzlu beynəlxalq təşkilatın rəhbəri olmuşdur. Bu normal haldır. Və yalnız izzəti-nəfsi təhqir olunmuş, bir qayda olaraq, xroniki surətdə bəxti gətirməyən insanlar özlərinin yararsızlığına bəraət qazandırmaq üçün bəxtli insanların uğurlarına həmişə kölgə salmağa can atarlar.

Mən Heydər Əliyevlə Naxçıvanda, "cəbhəçilərin" hakimiyyətinin birinci mərhələsində görüşmüşdüm. O vaxt psevdodemokratlar və quldurlar özlərinin əsl simasını tam büruzə verməyə hələ macal tapmamışdılar. Heydər Əliyevin məni qəbul etdiyi kiçik zalda heç də əyalət ab-havası duyulmurdu – eynilə onun Kremldəki əvvəlki kabinetində mövcud olan atmosfer hökm sürürdü: qar kimi ağ köynək və ciddi biçimli kostyum geyinmiş, işini yaxşı bilən köməkçilər və spartasayağı şərait; burada iş üçün zəruri olandan artıq heç nə gözə çarpmırdı. Dediyim bənzəyiş Rusiya generallarının – Naxçıvanda xidmətini başa vurub öz vətənlərinə qayıdan hərbi hissə komandirlərinin onunla vidalaşmağa gəlməsində də bir daha da təsdiqləndi. Hər iki hərbiçi – ordu generalı da, general-leytenant da onunla böyük ehtiramla görüşdülər; nizamnaməyə uyğun olaraq, ali rütbəli komandanla danışarkən olduğu kimi, farağat vəziyyətində dayanmışdılar, baxmayaraq ki, vəzifəsinə görə bu şəxs yalnız muxtar respublika parlamentinin spikeri idi və rusiyalı generallar heç bir tərəfdən ona tabe deyildilər. Lakin o, Heydər Əliyev idi. Və generallar ona rəsmi təzim etməyə gəlmişdilər!

            Söhbətimiz zamanı soruşdum ki, Bakıya köçməyə hazırlaşırmı?

– Xeyr. Məni dərhal, təyyarənin pilləkənindəcə həbs edərlər, – dedi. – Onun gözlərindəki soyuq və sərt ifadə yumşaldı. – Nəvələrimdən ötrü elə darıxmışam ki! Burada oturub evin qabağındakı bağçada onlarla oynamağımı yadıma salıram...

O zaman heç kəs təsəvvürünə gətirə bilməzdi ki, bircə ildən sonra o, Bakıya dönəcək. Həmin vaxt Heydər Əliyevin yetmiş yaşının tamam olmasına az qalırdı.

O elə bir vaxtda gəldi ki, ölkədə vəziyyət həddən artıq təhlükəli şəkil almışdı, Naxçıvana isə, mübaliğəsiz demək olar ki, Azərbaycanın bütün bölgələrindən ziyarətlər başlanmışdı. Nicat yolu tapmaq üçün hamı Heydər Əliyevin görüşünə axışırdı. "Cəbhəçilər" fasiləsiz insan axınının qarşısını almaq iqtidarında deyildilər. Adamlar nümayəndə heyətləri şəklində, həm də tək-tək gəlirdilər. Ümidsizlik içərisində çırpınan insanlar ona yalvarır, xahiş edirdilər ki, Bakıya qayıtsın və ölkəni labüd məhvdən xilas etsin.

Yüz minlərlə insan təyyarə limanından şəhərə gedən yol boyu onu sevinclə qarşılayırdı. Yaşlı adamlar utanıb-çəkinmədən ağlayır, sevinclərini uca səslə büruzə verirdilər. Heydər Əliyev həmişəlik Bakıya qayıtdı. Ölkə xarabazara çevrilmidi. Onun nə ordusu vardı, nə də pulu. Bununla belə o, hakimiyyəti özünə qaytardı və elə ilk saatdan ölkədə qayda yaratmağa başladı. Siyasət qrossmeysteri Heydər Əliyevin hansı texnologiyadan istifadə etdiyini bilmirəm, ancaq o, buna nail oldu!

Sonralar onu qətlə yetirməyə bir neçə dəfə cəhd göstərmişdilər. Lakin hazırlanmaqda olan bütün terror aktlarının qarşısı vaxtında alınmışdı. Görünür, ona görə belə olmuşdu ki, Tanrının və xalqın qoruduğu insanı həyatdan məhrum etmək qeyri-mümkündür.

Dövləti çox mürəkkəb bir orqanizmə bənzətmək olar. Heydər Əliyev qayıdana qədər müharibənin və yoxsulluğun taqətdən saldığı bu orqanizmin canlı toxumalarını bir neçə yerdə separatçılar daxildən parçalamağa can ataraq, dövlətin lap ürəyinə yaxınlaşmışdılar, "cəbhəçilər" də, ekstremistlər də məmləkəti acgözlüklə gəmirir, qanını sorurdular, dövlət can-vermə həddində idi.

Möcüzə baş verdi. Reanimasiya uğurla keçdi. Artıq yarım ildən sonra şəhərin küçələrində gəzişən insanların çöhrəsində təbəssüm görmək mümkün idi. Sən demə, insanların üzündə yenidən təbəssümün görünməsi çox vacib imiş, deməli onlar hiss edirlər ki, öz ölkələrində əmin-amanlıqdır, heç kəs onları təhqir edə, vura və yaxud evlərinə soxula bilməz.

Erməni separatçıları ilə atəşkəs əldə edildi və dərhal da orduda köklü yenidənqurma işləri başlandı. Ölkənin başqa rayonlarından separatçılar könüllü olaraq gəlib təqsirlərini etiraf edirdilər. Silahlı insanlar küçələrdən yox oldu. "Cəbhəçilər" mətbəx böcəkləri kimi cəld və səssiz-səmirsiz qaçıb künc-bucağa doluşdular, dini ekstremistlər təkəbbürlə və tələsmədən naməlum istiqamətə çəkilib getdilər.

Çətinliklər çox idi, lakin onların qarşısı alınırdı; sağlamlaşmaqda olan ölkənin iqtisadiyyatı qaydaya düşürdü. Teatrlar, konsert salonları öz fəaliyyətini bərpa etdi, bundan əvvəlki hərcmərclik dövründə şəhər və kənd əhalisinin artıq yadırğadığı tikinti işləri yavaş-yavaş canlanmağa başladı. Bütün dini məbədlərin normal fəaliyyəti bərpa olundu.

Heydər Əliyev prezident seçkilərində öz namizədliyini irəli sürdü və böyük üstünlüklə qələbə qazandı. Bir qədər irəli gedərək deyim ki, beş il ötdükdən sonra o, ikinci dəfə də yenə böyük üstünlüklə seçkilərdə qalib gəldi. Özü də bunun yeganə bir səbəbi vardı – Heydər Əliyevin yaşadığı dövrdə Azərbaycanda ona layiq rəqib yox idi. Bu, danılmaz faktdır və əfsuslar olsun ki, artıq tarixə çevrilmişdir.

Göz qabağında olan danılmaz faktlara baxmayaraq, Yunusov yazır ki, seçkilər saxtalaşdırılmışdır. Hərçənd ona yaxşı bəllidir ki, Azərbaycanın siyasət səhnəsində yüngül, yaxud da orta çəkili elə bir siyasətçi yox idi ki, super ağırçəkili Heydər Əliyevlə bir turdan artıq qarşıdurmada davam gətirə bilsin!

Görünür, Yunusova uşaqlıqda başa salan olmayıb ki, yalan danışmaq pis vərdişdir. Bu yaxınlarda isə məlum olub ki, bu pis vərdiş üstəlik də sağlamlığa zərər vurur – təzə peyda olmuş xəstəlik növü yaradır: kəllə beynində sidik daşı sklerozu. Ağır xəstəlikdir. Əsas etibarı ilə, kəskin vicdan çatışmazlığı nəticəsində yaranır və abırsızcasına yalan danışanlara yoluxur. Bakıda bu xəstəliyə artıq bir neçə nəfər mübtəla olub. Bunlardan biri də "Vedomosti" qəzetinin baş redaktorudur. Yunusova belə bir azar lazımdırmı? Bildiyimə görə, o, nisbətən cavan adamdır, deməli, hələ gec deyil, bu zərərli vərdişi tərgitməsinə hələ vaxt var. Ən başlıcası odur ki, özü bunu istəsin! Əgər Yunusov həqiqəti söyləməyə alışsa, gələcəkdə onun üçün normal ömür sürmək şansı, zaman keçdikcə isə, bəlkə də, hətta abırlı insanların hörmətini qazanmaq şansı yarana bilər. Ancaq əfsuslar olsun ki, zərərli vərdişləri tərgitmək çox çətindir!

Qəzet məqaləsinin həcmi Azərbaycan Prezidenti Heydər Əliyevin fəaliyyəti barədə geniş danışmağa imkan vermir. Onun səyləri sayəsində Bakı-Ceyhan neft kəmərinin inşası üçün zəmin olan "əsrin müqaviləsi" bağlandı. O, Rusiya ilə və MDB ölkələri ilə mehriban qonşuluq münasibətlərini bərpa etdi və Qərblə möhkəm işgüzar münasibətlər qurdu. Hərcmərclik illərində yayılmış ksenofobiya və dözümsüzlük Prezident Heydər Əliyevin dövründə kökündən yox oldu. Yeri gəlmişkən, onun prezidentliyi illərində Roma Papası Bakıya səfər etdi və bu iki dahi insan Bakıda katolik məbədinin bünövrəsini qoydu. Heydər Əliyevin prezidentliyinin lap əvvəlində neft hasilatı bərpa edildi və müflisləşmiş ölkəyə çoxdan gözlənilən pullar axıb gəlməyə başladı.

Heydər Əliyevin iti analitik ağlı, fenomenal fəhmi və siyasi istedadı mənim ölkəmi fəlakət böhranından çıxara bildi. O, ölkəni labüd rüsvayçılıqla məhv olmaqdan xilas etdi. Bunlara görə mən ömrümün sonunadək ona minnətdar olacağam.

Hələ Heydər Əliyevin sağlığında Azərbaycandan qaçmış cənab Yunusov indi iddia edir ki, ömrünün son aylarında Heydər Əliyev  koma vəziyyətində, klinik ölüm vəziyyətində olubmuş, Azərbaycandakı ən mühüm dövlət işlərini isə onun adından həll edir və onun saxta imzası ilə təsdiqləyirmişlər.

 Yunusovun nəzərinə çatdırım ki, belə bir şey qətiyyən mümkün ola bilməzdi. Azərbaycan Prezidenti Bakıda müalicə olunmurdu. O, Amerikanın Klivlend şəhərində hospitalda idi. Sutka ərzində onun vəziyyətindəki cüzi dəyişikliklərdən belə, dərhal onlarca şəxs – hospitalın baş həkimindən və bütün tibb heyətindən, prezidentin şəxsi mühafizəçilərindən tutmuş, xarici səfirliklərin Amerikadakı əməkdaşlarına və hər cür kəşfiyyat idarələrinin casuslarına, Amerika Birləşmiş Ştatlarının dövlət katibi və prezidentinə, habelə Azərbaycan rəhbərlərinə qədər hər kəs xəbər tuturdu. Vaşinqton heç bir halda imkan yaratmazdı ki, prezidentin, özü də başqa bir dövlətin başçısının – Amerika Birləşmiş Ştatlarının qonağı olan bir prezidentin vəziyyəti barədə məlumatlarda hətta cüzi qeyri-dəqiqliyə yol verilsin. Buna görə də Amerika Birləşmiş Ştatları hökumətini əslində fırıldaqçılıqda və saxtakarlıqda ittiham etməkdə Yunusov haqlı deyil. Qəti əminliklə söyləmək mümkündür ki, əgər Azərbaycan Prezidenti koma vəziyyətində olsaydı, bütün dünya bir çox rəsmi kanallarla vaxtında bundan xəbər tutardı. Təkrar edirəm: rəsmi kanallarla – məsuliyyətsiz birisinin rəzil uydurmaları vasitəsilə yox!

Prezidenti son mənzilə bütün ölkə yola saldı. Zaman keçdikcə bəzi sözlər əvvəlki mənasını itirir, ifadələr çox işlənib təkrarlandıqca kəsərdən düşür. Lakin o günlərdə "bütün xalq dərin hüzn içindədir" sözləri baş verən itkinin böyüklüyünü tam dəqiqliyi ilə ifadə edirdi.

Həmin vaxt siyasi lüğətdə yeni termin – "rəngli inqilab" istilahı meydana çıxmışdı. Məşhur klassikin ifadəsini bir qədər dəyişməklə, vəziyyəti qısaca olaraq belə təsvir etmək olardı: MDB-də bir kabus dolaşmaqdadır, rəngli inqilab kabusu. Azərbaycanda bu kabus hələ Heydər Əliyevin dövründə peyda olmuşdu, lakin özünü sakit aparır, "ağıllı kabus" olaraq çox da gözə girməməyə çalışırdı. Kabusun gözə görünməsi 2003-cü il oktyabr ayının 16-a təsadüf etdi. Ramis Yunusov həmin vaxt ABŞ-da idi və bu hadisələri "Hyuman rayts votç"un gözləri ilə seyr edirdi, mən isə Bakıda hər şeyi öz gözümlə görürdüm. Elə həmin gecə mən baş verənlər barədə düşündüklərimi qələmə aldım. "Norveç səfirinin bəyanatı ilə bağlı bir neçə qeyd" adlı məqaləm 2003-cü il oktyabrın 29-da "Zerkalo" və "Bakinskiy raboçiy" qəzetlərində dərc edildi. Məqalədən bir parçanı oxucuların diqqətinə çatdırıram:

"Pəncərədən içəri dolan çığır-bağırı eşidib, küçəyə çıxdıq. Ağlasığmaz bir mənzərənin şahidi olduq: qəzəbli, azğınlaşmış kütlə yolundakı hər şeyi uçurub dağıdaraq irəliləyirdi. Dəyənəklər, armatur və daş parçaları ilə silahlanmış bu adamlar dükanların, avtobusların şüşələrini vurub sındırır, minik maşınlarını əzib qırır, rastlarına çıxan şəhər sakinlərini döyür, silahsız polislərə hücum edirdilər. Dəqiq deyə bilmərəm, ancaq mənə elə gəldi ki, həmin adamlar narkotik maddələrin, ya da hansısa başqa bir coşdurucu vasitələrin təsiri altında hərəkət edirdilər. Mənim qəti qənaətim belədir ki, müxalifət, siyasi rəqib və yaxud inqilabçı kimi anlayışlar bu adamlara aid edilə bilməz. Bunlar kinli, son dərəcə həyasızlaşmış və azğınlaşmış quldurlar yığnağı idi. Həmin gün törətdikləri özbaşınalıqla bu lümpenlər və cinayətkarlar özlərini qanunun fövqündə qoymuşdular."

Görünür, daha inandırıcı olsun deyə, Ramis Yunusov öz məqaləsində çox tez-tez "Hyuman rayts votç"a istinad edir. Qəti təsir etmir. Inandırmır adamı. Axı biz təpədən-dırnağadək pulla satın alınmış həmin bu "Hyuman rayts votç"u yaxşı tanıyırıq. Özünü onun qədər gözdən salmış, qərəzçi subyektiv və məqsədyönlü tərzdə yalanlar uyduran ikinci bir qurum təsəvvürə gətirmək çətindir. "Hyuman rayts votç" Corc Sorosun pulları hesabına yaşayır və onun proqramını dinməz-söyləməz həyata keçirir. Arada isə nisbətən aşağı qəlibli maliyyəçi-siyasətçilərin də sifarişlərini yerinə yetirir.

Elə ki, "Hyuman rayts votç" bəşəriyyət qarşısında heç bir təqsiri olmayan hər hansı bir ölkədə demokratiyanın və insan hüquqlarının müdafiəsi uğrunda gözlənilmədən yeni bir yürüşə başlayır, bütün işgüzar insanlar narahat olurlar. Yaxud bir də görürsən ki, həmin təşkilat ölkələrin cəfəng bir reytinq siyahısını yayır. Dərhal gözə çarpır ki, həmin siyahı da sol ayağın ölçüsünə və düz bağırsağın bir hissəsinin diametrinə əsasən, hər hansı bir agentin Şimal yarımkürəsi şəraitində xidmət keçmək üçün yararlı olub-olmadığını təyin etməyə imkan verən "dahiyanə" testləri tərtib etmiş və bütün əlamətlərinə görə, artıq pensiyaya çıxmış test "ustası"nın beyin fəaliyyətinin məhsuludur. Təşkilatın fəaliyyətinin hər yeni canlanması təhlükə siqnalıdır və onu göstərir ki, "Hyuman rayts votç"un daimi müştərilərindən kim isə yaxın vaxtlarda nəyi isə oğurlamağa, yaxud mənimsəməyə hazırlaşır.

"Hyuman rayts votç" və eynilə onun kimi "müstəqil" olan beynəlxalq təşkilatlar, müstəqil müşahidəçilərin fikrincə, artıq xeyli vaxtdır ki, inkişafdan dayanmışlar. İqtisadi və siyasi problemlərə özlərinin səthi, diletant yanaşması ilə, dünya proseslərini subyektiv təhlil etməklə, informasiyadan qərəzli istifadə və ikili standartlar tətbiq etməklə onlar demokratiyaya həqiqətən can atan insanların şüuruna mənfi təsir göstərirlər. Güman edirəm ki, "Hyuman rayts votç" və K*-nın məhsulu onun istehlakçılarına həmin təşkilatın yaradıcılarının ilkin niyyətlərinin əksinə olaraq, tam fərqli təsir göstərir. Bu təşkilatın fəaliyyəti onun at oynatmasına imkan yaratmış sadəlövh ölkələrin xalqlarının şüuruna artıq zərərli təsir göstərmişdir və üstəlik, demokratik dəyərləri eybəcərlik həddinə qədər təhrif etməkdədir. Əgər "Hyuman rayts votç" və K*-da yaxın gələcəkdə ciddi struktur dəyişiklikləri baş verməsə və o özünün demokratiyanı gözdən salan fəaliyyətini davam etdirsə, beş-altı ildən sonra demokratiyaya inamını itirmiş insanlar labüd olaraq kütləvi surətdə amansız totalitar və ya monarxiya rejimlərinə axışacaqlar. Orada isə, məlum olduğu kimi, özbaşınalıq hökm sürür, insanları istintaqsız və məhkəməsiz işgəncələrə məruz qoyur, öldürürlər. Lakin bir məsələ var: insanlara əzab, işgəncə verərkən, onlara qarşı zorakılıq edərkən, həmin rejimlərdə heç olmazsa qurbanlara təlqin etməyə çalışmırlar ki, bütün bunlar onun rahatlığı naminə edilir. Odur ki, insanlar riyakarlıqdan və yalançılıqdan qurtulmaq üçün belə rejimli məmləkətlərə ancaq kurorta gedən kimi gedəcəklər.

Bildiyimə görə, "Hyuman rayts votç" və K* təşkilatına heç vaxt BMT-nin beynəlxalq statusu verilməmişdir. Elə isə bəs hansı əsasla o, suveren ölkələrin daxili işlərinə bu dərəcədə həyasızlıqla və təhqiramiz tərzdə müdaxilə edir? Məncə, bunun üçün onun heç bir qanuni əsası yoxdur və ola bilməz .

Azərbaycanda oktyabrın 16-da rəngli inqilab etmək üçün göstərilən ilk cəhd, əslində yeni hakimiyyətin möhkəmliyini sınağa çəkdi və ölkə rəhbərliyi bu sınaqdan ləyaqətlə çıxdı. Xalq birmənalı münasibət bildirdi, özünün gənc, xarizmatik Prezidentini dəstəklədi. Qiyamçıların xalq kütlələrinin dəstəyinə olan ümidləri puça çıxdı. Tək qalmış "inqilabçılar" pərən-pərən düşdü. Qiyamın yatırılmasına saat yarım vaxt lazım oldu.

Hadisələrin pərdə arxasında dayanan “ideoloqu” barədə bir neçə kəlmə: cənab Corc Soros dünya şöhrəti qazanmış macar əsilli amerikalıdır. Mənfəət arxasınca qaçan bu maliyyə nəhəngi, az qala iyirmiyə yaxın inkişaf etməkdə olan ölkədə iqtisadiyyatı çökdürməyə nail olmuşdur. Onun şəxsi silahı – güclü intellekti və kapitalıdır. İnkişaf etməkdə olan ölkələrdə uğurla keçirdiyi maliyyə aksiyasından sonra Corc Soros bir müddət depressiyaya bənzər vəziyyətə düşdü, ölüm və həyat barədə çox fikirləşməyə başladı, vəsiyyətnaməsini hazırladı, kitablar yazmağa başladı ki, bu da özlüyündə bir təhlükə əlamətidir. Həmin kitablardan birində o, hətta maliyyəçi üçün bağışlanmaz sayıla bilən belə bir fikir yürüdürdü ki, pul heç də həyatda başlıca şey deyildir. Fəlsəfi düşüncələrə daldığı anlardan birində kapitalist Soros dərk etdi ki, dünyada inqilabi dəyişikliklər dövrü başlanmışdır. Soros düşündü ki, inqilablar lazımdır: hər yerdə – mənim ölkəmdən başqa, mümkün olan hər bir yerdə. Soros, həqiqətən, öz ölkəsini – ABŞ-ı sevir və onu QİÇS-dən, inqilabdan, sunamidən, tornadodan qorumaqdan ötrü əlindən gələni edir. O dərhal öz adına xüsusi fond yaratdı (ağıllı və yumorlu adamlardan biri həmin fondu çox dəqiq olaraq Sorosun "inqilab cüzdanı" – pul kisəsi adlandırmışdır) və qollarını çırmalayaraq işə girişdi.

Şübhəsiz, bu dahi insan Lenin, Mao Tze-Dun, Fidel Kastro, Bolivar və Pol Pot kimi tarixi xadimləri üstələyərək özünə ölməzlik təmin etmişdir. Adlarını çəkdiyim bu personajların hər biri qanlı müharibələr sayəsində cəmi bir inqilab etməyə nail olmuşdur, o da öz ölkəsində. Dahi Soros isə bircə damla qan tökmədən üç müxtəlif ölkədə – Gürcüstanda, Qırğızıstanda və Ukraynada düz üç inqilabı qələbə ilə başa vurmağa müvəffəq olub. Sözün qısası, Soros bütün inqilab rəhbərlərini geridə qoyub. Onun yerinə başqası olsaydı, bu cür möhtəşəm uğurlardan sonra özünə dinclik verər, rahatlanardı, yorulmaq bilməyən Corc isə sakitləşmir, nəzərində hələ bir neçə ölkə var ki, onun fikrincə, bu ölkələri inqilablarla "xoşbəxt etmək" olar. Azərbaycanda da rəngli inqilab etmək ürəyindən keçirdi, ancaq onun sınaqlardan sıxmış strategiyası, "Hyuman rayts votç" və K* kimi "döyüşkən bölmələrin" sərt təzyiqinə və ölkə daxilində psevdodemokratların qaldırdığı boş hay-küydən ibarət "ümumxalq" dəstəyinə baxmayaraq, burada gözlənilmədən özünü doğrultmadı. Azərbaycandakı inqilab doğulmadan, embrion vəziyyətindəcə öldü. Əyinlərinə narıncı astarlı şalvarlar geymiş "etibarlı" azərbaycanlı silahdaşlar isə heç bir minnətdarlıq-filan bildirmədilər, lakin Sorosun "inqilab cüzdanından" vaxtilə aldıqları pulları böyük məmnuniyyətlə bu günə qədər də sağa-sola xərcləməkdədirlər.

Xeyr, Sorosun Azərbaycanda ata, oğul və inqilabi ruh sarıdan bəxti gətirmədi. Bu yaxınlarda şayiə yayılmışdı ki, Sorosun Azərbaycandakı "daimi kontingent"ində Yeni il münasibətilə seçkiqabağı çoxsaylı superqrantlar paylanacaq. Düzdür, bu yalnız şayiədir, ancaq bəziləri bir andaca necə dirçəldilər!

2008-ci ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək və şübhə etməmək olar ki, həmin seçkilər ərəfəsində "Hyuman rayts votç" və K*-nin fəal dəstəyi ilə Sorosun "daimi kontingenti" yeni "inqilablar" və fitnəkarlıqlar üçün cəhdlər göstərəcəkdir. Lakin mən ölkəmizin gələcəyindən nigaran deyiləm, Azərbaycan xalqı "Xalq Cəbhəsi" dövründə "inqilab" mərəzinə qarşı etibarlı peyvənd almışdır. Axı, o hadisələr ölkədə xaos yaradırdı, xaosun mütləq yol yoldaşları isə aclıq, dilənçilik və qanunsuzluqdur. Azərbaycan bu gün öz gələcəyini özü qurur. Həm də çox uğurla. Buna görə də kənardan zorla sırınan inqilabi "dəyişikliklərə" ehtiyacı yoxdur.

Rəngli inqilab "səadətinə qovuşmuş" ölkələrdə nələr baş verdiyi mənə yaxşı məlumdur, lakin etik və siyasi mülahizələrə görə öz məqaləmdə bu barədə yazmayacağam. Təkcə onu deyim ki, bu ölkələrin görkəmli alimləri – elmlər doktorları, akademiklər, yazıçılar, rejissorlar və politoloqlar – bir sözlə, müdrik insanlar müntəzəm olaraq simpoziumlara toplaşaraq ciddi polemikalar açmağa başlamışlar. Əgər qəliz elmi terminlərdən qaçmaq istəsək, həmin mövzunun girişi təxminən belədir: "nə baş verdi, necə baş verdi, nə üçün biz hamımız qəflətən eyni vaxtda küçələrə axışdıq?! Atillanın xain xələfi Soros konkret olaraq hansı nou-hau tətbiq etmişdi ki, biz qoyun sürüsü kimi mələşə-mələşə bəyirən keçilərin dalına düşüb qaçdıq, onlar da bizi zirvəsində mavi rəngə çalan buz, ətəyində isə ağcaqanad məskəni – üfunətli bataqlıq olan çılpaq təpənin yanına gətirib çıxardılar? Aydınlaşdırmalıyıq ki, bizlər – taqətdən düşmüş ac insanlar niyə həmin gün birağızdan: "Yaşasın inqilab! Yaşasın azadlıq! Ura, ura!" hayqırtıları ilə özümüzü xoşbəxt hesab etdik? Qabaqda gedən keçilər də elan etdilər ki, sevinclə mələşənlərin hamısının arzu etdiyi yer elə buradır. Görəsən, hansı qüvvə bizi var səsimizlə mələşməyə vadar edirdi ki, demokratiya və azadlığın bütün dəyərlərini əlimizdən almaq istəyən bədxah qonşularımızı bizim tərəflərə keçməyə qoymayaq? Biz bunu mütləq aydınlaşdırmalıyıq!"

Hərdənbir bu başbilənlərin xeyirxah dostu, keçmiş aspirant, Tatarıstandan olan ürəyiyumşaq neftçi onları Rusiyaya dəvət edirdi. Adətən, səyyar simpozium Moskvanın yaxşı restoranlarından birində keçirilirdi. Burada simpozium iştirakçılarını mal ətindən bifştekslərə, krevetka qrilinə, hisdə bişirilmiş nərə balığına, dənəvər kürüyə və digər ləziz nemətlərə qonaq edirdilər. Alimlər də məmnuniyyətlə yeyirdilər, çünki inqilablardan sonra onların ölkələrində belə nemətlər qəhətə çəkilmişdi. Ancaq yaxşı hər şey gec-tez tükənir. Milisin protokolundan məlum olduğu kimi, bu il mayın iyirmisində "Nasionalda" keçirilmiş sonuncu simpozium qalmaqalla başa çatmışdır. Buna səbəb isə həmin axşam əri və qızı ilə birlikdə qonşu masanın arxasında şam yeməyinə əyləşmiş cənub-qərb rayonu prefektliyinin yerüstü nəqliyyat şöbəsinin müdiri Anastasiya Vilhelmovna Qrakina olmuşdur. Qəflətən qırğız alimi "Yalvarıram, qayıt!" deyə bağıraraq yerindən qopub Anastasiya Vilhelmovnanın yanına cummuş və uca səslə hönkürərək onu öpüşlərə qərq etmişdir. Məlum olmuşdur ki, qırğız alimi heyrətamiz zahiri bənzəyişinə görə Anastasiya Vilhelmovnanı Əsgər Akayevə bənzədibmiş. Məsələ aydınlaşanda hamı sakitləşmişdir, təkcə Qrakindən başqa – onun xoşuna gəlməyib ki, dalğavarı saç düzümü olan arvadını dazbaş Akayevlə qarışıq salıblar. Kişi inzibatçını məcbur edib ki, dərhal milis çağırsın. Onun tələbi yerinə yetirilmişdir və indi başbilənlər çoxsaylı suallara artıq fərdi qaydada cavab axtarırlar.

 

Maqsud İbrahimbəyov

 

BALTİMOR SKUNSU

 

II hissə

Azərbaycanda rəngli inqilab məsələsi artıq qaldırılmır. Yunusov da, "Hyuman rayts votç" da, Sorosun inqilab fondunun funksionerləri də artıq başa düşməlidirlər ki, onların qatarı həmişəlik gedib. Azərbaycanda dağıdıcı kataklizmlər törətmək mümkündür, ancaq bundan ötrü Prezident İlham Əliyevi aradan götürmək lazımdır. Bunu kimlərsə istəyə bilər, lakin arzularına çatmazlar. "Uğursuz rəngli qiyam" cəhdindən dörd il keçir. O vaxtdan bəri ölkə tanınmaz dərəcədə dəyişib. Hər yerdə qızğın tikinti işləri gedir. Yaşayış binaları, məktəblər, sənaye müəssisələri inşa edilir. Ölkənin bütün ərazisində yeni su və qaz təchizatı xətləri çəkilir. Bakı-Ceyhan neft kəmərinə əlavə olaraq iki qaz kəməri də işə düşəcək və bunlarla Azərbaycan qazı Qərbi Avropaya göndəriləcək. Bakı-Qars dəmir yolu inşa ediləcək. Yola saldığımız ildə ölkənin ümumi daxili məhsulu otuz beş faizdən artıq olmuşdur!..

Yunusovun "cəbhəçilər" Bakısında olduğu dövrlər barədəki qəmli xatirələrini bir qədər yumşaltmaq üçün deyə bilərəm ki, hazırda insanlar – istər əcnəbilər, istərsə də özümüzünkülər sutkanın istənilən vaxtında küçələrdə rahat gəzişir, qorxmurlar ki, onlara sataşar və ya onları soyarlar, camaat gecədən xeyli keçənədək kafelərdə, restoranlarda, barlarda əyləşir. Xarici ölkə səfirliklərinin sayı otuz beşə çatmışdır. Bütün rütbələrdən olan səfirlik əməkdaşları Yunusovun Azərbaycan haqqında yazdığını oxusalar, çox təəccüblənərlər.

  Azərbaycanda insanlar gündən-günə zənginləşir, əhalinin böyük əksəriyyəti yaxşı geyinməyə başlamışdır. Şəhərkənarı bağ evləri göbələk kimi artır. "Volqa"lar, "Jiquli"lər və "Moskviç"lərin əvəzinə sayı hesabı bilinməyən "Toyota"lar, "Sitroyen"lər, "Leksus"lar və "Mersedes"lər gətirilmişdir. On dəfələrlə artmış avtopark küçə tıxacları şəklində öz tələblərini də irəli sürmüşdür. İndi yeni avtomagistrallar ölkənin rayonlarını paytaxtla birləşdirir, müxtəlif səviyyəli yerüstü yol qovşaqları inşa edilir. Bakı metropoliteni xətlərinin uzunluğu artırılmışdır. Hələ beş il əvvəl Azərbaycanda orta sinif əmələ gələcəyini təsəvvürə gətirmək çətin idi. Amma yarandı. Aşağı sosial təbəqələrə mənsub bir çox vətəndaşların əlavə gəlirlərə ehtiyacı vardır, bu problem dövlətin ən mühüm problemlərindəndir. Bu məsələ hələ həll olunmayıb, lakin zaman keçdikcə həyatın keyfiyyəti və səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Prezident bu çox mühüm işi heç kəsə həvalə etməyərək, vətəndaşların pensiya və əməkhaqlarının mütəmadi olaraq artırılmasını şəxsən nəzarətdə saxlayır. "Xalq cəbhəsi"nin hakimiyyətdə olduğu dövrlə müqayisədə yoxsulların sayı bir neçə dəfə azalmışdır, lakin bu "nailiyyət" heç kəsi arxayınlaşdırmır. Belə bir fakt da heç kəsi sakitləşdirmir ki, Azərbaycanda adambaşına düşən minimal gəlir Cənubi Qafqazda ən yüksəkdir. Yoxsulluğu aradan qaldırmaq problemi dövlətimizin iqtisadi planlarında birinci dərəcəli vəzifə olaraq qalmaqdadır.  

"Azərbaycansayağı leninizm" məqaləsində jurnalist Elmar Hüseynovun qətlinin üstünün açılmaması ilə bağlı narahatlıq ifadə olunur. Razıyam, qətl hadisəsinin açılmaması çox pisdir. Üstəlik, mən də canıyananlıq edən Yunusovla həmrəy olduğumu mütləq bildirərdim, əgər o, qanına qəltan edilmiş digər zorakılıq qurbanları üçün də bir ağız ağlasaydı. Məsələn, Azərbaycanın görkəmli oğlu Ziya Bünyadovun qətlə yetirilməsi ilə bağlı heç olmasa bircə dəfə, əvvəllər narahatlıq bildirmiş olaydı. Yaxud da planetin müxtəlif yerlərində Allah bilir kimlər tərəfindən öldürülmüş dörd yüz otuz jurnalisti bircə dəfə yada salaydı. Bu günədək həmin qətllərin açılma səviyyəsi sıfıra bərabərdir, lakin bütün bunlar Yunusovu narahat etmir.

Məsələyə kriminalistikanın əsas prinsipi olan “bu, kimə sərfəli idi?” prinsipindən çıxış etməklə yanaşsaq, Elmar Hüseynovun üstü açılmamış qətli barədə nə demək olar? Sözügedən universal qaydaya əsaslansaq, şübhəli hesab edilə bilənər cərgəsindən iqtidar nümayəndələrini dərhal istisna etməliyik, sadəcə ona görə ki, jurnalistin qətli, heç şübhəsiz, iqtidara sərfəli deyildi. Elmar Hüseynovun aradan götürülməsi dövlət üçün heç bir məna kəsb etmirdi, çünki “Monitor” jurnalı onun üçün süci də olsa təhlükə törətmirdi. Hakimiyyət strukturalarına yaxşı məlum idi ki, “Monitor”un əsl sahibi kimdir, orada “musiqini sifariş verənlər də” adbaad kimlərdir. Yeri gəlmişkən, bu adamlar indinin özündə də şad-xürrəm yaşayırlar. Onlar demokratiya və azadlıq uğrunda yeni, alovlu mübarizələr tapıb, muzdla işə cəlb etdilər və bu muzdlular əvvəlki adları dəyişərək əvvəlki xətti davam etdirdilər. Əgər hipotetik də olsa, belə bir fikir irəli sürsək ki, Azərbaycanda öz siyasi məqsədlərinə çatmaq üçün dövlətə sərf eləməyən adamların aradan götürülməsi mümkündür, şübhəsiz ki, xüsusi xidmət orqanları belə xırdacıllığa getməzdilər, cinayətkar qətl əməllərinə sarı mətbuatın nümayəndəsindən başlamazdılar, daha “maraqlı”, daha iri hədəf seçərdilər, məsələn, separatçıların liderlərini aradan götürərdilər. Jurnalistin qətlinin “sifarişçilərini” rəsmi strukturlarda axtarmaq ağılsızlıqdır. Elmar Hüseynov kimi, insanalr çox vaxt həyatdan vaxtsız köçürlər, lakin onların zorakılıqla qətlə yetirilməsinin səbəbini hər şeydən öncə ətrafındakı insanlarla, iş yoldaşları, qonşuları və qohumları ilə münasibətlərində axtarmaq lazımdır.

   Elmar Hüseynovun qətli ilə bağlı mən çox düşünmüşəm. Öz ehtimallarımı iki il əvvəl çap etdirdiyim "Əsas versiya" məqaləsində açıqlamışam. Həmin məqalədə mən belə bir məqamı anlamadığımı qeyd etmişəm: mərhum E.Hüseynovla "can bir qəlbdə" dost olan həmkarı Eynulla Fətullayev nəyə görə hələ də prokurorluğa çağırılmayıb? Axı fiziki cəhətdən güclü olan və özündən tez çıxan E.Hüseynov sağlığında cənab E.Fətullayevlə ünsiyyəti zamanı ona əl də qaldırmışdı. Fətullayevin isə, necə hərəkət edəcəyi bəlli olmayan son dərəcə şöhrətpərəst və təkəbbürlü bir şəxs olduğunu hamı etiraf edir. Eynulla Fətullayev üçün gerçəklik bundan ibarət idi ki, pullara və "şöhrətə" doğru gedən yolda onun qənimi Elmar Hüseynov qarşıda maneə kimi durur. Bu əngəl aradan qaldırılandan dərhal sonra Eynulla Fətullayev, sanki sehr nəticəsində həyat nemətlərinə artıq özü yiyələndi. Pul axınları artıq onun əlindən gəlib keçirdi. Hər işdə uğursuzluğa düçar olan jurnalist - kriminal dairələrində "davakar çırtdan alfons" ayaması ilə tanınan bu şəxs qısa bir müddət içərisində özü qəzet açdı, iki ədəd dəbdəbəli maşına sahib oldu və xoşagəlməz də olsa, hər halda, şöhrət qazandı.

İstintaq üçün maraqlı ola biləcək daha bir məsələni də diqqətə çatdırmaq istərdim. Belə ki, ABŞ-ın bir neçə ictimai təşkilatı Azərbaycandakı “azad” mətbuatın nümayəndələri üçün iki milyon dollara yaxın pul toplayıbmış. Bu barədə 2005-ci ilin martında amerika televiziyası ilə məlumat da verilmişdi. Həmin pulların bir hissəsi Bakıda Elmar Hüseynova çatdırılmışdı. Pulların Elmarda olduğunu isə Eynulla Fətullayev bilirdi. O müdhiş gecə Elmar evin qaranlıq girəcəyində qətlə yetiriləndən sonra, içində çox böyük məbləğdə pul olan göy rəngli idman çantası yoxa çıxmışdır.

Şübhəli bilinən şəxsin günahkar olduğunu söyləmək üçün onun hərəkətlərindəki müəmmalardan başqa, təkzibedilməz dəlil və sübutların olması vacibdir. Peşəkar səviyyəli ətraflı təhqiqat aparılmalıdır. Ümid edək ki, bu qətlin üstü gec-tez açılacaqdır. Lakin unutmaq olmaz ki, belə cinayətlərin təhqiqi çətin işdir. Onun asanlıqla açılacağına ümid bəsləmək olmaz, yalnız gözləmək lazımdır. Gözləmək və ümid etmək.

Jurnalist Qonqadzenin aqibəti də müəyyən mülahizələr yürütmək üçün əsas verir. Hamının yadındadır ki, onun Ukraynada naməlum cinayətkarlar tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı qəzetlərdə, internetdə və televiziyada necə böyük hay-küy qalxmışdı. Eynilə Azərbaycanda psevdodemokratlar özlərinin toplantı və piketlərində qəzəblə iqtidardan tələb edirdilər ki, E.Hüseynovun qatilləri dərhal tapılsın. Qonqadze məsələsi ilə bağlı kampaniya o vaxtadək davam etdi ki, "pis" hakimiyyət "rəngli inqilab" nəticəsində "özlərinin" hakimiyyəti ilə əvəz edildi. Sonra isə tam sükut çökdü! İndi Qonqadzeni yada salan belə yoxdur. Sanki bu adda adam heç dünyada olmayıb. Qeyri-ixtiyari olaraq insanın beyninə belə bir fikir gəlir ki, həlak olmuş jurnalistlər üçün yas saxlayan bu "muzdluların" sözləri və əməlləri heç də ədaləti bərqərar edib həqiqəti öyrənmək arzusundan deyil, insan ölümündən həyasızcasına bəhrələnməklə xalqın iqtidara inamına zərbə vurmaq və bu yolla vəziyyətin sabitliyini pozmaq cəhdlərindən qaynaqlanır.

"Azərbaycansayağı leninizm" məqaləsində xeyli primitiv, çeynənmiş sözlər vardır ki, bunlar da heç vaxt Azərbaycanda olmamış sadəlövh insanların şüuruna təsir üçün nəzərdə tutulmuşdur. Lakin istər Yunusov, istərsə də mən – hər ikimiz, çox gözəl anlayırıq ki, məsələ heç də naməlum şəxslər tərəfindən qətlə yetirilmiş jurnalistdə, dövlət çevrilişləri təşkil edən Rusiya xüsusi xidmət orqanlarında, yaxud da seksual azlıqların qanuni hüquqlarının pozulmasında deyil. Əsas məsələ SEÇKİLƏRDİR! 2008-ci ildə keçiriləcək prezident seçkiləri. Həmin vaxta az qalır, bu isə o deməkdir ki, Azərbaycana və onun liderlərinə böhtan atmağın, qara yaxmağın və onları təhqir etməyin əsl məqamıdır. Bu işlərlə "Hyuman rayts votç" və K*, sarı mətbuatın "jurnalistləri", Bakıda və Baltimorda Yunusovlar ailəsi, habelə Azərbaycanın öz daxilindəki və yan-yörəsindəki yerdə qalan siyasətətrafı rəzil ünsürlər məşğul olacaqdır. Adi haldır. Bizi belə şeylərlə təəccübləndirmək olmaz!

Cənab Yunusov sinirlənir və narahat olur ki, Heydər Əliyevdən sonra Azərbaycanın Prezidenti onun oğlu İlham Əliyevdir. Bu insan heç cür rahatlıq tapa bilmir və bununla bağlı "xalq cəbhə"çilərinin ən yaxşı ənənələrinə uyğun olaraq "Əliyevlər klanı", "saxtalaşdırılmış seçkilər", "Asiya və Afrikanın ən geridə qalmış ölkələri ilə bir cərgədə" və s. tipli mənasız ifadələr işlədir.

Çox nahaq yerə Ramis Yunusov əsəbiləşir və dərd-qəmə batır. Əslində, ata prezidentdən sonra bütün xalq tərəfindən onun oğlu İlhamın prezident seçilməsində pis bir şey yoxdur.

Ədalət naminə demək lazımdır ki, Yunusov Buş ailəsinə də varisliyi hələ indiyədək bağışlaya bilmir. Ata Buşdan sonra ağ evdə onun yerini oğul Buşun tutduğunu eşidəndə Yunusov yamanca hiddətlənmişdi. Odur ki, "Buşlar klanına" divan tutmuşdu! Əvvəlcə böyük Buşu, sonra kiçik Buşu "yıxıb sürümüşdü". Oradakı "seçki saxtalaşdırıcılarına" qəzəbli həcvlər də həsr etmişdi. Ancaq... yalnız öz xəyalında. Qəlbinin dərinliklərində. Amerika Birləşmiş Ştatları Azərbaycan deyil ki, beş-altı yüz dollar müqabilində azsavadlı yaramazın biri hər hansı ləyaqətli şəxsi qəzet səhifəsində cəzasız olaraq təhqir və rüsvay etsin. ABŞ-da dəlil-sübutsuz qərəzli sayıqlamalar üstündə adamı məşhər ayağına çəkərlər. Üstəlik də FTB-nin təhqiqatçıları, onlarla bərabər isə vergi müfəttişləri nəzakət-filan gözləmədən sorğu-suala tutarlar: ABŞ-a bu qədər böyük məbləğdə pul haradan gətirilmişdir? Yunusovun gəlirli biznesi barədə sənədlər və maliyyə hesabatları təqdim olunmasını xahiş edərlər. ABŞ-da və ya əvvəllər bizneslə məşğul olduğu ölkədə ödənilmiş vergilər barədə bank qəbzini tələb edərlər. O isə təbii ki, bank qəbzi tapa bilməz, çünki Yunusovun payını qəttəzə dollarlarla adətən qaranlıq gecələrdə televizor qablaşdırılan qutuda cəbhənin "obşakından" ödəyirdilər. Bu halda hansı qəbzdən söhbət gedə bilər?! Buna görə də o, oralarda çox nəzərə çarpmamaq üçün yerli ictimai qüsurları ifşa edən yazılarla özünü gözə soxmur. Yunusov avam deyil, yaxşı bilir ki, ABŞ-da sosial cəhətdən savadsız şəxsiyyətlərin polis kompyuterindəki siyahısına düşmək nə deməkdir. Bunun altından ömrünün sonunadək çıxa bilməz. Üstəlik bank hesabını da dondurarlar.

Yunusovun "Buşlar klanından" savayı da qayğıları çoxdur. Qarşıdan gələn 2008-ci ildə demək olar ki, Azərbaycanla eyni vaxtda ABŞ-da da prezident seçkiləri keçiriləcək. Dinc oturmayan "Hyuman rayts votç" hələ ki susur və antiazərbaycan təbliğatının daimi sifarişçiləri onun hesabına pul köçürmək istəyənə qədər susmaqda davam edəcək. Deməli, Yunusov uydurma yazıları müstəqil surətdə özü hazırlamalı və Azərbaycan üzərinə təkbaşına çirkab yağdırmalı olacaq, lakin onun söz ehtiyatı kasad olduğuna görə və kəkələməsi ucbatından bu vəzifə o qədər də asan deyil. Belə çıxır ki, kömək üçün yenə Bakıya, Leyla xalaya müraciət etmək lazım gələcək. ABŞ-da gələcək prezident seçkiləri də əsəb gərginliyi yaradan bir şeydir. Hillari Klintonun seçkilərdə iştiraka hazırlaşması məlum olanda, bu adam güclü şok keçirmişdi. Az qala başını itirən Yunusov gərgin halda düşünürdü: əgər bu qadını seçsələr, deməli ABŞ-ın keçmiş prezidentinin arvadı ABŞ-ın prezidenti olacaq. Özü də onların hər ikisi demokrat partiyasının üzvləridir. Bu yerdə gözlənilmədən onun yadına düşdü ki, ABŞ prezidentlərini ömürlərinin sonunadək, "sabiq" sözünü artırmadan elə prezident adlandırmaq qaydadır. Deməli belə, deyə o, dodaqlarını tərpədərək düşünürdü: o, ABŞ-ın prezidenti demokratdır, özü də o, prezident arvadıdır və əri də demokrat olub. Xeyr, xeyr, bu adi varislik deyil. Bu, az qala qədim Romadan miras qalmış bəladır. Bəlkə belə olsun: demokratlar partiyasının üzvü olan qadın, əri də eyni partiyanın üzvüdür, ancaq prezidentdir? Ya da ki... Necə yəni? Bu mümkün deyil! Yunusov iradə gücünə çalışdı ki, Azərbaycana nifrətlə dolu beynindən vəzifəpərəst xanım Hillari barədə fikirləri atıb, düşüncələrini öz keçmiş ölkəsində qarşıda duran seçkilər mövzusuna yönəltsin. Lakin buna müvəffəq olmadı və qəflətən Monika Levinski Hillari Klintonu kənara itələyərək onun gözü qarşısında canlandı və onun ardınca da Bill Klinton özü. Və bunların virtual məhrəm ünsiyyəti Yunusovun sısqa beynində boş qalmış kiçicik məkanı tamamilə məşğul etdi.

Baltimordan mənə həmin qəzeti göndərmiş dostum biri mühüm saydığı bir məsələni də bildirdi. Bunu söyləyərkən onun səsi son dərəcə qəmgin idi. Elə bil ki, Konstitusiya məhkəməsi sədrinin, ya da ki sahibsiz itlər-pişiklər üçün təcridxana rəisinin dəfnində katafalkın sürücüsü idi danışan. Xülasə, o mənə dedi ki, "Azərbaycansayağı leninizm" məqaləsinin müəllifi Ramis Yunusov əslində azərbaycanlı deyil, erməni Barseqyandır. Mən isə bütün şüurlu həyatım boyu mütaliə zamanı əsas diqqəti müəllifin milliyyətinə deyil, yazının keyfiyyətinə yönəltdiyimdən, gümrah səslə dostuma məsləhət gördüm ki, belə boş şeylər üçün kefini pozmasın.

Ancaq nə qədər qəribə olsa da, bir qədər keçdikdən sonra bu məlumat mənə də təsir etdi. Əhvalım pozuldu. Bu ona bənzəyir ki, çoxdan bəri evinin tikilib başa çatmasını gözləyən birisi qəflətən xəbər tutur ki, ya sementi, ya da daşı oğurlamış briqadirin təqsiri üzündən tikinti növbəti dəfə ləngiyəcək.

Dağlıq Qarabağ problemi aktual olaraq qalmaqdadır. Biz bilirik ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibinə daxildir və həmişəlik onun ayrılmaz hissəsi olaraq qalacaqdır. Ermənilərin bu barədə fikri isə bizimkinə daban-dabana ziddir. Cənubi Qafqaz üzərində nifrət və qəzəb qara buludları sıxlaşmaqdadır. Problemin ciddiliyini hamı dərk edir və onun həlli yollarını axtarmaqda davam edirlər.

Lakin azərbaycanlılarla ermənilər qarşısında bugünkü düşmənçilikdən asılı olmayaraq, elə bil fövqəlvəzifə durur ki, bunun həllindən onların heç biri qaça bilməz, o səbəbdən ki, Azərbaycanla Ermənistan qonşudurlar, həmişə yanaşı yaşayan xalqlardır və bu ölkələrdən heç biri Cənubi Qafqazdan köçüb getmək iqtidarında deyil. Gələcək barədə bu gün düşünmək lazımdır; özü də Qarabağ probleminin həllini unutmadan.

Yuxarıda deyilənlərlə bağlı düşünürəm: doğrudanmı, Qarabağ müharibəsindən sonra azərbaycanlılarla ermənilərin bir-birlərinə qarşı bəslədikləri təbii nifrət və kin, onun nəticələri hələ də kimlərəsə bəs etmir? Doğrudanmı bu faciəyə Dağlıq Qarabağla qətiyyən əlaqəsi olmayan ucuz elementlər əlavə etməyə ehtiyac var? Mən Moskva televiziyasının verilişlərində mütəmadi olaraq gözə çarpan sifarişli fitnəkar klipləri nəzərdə tuturam. Yaxud da internetdə yerləşdirilən, hər iki opponentin milli ləyaqətinə toxunan iyrənc məktubları, ya da "Azərbaycansayağı leninizm" kimi rəzil, böhtançı qəzet yazılarını. Bu cür vətənpərvərlik fəaliyyətinin istər Azərbaycana, istərsə də Ermənistana əslində nə xeyri var, nə də ziyanı. Lakin nəticədə həm orada, həm də burada qarşılıqlı nifrət güclənir və belə bir ifadə səngimək bilmədən elə hey təkrarlanır: "Indi başa düşdünüzmü onlar necə alçaqdırlar?" Hər belə münaqişə insan yaddaşında uzun müddət qalır. Kaş ki, genetik yaddaşa köçüb həkk olmasın. Axı, gələcəkdə labüd olaraq bərabər yaşamağa məcburuq.

İndi də bu cür iyrənc bir yazı – "Azərbaycansayağı leninizm" məqaləsi peyda olub... Əgər onu erməni yazıbsa, o, çox axmaq bir ermənidir, yox, əgər azərbaycanlı yazıbsa, çox alçaq azərbaycanlıdır.

 

“Kontinent” qəzeti

Baltimor. ABŞ

25 sentyabr 2007-ci il